Ədl barədə etiqadımız

Ədl barədə etiqadımız

2018-01-03 1542

Ədl barədə etiqadımız

Bu məqaləmizdə şiə əqidəsinin ən əsas etiqadi məsələlərindən biri hesab olunan ədl haqqında bəhs açacağıq. Ədl mövzusu o qədər mühüm məsələdir ki, məzhəbin beş prinsipindən biri hesab edilir. Hətta şiə kəlam alimləri Allahın ədalət prinsipini müdafiə etdiklərinə görə “ədlilər” adı ilə tanınırdılar. Şiə aləminin böyük alimlərindən  hesab olunan mərhum Seyyid Abdullah Şübbər (r.ə) ədl mövzusunun əhəmiyyəti haqqında  belə yazır: “Ədl o şeydir ki, tovhid onunla tamamlanır və üsulid-dindən olan nübüvvət, imamət və məad ona bağlıdır... Adil sözünün mənası budur ki, O (Allah), Həkimdir və zalım deyil. Nəticədə bu sifət ya (Həkim olsa) kamal sifətlərindən, ya da (zalım deyil olsa) cəlal sifətlərindən hesab olunacaq”[1]

İzah: Seyyid (r.ə) burada öz qısa şərhi ilə böyük bir həqiqəti açıqladı. Çünki, insanın peyğəmbər yaxud imamı təsdiq etməsi, onları göndərənin doğruçu olmasına bağlıdır. Əgər peyğəmbər göndərən şəxs doğruçu və adil olmazsa, bu zaman göndərilən şəxsin sözünün heç bir əhəmiyyəti qalmır. Çünki, ən azından onun sözlərində yalan ehtimalı olacaq. Nəticədə dinin istisnasız olaraq bütün hökmləri sual altına düşər.

Ədalətin mənasına gəldikdə bunun üçün bir neçə mənalar qeyd ediblər. O mənalar aşağıdakı bölgüdən ibarətdir.

1)Bərabərliyə riayət etmək.

2)Başqalarının hüququna riayət etmək.  Onlara zülm etməmək.

3)Fərdlərin və əşyaların öz layiqli yerlərində olması. Hər bir şeyi öz münasib yerinə qoymaq.[2]

Birinci qism məna haqqında bunu deyə bilərik ki, bərabərliyə riayət etmək yalnız ləyaqətlərdə və istedadlarda heç bir fərq olmadıqda bəyənilir. Əgər şəxslərdə fərq olsa və bunlar arasında bərabərlik hökmü verilsə, bu özü ləyaqətli yaxud istedadlı şəxsə qarşı zülm etməkdir. Nəticə bu olur ki, bərabərlik heç də hər zaman ədalət sayılmır. Ədalət üçün verilən ən geniş məna isə üçüncü məna hesab olunur. Çünki, hər bir şeyin özünə uyğun bir yeri vardır və ədalət də bu uyğunluğa riayət etməkdir. Ədl Allahın sifətlərindən biri hesab edilir və bu kəlmə Qurani-Kərimdə on üç dəfə işlənmişdir. Allahın sifətləri bir cəhətə görə iki qismə bölünür. Bunlar zatı və feli sifətlərdir. Zatı və feli sifətləri qısa olaraq belə izah edə bilərik ki, zatı sifət- Allahdan ayrı deyil, əksinə, zatının eynisidir, onun əvvəli yoxdur. Elm, qüdrət, həyy (diri) və bu kimi sifətlər bu qismdən sayılır. Yəni, Allah əzəldən Alim, Qadir və Həyydir. Feli sifət-yəni, Allahın sonradan gördüyü işlərə nisbətdə yaranan sifətlərdir. Başqa sözlə desək bu sifətlər sonradan yaranandır. Məsələn Allah məxluqatı yaratdı və Xaliq sifətilə sifətləndi. Yaxud iradə etdi və Murid sifətilə sifətləndi. Ədl sifəti Allahın feli sifətlər qisminə daxildir. Çünki, ədl Allahın bütün qəbih (pis) işlərdən pak və münəzzəh olmasıdır. Hər bir şeyi öz layiq olduğu yerində qərar verən və heç bir kəsə zərrə qədər zülm etməyən Allah bu sifətlə sifətlənmişdir. Deməli “Allah Adildir” deyiləndə mənası budur ki, Allahın hər bir işi nizam və intizamlıdır.

Şiə əqidəsinin sayılıb seçilən və ən qədim alimlərindən hesab olunan Şeyxul-muhəddisin Muhəmməd ibn Əli əs-Səduq (r.ə) özünün “əl-Etiqadat” əsərinin “ədl” fəslində belə yazır:

“Həqiqətən Allah təala bizlərə ədalətli olmağı əmr edib. Özü isə bizimlə ədalətdən üstün sayılan şeylə rəftar edib. Həmin şey Allahın rəhmət və məğfirətidir. Elə buna görə də Allah buyurur:

“Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır. Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır”[3]

İzah: Şeyxin (r.ə) burada verdiyi şərh və sözünə dəlil olaraq gətirdiyi ayə Allahın Öz yaratdıqlarına qarşı necə mehriban və rəhmli olduğundan xəbər verir. Bu kimi ayələr dəlildir ki, Allah insanı zülm etməkdən ötrü yaratmayıb. Əksinə Allah bəndənin doğru yolda olmasını və əbədi səadətə qovuşmasını iradə edir. Bunun ardınca Şeyx (r.ə) qısa olaraq ədalətə belə tərif verir:  “Ədalət, yaxşılığa (cavab olaraq) yaxşılıq verilməsi və pisliyə cəza verilməsidir”[4]

İzah: Qurani-Kərimdə ədalət barəsində olan ayələri iki cür müzakirə etmək olar. Birincisi Allahın Öz yaratdıqları ilə ədalətlə rəftar etməsi, ikincisi bəndələrin bir-birləri ilə ədalətlə davranmasıdır. Əlbəttə ikinci qism ədalət bizim bəhsimizdən xaricdir. Lakin qısa olaraq bunu söyləyə bilərik ki, Allah bəndələrini Öz kitabında zülm etməməyə və ədalətlə rəftar etməyə dəvət edir (Nümunə üçün bax: Nəhl 16, Maidə 8). Ədalətsevərlik insanın fitrətindən qaynaqlanan bir istedaddır. Ədalətsevərliyin fitri istedad olmasına dəlil zülm edən şəxsə “sən zalımsan” deyildikdə bu sözdən xoşu gəlməməsidir. Halbuki o zalım özü  zülm etdiyini çox gözəl bilir və bunu da bilir ki, zülm etmək pis bir işdir. Əslində Allahın bu işə əmr etməsi yeni bir şeyin icadı deyil, əksinə insanları öz fitrətlərinin səsinə qulaq asmağa dəvətdir. Şəkk yoxdur ki, bu hissi insanın fitrətində Allah yerləşdirib. Əslində bu özü Allahın ədalətli olmasına dəlillərdən biri hesab olunur. Allahın bu hissi insana bəxş etməsi və bu işə əmr etməsi onun ədalətli olmasına ən böyük dəlillərdən biridir. Çünki, əgər Allah özü ədalətli olmasaydı, bu işə əmr etməsi qəbih (pis) bir iş sayılardı. Ağıl buna hökm edir ki, kiminsə özü əməl etmədiyi bir işə əmr etməsi, buna görə başqasını cəzalandırması və məzəmmət etməsi qəbih bir işdir. Allah da bütün qəbih sifətlərdən münəzzəh və müqəddəsdir. Nəticə bu olur ki, Allah ədalətlidir.

Ədalət barəsində olan hədislər

İmam Baqir (aleyhissəlam) buyurur: “Allahın bəndələr üzərindəki işi yalnız ədalət və yaxşılıq əsasındadır.”[5]

Həzrəti Əli (aleyhissəlam) buyurur: “Allah az olan gözəl əmələ çox (mükafat) əta edir.”[6]

Həzrəti Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “İnsanlardan heç bir kəs öz əməli ilə Cənnətə daxil olmayacaq. (Onlar) yalnız Allahın rəhmət və məğfirəti ilə (Cənnətə) daxil olacaqlar.”[7]

Nəticə: Yazılanlardan aldığımız nəticə budur ki, Allah ədalətlidir və bəndələrinə ədalətli olmağı əmr edir. Özü isə bəzi yerlərdə şəraitə uyğun olaraq ədalətdən üstün sayılan rəhmətlə rəftar edir. Rəhmət bəzi cəhətlərə görə ədalətdən üstün sayılır. Çünki, rəhmət böyüklük nişanələrindəndir. Məsələn: Bir ağa öz quluna müəyyən bir əməli yerinə yetirməyi qadağan edir. Həmin qul da qadağan olunmuş əməli edir. Bu zaman ağa o əmələ görə qulu cəzalandırsa, heç kəs deməz ki, ağa quluna zülm etdi. Çünki, ortada qadağa var və ağanın haqqı var ki, qulu cəzalandırsın. Yox əgər o qula rəhm etsə və onu bağışlasa, bu özü böyüklük kimi qiymətləndirilər. Göründüyü kimi hər iki halda ağlımız buna hökm edir ki, ağa öz quluna zülm etmədi. Lakin ona cəza verməklə ədalətli yaxud onu bağışlamaqla böyüklük edib tərifə layiq oldu. Allahın bəndələri ilə münasibəti də eynilə bu cürdür. Allahın günahlarına görə bəndələrindən kiməsə cəza verməsi ədalətdən, bağışlaması isə rəhmətindən və böyüklüyündəndir. Həmçinin məlum oldu ki, ədalət sifəti Allah təbarək və təalanın feli sifətlərindəndir.

Allah bizlərlə rəhməti ilə rəftar edib, Həzrəti Muhəmməd və onun pak Əhli-Beytindən (səlavatullahi aleyhim əcməin) dünya və axirətdə ayrı salmasın.

Hazırladı: Anar Əhmədov

besiret.az


[1] Həqqul-Yəqin fi mərifəti-Üsulid-din, səh.77

[2] Nəhcül-Bəlağə, 437-ci hikmət

[3] Ənam-160

[4] əl-Etiqadat, səh.182, 183, bab 24

[5] “Təfsirul-Qummi” c.1, səh.389

  “Biharul-ənvar” c.5, səh.198, hədis 15, bab 7

  “Burhan fi təfsiril-Quran” c.3, səh.448, hədis 6131

   “Təfsiru nurus-Səqəleyn” c.3, səh.78, hədis 194

[6] “Uyunu əxbar ər-Rza” c.1, səh.115, hədis 38, bab 11

    Şeyx Səduq, “Tovhid” səh.381, hədis 28, bab 60

    “Nəhcul-Bəlağə” səh.481, hədis 78

[7] “Məcməul-bəyan” c.2, səh.280

   Şeyx Səduq, “əl-Etiqadat” səh.183, bab 24