Şaban ayının fəzilətləri və bu ayın əməlləri

Şaban ayının fəzilətləri və bu ayın əməlləri

2018-04-18 10475

Şaban ayının fəzilətləri və bu ayın əməlləri

Şaban ayının fəzilətləri

Şaban ayı insanın Allaha tərəf yönəlməsində və bu yolda böyük məsafələr qət etməsində mühüm rol oynayır. Hədislərə əsasən bu ay dua, ibadət və istiğfar ayıdır. İmam Əlidən (əleyhissalam) nəql olunan hədisə əsasən Allah bu ayda xeyir-bərəkəti səpələdiyi üçün bu ay Şaban adlandırılmışdır. Möminlər bu ayı qənimət bilib, bu ayın bərəkətindən istifadə etməlidirlər. Bir hədisdə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında Şaban ayının fəzilətlərindən danışıldıqda belə buyurdu: “Şaban ayı çox şərafətli aydır. Bu ay mənim ayımdır və ərşi daşıyan mələklər bu ayı çox hörmətli bir ay sayırlar və onun haqqını bilirlər. Bu ay elə bir aydır ki, bu ayda möminlərin ruziləri çoxaldılar. Bu ayda olan hər bir ibadətin yetmiş qat əcri vardır. Pis əməllər və günahlar bu ayda bağışlanar, xeyir əməllər isə qəbul olunar...”[1]

Şaban ayında istiğfar etməyin fəziləti

Allahdan bağışlanma diləmək və tövbə etmək üçün münasib olan aylardan biri də fəzilətli Şaban ayıdır. Belə ki, İmam Rza (əleyhissalam) buyurur: “Hər kim bu ayda 70 dəfə istiğfar etsə (Əstəğfirullahə rəbbi və ətubu ileyh desə), Allah təala həmin şəxsin günahlarını bağışlayar. Hətta onun günahlarının sayı göydəki ulduzlar qədər olsa belə”.[2] Bu da Allahın öz bəndələrinə rəhmətidir ki, bu ayda hətta gündə on dəqiqə müddətində az bir vaxt ayırmaqla insan bütün günahlarını bağışlada bilər.

Şaban ayında oruc tutmağın fəzilətləri

Həzrət Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) bu ayı oruc tutardı və bu ayın orucunu Ramazan ayına birləşdirərdi. Həmçinin, müəlmanlara da bu ayda oruc tutmağı tapşırardı və buna “Peyğəmbərin məhəbbətinə və Allaha yaxınlıq” adını verərdi. Bu ayda oruc tutanların fəzilətlərinə dair bir çox hədislər nəql olunmuşdur. Lakin, ixtisara riayət etmək üçün Peyğəmbərdən nəql olunan bir hədisi əziz oxuyuculara təqdim etməklə kifayətlənirik. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Hər kim Şaban ayının birinci gününü oruc tutsa, Allah həmin bəndəyə 70 həsənə yazar ki, bu həsənələrin hər biri bir illik ibadətin savabına bərabərdir. Hər kim bu ayda iki gün oruc tutsa, həmin bəndənin böyük günahları silinər. Hər kim bu ayda üç gün oruc tutsa, cənnətdə onun üçün dürr və yaqutdan yetmiş dərəcə ucaldılar. Hər kim bu ayda dörd gün oruc tutsa, həmin şəxsin ruzisi çoxalar. Hər kim bu ayda beş gün oruc tutsa, Allah bəndələrinin sevimlisi olar (insanların sevgisini qazanar). Hər kim bu ayda altı gün oruc tutsa, 70 növ bəla ondan uzaqlaşar. Hər kim bu ayda yeddi gün oruc utsa, bütün ömrü boyü şeytan və onun qoşununun şərindən amanda qalar. Hər kim bu ayda səkkiz gün oruc tutsa, müqəddəs hovuzdan içməmiş dünyadan getməz. Hər kim bu ayda doqquz gün oruc tutsa, Münkər və Nəkir qəbrində həmin bəndəylə mehriban olarlar. Hər kim bu ayda on gün oruc tutsa, onun qəbri yetmiş zira geniş olar. Hər kim bu ayda on bir gün oruc tutsa, nurdan olan 11 minarə onun qəbrinə təyin edilər (qəbri üstündə ucalar). Hər kim bu ayda on iki gün oruc tutsa, 70 min mələk qiyamətə qədər onu qəbrində ziyarət edər. Hər kim bu ayda on üç gün oruc tutsa, 7 göyün mələkləri onun üçün istiğfar edərlər. Hər kim bu ayda on dörd gün oruc tutsa, dördayaqlılar, yırtıcı heyvanlar və balıqlar onun üçün istiğfar edərlər. Hər kim bu ayda on beş gün oruc tutsa, Allah həmin bəndəyə belə xitab edər: “Mən səni odda yandırmayacağam”. Hər kim bu ayda on altı gün oruc tutsa, 70 od dəryası ondan uzaq olar. Hər kim bu ayda on yeddi gün oruc tutsa, cəhənnəmin bütün qapıları onun üzünə bağlı olar. Hər kim bu ayda on səkkiz gün oruc tutsa, cənnətin bütün qapıları onun üzünə açıq olar. Hər kim bu ayda on doqquz gün oruc tutsa, onun üçün cənnətdə dürr və yaqutdan hazırlanmış yetmiş qəsr ucaldılar. Hər kim bu ayda iyirmi gün ouc tutarsa, cənnətdə ona 70 min huri verilər. Hər kəs bu ayda iyirmi bir gün oruc tutsa, mələklər qanadlarını həmin bəndənin üzərinə çəkər və “Xoş gəldin” deyərlər. Hər kim bu ayda iyirmi iki gün oruc tutsa, onun əyninə ipək və atlasdan olan 70 libas geyindirilər. Hər kim bu ayda iyirmi üç gün oruc tutsa, qəbrindən xaric olduqda nurdan olan bir miniyə minər və cənnətə tərəf qanad çalar. Hər kim bu ayda iyimi dörd gün oruc tutsa, münafiqlikdən qorunar. Hər kim bu ayda iyirmi beş gün oruc tutsa, ona icazə verilər ki, tovhid əhlindən 70 min günahkara şəfaət etsin. Hər kim bu ayda iyirmi altı gün oruc tutsa, Allah ona siratın üstündən (rahatlıqla) keçməyə icazə veriər. Hər kim bu ayda iyirmi yeddi gün oruc tutsa, Allah onu cəhənnəm odundan qoruyar. Hər kim iyirmi səkkiz gün oruc tutsa, qiyamət günü onun üzü nurlu olar. Hər kim bu ayda iyirmi doqquz gün oruc tutsa, Allahın razılığını və cənnəti qazanar. Hər kim bu ayda otuz gün oruc tutsa, Cəbrail ərşdən ona belə bir nida edər: “(Ey bəndə) Əməllərinə yenidən başla. Çünki, Allah sənin keçmişdə etdiyin bütün günahları bağışladı”. Allah isə həmin bəndəyə belə buyurar: “Əgər sənin günahların göydəki ulduzlar, yağış damlaları, ağacların yarpaqları, səhranın qumları qədər və dünyanın günləri qədər olsa belə mən onları bağışlayıram. Allahın bu rəhməti və mərhəməti sənin üçün uzaq deyildir. Çünki, sən Şaban ayını oruc tutmusan!”[3] Qeyd etdiyimiz kimi bu barədə olan hədislər çoxdur.

Şaban ayının əməlləri

Bu ayın əməlləri iki yerə bölünür. Onlardan bəziləri bu ayın bütün günlərində yerinə yetirilə bilər. Bəziləri isə bu ayın müəyyən günlərinə məxsusdur.

Müştərək əməllər

Bu ayın müştərək əməlləri bir neçə cürdür. Qeyd etdiyimiz kimi bu əməllər əzəmətli Şaban ayının istənilən günündə yerinə yetirilə bilər.

  1. Hər gün 70 dəfə “Əstəğfirullahə və əs əluhut-təvbə” (Alladan bağışlanma diləyir və ondan tövbə istəyirəm) demək.
  2. Hər gün 70 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qayyum və ətubu ileyh” (Rəhman, Rəhim, diri və Qəyyum olan Allahdan bağışlanma diləyir və tövbə edirəm) demək.

Hədislərə əsasən bu ayda yetmiş dəfə istiğfar etmək başqa aylarda 70 min istiğfara bərabərdir.

  1. Sədəqə vermək. Əgər sədəqə bir xurmanın yarısı qədər olsa belə insanı oddan xilas edər. İmam Sadiqdən (əleyhissalam) nəql olunmuş hədisdə belə buyurulur: “Bu ayda ən yaxşı əməl sədəqə vermək və Allahdan bağışlanma diləməkdir. Kim Şaban ayında sədəqə verərsə, dəvə öz balasını tərbiyə etdiyi kimi Allah təala da onu tərbiyə edər və bu sədəqə qiyamət günü Uhud dağı boyda (savab olaraq) sahibinin qarşısına çıxar”.
  2. Bütün ay boyu min dəfə “La ilahə illəllahu və la nəbudu iyyahu, muxlisinə ləhud-dinə vəl ləv kərihəl-muşrikun” (Allahdan başqa ilah yoxdur və yalnız ona ibadət edirik. Müşriklər istəməsə belə dini məhz Allaha aid bilirik) demək. Bu zikri etməklə insanın əməl dəftərində min illik ibadət yazılar.
  3. Bu ayın hər cümə axşamında iki rükət namaz qılmaq və oruc tutmağın böyük savabı vardır. Hər rükətdə Həmd surəsindən sonra yüz dəfə İxlas surəsini oxumaq və salamlardan sonra yüz dəfə salavat zikr etmək lazımdır. Bəndə bu namaz vasitəsilə bütün dünya və axirət istəklərinə çatar. Rəvayətə əsasən bu ayın hər cümə axşamı günlərində Allah səmanı bəzəyir və mələklər belə dua edirlər: “İlahi, bu gün oruc tutanları bağışla və onların dualarını qəbul et!”
  4. Bu ay boyu çoxlu salavat zikr etmək.
  5. Dua kitablarında “Şabaniyyə münacatı” adıyla qeyd olunan münacatı oxumaq.
  6. Həmçinin bu ayda mənasız, bihudə sözlərdən və mübahisələrdən çəkinmək və ibadətə daha çox vaxt ayırmaq lazımdır.

Bu ayın müştərək əməlləri barədə də dua kitablarında geniş yazılmışdır. İxtisara riayət edərək bunlarla kifayətlənirik.

Hər günün özünəməxsus əməlləri

Birinci gecənin əməlləri: Bu gecə üçün bir neçə əməl qeyd olunmuşdur ki, onlardan biri də 12 rükətli (6 dəfə 2 rükət) namazdır. Bu namazın hər rükətində Həmd surəsindən sonra 11 dəfə İxlas surəsi oxunmalıdır.

Birinci günün əməlləri: Bu gün oruc tutmağın böyük fəziləti vardır. İmam Sadiqdən (əleyhissalam) nəql olunan rəvayətə görə bu gün oruc tutan şəxsə cənnət vacib olar.

Üçüncü günün əməlləri: Bu mübarək gündə İmam Huseyn (əleyhissalam) dünyaya gəlmişdir. Bu gündə oruc tutmaq və İmam Huseynə məxsus olan ziyarətnamələr və münacatlarla onu yad etmək lazımdır.

On beşinci gecənin və gününün əməlləri: İmam Sadiq atası İmam Baqirdən (əleyhimassalam) nəql edir ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli olan gecədir. Bu hədisə əsasən, bu gecədə Allah təala öz bəxşiş qapısını bəndələrin üzünə açar və bəndələri öz kərəm və lütfü ilə bağışlayar. Bu gecə elə bir gecədir ki, Allah təala öz müqəddəs zatına and içmişdir ki, bəndələrinə günahdan başqa nə istəsələr versin. Bu gecənin başqa üstünlüklərindən biri də Həzrət İmam Zamanın (əccəllallahu fərəcəh) bu gecənin səhəri dünyaya gəlməsidir. İmam hicri-qəməri tarixilə 255-ci ildə Samirra şəhərində dünyaya göz açmış və bu gecənin daha da fəzilətli olmasına səbəb olmuşdur. Bu gecənin əməllərindən biri də qusl almaqdır ki, günahların yüngülləşməsinə səbəb olar. Bu gecəni oyaq qalıb, dua, istiğfar və ibadətlə keçirmək lazımdır. Hədisə əsasən kim bu gecə oyaq qalsa, bütün qəlblər ölən günü onun ürəyi diri olar. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də İmam Huseyni (əleyhissalm) ziyarət etməkdir. Ziyarətə gedə bilməyənlər ən azından evin damına çıxıb (və ya açıq havada hündür bir yerə) sağa-sola baxsınlar və başlarını göyə qaldırıb belə desinlər: “Əs-salamu əleykə ya Əba-Əbdillah. Əs-salamu əleykə və rəhmətullahi və bərəkatuh”. Harada olmasından aslı olamayaraq o Həzrəti kim bu cür qayda ilə ziyarət etsə, ona Həcc və Ümrənin savabı yazılar. Həmçinin dua kitablarında bu gecəyə məxsus olan ziyarətnamələri və münacatları oxumaq lazımdır. Çox və uzun olduqlarından onları qeyd etmirik. Həmçinin bu gecə Kumeyl duasını oxumaq, Cəfər Təyyar namazını qılmaq da bəyənilən əməllərdəndir. Həmçinin 15-ci gündə İmam Zaman ağanı da ziyarət etmək, məxusən onu Samirrada yerləşən sərdabda ziyarət etmək və o Həzrətin zühurunun tezləşməyi üçün dua etmək tövsiyə olunan əməllərdir.

Bu ayın qalan günlərinin əməlləri: İmam Rzadan (əleyhissalam) nəql edilmişdir ki, hər kim Şaban ayının axırından üç gün oruc tutub, Ramazan ayına birləşdirərsə, həmin şəxsə iki ayın savabı yazılar. İmam Rzadan nəql olunmuş hədisə əsasən, İmam tövsiyə edir ki, bu ayın son cümə günü keçmişdə edilən günahlara görə bağışlanma dilənməli, Quran oxunmalı və tövbə edilməlidir. Bu gündə insan öz qəlbindən kin-küdurəti çıxarmalı, dua etməli və Allaha təvəkkül etməlidir. Həqiqətən Allah, Ramazan ayının hörmətinə görə bu gündə bir çox bəndələri cəhənnəm odundan qurtaracaq.[4] Həmçinin geri qalan günlərdə dua kitablarında müfəssəl şəkildə qeyd olunmuş duaları oxumaq lazımdır. Onların hamısı çox olduğu üçün bura qədər yazdıqlarımız ilə kifayətlənirik. Allah təala, Əhli-beytə (əleyhimussalam) xatir bizləri bu ayın bərəkətindən binəsib etməsin!

 

besiret.az

Baqir Cəfəri


[1] Şeyx Səduq, “Fəzauilu-əşhuris-səlas”, “Kitabu-fəzaili-Şaban” babı, 24-cü hədis

[2] Həmin mənbə, 21-ci hədis

[3] Həmin mənbə, 24-cü hədis

[4] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Rəcəb ayının fəzilətləri və əməlləri” babı.