Rəcəb ayının fəzilətləri və bu ayın əməlləri
Rəcəb ayının fəzilətləri
Allah təalanın bizlərə bəxş etdiyi nemətlərdən biri də şərafətli Rəcəb ayıdır. Bu ayda bəndələrin öz nəfslərini təmizləməsi üçün, günahlardan qurtulmaq və daha çox saleh əməl görmək üçün fəzilət qapıları qulların üzünə açıq olur. Bu ayda çoxlu oruc tutmaq, dua etmək, Allahdan bağışlanma istəmək daha çox tövsiyə olunmuşdur. Necə ki, İmam Sadiq (əleyhissalam) Peyğəmbərin belə buyurduğunu nəql edir: “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar (Allahdan bağışlanma diləmək) edin. Allah bağışlayan və mehribandır”.[1] Rəcəb ayı çox şərafətli aydır. Hətta cahiliyyət dövründə belə insanlar dua etmək üçün bu ayı gözləyərmişlər. Hədislərdən birində Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Agah olun ki, Rəcəb ayı Allah təalanın bərəkətli aylarından biridir. Bu ayın əhəmiyyəti o qədər böyükdür ki, Əsəmm adı ilə adlanmışdır. Çünki, digər aylar fəzilət və hörmət baxımından bu aya çata bilməmişlər. Rəcəb ayı Allahın, Şaban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır...”[2] Hədisdə Peyğəmbərin bu ayın Allahın ayı olmasını vurğulamaqdan məqsədi bu ayın əzəmətini bizlərə çatdırmaqdır. İmam Kazim (əleyhissalam) Rəcəb ayı haqqında buyurur: “Rəcəb cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs həmin bulaqdan dadacaqdır”.[3]
Rəcəb ayında ibadət edənlər və oruc tutanlar
İmam Baqir (əleyhissalam) buyurur: “Qiyamət günündə ərşdən ilahi nida gələr: “Rəcəb əhli haradadır?” (Yəni, Rəcəb ayında ibadət edənlər haradadır?). Bundan sonra məhşər əhlindən bir hissə üzləri nurlu şəkildə, başlarına dürdən və yaqutdan tac qoyulmuş halda ayağa qalxarlar. Onların həm sağ, həm də sol tərəflərində min mələk vardır ki, onlara müjdə verib belə deyirlər: “İlahi kəramət sənə mübarək olsun!” Bundan sonra Allahdan nida gələr: “Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, mən sizi hörmətli tutacaq, sizlərə çoxlu nemət əta edəcək, sizlər üçün altından çaylar axan cənnət otaqlarını verəcəyəm. Siz orada əbədi qalacaqsınız. Bu əməl edənlər üçün nə gözəl mükafatdır! Həqiqətən siz hörməti böyük olan Rəcəb ayında öz istəyinizlə oruc tutdunuz. Ey mənim mələklərim! Bəndələrimi cənnətə daxil edin!” Bundan sonra İmam yenə buyurdu: “Bu mükafatlar Rəcəb ayında hətta onun əvvəlindən, ortasından və ya axırından bir gün belə olsa oruc tutan şəxs üçündür”.[4]
Bu ayda oruc tutmağın mükafatı
İmam Rza (əleyhissalam) buyurur: “Hər kim ilahi mükafatları qazanmaq üçün Rəcəb ayının ilk günü oruc tutarsa, cənnət ona vacib olar. Hər kim Rəcəb ayının ortasında oruc tutrasa Rəbiə və Muzir qəbilələrinin (iki böyük Ərəb qəbiləsi) sayı qədər şəfaətə nail olar. Hər kim Rəcəb ayının son günündə oruc tutarsa, Allah onu cənnətin padşahlarından qərar verər və o kəs atasına, anasına, övadlarına, qardaşına, əmilərinə, bibilərinə, dayılarına, xalalarına, dostlarına və öz qonşularına şəfaətçi olar. Hətta onlar cəhənnəmə layiq olsalar belə”.[5] Digər bir hədisdə Ənəs ibn Malik Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir: “Hər kim Rəcəb ayında imanla və ixlasla bir gün oruc tutarsa, Allah qiyamət günü onunla cəhənnəm arasında yetmiş xəndək fasilə qərar verər. Hər xəndəyin sahəsi yerlə göy arasında olan fasilə qədərdir”.[6] Həmçinin Əli ibn Salim atasından belə nəql edir: “Rəcəb ayına bir neçə gün qalmış İmam Sadiqin xidmətinə yetişdim. O, məni görüb belə dedi: “Ey Salim, Rəcəb ayında oruc tutmusanmı?” Belə dedim: “Allaha and olsun ki, yox, ey Peyğəmbər övladı”. İmam buyurdu: “Əldən qaçırdığın fəzilət və bərəkətlərin sayını Allahdan başqa heç kim bilmir”. İmam bu sözün arxasıyca belə dedi: “Bu ay elə bir aydır ki, Allah təala bu aya digər aylardan daha çox fəzilət vermiş və onun hörmətini böyük saymışdır. Allah öz kəramətini bu ayda oruc tutanlar üçün vacib etmişdir...”.[7] Həzrət İmam Baqir (əleyhissalam) belə buyurur: “Hər kim Rəcəb ayında yeddi gün oruc tutsa, Allah onun Sirat körpüsündən salamat şəkildə keçməsinə icazə verər, cəhənnəm əzabından amanda saxlayar, cənnəti və cənnətdə olan otaqları ona vacib edər”.[8] Bu barədə hədislər çoxdur. Lakin, ixtisara riayət edərək onları burada qeyd etmirik.
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri iki hissəyə bölünür. Onlardan bəziləri bu ayın hər günündə, bəziləri isə bu ayın məxsusi günlərində yerinə yetirilir.
Müştərək əməllər:
Burada qeyd etdiyimiz əməllər hər hansı bir günə deyil, bu ayın bütün günlərinə məxsusdur.
- Bu əməllərdən biri İmam Sadiqin (əleyhissalam) Rəcəb ayında hər gün oxuduğu duadır:
خابَ الوافِدُونَ عَلى غَيْرِكَ، وَخَسِرَ المُتَعَرِّضُونَ إِلاّ لَكَ، وَضاعَ المُلِّمُونَ إِلاّ بِكَ، وَاَجْدَبَ الْمُنْتَجِعُونَ إِلاّ مَنِ انْتَجَعَ فَضْلَكَ، بابُكَ مَفْتُوحٌ لِلرّاغِبينَ، وَخَيْرُكَ مَبْذُولٌ لِلطّالِبينَ وَفَضْلُكَ مُباحٌ لِلسّائِلينَ، وَنَيْلُكَ مُتاحٌ لِلامِلينَ، وَرِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصاكَ، وَحِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ ناواكَ، عادَتُكَ الاِْحْسانُ اِلَى الْمُسيئينَ، وَسَبيلُكَ الاِبْقاءُ عَلَى الْمُعْتَدينَ، ُاَللّـهُمَّ فَاهْدِني هُدَى الْمُهْتَدينَ، وَارْزُقْني اجْتِهادَ الْمجْتَهِدينَ، وَلا تَجْعَلْني مِنَ الْغافِلينَ الْمُبْعَدينَ، واغْفِرْ لي يَوْمَ الدّينِ
“Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məf-tuhun lir rağibin, və xəyrukə məbzulun lit talibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mubədin, vəğfir li yəvməd din”.
“Səndən başqasına ümid olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqa bir şeyi istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah, hədiyyən arzu edənlərə hazır, ruzin hətta sənə asi olanlara çox, səbrin hətta səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun inadkarlara mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət et, çalışqanların çalışqanlığından mənə ruzi ver. Məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla”.
- Peyğəmbərdən nəql olunur ki, hər kim bu duanı yüz dəfə oxusa və sonda sədəqə versə, Allah öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kim dörd yüz dəfə oxusa, ona yüz şəhidin savabı verilər.
اَسْتَغْفِرُ اللهَ لا اِلـهَ إِلاّ هُوَ وَحْدَهُ لا شَريكَ لَهُ وَاَتُوبُ اِلَيْهِ
“Əstəğfirullahə la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu ileyh”
“Ondan başqa heç bir ilah olmayan Allahdan bağışlanma istəyirəm. O birdir, şəriki yoxdur və mən ona tərəf qayıdıram (tövbə edirəm)”
- Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, Rəcəb ayında hər kim min dəfə “La ilahə illəllah” desə, Allah onun üçün yüz min həsənə yazar və cənnətdə onun üçün yüz şəhər tikər.
- Rəvayətə əsasən, hər kim Rəcəb ayında günün əvvəlində və axırında “Əstəğfirullahə və ətubu ileyh” desə, sonra əllərini göyə qaldırıb, “Əllahumməğfir li və tub ələyy” (İlahi məni bağışla və tövbəmi qəbul et!) desə, əgər Rəcəb ayında dünyasını dəyişsə, Allah təala bu aya xatir ondan razı olar və cəhənnəm odu ona toxunmaz.
- Bu ayda hər kim min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiiz-zunubi vəl-asam” (Kəramət və cəlal sahibi olan Allahdan bütün günahlardan və xətalardan bağışlanma diləyirəm!) desə, Allah onu bağışlayar.
- İbn Tavus “İqbalul-əmal” kitabında Peyğəmbərdən İxlas (Qul huvəllahu əhəd) surəsini bu ayda on min dəfə, min dəfə, yüz dəfə oxumaq üçün çoxlu fəzilət nəql edir. Başqa bir hədisdə deyilir ki, hər kim bu surəni Rəcəb ayının Cümə günlərində yüz dəfə oxusa, bu surə Qiyamət günü onu cənnətə dartıb çəkən nura çeviriləcək.
- Peyğəmbərdən nəql olunur ki, kim Rəcəb ayının hər hansısa bir gecəsində iki rükət namaz qılsa və hər rükətdə İxlas surəsini yüz dəfə desə, ona yüz il orucun savabı verilər və Allah təala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər.
Bura qədər qeyd etdiyimiz əməllər mübarək Rəcəb ayının istənilən günlərində yerinə yetirilə bilər.
Hər günün özünəməxsus əməli:
Birinci gecə: Bəzi alimlərin dediyinə əsasən bu ayın birinci gecəsində qusl almaq lazımdır. Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayının əvvəlində, ortasında və axırında qusl alsa, anadan yeni doğulmuş kimi günahları bağışlanar. Həmçinin, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, oyaq qalmaq ilk gecənin müstəhəb əməllərindən biridir. Nəql olunmuş rəvayətə əsasən İmam Əli (əleyhissalam) ilin dörd gecəsini oyaq qalmağa şox təkid edərdi: Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecəsi. Bəzi alimlər bu ayın hər gecəsi üçün məxsus əməllər zikr etmişlər. Lakin, ixtisara riayət edərək, onları burada qeyd etmirik.
Birinci gün: Rəvayətə əsasən, Həzrət Nuh (əleyhissalam) bu ayın ilk günündə gəmiyə minmiş və onunla olanlara oruc tutmağa əmr etmişdir. Hər kim bu gün oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar. Həmçinin, qusl almaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək müstəhəb əməllərdəndir.
On üçüncü gecə: Rəcəb, Şaban və Ramazan aylarıın on üçüncü gecəsi iki rükət namaz qılmaq müstəhəbdir. Namaz belədir: hər rükətdə Həmddən sonra Yasin və Mülk surələrini oxumaq lazımdır. On dördüncü gecə isə bu tərzdə dörd rükət rükət namaz qılmaq yaxşıdır. On beşinci gecə isə bu tərzdə altı rükət namaz qılmaq müstəhəbdir. İmam Sadiqdən (əleyhissalam) nəql olunur ki, hər kim bu əməlləri etsə, Rəcəb ayını dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar.
On beşinci gecə: Bu gecə qusl almaq, oyaq qalmaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, yuxarıda qeyd olunan kimi altı rükət namaz qılmaq müstəhəbdir.
On beşinci gün: Bu gün çox bərəkətli gündür və bu gündə qusl almaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək müstəhəb əməllərdəndir. Rəvayətdə İmam Rzadan İmam Huseyni (əleyhimassalam) hansı vaxtlar ziyarət etməyin yaxşı olduğu soruşulduqda, İmam Rza (əleyhissalam) buyurdu: “Rəcəb və Şəban ayının ortalarında”. Həmçinin, bu günün əsas əməllərindən biri “Ummu-Davud” adı ilə məşhur olan əməldir. Bu əməl hacətlərin rəva olunmasında, çətinliklərin aradan qaldırılmasında və zalımların zülmündən müdafiə olunmaqda çox təsirlidir. Dəyərli alimlərimizdən biri olan Kəfəmi (rəhiməhullah) “Misbah” adlı kitabında belə yazır “Əgər bu əməli yerinə yetirmək istəsən, 13, 14 və 15-ci günləri oruc tut. Sonra 15-ci günün zöhr namazı vaxtına yaxın qusl al və azan olduqda zöhr və əsr namazlarını xəlvət yerdə yüksək xüşuyla qıl. Namazı qurtardıqdan sonra üzü qibləyə Həmd surəsini yüz dəfə, İxlas surəsini yüz dəfə, Ayətul-Kursini on dəfə, bunlardan sonra Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şura, Duxan, Fəth, Vaqiə, Mülk, Nun, İnşiqaq və Quranı axıra kimi oxu. Bunları bitirdikdən sonra üzü qibləyə Ummu-Davud duasını oxu. Bu dua “Məfatihul-Cinan” və sair dua kitablarında göstərilmişdir. Məqalə uzun olmasın deyə, onu burada qeyd etmirik.
İyirmi beşinci gün: Bu gün hicri-qəməri tarixi ilə İmam Kazimin (əleyhissalam) 55 yaşında şəhadətə yetişdiyi gündür. Bu gün Əhli-Beytin və şiələrinin qəm-qüssələrinin təzələnən günüdür.
İyirmi yeddinci gecə: Bu gecə “Məbəs” (İslam peyğəmbərinin peyğəmbərliyə seçildiyi gün) bayramının gecəsidir və bu gecə üçün çoxlu əməllər nəql olunmuşdur. İxtisara riayət edərək onları qeyd etməyi ehtiyac bilmirik.
Sonuncu gün: Bu gündə qusl almaq və oruc tutmaq müstəhəbdir. Bu günün orucu gələcək günahların bağışlanmasına səbəb olar.
Bütün bunlardan əlavə bu aya dair çoxlu əməllər zikr olunmuşdur. İxtisara riayət etmək niyyətiylə onların hamısını qeyd etmirik. Allah bizləri bu ayın fəzilətlərindən binəsib etməsin!
besiret.az
Baqir Cəfəri
[1] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Rəcəb ayının fəzilətləri” babı
[2] Şeyx Səduq, “Fəzailul-əşhuris-səlasə”, “Mübarək Rəcəb ayının fəzilətləri” babı
[3] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Rəcəb ayının fəzilətləri” babı
[4] Şeyx Səduq, “Fəzailul-əşhuris-səlasə”, “Rəcəb ayında ibadət edənlərin və oruc tutanlar” babı
[5] Həmin mənbə, “Rəcəb ayının orucunun mükafatları” babı
[6] Həmin mənbə
[7] Həmin mənbə
[8] Həmin mənbə