Ayın teleskop vasitəsilə görülməsi barədə
Bağışlayan və mehriban Allahın adı ilə.
Sual:
Fəqihlərin böyük bir qismi fətva veriblər ki, “Yeni ayı cihazla görməyin istər görən şəxs üçün, istərsə də digər şəxslər üçün heç bir əhəmiyyəti yoxdur”. Bәzi şəxslər bu fәtvanın səbəbini soruşurlar. Çünki “Ayı gördükdə orucunu tut vә ayı gördükdə orucunu aç (bayram et)” məzmunlu hədislərdə gələn “görmәk” sözü mütləq olduğu üçün (hər hansı bir qeydlə qeydlənmədiyi üçün) həm adi gözlə görməyə şamil olur, həm də cihazla görməyə. Mәsumların (əleyhimussəlam) zamanında cihazla görməyin mümkün olmaması isə “görmək” sözünün mütləq (qeydsiz) işlənərkən ona şamil olmasına heç bir mane törətmir. Bəs nəyə görə şəriətin digər yerlərində müasir cihazlardan istifadə olunduğu halda, ayı görmə məsələsində bu cihazlara əsaslanılmır?
Cavab:
Bu, məxsusi bir sahənin mövzusudur və müəyyən cəhətlərini anlamaq yalnız bu sahənin mütəxəssisləri üçün mümkündür. Lakin mütəxəssis olmayan şəxslərin də anlaya biləcəyi bəzi şeyləri qeyd edir və deyirik:
Qurani-Kərim bildirir ki, ayların hilalları insanların dini və dünyəvi işlərində vaxt ölçüsü olaraq ona əsaslanıb hərəkət etməsi üçün qərar verilib. Uca Allah buyurur: “Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”.[1]
Bütün insanlar üçün vaxt ölçüsü olaraq qərar verilə biləcək olan isə yalnız məhəlli üfüq xəttində adi gözlə görülməsi mümkün olacaq şəkildə aşkar olan aydır. Sadəcə cihazlarla görünə bilən ay isə ümumi insanlar üçün vaxt ölçüsü olaraq qərar verilə bilməz.
Başqa bir sözlə desək:
Hər hansısa bir ayın birinci gecəsində və sonrakı gecələrində görünəcək ay saatın əqrəblərinə bənzəyir. Saatın əqrəbləri dövr etdikcə gecə və gündüzü bildirdiyi kimi, ay da müxtəlif halları ilə (belə ki, ayın parıltılı hissəsinin gecəbəgecə artması, sonra isə azalmağa başlaması və nəhayət yoxa çıxması ilə) qəməri aylarda gecələrin sayını bildirir. Ayın insanlar üçün vaxt ölçüsü olaraq qərar verilməsinin mənası budur ki, ayın müxtəlif mərhələlərdə zahir olması insanların öz dini və dünyəvi işlərini nizama salmaqları üçün müraciət edə biləcəkləri ümumi insanlar tərəfindən müşahidə olunan səmavi bir ölçü vasitəsidir. Bu da ayın görülməsində əsas meyarın ümumi insanlar üçün ayın görülməsini dəqiqləşdirməyi mümkün edən bir şey olmasını gərəkdirir, təkcə ümumi insanlar üçün ayın görülməsinin mümkün olmadığı vaxtda üfüqdə ayın olmasını aşkar edə bilən sənaye cihazına malik olan şəxslər üçün yox. Çünki bu, yeni doğan ayların ümumi insanlar üçün vaxt ölçüsü olması ilə uyğun gəlmir.
Buradan aydın olur ki, ayın sabit olması məsələsində teleskop və bu kimi şeylərlə görməyi əsas tutmamaq şəriət hökmünün mövzusunu[2] (predmetini) müəyyən etməkdə müasir cihazlardan istifadə etməkdən üz çevirmək üçün deyil. Sadəcə burada şəriət hökmünün mövzusunun (predmetinin) mövcud olmasını sağlam gözə sahib olan bütün insanların, hətta ayın üfüqdə aşkar olmasını öz gözləri ilə yoxlamaqdan başqa bir yolları olmayan kəndlərdə, çöllərdə və dağlarda yaşayan şəxslərin belə araşdıra biləcəyi məsələlərdən olmasına görədir.
Müəyyən cəhətdən buna bənzər bir məsələ: cənabətə səbəb olan şeylərdən biri kişidən məninin çıxmasıdır. Kişidə prostat vəzilərinin çıxarılması əməliyyatı aparılan zaman bu, yaxınlıq zamanı spermanın sidik kisəsinə qayıtması və sidikdə yox olub aradan getməsinə səbəb olur. Həmin şəxsin sidiyindən götürülən nümunəni laboratoriyada yoxlasalar və mikroskopla aydın olsa ki, onun tərkibində sperma zərrəcikləri var, bu zaman həmin şəxsin qüsl almasının vacib olduğuna hökm verilməz. Çünki cənabət qüsluna səbəb olacaq şey məninin çıxmasıdır və bu da baş tutmayıb. Müasir cihazlar vasitəsilə şəxsdən çıxan sidikdə məni zərrəciklərinin olmasını aşkar etməyin isə heç bir təsiri yoxdur. Çünki cənabət qüslunun vacib olmasının mövzusu (predmeti) gerçəkləşməyib.
Bu məsələnin başqa bir bənzəri: əgər bir nəfər öz vətənindən çıxsa, öz məntəqəsində yaşayanların onu yalnız binokl və oxşar bir cihazla görəcəyi, yaxud o şəxs orada ucalan azanın səsini yalnız uzaq məsafədən səs dalğalarını tutan bəzi alətlər vasitəsilə eşidə biləcəyi qədər uzaqlaşsa, onun tərəxxüs həddinə yetişməsi bu miqdardan sonraya qalmır (tərəxxüs həddinin məsafəsi şəxsin cihaz ilə görünməsi, cihaz ilə eşitməsi səbəbilə artmır – tərc.). Əksinə öz məntəqəsinin camaatı onu adi gözlə görmürsə və bir nəzərə əsasən, sağlam qulaqlar ilə[3] şəhərdən ucalan azan səsini eşitməsə, o zaman artıq tərəxxüs həddinə çatmış hesab olunacaq. Çünki namazı qəsr qılmaq və ramazan ayında orucu açmağın vacibliyi hökmlərinin mövzusu (predmeti) vətəndən bu miqdarda uzaqlaşmaqdır. Görməməyin, yaxud eşitməməyin sırf özü deyil.
Həmçinin bu məsələ: şəxs balığın daxilində olan qanı təmizləyər (hansı ki, pak olsa da, yeyilməsi haramdır), lakin mikroskopla baxdıqda onda adi gözlə görünməyəcək dərəcədə çox xırda qan hissəciklərinin olduğunu görərsə, bu həmin balığın yeyilməsinin icazəli olmasına bir xələl gətirmir. Çünki yeməyin haram olması hökmünün mövzusu (predmeti) ürfün nəzərində qan hesab edilən şeydir. Həmin hissəciklər isə belə hesab edilmir.
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ
[1] Bəqərə surəsi, ayə 189.
[2] Bu, üsul elminə aid bir termindir. Oxuyucuya müəyyən qədər aydın olsun deyə izah edək ki, üsul elmində "mövzu" (predmet) deyildikdə təklif sahibi olan şəxs (mükəlləf) üçün təyin olunmuş hər hansı bir hökmün keçərli olmasından ötrü gərəkən bütün şeylər nəzərdə tutulur.
Məsələn, həccin vacibliyi hökmündə mövzu (predmet) istitaəti (həcci yerinə yetirməyə fiziki, maddi və s. qüdrəti) olan mükəlləfin mövcud olmasıdır. Mövzu mövcud olarsa, hökm ona şamil olar.
Ramazan ayının orucunun vacibliyi hökmündə də mövzu (predmet) Ramazan ayının hilalı görüldükdə müsafir olmayan, sağlam olan mükəlləfin mövcud olmasıdır. Bu baş verərsə, orucun vacibliyi hökmü bu mövzuya (predmetə) şamil olacaq. Əks təqdirdə xeyr - red.
[3] Şəriətdə bu kimi məsələlərdə əsas meyar gözün, qulağın adi, sağlam insanlardakı kimi olmasıdır. Yəni bir şəxsin gözü zəifdirsə, yaxud qulağı zəifdirsə, meyar onun gözü, qulağı deyil, normal insanın gözünün görə bilib-bilməməsi, qulağının eşidib-eşitməməsi olur. O cümlədən də gözü həddindən artıq, qeyri-adi səviyyədə iti olsa, qulağı qeyri-adi səviyyədə yaxşı eşitsə də, məsələ eynidir – red.