Hədis barədə işlənən bəzi terminlər
Bu məqaləmizdə hədislə bağlı bəzi terminlərlə tanış olacağıq. Onlar aşağıdakılardır:
- Sənəd: Sənəd mətnə gedən yoldur. Yol (təriq), mətni bir-birindən nəql edən ravilərin (rəvayət edənlərin) məcmusu sayılır. Məsələn “A, B-dən, B, başqasından, o başqa ravidən, o da imamdan nəql edir”; “mənə A-dan xəbər çatdı ki, o, B-dən, B də başqasından nəql edir ki, imam belə dedi”; “eşitdim ki, A, B-dən, o da C-dən nəql edir ki, peyğəmbər belə buyurmuşdur” və s. Təbii ki, sənədin növləri müxtəlif cür olur. Bu barədə gələcək yazılarımızda söhbət açacağıq. Ərəb dilində belə bir ifadə mövcuddur: “Filankəs sənəddir”. Yəni, bütün işlərdə ona etimad olunur. Hədis elmində isə keçən sənəd (təriq) ona görə bu adla adlanmışdır ki, hədisi nəql edən onun sənədinə etimad edərək nəql edir. Həmçinin mühəddis və fəqihlər bir hədisi zəif və ya səhih hesab etmək üçün onun sənədinə etimad etməli olurlar.
- Mətn: Lüğəvi mənada mətn sözü “möhkəm əhatələnmiş” və ya “bir şeyin mətni onu möhkəm saxlayan şey deməkdir (məsələn, insanın onurğa sütunu onu belini möhkəm saxlayır). Hədis terminologiyasında isə mətn hədisdə olan sözlərdir, hansı ki, hədisin mənası o sözlərin vasitəsiylə mövcud olur. Başqa sözlə, hədisin mətni Peyğəmbər (s), məsum imamlar (ə) və Xanım Zəhranın (əleyhimussalam) dedikləridir.[1] Məsələn, Peyğəmbər buyurur ki, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Burada hədisin mətni “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” -hissəsi hesab olunur.
- Sünnə: Bu söz lüğətdə “tərif olunmuş yol” deməkdir. İstilahda isə 14 məsumun (əleyhimussalam) dedikləri, etdikləri fellər (hərəkətlər) və iqrar etdikləri şeylərin özüdür. İqrar odur ki, məsələn, bir nəfər imamın yanına gəlib bir iş görür, imam bunun müqabilində heç bir etiraz etmir. Diqqət etmək lazımdır ki, hədis sünnə deyil. Hədis sadəcə olaraq sünnəni nəql edərək bizə çatdırır.
- Hədis: Hədis sünnəni nəql edən cümlələrdir. Hədisin də qismləri mövcuddur. Məsuma yetişməyən xəbərlər hədis adlanmaz. Lakin, Əhli-Sünnə isə peyğəmbərə, səhabələrə və tabeinlərə çatan hər bir xəbəri hədis adlandırır. Bəzən bu xəbərləri bir-birindən fərqləndirmək üçün, peyğəmbərə çatan xəbərləri hədis, səhabə və tabeinlərə çatan xəbərləri isə əsər adlandırmışlar.
- Xəbər: Hədis elmində xəbər hədis sözü ilə sinonimdir (eynimənalıdır). Hədis elmi ilə məşğul olanlara əxbari deyilir. Onların bu adla adlanmalarının səbəbi isə hədis və xəbərlərlə çox məşğul olmaqlarına görədir. Lakin çox vaxt əxbari sözü üsuli sözünün müqabilində işlənir. Bu fərqlənmənin səbəbi budur ki, üsuli alimlərin etimad etdiyi bəzi qaydaları əxbarilər qəbul etmir. Bu baxımdan alimlər üsuli və əxbari olmaqla iki yerə bölünür. Əllamə Hillinin (r.ə.) “Ən-Nihayətu fil-usul” kitabının ibarələrindən zahir olan budur ki, bu bölünmə onun dövründə artıq mövcud idi.
- Əsər: Bu istilah qeyri-məsumdan (səhabələr və tabeinlər kimi) gələn xəbərlərə şamil edilir.
- Hədisi-qüdsi: Qüdsi lüğətdə “müqəddəs” deməkdir. Qüdsi hədislər qeyri-möcüzə yolu ilə Allahın nazil etdiyi kəlamlardır. Hansı ki, bu cür hədisləri peyğəmbərlərdən biri və ya vəsilərdən biri Allahdan nəql edir. Məsələn, Allah buyurur: “Oruc mənimdir və mən onu əvəzini verəcəyəm.” Bu, Quran ayəsi deyil, lakin bu da Allahın buyurduğu kəlamdır. Quranla hədisi-qüdsinin fərqi budur ki, Quranın hər bir ayəsi, sözü və hərfləri möcüzədir, lakin qüdsi hədislər isə belə deyildir. Qüdsi hədislər bəzən “Hədisi-İlahi” və ya “Hədisi-Rəbbani” adları ilə də adlanmışlar.
Bütün bunları bildikdən sonra gələcək yazılarımızda hədis elmində maraqlı və lazımlı bəhslərdən danışacağıq. Allah bizi bu yolda müvəffəq etsin.
İstifadə olunmuşdur: Şeyx Cəfər Sübhaninin “Usulul-hədis və əhkamuhu” kitabı
Hazırladı: Baqir Cəfəri
besiret.az
[1] Şəhid Sani, “Ər-Ruayə fi elmid-Dirayə”, səh.52.