Kürsi barədə etiqadımız

Kürsi barədə etiqadımız

2017-09-15 1228

Kürsi barədə etiqadımız.

Şiə aləminin ən qədim və böyük alimlərindən hesab olunan Muhəmməd ibn Əli əs-Səduq (r.ə) özünün “əl-etiqadat” risaləsində “kürsi” haqqında fəsl açaraq yazır:

Kürsi haqqında olan etiqadımız budur ki, o bütün yaradılışın (ərş, səmalar, yer və Allahın kürsidə yaratdığı bütün şeylərin) qabıdır (yəni bütün yaranmışları əhatə edən kainat sanki bir qabdır və bütün məxluqlar onun içindədir).”

“Əl-etiqadat” səh 100.

Zürarə (r.ə) İmam Sadiqdən (əleyhissəlam) nəql edir:  «Onun kürsüsü göyləri və yeri əhatə edir» (Bəqərə 255) ayəsi haqqında sual verib dedim ki,  “göylər və yer kürsünü əhatə edir yoxsa kürsi onları əhatə edir?” cavabında İmam (aleyhissəlam)  buyurdu: “Kürsi göyləri, yeri və ərşi əhatə edir. Kürsi bütün var olan şeyləri əhatə edir”

“Əl-Kafi” cild 1, səh 132, hədis 4.

“Ət-Tovhid” səh 329, hədis 4.

“Burhan fi təfsiril-Quran” cild 1, səh 516, hədis 1386.

“Təfsirul-Qummi” cild 1, səh 85.

“Biharul-Ənvar” cild 58, səh 22, hədis 39, bab 1.

 

Qeyd: Digər yerdə İmam (aleyhissəlam)  belə buyurur: “Hər bir var olan şey (göylər, yer və onların arasında olanlar) kürsidə yerləşir”

“Ət-Tovhid” səh 328.

 “Əl-Kafi” cild 1, səh 133

 

Bu kürsinin “qab” mənası idi. Kürsi üçün hədislərdə digər məna da zikr olunmuşdur. O da “elm” mənasıdır.  

 

Həfs ibn Ğiyas İmam Sadiqdən (aleyhissəlam) nəql edir:  “Onun kürsüsü göyləri və yeri əhatə edir” (Bəqərə 255)  ayəsi haqqında sual verdim. Cavabında İmam (aleyhissəlam)  buyurdu: “Kürsi Allahın elmidir” 

 

“Ət-Tovhid” səh 328, hədis 1, bab 25.

“Məaniyul-əxbar” səh 30, hədis 2.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 46, bab 1.

“Əl-Burhan fi təfsiril-Quran” cild 1, səh 517, hədis 1389.

 

Göründüyü kimi İmamın (aleyhissəlam)  dediyi məna budur ki, “Allahın kürsisi göyləri və yeri əhatə edir”dən məqsəd, yəni, Allahın elmi göyləri və yeri əhadə edir.

Görəsən bu elmdən məqsəd nədir? Hədislərdə gəlir ki, bu elə bir elmdir ki, Allah təbarək və təala onun haqqında bəndələrindən heç kəsi xəbərdar etməyib.

 

İmam Sadiq (aleyhissəlam) buyurur:

“Kürsi elə bir elmdir ki, Allah nəbi, rəsul və höccətlərindən heç birinə onu  bildirməmişdir (yəni, sırf Allaha məxsus olan bir elmdir)”

 

“Məaniyul-əxbar” səh 29, hədis 1.

“Əl-Burhan fi təfsiril-Quran” cild 1, səh 517, hədis 1388.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 47, bab 1.

 

Nəticə: Kürsi üçün hədislərdə iki məna zikr olundu. Biri bütün yaradılışı əhatə edən kürsi, digəri isə Allah təbarək və təalaya  məxsus olan elm. Allah bizləri elmi Həzrət  Peyğəmbər və onun pak Əhli-Beytindən (səlavatullahi aleyhim əcməin)  öyrənənlərdən qərar versin.

 

Anar Əhmədov