Ruh və nəfslər haqqında etiqadımız
Dünya həyatında bəşəri maraqlandıran mövzulardan biri də ruh və nəfslər mövzusudur. Görəsən ruh və nəfsin mahiyyəti nədir? İslam dini bu iki məfhum haqqında nə söyləmişdir? Ruh və nəfs deyəndə nə başa düşülür? Qısa məqaləmizdə Allah təbarək və təalanın tovfiqi ilə bu kimi suallara Qurani-Kərim və hədislər əsasında cavab tapmağa çalışacağıq.
Hədislərin birində həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) nəfsin yaradılmışlar içində ilk yaradılan varlıq olduğunu açıqlayır: “Allah təbarək və təalanın (yoxdan) var etdiyi ilk varlıqlar pak və müqəddəs nəfslərdir. Allah onları Öz tovhidi ilə danışdırdı, sonra digər varlıqları yaratdı.”[1]
Həzrət (s) buna bənzər digər bir hədisdə buyurur: “Allah təbarək və təalanın var etdiyi ilk varlıqlar ruhlardır. Allah onları Öz tovhidi və ucalığı ilə danışdırdı. Sonra mələkləri daha sonra isə Adəmi (ə) yaratdı.”[2]
Məlumdur ki, Allah təbarək və təaladan başqa hər bir varlığın başlanğıcı və əvvəli vardır. Yalnız tək və misilsiz olan Allah təbarək və təala qədim və əzəlidir. Varlıq aləmini yoxdan yaradan şəni uca olan Allah təbarək və təala istədiyinə əbədilik bəxş edəndir. Ruh və nəfslər də Allahın əbədilik bəxş etdiyi varlıqlardan sayılır. Hədislərin birində həzrət Muhəmməd (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Siz fəna üçün deyil, əbədilik üçün yaradılmısınız. Sadəcə bir evdən digər bir evə köçürsünüz.[3] Onlar (ruhlar) yer üzərində qərib və bədənlərdə məhbusdurlar.”[4]
Şeyxul-muhəddisin Muhəmməd ibn Əli əs-Səduq (r.ə) özünün “əl-Etiqadat” risaləsində bu hədisi zikr etdikdən sonra yazır: “Etiqadımız budur ki, ruhlar bədənlərdən ayrıldıqda öz varlıqlarında baqi qalırlar. Allah Öz qüdrəti ilə onları bədənlərinə qaytaranadək bəziləri nemətlər, bəziləri isə əzab içində olarlar.”[5]
Allah təbarək və təala Öz Müqəddəs Kitabında öldükdən sonra nemətə qovuşacaq saleh şəxslər barəsində belə buyurur:
وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
“Siz həmin halda (ölüm anında) baxırsınız. Biz həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. Beləliklə, əgər (can verən şəxs Allah dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.”[6]
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ
“Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar.”[7]
لَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
“Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”[8]
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
“Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.”[9]
Günahkar və inkarçı dəstələrin öldükdən sonra əzaba yetişəcəyi barədə Allah təbarək və təala belə buyurur:
وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ فَنُزُلٌ مِنْ حَمِيمٍ وَتَصْلِيَةُ جَحِيمٍ إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ
“Əgər (ölən kimsə Allahın ayələrini) yalan sayanlardan və yoldan azanlardandırsa, (ona) qaynar su ziyafəti veriləcək.Və özü də Cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!”[10]
İmam Sadiq (aleyhissalam) buyurur: “Ruhlar səmada bir-birləri ilə görüşür və bir-birinin halını soruşurlar. Yerdən yeni bir ruh gəldikdə, ruhlar deyirlər: «Onu bura dəvət edin, həqiqətən də, o, böyük bir qorxu içindən ayrılıb bura gəlmişdir.» Sonra ondan tanıdıqları şəxslərin halını soruşur «filankəs nə edir, filankəs necədir» deyirlər. O, həmin şəxslərin hələ də dünyada olduğunu söylədikdə, onun da dünyadan ayrıldıqda özlərinə qovuşmasını arzulayırlar. Ancaq «o, ölüb» deyə cavab verdikdə, «bədbəxt oldu, bədbəxt oldu!» deyə təəssüflənirlər.”[11]
Həmçinin, İmam (aleyhissalam) ruhların bir-birinə olan münasibəti haqqında buyurur: “Uca Allah bədənləri xəlq etməzdən min il əvvəl Ərşin kölgəsi altında ruhlar arasında qardaşlıq yaratmışdır. Əhli-Beytdən (aleyhimussalam) olan Qaimimiz (ə.f.) qiyam etdikdə doğma qardaşlar deyil, Ərşin kölgəsində aralarında qardaşlıq yaradılmış qardaşlar bir-birindən miras aparacaqlar.”[12]
Əmirəl-möminin Əli ibn Əbu Talib (aleyhiməssalam) ruhun xüsusiyyətləri barəsində buyurur:
"Cismin altı xüsusiyyəti var. Sağlamlıq, xəstəlik, ölüm, həyat, yatmaq, oyanmaq. Ruhun da cism kimi bu xüsusiyyətləri var. Ruhun həyatı onun elmidir, ölümü cəhalətidir, xəstəliyi şəkkidir, sağlamlığı yəqinidir, yuxusu qəflətidir və ayıqlığı hifz etməyidir."[13]
Digər hədisdə Muhəmməd ibn Muslim (r.ə) deyir: İmam Sadiqə (aleyhissəlam) "Ona öz ruhumdan üfürdüm" ayəsi haqqında sual verdim və dedim ki, bu üfürmə necə baş verdi? İmam (ə) buyurdu:
"Ruh külək kimi hərəkət edən bir varlıqdır. Ruh "rih" (külək) kəlməsindən alındığına görə ruh olaraq adlanmışdır. Çünki, ruhlar ilə külək həmcinsdirlər (bənzərdirlər). Allah (ayədə qeyd olunan) o ruhu digər ruhlar içindən seçdiyinə görə Özünə nisbət vermişdir. Necə ki, evlərdən bir ev (Kəbə) üçün deyir: “Mənim evim”, rəsullardan bir rəsul (İbrahim) üçün deyir: “Mənim dostum” və buna bənzər olan sair şeylərdə elə bu cürdür. Bütün bunlar hamısı yaranmış, sonradan mövcud olmuş və idarə olunandır.”[14]
İmam Rza (aleyhissalam) ruhla bədənin əlaqəsi barədə belə buyurur:
"Ruhun yeri beyindədir və onun şüası bədənin bütün hissələrinə yayılıb. O, günəş kimidir. Çünki, özü yuxarıda şüası isə yerdədir.”[15]
İmam Sadiq (aleyhissəlam) buyurur: "Ruh lətif bir cismdir. Gözə görünməyən surətlə (şəkillə) libaslanıb."[16]
Hədislərdə ruhlar üçün müxtəlif qismlər qeyd olunur. Yəni, ruhun müxtəlif mərhələləri vardır. İnsanlar dərəcə və məqamlarına görə bu ruhlara sahibdirlər. İmam Sadiq (aleyhissalam) buyurur: “Nəbi və vəsilərdə beş ruh vardır. Bunlar müqəddəs ruh, iman, bədən, qüvvət və şəhvət ruhudur. Möminlərdə onlardan dördü vardır; iman, bədən, qüvvət və şəhvət ruhu. Kafirlərdə isə onlardan üçü vardır; bədən, qüvvət və şəhvət ruhu.”[17]
Qeyd 1: Digər hədisdə heyvanların da bu üç (bədən, qüvvət və şəhvət) ruha sahib olduqları qeyd olunur.[18]
Qeyd 2: Burada ruhların çox olması onun həqiqətinin çoxluğunu yox, onda olan cəhətlərin və qüvvələrin çoxluğunu bildirir.
Qurani-Kərimdə Allah təbarək və təala həzrət Peyğəmbərə (səllallahu aleyhi və alihi və səlləm) ona ruh barəsində verilən sualın cavabında belə buyurmasını əmr edir:
وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا
“Səndən ruh haqqında soruşurlar. De: Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir!”[19]
Sual yaranır görəsən ayədə keçən ruhda məqsəd kimdir? İmam Sadiqə (aleyhissalam) bu barədə sual verildi cavabında İmam (ə) buyurdu: “O ruh Cəbrail və Mikaildən daha əzəmətli bir məxluqdur. Peyğəmbər (s) və İmamlarla (ə) birlikdə idi. O mələkutdandır.”[20]
Nəticə: Qısa araşdırmadan məlum olan budur ki, ruh və nəfslər Allahın ilk yaratdığı varlıqlardır. Həmçinin, onlar fəna üçün deyil əbədi həyat üçün yaradılmışlar. İnsanların əməllərindən asılı olaraq ruhların gedəcəyi mənzillər müxtəlifdir. Belə ki, bəziləri Qiyamət gününədək nemət içində, bəziləri isə əzab içində yerləşər. Həmçinin, məlum oldu ki, insanlar dünyadan köçdükdə ruhları səmada görüşər və onlar bir-birlərinin halından xəbərdar olarlar.
Bunu da qeyd etməliyik ki, bu mövzu geniş araşdırmaya ehtiyacı olan bir mövzudur. Biz sadəcə olaraq burada qısa şəkildə məlumat verməyə çalışdıq.
Allah təbarək və təala bizləri saleh əməl sahiblərindən qərar versin və öldükdən sonra Həzrət Peyğəmbər və onun pak Əhli-Beytinə (səlavatullahi aleyhim əcməin) qovuşdursun.
Anar Əhmədov
besiret.az
[1] “Biharul-Ənvar” cild 6, səh 249, hədis 87, bab 8. cild 61, səh 78.
[2] “Uyunul-əxbar ər-Rza” cild 1, səh 205, hədis 22, bab 26. “Kəmalud-din” cild 1, səh 254, hədis 4, bab 23. “İləluş-şərai” səh 5, hədis 1, bab 7. “Biharul-Ənvar” cild 26, səh 335, hədis 1, bab 8.
[3] “Biharul-Ənvar” cild 6, səh 249, hədis 87, bab 8.
[4] “Biharul-Ənvar” cild 61, səh 78, bab 42.
[5] “Əl-Etiqadat” səh 110, bab 15.
[6] Vaqiə-84, 85, 88, 89.
[7] Qəmər-54, 55.
[8] Ali-İmran-169, 170.
[9] Bəqərə-154.
[10] Vaqiə-92, 93, 94, 95.
[11] “Biharul-Ənvar” cild 6, səh 249, hədis 87.
[12] Həmin mənbə.
[13] Şeyx Səduq, “Ət-Tovhid” səh 293, hədis 7.
[14] “Əl-Kafi” cild 1. səh 183. (başqa nəşr səh 154) ruh babı. Şeyx Səduq, “Ət-Tovhid” səh 171. Şeyx Səduq, “Məaniyul-əxbar” səh 17. Əllamə Məclisi, “Şərhi risaleyi əl-etiqadat” səh 306.
[15] “Biharul-ənvar” cild 61, səh 250. “Şərhi risaleyi əl-etiqadat” səh 306.
[16] Şeyx Təbərsi, “Əl-İhticac, cild 2, səh 244. Əllamə Məclisi, “Şərhi risaleyi əl-etiqadat” səh 305.
[17] “Bəsairud-Dərəcat” səh 447, hədis 3, bab 14. “Biharul-Ənvar” cild 25, səh 54, hədis 14, bab 3.
[18] “Biharul-Ənvar” cild 6, səh 250, hədis 87, bab 8.
[19] İsra-85
[20] “əl-Kafi” cild 1, səh 273, hədis 3. “Biharul-Ənvar” cild 18, səh 265, hədis 23, bab 2. “əl-Vafi” cild 3, səh 631, hədis 1219, bab 93. “Burhan fi təfsiril-Quran” cild 3, səh 582, hədis 6543. “Təfsirul-Qummi” cild 2, səh 26. “Təfsiri nurus-Səqəleyn” cild 3, səh 215, hədis 423.