Quranda qeyd olunan ƏRAF əhli kimlərdir?

Quranda qeyd olunan ƏRAF əhli kimlərdir?

2017-11-22 1832

Quranda qeyd olunan ƏRAF əhli kimlərdir?

Məlumdur ki, Qurani-Kərimin hər bir ayəsinin ayrı-ayrılıqda nazil olma səbəbi vardır. Həkim olan Allah təbarək və təala hər hansı bir ayəni səbəbsiz yerə nazil etməkdən çox-çox Ucadır. Bu ayələrin bəziləri “möhkəm”, bəziləri isə “mütəşabih” ayələr adlanır. Möhkəm, o ayələrə deyilir ki, Allah orada hökmü aşkar surətdə bəyan edir və ayəni oxuyan hər bir şəxs, Allahın ona nə demək istədiyini izaha ehtiyac duymadan rahat şəkildə başa düşür. Mütəşabih isə mənaları gizli olan ayələrə deyilir. Yəni, bir şəxs bu ayələri oxusa, buradan birdən çox məna başa düşər. Mütəşabih ayələr sırasına daxil olan nümunələrdən biri də Əraf haqqında nazil olan ayələrdir. Belə ki, Qurani-Kərimin Əraf surəsində yer alan bu ayələr, bizlərə Qiyamət günü baş verəcək müəyyən bir  hadisədən xəbər verir. Lakin hadisə özü məlum olsa da bu işin kimlər tərəfindən icra olunacağı məsələsi aşkar surətdə qeyd olunmamışdır. Biz yalnız ayələrdə olan müəyyən nişanələr və aşkar hədislər vasitəsilə bu işin kimlərə məxsus olmasını bilib buna etiqad etmişik. Ayələri siz əziz oxuculara təqdim edib sonra Allahın iznilə bu barədə qısa olaraq məlumat verməyə çalışacağıq.  Beləki, Allah təbarək və təala buyurur:

“O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ərafın üstündə hər bir dəstəni simalarından tanıyan kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər. Və Ərafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!» (Və möminlərə işarə edərək deyərlər:) Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız.” (Əraf 46, 48, 49)

Görəsən bütün insanları ayrı-ayrılıqda simalarından tanıyan və Əraf üzərində yer alan  kişilər kimlərdir?

Təbii ki, biz bu suala cavab tapmaq üçün Qurani-Kərimin həqiqi müfəssirləri və Allahın hökmlərini bizə olduğu kimi çatdıran həzrət Muhəmməd və onun pak Əhli-Beytinə (səlavatullahi aleyhim əcməin) müraciət etməliyik. Lakin bu ayənin təfsirini qeyd etməzdən öncə bir məsələni müqəddimə olaraq zikr etməyə ehtiyac vardır. O müqəddimə bundan ibarətdir ki, əvvəldə deyildiyi kimi Qurani-Kərim ayələri ümumi olaraq möhkəm və mütaşabih qismlərinə bölünür. Xatırlatma üçün söyləyək ki, möhkəm, izaha ehtiyac duymadan rahat şəkildə başa düşülən ayələrdir. Lakin mütəşabih isə tam bunun əksinədir. Yəni mənaları aşkar olmayan və düzgün izaha ehtiyacı olan ayələrdir. Təbii ki, bu ayələri, ilahi elmlərə, sağlam təfəkkürə sahib olan və xətadan uzaq olan şəxslərdən başqa heç kəs olduğu kimi izah edə bilməz. Allah təbarək və təala öz kitabında möhkəm və mütaşabih bölgüsünə işarə edərək belə buyurur:

“Bu kitabı sənə nazil edən Odur. Onun bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar. Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir. Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (həqiqi mənasının nə olduğunu) Allah və elmdə qüvvətli olanlardan (rasixunlardan) başqa heç kəs bilmir. Onlar (möminlər) deyərlər: «Biz ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.” (Ali-İmran 7)

Görəsən Allah təbarək və təalanın Qurani-Kərimdə adlandırdığı “Rasixunlar” (elmdə qüvvətli olanlar) kimlərdir?

İmam Baqir (aleyhissəlam) bu ayənin təfsirində buyurur:

“Həqiqətən, Allah Rəsulu (səllallahu aleyhi və alihi) elmdə qüvvətli olanların (rasixlərin) ən üstünüdür. Allah ona, nazil etdiyi hər bir şeyi və onun təvilini öyrətmişdi. Elə bir  şey  yoxdur ki, Allah onu nazil etsin, lakin onun təvilini (mənasını) peyğəmbərə öyrətməsin. Peyğəmbərdən sonra  onun vəsiləri bütün bu şeyləri (ayələrin nazil olma səbəblərini və onların təvillərini) bilirlər.”

“əl-Kafi” cild 1, səh 238, hədis 2.

“Təfsirul-Qummi” səh 93.

İmam Sadiq (aleyhissəlam) başqa bir hədisdə belə buyurur: “Elmdə qüvvətli olanlar Əmirəl-möminin Əli ibn Əbu Talib və ondan sonra gələn İmamlardır (səlavatullahi aleyhim əcməin)

“əl-Kafi” cild 1, səh 239, hədis 3.

Nəqli dəlildən əlavə buna ağlımız da birbaşa hökm edir ki, bu risaləti təbliğ edən kəs gərək özü  əmr etdiyi şeyin mənasını bilsin, sonra insanları ona doğru çağırsın. Təsəvvür edin (nəuzubillah) həzrət Peyğəmbər (səllallahu aleyhi və alihi)  bir ayə oxuyur və ona tabe olmağı insanlara əmr edir. Bir nəfər gəlib sual edir: “Ey Rəsuləllah! Əmr etdiyin şey nədir və bunun müqabilində vəzifəmiz nədir?” Cavabında Peyğəmbər (s) buyurur: “Mən özüm də bunun mənasını bilmirəm.” Yaxud bu misalı onun vəsiləri və risalətin daşıyıcıları olan məsum İmamlar (aleyhimussəlam) haqqında da söyləmək olar. Məgər insan özünün əmr etdiyi şeyə cahil ola bilərmi? Yoxsa əmr məqamında olan aqil şəxs, məqsədsiz olaraq bir işə göstəriş verə bilər? Məqsədsiz şəkildə bir işə əmr etmək ağıldan və hikmətdən uzaqdır. Biz bu sifətləri adi ağıl sahibi olan şəxsə yaraşdırmadığımız halda bunu bəşəriyyətin ən üstün şəxsləri sayılan həzrət Peyğəmbər və məsum İmamlar (səlavatullahi aleyhim əcməin) haqda necə söyləyə bilərik? Təbii ki, Həzrət Muhəmməd və onun vəsiləri olan məsum imamlar (səlavatullahi aleyhim əcməin) bu kimi hallardan uzaqdırlar.

“Qurani-Kərim ayələrinin həqiqi təvil və təfsiri üçün kimlərə müraciət olunmalıdır” sualına cavab tapdıqdan sonra, keçirik Əraf surəsində öz əksini tapmış Cənnət və Cəhənnəmi bölən şəxslərin kimliyinə. Görəsən, “Ərafın üstündə hər bir dəstəni simalarından tanıyan kişilər vardır” ayəsində qeyd olunan kişilər kimlərdir?  Bu qədər Adəm övladını simalarından tanıyan möhtərəm və ali şəxslər haqqında bizə xəbər çatmışdırmı?

Təbii ki, bu barədə bizə nəql olunmuş hədislər kifayət qədərdir. Bütün bu hədislərin mətni, Əraf üzərində olan kişilərdə məqsəd Həzrət Peyğəmbər və məsum İmamlar (səlavatullahi aleyhim əcməin) olduğu xəbərini verir.  Biz burada  ixtisara riayət edərək bir neçə nümunə qeyd etməklə kifayətlənirik.

Əraf haqqında hədislər

1)Əsbəğ ibn Nəbatə nəql edir ki, Əmirəl-möminin Əli ibn Əbu Talibin (aleyhissəlam)  yanında idim və o Həzrət əyləşmişdi. Bir kişi onun yanına gəldi və dedi: “Ya Əmirəl-möminin! “Ərafın üstündə hər bir dəstəni simalarından tanıyan kişilər vardır” ayəsində qeyd olunan kişilər kimlərdir? Həzrət Əli (aleyhissəlam)  ona buyurdu: “Bizik Əraf əhli. Biz, bizə yardım edənləri simalarından tanıyırıq. Biz o Əraf əhliyik ki, bizi tanımadan Allah tanınmaz (yəni həqiqi və kamil mərifət vilayət ilə tamamlanır). Biz o Əraf əhliyik ki, Qiyamət günündə Cənnət və Cəhənnəmin ortasında dayanarıq. Bizi tanıyanlardan və bizim tanıdıqlarımızdan  başqa heç kəs Cənnətə daxil olmaz. Bizi inkar edənlərdən və bizim inkar etdiklərimizdən başqa heç kəs Cəhənnəmə daxil olmaz...”

“Bəsairud-Dərəcat” səh 516, hədis 6.

“Muxtəsərul-Bəsair” səh 176, hədis 153.

“Burhan fi təfsiril-Quran” cild 2, səh 551, hədis 3906.

“Biharul-ənvar” cild 24, səh 250, hədis 7.

“Təfsirul-Əyyaşi” cild 2, səh 148, hədis 1587.

2) Həzrət Muhəmməd öz Əhli-Beyti (səlavatullahi aleyhim əcməin)   barəsində buyurur: “Sizi tanıyanlardan və sizin tanıdıqlarınızdan başqa heç kəs Cənnətə daxil olmayacaq. Sizi inkar edənlərdən və sizin inkar etdiklərinizdən başqa heç kəs Cəhənnəmə daxil olmayacaq.”

“Bəsairud-Dərəcat” səh 517, hədis 7.

“Muxtəsərul-Bəsair” səh 402.

“Biharul-ənvar” cild 24, səh 252, hədis 13.

“Burhan fi təfsiril-Quran” cild 2, səh 550, hədis 3905.

3) İmam Baqir (aleyhissəlam)  bu barədə buyurur: “Hər bir dəstəni simalarından tanıyan kişilər bizik.”

“Bəsairud-Dərəcat” səh 516, hədis 3.

“Təfsirul-Əyyaşi” cild 2, səh 147, hədis 1585.

“Burhan fi təfsiril-Quran” cild 2, səh 553, hədis 3917.

Şiə aləminin böyük və ən qədim alimlərindən biri hesab olunan Şeyx Səduq (r.ə) özünün “əl-Etiqadat” risaləsində bu haqda yazır:

“Etiqadımıza görə Əraf, Cənnət və Cəhənnəm arasında olan bir səddir. Və onun üzərində “Hər bir dəstəni simalarından tanıyan kişilər” vardır. Buradakı kişilər, Həzrət Peyğəmbər və onun vəsiləridir (səlavatullahi aleyhim əcməin). Onları tanıyanlardan və onların tanıdıqlarından başqa heç kəs Cənnətə daxil olmayacaq. Onları inkar edənlərdən və onların inkar etdiklərindən başqa heç kəs Cəhənnəmə daxil olmayacaq. Digərləri (üçüncü dəstə) Ərafda gözləyərlər. (Allah onlar haqda buyurur:) “Və digər bir dəstənin işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək, ya da nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.” (Tövbə 106)

“əl-Etiqadat” səh 184, bab 25.

Əgər belə bir irad gəlsə ki, ayədə qeyd olunan “hər bir dəstəni tanımaq”da məqsəd sizin iddia etdiyiniz tanımaq deyil. Əksinə, Qiyamət günü hər bir dəstənin dünya həyatında tutduğu mövqe üzlərində zahir olar və günahkarlar üzü qara, yaxşı əməl sahibləri isə üzü ağ olar.  

Allah Qurani-Kərimdə buyurur: “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!» Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.” (Ali İmran 106, 107)

Göründüyü kimi bu ayələr Cəhənnəm əhlinin üzü qara, Cənnət əhlinin isə üzü ağ olacağından xəbər verir. Əraf əhlinin tanımağı da eynilə bu cürdür. Nəticədə bu tanıma heç də sizin iddia etdiyiniz üstünlük nişanəsi deyildir.

Cavab: İradda deyilən bu söz təbii ki, öz-özlüyündə düz sözdür və inkar olunmazdır. Lakin bu iradın bizim fikrimizə heç bir aidiyyatı yoxdur. Çünki, tanımaq neçə cür ola bilər. Bir dəfə gətirilən ayədə qeyd olunduğu kimi, şəxsin simasına baxıb onun gedəcəyi yeri bilmək olar. Digər tanımaq isə onun etdiyi əməllərdən xəbərdar olmaqla aqibətinin necə olacağından agah olmaqdır. Əgər Əraf əhlinin tanıması iradda deyilən kimi olsaydı, Allah bunu tək Əraf əhlinə yox, bütün bəndələrə nisbət verməli idi. Yəni, ən azından deyilməli idi ki,  “o gün insanlar hər bir dəstəni simalarından tanıyar”. Allahın bu tanımanı yalnız Əraf əhlinə məxsus etməsi onu göstərir ki, burada bəndələr haqda daha geniş məlumatdan söhbət gedir. Bu dediyimizə dəlil elə Əraf surəsinin 48 və 49-cu ayələridir. Allah təbarək və təala buyurur:

“Və Ərafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»  (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız.” (Əraf 48, 49)

Əraf üzərində olan kişilər açıq-aşkar kafirlərin dünyada etdiyi əməllərdən xəbər verir. Kafirlərin dünyada təkəbbür etmələri, həmçinin möminlərə “küfr” böhtanı atması kimi əməllər nümunə kimi ayələrdə zikr olunur. Deməli burada tanımaqda məqsəd icmali məlumat yox, daha geniş bilgilərdir. Bu geniş məlumat isə dünyada şahidlikdən başqa şeylə gerçəkləşməyən bir həqiqətdir. Dünyada əməllərə şahid olan dəstələr kimlərdir mövzusu özü başqa və böyük bir bəhs olduğundan biz burada o mövzudan söhbət açmayacağıq. Lakin biz öz yerində qəti dəlillər ilə bunu isbat etmişik ki, Allah bizim üzərimizdə etdiyimiz əməllərə şahidlər qərar verib. Bunu burada qısa olaraq qeyd etməkdə məqsədimiz budur ki, “əməllərimizə şahid olan kəslər vardır” xəbərini, “Əraf üzərində olan kişilər  hər bir dəstəni öz simalarından tanıyar” xəbəri ilə cəm etsək, görərik ki, bu iki xəbər əslində bir-birlərini dəstəkləyir. Yəni, dünyada əməllərimizə şahid olan Həzrət Peyğəmbər və onun vəsiləri (səlavatullahi aleyhim əcməin) elə Qiyamət günündə Əraf üzərində dayanıb hər bir dəstəni üzlərindən tanıyan kəslərdir.

Nəticə: Əraf haqqında aldığımız nəticə budur ki, o, Cənnət və Cəhənnəm arasında olan bir səddir. Qiyamət günü həzrət Muhəmməd və məsum İmamlar (səlavatullahi aleyhim əcməin)  həmin Ərafın üzərində dayanar və möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə yola salarlar. Cənnət və Cəhənnəmi bölən kəslər həmin bu İlahi rəhbərlərdir. Şəni Uca olan Allah təbarək və təala Qiyamət günü bizləri Həzrət Muhəmməd və onun pak Əhli-Beytinin (səlavatullahi aleyhim əcməin) şəfaəti ilə əbədi səadət məskəni sayılan Cənnətinə daxil etsin.

Anar Əhmədov

besiret.a