İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏR ÖLDÜRÜB?

İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏR ÖLDÜRÜB?

2017-11-03 4364

İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏR ÖLDÜRÜB?

Müqəddimə

Müxaliflər hər il müqəddəs Muhərrəm ayı ərəfəsində müsəlmanlar arasında belə bir şübhə yayırlar ki, şiələr özləri İmam Hüseynə (ə) beyət edib, onu Kufəyə dəvət edib daha sonra əleyhinə çıxaraq onu öldürüblər.

Məsələn, Muhsin Əmin deyir: “Sonra İraq əhlindən iyirmi min nəfər Hüseynə beyət etdi. Ona vəfasızlıq edib beyəti onların boynunda olduğu halda ona qarşı çıxdılar və onu öldürdülər.”[i]

“Bunlar həmin şiələrdir. Bu da onların əhli beytə qarşı davranışları və halıdır. Bu, həmin o şiələrdir ki, Əhli beyti sevdiklərini və onların ardıcılları olduqlarını iddia edirlər.”[ii]

Cavab 1: “Şiələr Hüseyni (ə) öldürdü” sözünün özündə açıq aşkar ziddiyət mövcuddur. Çünki, bir şəxsin şiələri onun köməkçiləri, ona tabe olanlar və onu sevənlərdir. Amma bir şəxsin qatili belə deyildir. Elə isə necə olur ki, onlar şiəsi olduqları şəxslə müharibə etdikləri və onu öldürdükləri halda həm sevirlər, həm də ona kömək edirlər?

Əgər “Hüseynin qatilləri şiələrdən idi” sözünü qəbul etsək belə, onlar ona qarşı döyüşmək üçün cəm olduqlarında şiəlikdən çıxmış oldular. Beləcə şiədən başqa bir əqidədə olduqları halda onu (ə) öldürdülər.

Şiələrin öldürülməsi və Kufədə evlərinin dağıdılması

Cavab 2: İmam Hüseynlə (ə) döyüşmək üçün ona qarşı çıxanların bir qrupu Kufə əhlindən idilər. Müaviyə Ziyad ibn Əbihini Kufəyə vali təyin etdikdə o, şiələri tanıdığından onları təqib etməyə başladı. Beləcə onları öldürdü, evlərini dağıtdı, həbs etdi. Hətta Kufədə Əlinin (ə) şiəsi olaraq tanınan bir nəfər belə qalmadı.

İbn Əbil-Hədid Mötəzili deyir: “Əbul-Həsən Əli ibn Muhəmməd ibn Əbi Seyd əl-Mədaini Əhdas kitabında rəvayət edib deyir: “Müaviyə Camaat ilindən sonra (İmam Həsənin (ə) Müaviyə (l) ilə məcburi sülh bağladığı il – müt.) öz işçilərinə bir nüsxə yazdı ki, hər yerdə və hər minbərdə Əliyə lənət edib ondan bəraət etməyə, onun və əhli beytinin əleyhinə danışmağa başlasınlar. Bu zaman ən çox bəlaya düçar olan Kufə camaatı idi. Çünki orada Əlinin (ə) şiələri çox idi. Onlara vali olaraq Ziyad ibn Suməyyə təyin edilmişdi. Bəsrə də onun ixtiyarına verilmişdi. O, şiələri tanıyırdı və onları təqib edirdi. Çünki Əlinin (ə) zamanında o da şiələrdən idi. Ziyad şiələri öldürür, əllərini və ayaqlarını kəsir, gözlərini çıxarır, onları xurma ağacından asaraq edam edirdi. Beləliklə o, şiələri qovaraq demək olar ki, İraqdan qaçırtdı. Orada şiə kimi tanınan heç kəs qalmamışdı.”[iii]

Təbərani “Mucəmul-Kəbir” kitabında öz sənədi ilə Yunis ibn Ubeyddən, o da Həsəndən nəql edir: “Ziyad Əlinin (Allah ondan razı olsun) şiələrini təqib edir, onları öldürürdü. Bu xəbər Həsən bin Əliyə (Allah ondan razı olsun) çatdıqda o, belə dedi: “Ey Allahım, sən özün onu öldür! Həqiqətən də şiələrin qətl edilməsi onların kəffarəsidir.”[iv]

Heysəmi bu xəbər barədə belə deyir: “Bunu Təbərani nəql edib. Raviləri səhihin (Buxari) raviləridir.”[v]

Zəhəbi deyir: “Həsən Bəsri dedi: “Həsən ibn Əliyə Ziyadın Bəsrədə Əli şiələrini təqib etməsi və öldürməsi xəbəri çatdı. O da İbn Ziyadı qarğış etdi.” Nəql edilir ki, İbn Ziyad Kufə əhlini Əlidən bəraət etdirmək üçün topladı. Sonra 53-cü ildə o taun xəstəliyinə düçar oldu.”[vi]

İbn Əsir “Kamil” əsərində deyir: “Ziyad Müaviyənin əmrini şiddətlə həyata keçirən, hökümətin Müaviyədə olmasında ən çox israr edən, bu işdə qılıncını sıyıran, zənn ilə əməl edən, şübhəyə söykənərək cəza verən ilk şəxs idi. İnsanlar ondan çox qorxardılar. O həddə qorxardılar ki, bir-birinə əmin olmayınca ehtiyat edib bir söz deməzdilər.”[vii]

İmam Hüseynin (ə) qatilləri arasında şiə var idi?

Cavab 3: İmam Hüseyni (ə) öldürənlər məlum şəxslər idi. Onların arasında isə şiəçiliyi ilə tanınan bir nəfər belə yox idi. Onlar Ömər ibn Səd ibn Əbu Vaqqas, Şimr ibn Zil-Cövşən, Şəbət ibn Rəbi, Sənan ibn Ənəs, Həccar ibn Əbcər, Hərmələ ibn Kahil və digərləridir. Bunların heç biri nə şiə kimi nə də İmam Əliyə (ə) dostluqları ilə tanınmırdı.

[i] Ehsan İlahi Zəhir “Şiə və Əhli-beyt” s.282; “Ən-Nəss fi ə’yaniş-Şiə” s.34

[ii] Ehsan İlahi Zəhir “Şiə və Əhli-beyt” s.282-280

[iii] “Şərhu Nəhcil-Bəlağə” c.11 s.44 (qədim çapla c.3 s.15)

[iv] “Mucəmul-Kəbir” c.3 s.68

[v] “Məcməuz-zəvaid” c.6 s.266

[vi] “Siyəru Əlamin-Nübəla” c.3 s.496

[vii] “Əl-Kamil fit-Tarix” c.3 s.450