Şəfaət barədə etiqadımız
1.Şəfaət haqqında olan ayələr
2.Şəfaət haqqında olan hədislər
3.İslam alimlərinin şəfaət barəsində söylədikləri
Bismillahir-rəhmanir-rəhim
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd
Bu məqalədə danışacağımız mövzu şəfaət mövzusudur. Şəfaət - bir kəsin nemətə çatmasına, yaxud zərərdən müdafiə olmasına vasitəçilikdir. Şəfaət mövzusu iki cür müzakirə oluna bilər.
1)Axirət günündə olacaq şəfaət.
2)Dünya həyatındakı şəfaət.
Bizim bu məqalədə danışacağımız şəfaət, birinci qism şəfaət haqqındadır. Yəni Axirət günündə bəzi şəxslərin Allah yanında şəfaət etmələri barəsində olacaqdır. Əqidəmizə görə Qiyamət günündə Allah təbarək və təalanın razı olduğu və seçdiyi bəndələri Adəm övladlarına şəfaət edərlər. Həmçinin, Allahın razı olduğu şəxslərdən başqa heç kəsə şəfaət olunmaz. Qurani-Kərimə baxdıqda görürük ki, şəfaət haqqında nazil olan ayələr bir neçə qismdir. Bu qismlər aşağıdakı bölgüdən ibarətdir:
1) Şəfaəti inkar edən ayələr.
2) Şəfaətçiləri inkar edən ayələr.
3) Şəfaətin yalnız Allahın iznilə olmasını bildirən ayələr.
4) Allahın, əməllərinə və sözlərinə razı olduğu şəxslərin şəfaət edəcəyini bildirən ayələr.
5) Tovhid üzərində olan və Allahın razı qaldığı şəxslərə şəfaət olunacağını bildirən ayələr.
İndi isə həmin qismlər üçün Qurani-Kərimdən şahidlər gətirib sonra bu barədə bizə gəlib çatmış hədisləri siz əziz oxuculara təqdim edirik.
Şəfaəti inkar edən ayələr
1) “Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin” (Bəqərə 123)
2)”Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir” (Müddəssir 48)
Şəfaətçiləri inkar edən ayələr
1) “Bununla (bu Qur’an vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər” (Ənam 51)
2) “Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun”(Ənam 70)
3) “(Bu gün) bizim şəfaət edənimiz yoxdur” (Ənam 100)
4) “(Müşriklərə Bərzəx aləmində, həmçinin Qiyamət günündə belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. Özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir” (Ənam 94)
Şəfaətin yalnız Allahın iznilə olacağını bildirən ayələr:
1) “Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah” (Yunis 3)
2) “İzn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir”(Səba 23)
3) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz” (Taha 109)
4) “İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət edə bilər?!” (Bəqərə 255)
Şəfaət etməyə izni olanlar:
1) “(Həmin gün) Rəhman olan Allahın yanından əhd-peyman almış şəxslərdən başqa (heç kəsin) şəfaət etmək ixtiyarı olmaz”(Məryəm 87)
2) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz” (Taha 109)
3) “Bunların Allahın yerinə çağırdıqları (bütlər, və.s Qiyamət günü) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə malik olmayacaqlar” (Zuxruf 86)
Yalnız Allahın razı olduğu şəxslərə şəfaət olunar:
1)“Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar” (Ənbiya 28)
İzah: Müqəddəs Qurani-Kərimə müraciət etdikdən sonra bizə məlum oldu ki, şəfaət etmək və şəfaət olunmaq heç də Allahın iradəsindən xaric deyildir. Gərək hər bir müsəlman şəxs şəfaətə baxışını düzgün şəkildə formalaşdırsın. Çünki, bəzən müsəlmanların şəfaətə səhv baxışları onların Allahın əmr və qadağalarını yüngül tutmasına səbəb olur. Əksinə, hər bir şəxs gərək şəfaət olunmağı Allahın razılığında axtarsın. Çünki, şəfaət özü Allahın rəhmətinin təzahürlərindən biridir. İnsan gərək Allahın rəhmətinə qovuşmaq üçün daim səy göstərsin. Nəticə etibarı ilə şəfaət özü səbəbsiz olmur. Allah Öz kitabında belə buyurur: “Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim” (Bəqərə 40) Həmçinin buyurur: “Kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir” (Fəth 10)
İnsan gərək daim gücü çatdığı qədər Allahın əmr və qadağalarına riayət etsin ki, qalan günah və xətaları şəfaət yolu ilə bağışlansın. Bununla da əbədi Cənnətə daxil olsun. Şəfaətin necəliyi və buna nail olmağın yolları mövzumuzdan kənar olduğundan qısa izahla kifayətlənib, qayıdırıq mövzumuza.
Qurani-Kərimdən şahidlər gətirməklə şəfaətin haqq olmasını isbat etdik. İndi isə keçirik bu barədə olan hədisləri zikr etməyə və bəzi sualları cavablandırmağa. O suallar bundan ibarətdir ki, görəsən Qiyamət günündə kimlər şəfaət edər? Kimlərə şəfaət olunar və kimlərə olunmaz? Bu suallara cavab tapmaqdan ötrü Qurani-Kərimin həqiqi müfəssirləri olan Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun pak Əhli-Beytinin (səlavatullahi aleyhim əcməin) müqəddəs kəlamlarına və İslam alimlərinin bu barədə verdiyi şərhlərə müraciət edəcəyik.