Məsumların (ə.s) İmam Huseyn (ə.s) üçün əzadarlıq etməsi
(1-ci hissə)
Həzrət Peyğəmbərin (s) İmam Huseynə (ə.s) ağlaması
Giriş
Hələ qədim zamanlardan şiə əqidəsi düşmənlərin və müxaliflərin hücumuna məruz qalmış və bəzi zamanlar bu hücum şiddətlənmişdir. Əlbəttə, qeyd etmək lazımdır ki, bu hücumlar yalan, töhmət, iftira və ləkəyaxma ilə müşayət olunmuşdur. Haqq olan Əhli-Beyt (ə.s) məktəbinin hücuma məruz qalmasına səbəb olan amillərdən biri də bu məqalədə söhbət açmaq istədiyimiz şəhidlər ağası həzrət İmam Huseynin (ə.s) Məhərrəm ayında olan əzadarlıqlarıdır. Düşmən və müxaliflər bu çirkin qarayaxma və böhtanlarla insanları bu məsələdə tərəddüdə salaraq, onları Əhli-Beytdən (ə.s) uzaqlaşdırmaq istəyirlər. Əhli-Beyt (ə.s) düşmənləri tərəfindən irəli sürülən şübhələrdən biri də budur ki, əgər həqiqətən də İmam Huseyn (ə.s) üçün əzadarlıq etmək icazəli və şəri cəhətdən düzgündürsə, bəs niyə bu əzadarlıqlar Əhli-Beyt (ə.s) dövründə yayılmamış və bu barədə bir dənə də səhih sənədli rəvayət nəql olunmamışdır?
Şübhəsiz ki, müxaliflər tərəfindən ünvanlanan bu növ sual və şübhələr cəhalət və nadanlıqdan qaynaqlanır. Çünki əzadarlıq bəhsi şiənin hədis və rəvayət kitablarında o qədər nəql olunmuşdur ki, rahatlıqla deyə bilərik ki, mənəvi təvatür həddində, hətta bu həddən də üstün şəkildə yayılmışdır. Elm əhli arasında məlumdur ki, bir məsələ təvatürlə isbat olunarsa, artıq sənəd araşdırmasına ehtiyac qalmaz. Bu məsələnin təvatürün fövqündə olması bəhsinə daxil olmasaq da hədis elmi baxımından bu məsələnin isbatı üçün kifayət qədər hədis mövcuddur. İmam Huseyn ağaya (ə.s) ağlamaq və əzadarlıq barədə Əhli-Beytdən (ə.s) kifayət qədər hədis nəql olunmuşdur. Bu hədislərə nəzər salsaq, görərik ki, onlar İmam Huseynin (ə.s) şəhadət zamanına və hətta şəhadətindən öncəki dövrlərə də aiddir. Bu, məsələnin Əhli-Beyt (ə.s) yanında sabit olmasıyla yanaşı, bu əzadarlıqların və ağlamaqların nə dərəcədə əhəmiyyətli və mühüm olmasını göstərir.
Zikr etdiyimiz girişə əsasən Məsumların (ə.s) əzadarlıq etməsi mövzusunda Rəsuli-Əkrəmdən (s) İmam Zamana (ə.f.) kimi olan hədisləri təqdim edəcəyik. Öncədən vurğulayırıq ki, bu mövzuda Məsumlardan (ə.s.) nəql olunan hədislər hər bir Məsumun (ə.s) yaşadığı dövrün şəraitinə uyğun olaraq bəzi İmamlardan çox, bəzisindən isə nisbətən az sayda nəql olunmuşdur. Lakin bu barədə hədislərin təvatür sayda olması məsələni tam şəkildə isbat edir.
Həzrət Peyğəmbərin (s) İmam Huseynə (ə.s) ağlaması
Şiə mənbələrində Həzrət Peyğəmbərin (s) İmam Huseynə (ə.s) şəhadətindən əvvəlki dövrdə ağlaması barədə kifayət qədər hədis mövcuddur və bu hədislər iki qrupa bölünür: Bir qrup hədislərdə Həzrət Peyğəmbər (s) öz Əhli-Beyti (ə.s) və camaat üçün rozə deyərək, Həzrət Əba Əbdillah Huseynin (ə.s) müsibətlərini yad edir və digərləri uca səslə ağlayırlar. Digər bir qrup rəvayətlərdə isə Həzrəti Peyğəmbərin (s) özü İmam Huseyn (ə.s) üçün ağlayır.
Həzrəti Peyğəmbərin (s) rozə oxuması və camaatın ağlaması
Mühəddislər belə nəql edirlər:
İmam Huseynin (ə.s) bir yaşından sonra 12 mələk Həzrət Peyğəmbərə (s) nazil oldu ki, biri şir digəri inək, üçüncüsü əjdəha, dördüncüsü isə insan sürətində, digər səkkiz mələk isə müxtəlif simalarda, üzləri qızarmış və ağlayan gözlərlə, qanadları açıq halda nazil oldular və dedilər:
“Ya Muhəmməd! Habilə edilmiş zülm sənin övladın Hüseynin (ə.s) də başına gətiriləcək. O mükafat ki, Habilə verildi, sənin övladına da veriləcək. Həmçinin onu öldürənlərə əzab veriləcək. “
Onun şəhadəti Habilin şəhadəti kimi olduğu üçün yer üzündə istisnasız olaraq bütün mələklər Həzrət Peyğəmbərin (s) hüzuruna gələrək salam verdilər və Huseynin (ə.s) öldürülməsinə görə başsağlığı dedilər. Allahın bu şəhadətin müqabilində Huseynə (ə.s) nə mükafat verəcəyini xəbər verərək, Huseynin (ə.s) qəbrinin türbətini Peyğəmbərə göstərdilər. Həzrət bütün bu işlərin müqabilində buyurdu:
“Pərvərdigar! Hüseynimi (ə.s) xar edəni Sən də zəlil və xar et! Hüseynimi (ə.s) öldürəni öldür və onu məqsədinə çatdırma! “
Huseynin (ə.s) iki yaşı olan zaman Həzrət Peyğəmbər (s) bir səfərə getməli oldu. Səfər zamanı bir yerdə dayanaraq buyurdu:
”Allahdan gəlmişik və ona tərəf qayıdacağıq.”
Həzrətin (s) gözlərindən yaşlar süzüldü. Həzrətdən (s) səbəbi soruşulanda buyurdu:
“Cəbrail mənə Fərat çayı yaxınlığında Kərbəla adlanan yer barədə xəbər verdi ki, Fatimənin (s.ə) oğlu övladım Huseyni (ə.s) orada öldürəcəklər.” Soruşdular:
“Ya Rəsulallah, Onu (ə.s) kim öldürəcək?”
Buyurdu:
“Yəzid adlı bir şəxs. Sanki onun öldürüldüyü və dəfn olunan yeri gözlərimlə görürəm.”
Allahın Rəsulu (s) belə bir səfərdən qəmli bir halda qayıtdıqdan sonra minbərə çıxaraq xütbə oxudu və camaatı moizə etdi. Sonra sağ əlini Həsənin (ə.s), sol əlini isə Huseynin başına qoyaraq səmaya baxdı və dedi: “Pərvərdigar! Muhəmməd (s) sənin bəndən və peyğəmbərindir, paklardan olan bu iki nəfər mənim Əhli-Beytim və nəslimdən seçilmişlərdir. Onları öz ümmətlərinin yanında canişin olaraq qoyuram. Cəbrail (ə.s) mənə xəbər verdi ki, övladım Huseyni (ə.s) xar edib öldürəcəklər. Allahım onun şəhadətini mübarək et və onun şəhidlərin ağası qərar ver! Onu öldürənləri və xar edənləri mübarək etmə!”
Həzrətin (s) sözü bu yerə çatdıqda, camaat məsciddə nalə etdi və məclis əhlindən ağlamaq, ah və nalə səsləri ucaldı. Həzrət (s) buyurdu:
“Onun üçün ağlayır, ama ona kömək etmirsiniz?”
Daha sonra Həzrət (s) məsciddən xaric oldu və bir neçə dəqiqə sonra rəngi dəyişmiş, siması qızarmış bir halda məscidə qayıtdı və ağlar baxışlarla müxtəsər bir xütbə oxudu.
(Seyyid Tavus, Lühuf kitabı)
Həzrət Rəsullullahın (s) Müslim ibn Əqil üçün şiddətlə ağlaması.
Həzrət Əli (ə.s) Həzrət Peyğəmbərə (s) ərz etdi: “Siz Əqili çox sevirsiniz?” Peyğəmbər (s) buyurdu: “Bəli, and olsun Allaha, iki səbəbə görə onu çox sevirəm: birincisi özünün yaxşı biri olmağına görə, ikincisi isə Əbu Talibin onu sevdiyinə görə. Onun övladı sənin övladını sevdiyinə görə öldürüləcək və möminlər onun üçün ağlayacaqlar. Müqərrəb mələklər ona salavat göndərəcəklər.” Sonra Həzrət (s) ağladı, göz yaşları sinəsinə süzüldü. Daha sonra Peyğəmbər (s) buyurdu: “Məndən sonra Əhli-Beytimin başına gətiriləcəklərdən Allaha şikayət edəcəyəm.”
(Şeyx Səduq, Əl-vəfat kitabı, səh.381; Əmali kitabı c.1, səh.191)
Həzrət Peyğəmbərin (s) İmam Huseynin (ə.s) şəhadətinin necəliyini bildikdə ağlaması
İmam Huseyn (ə.s) Həzrət Peyğəmbər (s) olduğu məkana hər dəfə daxil olduqda Həzrət Peyğəmbər (s) onu bağrına basır, sonra Həzrət Əliyə (ə.s) verər və ağlayardı. Bir gün Huseyn (ə.s) soruşdu: “Baba, niyə ağlayırsan?” Həzrət Peyğəmbər (s) belə cavab verdi: “Qılınc yerlərini öpüb ağlayıram.” Huseyn (ə.s) sual etdi: “Mən öldürüləcəyəm?” Həzrət (s) cavab verdi: “Bəli, Allaha and olsun ki, sən, atan və qardaşın hamınız öldürüləcəksiniz.” Huseyn (ə.s) soruşdu: “Bizim qəbirlərimiz ayrı və pərakəndə olacaq?” Həzrət Rəsulullah (s) buyurdu: “Bəli, oğlum.” Huseyn (ə.s) yenə soruşdu: “Ümmətinizdən kimlər bizim ziyarətimizə gələcək?” Həzrət Rəsuli-Əkrəm (s) buyurdu: “Mən, atan və qardaşın səni ziyarət etməyəcəyik. Yalnız ümmətimin sadiqləri səni ziyarət edəcək.”
(Kamiluz ziyarat c.1, səh.68)
Həzrət Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.a) İmam Huseynə (ə.s) ağlaması
Həzrət Fatimə (s.ə) Həzrət Peyğəmbər (s) olan məkana daxil oldu. Həzrət ağlayırdı. Həzrət Fatimə (s.ə) soruşdu: “Sizə nə olub?” Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə.s) mənə xəbər verdi ki, ümmətim tezliklə Huseyni (ə.s) öldürəcək.” Xanım Fatimə (s.ə) eşitdiyi müsibətin təsirindən öz köynəyini cırdı. Həzrət Peyğəmbər (s) bu halı müşahidə edib, xanım Fatiməyə (s.ə) belə buyurdu: “Bu uşağın (Huseynin) övladlarından biri onun qatillərindən intiqam alacaqdır.” Bu sözdən sonra xanım Zəhra (s.ə) aram oldu.”
(Kamiluz-ziyarat, c.1, səh.56)
Həzrət Rəsuli-Əkrəmin (s) şəhadət xəbərini aldıqda ağlaması
İmam Əli ibn Əbu Talib (ə.s) buyurur:
Mən, Fatimə, Həsən və Huseyn Həzrət Peyğəmbərin (s) yanında idik. Həzrət (s) bizə baxdı və ağladı. Səbəbini soruşduqda buyurdu: “Sizinlə olunacaq rəftara görə ağlayıram.” Soruşdum: “Bizimlə necə rəftar olunacaq?” Buyurdu: O zərbəyə ağlayıram ki, sənin başına vurular, o şilləyə ağlayıram ki, Fatimənin (s.ə) üzünə vurular, o nizəyə ağlayıram ki, Həsənin (ə.s) baldırına sancılar və zəhərə ki, ona içizdirilər.” Sonra Huseynin (ə.s) qətlindən danışmağa başladı və Əhli-Beytdən hamı ağladı. Sonra dedim: “Allah bizi bəla üçün yaratmışdır.” Rəsulullah buyurdu: “Müjdə al! Allah təala mənimlə əhd etmişdir ki, səni yalnız mömin sevər və sənə yalnız münafiq düşmən olar.”
(Şeyx Səduq, Əmali c.1, səh.197)
Həzrəti Rəsuli Əkrəmin (s) İmam Huseynə (ə.s) ağlaması İmam Sadiqin (ə.s) dilindən
İmam Sadiq (ə.s) buyurur:
Peyğəmbər Ümmi Sələmənin evində idi. Buyurdu ki, heç kim onun yanına gəlməsin. İmam Huseyn (ə.s) kiçik yaşlarında idi. Qaçaraq gəlib Peyğəmbərin (s) yanına daxil oldu. Ümmü Sələmə onu saxlaya bilmədi. Huseyn (ə.s) Peyğəmbərin (s) sinəsi üstə çıxıb oturdu. Peyğəmbər ağlayırdı və əlində bir şey tutub saxlamışdı. Sonra əlindəkini Ümmü Sələməyə verib belə buyurdu: “Cəbrail Mənə xəbər verdi ki, Huseyn (ə.s) öldürüləcək. Bu torpaq onun öldürüləcəyi torpaqdır. Bunu özündə saxla. Nə vaxt ki, qan oldu, bil ki, Hüseyn artıq öldürülmüşdür.” Ümmü Sələmə ərz etdi: “Ya Rəsulullah! Allahdan istə ki, bu işi ondan uzaq etsin.” Həzrət (s) buyurdu: “İstədim. Ancaq Rəbbim belə buyurdu: Ona elə bir dərəcə verəcəyəm ki, məxluqatdan heç biri o dərəcəyə çatmamışdır. Onun elə şiələri olacaq ki, şəfaət edəcəklər və şəfaətləri qəbul olunacaq. Həqiqətən də Məhdi (ə.f) onun övladlarındandır. Xoş o şəxsin halına ki, Huseyni (ə.s) sevənlərdəndir və onun şiələri qiyamət günündə az tapılacaq.”
(Şeyx Səduq, Əmali c.1, səh.329)
Həzrət Rəsuli-Əkrəmin (s) İmam Huseyn üçün (ə.s) ağlaması Ümmi Sələmənin dilindən
Səmmak Ümmü Sələmədən nəql edir:
Bir gün Allahın Rəsulu (s) oturmuşdu və Huseyn (ə) də onun qucağında əyləşmişdi. Həzrətin (s) gözlərindən yaşlar axmağa başladı. Bu vaxt mən dedim: “Ya Rəsulullah (s) sənə fəda olum niyə ağlayırsan?” Buyurdu: “Cəbrail (ə.s) yanıma gəldi və övladım Huseyn (ə.s) üçün mənə başsağlığı verdi. Mənə xəbər verdi ki, ümmətimdən bir dəstə insan onu öldürəcək. Allah şəfaətimi onlara nəsib etməsin.”
(Şeyx Tusi, İrşad, c.2 səh.130)
Həzrət Vəliyyi Əsr təhqiqat müəssisəsi
Tərcümə etdi: Orxan Əsgərov
besiret.az