Bir çox mömin gənclik illərində xüms verməyə səhlənkar yanaşır və bu vacib vəzifəyə lazımi diqqət yetirmirlər. Lakin zaman keçdikcə, müəyyən yaş həddinə çatdıqda mal-dövlətlərinin xümslə qarışıq olduğunu anlayır və onu necə hesablayıb ödəyəcəkləri mövzusunda çaşqınlıq yaşayırlar. Bu çaşqınlığı aradan qaldırmaq və xümsün ilk dəfə necə çıxarılacağını daha aydın izah etmək üçün sizə Seyid Əli Sistaninin bu mövzuda olan fətvalarını “ər-Rafid” kitabından təqdim edirik. Bundan əlavə, xümsün ilk dəfə necə hesablanıb çıxarılmasını daha dəqiq və anlaşılan şəkildə izah etmək məqsədilə bir neçə sual-cavab şəklində olan nümunələri dialoq formasında oxucuların nəzərinə çatdıracağıq.
Xümsün ilk dəfə çıxarılma qaydası
Ömründə ilk dəfə xüms vermək istəyən şəxs bunu necə hesablamalıdır? Malik olduğu bütün malları təqlid etdiyi müctəhidin təyin etdiyi vəkillə müsalihə[1] edərək hesablaması kifayətdirmi, yoxsa başqa bir üsulla da hesablaya bilər?
Cavab: Bütün əmlakını hesablayıb hamısını müsalihə etməsi doğru deyil. Müsalihə yalnız şəkk olan yerlərdə baş tutur. Şəxs malına xüms gəldiyinə əmin olduğu halda müsalihə edə bilməz. Ömründə ilk dəfə xüms vermək istəyən şəxs keçmiş illərdə əldə etdiyi əmlakı seçib ayırmalı, onları ayrı-ayrılıqda incələməli və hər bir əmlaka aid olan xüms hökmlərini tətbiq etməlidir. Bunun üçün aşağıda qeyd olunan yola əməl ediləcək:
İlk öncə doğulduğu gündən xüms verəcəyi günə qədər mülkünə daxil olan bütün malları, onlara hansı yolla sahib olduğunu və nə vaxt illik ehtiyaclarında istifadə etdiyini nəzərdən keçirməsi vacibdir.
İlk dəfə xüms çıxarmaq istəyən şəxslər iki qrupa ayrılır:
1. Birinci qrup: dolanışığını təmin etmək üçün peşəsi olmayan şəxslərdir. Məsələn, indiyədək işləməyən və peşə sahibi olmayan tələbələr, yaxud evdar, əmək fəaliyyəti ilə məşğul olmayan xanımlar. Bu qrupa daxil olan şəxslər ilk öncə keçmiş illər boyu malik olduqları mallarını iki qismə böləcəklər:
1.Borc yolu ilə sahib olunmuş mallar;
2.Borcla bağlı olmayan digər yollarla sahib olunmuş mallar.
Əgər şəxs borc yolu ilə əldə etdiyi malları illik ehtiyaclarında istifadə edibsə və ya həmin mallar tələf olub aradan gedibsə, daha sonra isə borcunu ödəyibsə, bu halda həmin mallara görə xüms vacib olmur (bu o vəziyyətə aiddir ki, şəxs borcu götürdükdən sonra sahibinə qaytarmadan öncə həmin malları illik ehtiyaclarında sərf etmiş və ya mallar tələf olduqdan sonra borcu ödəmiş olsun). Lakin əgər şəxs əvvəlcə borcunu ödəyərsə və borcu ödədiyi qazancın üzərindən bir il keçibsə, sonra həmin borcla əldə etdiyi malı illik ehtiyacına sərf edərsə və ya o mal tələf olarsa, bu halda həmin mallara görə xüms verməsi vacib olur. Borc olmayan digər yollarla əldə edilmiş mallara, məsələn, mehr və ya atasından qalan irs yolu ilə əldə olunan mallara xüms vacib deyil. Lakin xümsü verilməsi vacib olan mallara sahib olarsa, məsələn, hədiyyə, maaş, ticarət və ya digər yollarla əldə edərsə, burada yeddi hal nəzərə alınır:
1. Bir il ərzində dolanışıqda istifadə olunmadan qalan mallar — məsələn, ticarət vəsaiti kimi pullar və digər əşyalar — xümsə tabedir. İstər bu mallar hələ də qalsın, istərsə də tələf olsun, hər iki halda onların xümsü çıxarılmalıdır.
2. Əgər şəxs uzun illər ərzində sahibləndiyi və dolanışığında istifadə etdiyi əşyaları — məsələn, ev, avtomobil və ya ev əşyalarını — illik qazancından alınmasından bir il keçməmiş istifadə edibsə, bu hallarda xüms verməsi vacib deyil.
3. Üzərinə xüms gəlib–gəlməməsində şəkk edilən mallar, məsələn, irs, mehr[2] və ya ticarət[3] yolu ilə əldə edilib-edilmədiyinə dair şəkk varsa, belə hallarda bu malların xümsünü çıxarmaq vacib deyil.
4. İllik ehtiyacında istifadə etdiyi qazancdan, yoxsa keçmiş illərin gəlirindən alınmasında şübhə edilən mallar ehtiyat–vacibə əsasən həmin malların ehtimal olunan nisbəti ilə şəri hakimlə müsalihə edilməlidir.[4]
5. Əldə etdikdən sonra tələf olub aradan gedən mallar varsa və ehtimal olunur ki, həmin mallar illik ehtiyaclarda deyil, başqa işlərdə istifadə olunub, ehtiyat–vacibə əsasən həmin malların ehtimal olunan nisbəti şəri hakimlə müsalihə edilməlidir. Məsələn: 70% ehtimal olunur ki, əşya illik ehtiyaclarda istifadə edilməyib. Əşyanın dəyəri 500 manat olduqda xüms 100 manat təşkil edir və bu xümsün 70%-i, yəni 70 manat — ödənilməlidir.
6. İllik ehtiyaclarda istifadə etdiyi malların üzərindən bir il keçib-keçməməsində və ya ondan əvvəl istifadəsində şübhə olunan mallar ehtiyat–vacibə əsasən həmin malların ehtimal olunan nisbəti ilə şəri hakimlə (yuxarıda qeyd etdiyimiz yolla) müsalihə edilməlidir.
7. Üzərindən bir il keçib-keçməməsində şübhə olunan mallar ehtiyat–vacibə əsasən həmin malların ehtimal olunan nisbəti ilə şəri hakimlə müsalihə edilməlidir.
2. İkinci qrup: dolanışığını təmin etmək üçün peşə sahibi olan şəxslər. Məsələn: işçi, tacir, əkinçi, dülgər və s. Bu cür şəxslərin həyatı iki mərhələyə bölünür: işdən öncə olan mərhələ[5] və işdən sonrakı.
Birinci mərhələ: məsələn, işə başlamazdan öncəki həyatında tələbə olmuş şəxs, bu mərhələdə sahib olduğu malların hökmü birinci qisimdə[6] qeyd etdiyimiz şəxsin hökmündə olacaq.
İkinci mərhələ:
İşə başlama və vəzifəyə təyin olunmadan sonrakı dövr: İlk olaraq işə başlama günü müəyyən edilir və bu tarix onun xüms ilinin başlanğıcı hesab olunur. Məsələn, 01.01.2000 tarixində işə başlamışdısa, bu tarix, yəni yanvarın biri hər il onun xüms gününün başlama tarixi hesab edilir.[7] Bundan sonra işə başlama günündən etibarən xüms çıxaracağı günə qədər olan bütün illər ərzində əldə etdiyi mallara nəzər yetirilir.
Borcla əldə etdiyi mallar: Əgər şəxs borc yolu ilə əldə etdiyi malları illik ehtiyaclarında istifadə edibsə və ya həmin mallar istifadə olunmaqla tələf olub aradan getmişsə, daha sonra borcunu ödədikdə belə bu mallara görə xüms vermək vacib deyil. Lakin əgər əvvəlcə borcu ödəyibsə və borcu ödədiyi qazancın üzərindən bir il keçibsə, bundan sonra həmin borc yolu ilə əldə etdiyi malları illik ehtiyacına sərf edərsə və ya onlar tələf olarsa, bu zaman o mallara görə xüms verməsi vacib olur.
Borcla olmayan digər yollarla sahib olduğu mallar: Üzərinə xüms gəlməyən miras[8] və ya mehr yolu ilə sahib olduğu malların xümsü vacib deyil.
Lakin hədiyyələr, maaşlar, ticarət və bu cür başqa yollarla sahib olduğu mallar yeddi qismə bölünür:
1. Hər hansı məbləğ və ya maddi əşya xüms çıxaracağı tarixdən əvvəlki illər, yəni 2001, 2002, 2003-cü illər və s. olmaqla xüms çıxarma ilinə qədər, məsələn, 2025-ci ilə qədər xüms ili müddətində ehtiyaclar üçün istifadə edilmədiyi halda[9] bir tarix əsasında əldə edilmiş sayılır.[10] Bu halda onların xümsünü çıxarmaq vacibdir, istər həmin mallar sonra qalmış olsun, istərsə də istifadə olunub aradan getmiş olsun.
2. İl ərzində sahib olduğu malları xüms vaxtı yetişməmiş, yəni misalımızda yanvarın biri daxil olmamış istifadə etmiş olarsa, bu halda onların xümsü yoxdur.
3. Ticarət, yoxsa mehr və irs yolları ilə malik olunmağında şəkk edilən malların xümsünü vermək vacib deyil.
4. İllik ehtiyaclarına sərf etdiyi qazancın, keçmiş illərdən qalan qazancdan, yoxsa elə həmin ilki qazancdan olmasında şəkk etdiyi mallar ehtiyat-vacibə əsasən həmin şəkk olunan malların ehtimal olunan nisbətinə uyğun olaraq müsalihə edilməlidir.
5. O mallar ki insan onlara sahib olmuş, istifadə etdikdən sonra aradan getmişdir, lakin ehtimal edilir ki, həmin malları illik ehtiyaclarına sərf etməmişdir. Ehtiyat-vacibə əsasən həmin mallar ehtimal olunan nisbət əsasında müsalihə ediləcəkdir.
6. Öz illik ehtiyaclarında sərf etdiyi malların üzərindən bir il ötmədən öncə, yoxsa sonra istifadə etməsində şəkk edərsə, ehtiyat-vacibə əsasən ehtimal olunan nisbətlə müsalihə etməlidir.
7. Üzərindən bir il ötüb-ötməməsində şəkk olunan mallar ehtiyat-vacibə əsasən ehtimal olunan nisbətlə müsalihə edilməlidir.
[1] Müsalihə dedikdə mükəlləf (xüms verməli olan şəxs) ilə şəri hakim və ya onun vəkili arasında bağlanan müqavilə nəzərdə tutulur. Bu əsasən mükəlləfin müəyyən bir malın xümsə tabe olub-olmadığında şübhəyə düşdüyü hallarda tətbiq edilir. Məsələn: mükəlləf əlində bir vəsait tapır və onun əvvəlki illərdə xümsü ödənilmiş mallardan olduğunumu, yoxsa yeni gəlir sayıldığını və xüms verilməli olduğunu bilmir. Bu halda o, təqlid etdiyi müctəhidin vəkili ilə müsalihə edərək öz məsuliyyətini aradan qaldıra bilər.
Müsalihə mükəlləfin əlində olan malın xümsə tabe olub-olmaması ehtimalına əsasən aparılır. Məsələn: əgər mükəlləf dəyəri 1000 manat olan bir cihazın xümsü əvvəlki il ödənilmiş mallardan olub-olmadığı və ya bu il qazandığı və hələ xümsü verilməmiş gəlirlərdən sayılıb-sayılmadığı barəsində şübhəyə düşərsə, burada onun ehtimalı əsas götürülür. Əgər bu cihazın bu ilin gəlirlərindən olma ehtimalını 70% olaraq qiymətləndirirsə, deməli, bu mala xüms düşmə ehtimalı da 70%-dir. Bu halda vəkil onunla xümsün 70%-i üzərindən müsalihə edir.
Misalda xümsün ümumi məbləği 200 manatdır, ona görə də müsalihə 140 manat üzərindən aparılır. Əgər mükəlləf bu məsələdə tamamilə tərəddüddə qalar və hər iki ehtimalı bərabər görərsə, o zaman müsalihə xüms məbləğinin yarısı, yəni 100 manat üzərindən aparılar.
[2] İrs və mehr yolu ilə sahib olunan mallara xüms vacib olmur.
[3] Ticarət yolu ilə sahib olunan malların öz yaşayışına sərf edilmədən qalan miqdarına xüms vacibdir.
[4] Müsalihə qaydasını yuxarıda 1-ci haşiyədə izah etmişik.
[5] Mərhələ, yaşayış dönəmi.
[6] Dolanışığını təmin etmək üçün peşə sahibi olmayan şəxsin hökmündə olacaq, yəni orda qeyd etdiyimiz hökmlər əsasında əldə etdiyi malların xümsünü hesablayacaq.
[7] Hər il yanvarın biri gəldikdə əlindəki illik ehtiyaclarına istifadə olunan mallardan artıq qalan malların xümsünü hesablayıb ödəyəcək.
[8] Atadan oğula, oğuldan ataya və ya qardaşdan qardaşa keçən irs kimi. Hansı ki bu yollarla ələ gələn mirasın xümsü olmur.
[9] Yəni indi hal-hazırda xüms vermək istədiyi xüms ilində.
[10] Bu tarix şəxsin xüms ilinin başlanğıcıdır və həmin tarixdən etibarən əldə etdiyi gəlirlər və yığımlar nəzərə alınır. Yəni bu günə kimi əldə etdiyi və öz ehtiyaclarında sərf etmədiyi mallar ümumi olaraq bir yanvar tarixində əldə edilmiş hesab edilir və buna əsasən də xüms hesablanır.