Ayətullah Seyid Əli Sistaninin gənc möminlərə nəsihətləri

Ayətullah Seyid Əli Sistaninin gənc möminlərə nəsihətləri

2025-02-01 915

Bir neçə il öncə bir qrup gənc mömin Ayətullah Seyid Əli Sistaniyə müraciət etmiş, onlara nəsihət verməsini xahiş etmişdilər. Ayətullah Seyid Əli Sistani də onların bu müraciəti əsasında onlara öz dəyərli nəsihətlərini vermişdi. Çox keçmədən bu məktub və cavab Seyidin rəsmi saytında dərc edildi. “Besiret.az” saytı olaraq bu dəyərli nəsihətlərdən azərbaycanlı möminlərin də faydalanması üçün həmin məktubu tərcümə edib saytımızda yerləşdirməyi qərara aldıq. Gənclərin müraciəti bu şəkildədir:

“Bismillahir-rəhmanir-rəhim

Ali dini mərcə Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistaniyə (kölgəsi daim üstümüzdə olsun) səmimi salamlar!

Biz universitet tələbələri və ictimai sahədə fəal olan bir qrup gənclərik. Sizdən bu günlərdə bizə faydalı ola biləcək, gənclərin rolunu və bu rolu icra etmək üçün onlardan tələb olunanları izah edən, eləcə də sizin dəyərli fikrinizə əsasən gənclərə faydalı olacaq digər nəsihətləri lütf edib bizimlə bölüşməyinizi xahiş edirik.

Bir qrup universitet tələbəsi və ictimai fəallar”.

Ayətullah Seyid Əli Sistaninin cavabı

“Bismillahir-Rəhmanir-Rəhim

Aləmlərin rəbbi olan Allaha həmd olsun. Məhəmməd peyğəmbərə və onun pak Əhli-beytinə salam və salavat olsun. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Bundan sonra, mən əziz gənclərə - öz ailəm və özüm qədər məni maraqlandıran şəxslərə - bu həyatda və axirətdə tam xoşbəxtliyi təmin edən səkkiz tövsiyə verirəm. Bu tövsiyələr uca Allahın məxluqlarına göndərdiyi məzmunların, onun müdrik və saleh bəndələrinin öyüdlərinin, həmçinin mənim təcrübə və biliklərimin xülasəsidir:

1. Haqq olan Allah və axirət inancının vacibliyi

Aydın dəlillər və düzgün metod bu etiqadı çatdırdıqdan sonra heç biriniz bu etiqaddan əl çəkməsin. İnsan aləmin dərinliyinə vardıqda (nəzər edib təfəkkür etdikdə) görər ki, aləmdə olan hər bir varlıq qüdrətli bir yaradana və böyük bir xaliqə dəlalət edən gözəl bir yaradılışdan ibarətdir. Allah-taala öz peyğəmbərləri vasitəsilə bunu xatırlatmaq üçün ardıcıl ismarıclar göndərmişdir. Həmin ismarıclarda özü də açıqca bildirmişdir ki, bu həyat həqiqətdə - Allahın da yaratdığı üzrə - bir yarış meydanıdır, öz bəndələrini hansılarının daha gözəl əməl sahibi olduğunun aşkar olması üçün burada sınayır. Allah və axirət evinin varlığı haqqında həqiqəti bilməyən şəxsə həyatın anlamı, üfüqləri və aqibəti gizli qalmış, həyat yolu qaranlığa qərq olmuşdur. Hər biriniz bu barədə olan inancını qorusun, sahib olduğu şeylər arasında ən mühümü olan bu etiqadı özü üçün ən əziz şey qərar versin. Hətta bu inanc barədə olan yəqini və aldığı ibrətləri artırmağa səy göstərsin, belə ki, daim bu inanc zehnində olsun, ona nüfuzedici bir bəsirətlə, kəskin bir baxışla baxa bilsin. “İnsanlar gecə gedilən yolun xeyrini səhər görərlər”.[1]

Nəfsdəki dini (mənəvi) zəifliyin müalicəsi

İnsan cavanlığın qüvvətli çağlarında dini məsələlərdə zəiflədiyini, məsələn, vacibləri yerinə yetirməyin ağır gəldiyini, hansısa bir ləzzətə meyil etdiyini gördükdə Allah-taala ilə arasındakı rabitəni tam qoparmasın, yoxsa özü üçün (din yoluna) dönüşü çətinləşdirmiş olar. Bilinməlidir ki, qüvvət və sağlamlıq halında bu halına aldanıb Allahın əmrindən boyun qaçıran insan acizlik və zəiflik zamanı məcburi şəkildə Allaha doğru qayıdır. Ona görə də (hər bir cavan) məhdud bir müddətdən ibarət olan qüvvətli çağlarında qarşıda onu gözləməkdə olan zəiflik, süstlük, xəstəlik və yaşlılıq dövrləri barədə düşünsün; barəsində dərin araşdırma aparmağa hövsələsi çatmadığı şübhələrin arxasınca düşməsin, əsassız fikirlərə israrla etimad etməsin. Bu kimi səbəblərə, yaxud bu dünyanın ləzzət və bər-bəzəyinə aldanmasına, yaxud da bəzi şəxslərin şəxsi məqsədlər üçün din adından sui-istifadə etməsindən narahat olduğuna görə öz davranış və əməllərinə haqq qazandırmaq üçün dində sabit olan prinsiplər barədə şübhə yaratmağa meyil etməsin.

Haqq insanlara əsasən qiymətləndirilmir, insanlar haqq əsasında qiymətləndirilirlər.

2. Gözəl əxlaqa sahib olmaq

Çünki bu, müdriklik, düşüncə, mehribanlıq, təvazökarlıq, tədbirlilik, helm, səbir və digər üstün xüsusiyyətləri özündə cəm edir, bununla da dünya və axirət səadətinin ən mühüm səbəbinə çevrilir. Tərəzilərin gözünün yüngül gələcəyi gündə Allaha ən yaxın olan, tərəzisi ən ağır gələn insanlar məhz ən gözəl əxlaq sahibləri olacaq.

Buna görə də hər biriniz valideynləri, ailə üzvləri, övladları, dostları və bütün insanlarla olan davranışlarında öz əxlaqını gözəlləşdirsin. Əgər bu işdə yetərsizliyini görsə, öz nəfsini boşlamasın, əksinə, onu hesaba çəksin, nəfsini hikmət əsasında hədəfinə doğru yönləndirsin. Nəfsinin (təbiətinin) buna qarşı çıxdığını görsə, məyus olmasın, əksinə, özünü gözəl əxlaqa vadar etsin. Hər kim bir camaatın xarakterini yamsılasa, mütləq onlardan olar. Belə bir şəxs bu yolda səy göstərməklə Allah yanında öz təbiəti etibarilə gözəl əxlaqlı olan şəxsdən daha çox savaba nail olar.

3. Bir sənətə mahir şəkildə yiyələnmək, ixtisas sahibi olmaq, bu uğurda özünü yoraraq çalışmaq və səy göstərmək

Bu şeydə çoxlu bərəkətlər vardır: (gənc biri) bununla vaxtının bir hissəsini (faydalı işlərdə) sərf edir, özünün və ailəsinin ehtiyaclarını ödəyir, öz cəmiyyətinə fayda verir, bunun sayəsində xeyir işlər görür, iti zəkaya sahib olmasına, biliyinin artmasına səbəb olan təcrübələr əldə edir, malı bu sayədə təmiz olur (halal qazanc əldə edir). Bir mal əldə olunduqda nə qədər çox əziyyət çəkilirsə, həmin mal bir o qədər təmiz və bərəkətli olur.

Habelə Allah da iş və qazanc üçün əziyyət çəkən zəhmətkeş şəxsləri sevir, işsizlərə, vecsizlik edib başqasına yük olanlara, yaxud vaxtını boş işlərə sərf edən şəxslərə nifrət edir. Odur ki heç biriniz bir sənətdə, ixtisasda mahirləşmədən cavanlığını başa vurmasın. Uca Allah cavanlara fiziki və ruhi qüvvə verib ki, bununla hər bir şəxs öz həyatı üçün sərmaye əldə etsin. Ona görə də heç biriniz boş əyləncələr və məsuliyyətsizliklə bunu zay etməsin.

Hər kəs öz sənət və ixtisasına önəm versin, həmin sahədə peşəkar olsun. Elmsiz danışmasın, biliksiz iş görməsin. Bunun yerinə bacarmadığı və ya bilmədiyi şeylərdə üzrxahlıq etsin, yaxud özündən daha bilikli şəxslərə müraciət etsin. Bu onun üçün daha yaxşıdır və insanlarda ona inam yaranmasına səbəb olar. Öz işlərini və vəzifəsini canla-başla, önəm verərək, həvəslə və diqqətli şəkildə icra etsin. Məqsədi haram yolla olsa belə mal-mülk toplamaq olmasın, çünki haram malın bərəkəti olmaz. Halal olmayan yollarla mal-mülk toplayan şəxslər Allahın bəla qapılarını onların üzünə açmasından (və onları bəlalara mübtəla etməsindən) amanda deyillər. Elə bir bəla ki, həmin zaman topladığı malları xərcləməyə məcbur olar, topladıqlarından daha artıq sıxıntı və çətinliyə düçar olar. Ona görə də haram mal dünyada insanın ehtiyaclarını aradan qaldırmaz. Axirətdə isə onun boynunda bir vəbal olar.

Sənətin əxlaqi normalarına riayət etmək

Hər biriniz özünü özü ilə digərləri arasında meyar olaraq götürsün. Özü üçün necə iş görürsə, başqalarının onun üçün necə işlər görməsini istəyirsə, özü də başqaları üçün eyni şəkildə çalışsın. Allahın özünə yaxşılıq etməsini istədiyi kimi, özü də yaxşılıq etsin. Öz sənətindəki əxlaqi normalara, ədəb qaydalarına riayət etsin. Aşkar etməkdən həya etdiyi rəzil metodlara əl atmasın. Bilsin ki, hər bir işçi və mütəxəssis çalışdığı, ona müraciət edən şəxslər tərəfindən işinə etibar edilən biridir. Buna görə də həmin şəxsin xeyrini istəsin, onu gizli şəkildə aldatmasın ­– xəyanət etməsin. O, Allahın nəzarətindədir, Allah onun əməllərinə baxır, gec-tez həmin əməlin qarşılığını verəcək. Xəyanət və aldatmaq Allah nəzərində ən çirkin, aqibət və nəticələri ən pis olan əməllərdəndir.


[1] Ərəb məsəlidir. Burada bu inancın dünya və axirətdə çətin məqamlarda insanlara verdiyi faydalara işarə edir – tərc.