Mühəddis həmin kitabda bu böhtana cavab olaraq belə qeyd edir:
“Onların şiələrə İmamın (ə) qeybinin əvvəlindən indiyədək sərdabda olması barədə nisbət verdikləri şey yalnız və yalnız yalan, böhtan və iftiradan ibarətdir. Hətta firqələrin çoxluğuna, fikirlərin müxtəlifliyinə və cahillərin elm meydanına daxil olmasına baxmayaraq, nə bir kitabda, nə bir şeir və ya nəsrdə görülməyib, heç bir cahil hər hansısa bir yerdə ehtimal verməyib ki, İmam (ə) (qeyb dövründə) əvvəldən axıra qədər orada qalacaq. Əksinə, imamət barədə yazılmış kitabların hamısındakı hədislərdə, xəbərlərdə və rəvayətlərdə kiçik qeyb dövründə İmamın (ə) (özü) tərəfindən təyin olunmuş vəkillərinin və naiblərinin olması açıq-aşkar qeyd olunub. Hansı ki onlar şəri haqları İmamın (ə) adından yığar və İmamın (ə) göstərişləri əsasında həmin haqları sərf edərdilər. İmam Mehdi (ə) onlara əmrlər verir, onları bəzi şeylərdən çəkindirir, onlara məktublar göndərirdi. Həmin naiblər və digər şəxslər müəyyən yerlərdə İmamla (ə) görüşürdülər. Böyük qeyb dövrünə gəlincə isə bu dövrdə onun məkanı hər bir şəxsə gizlidir. Lakin o, həcc mövsümündə iştirak edir, bəla və çətinlik anlarında öz dostlarına kömək edir. Onlardan bəzilərini zikr etmişik. İmamın (ə) sərdabda olması necə iddia oluna bilər? Bir halda ki şiələr bayramlarda və cümə günündə məşhur “Nüdbə” duasında oxuyurlar: “Kaş harada məskən saldığını biləydim. (Kaş biləydim ki) səni üzərində daşıyan yer hansı yerdir, ya hansı torpaqdır. Rəzvada, ya başqa yerdə, yoxsa Zi-tuvadasanmı?” Həmçinin xütbələrində və İmamın (ə) ləqəblərini zikr edərkən deyirlər: “Gözlərdən qeybdə olan, məmləkətlərdə yaşayan, hansı ki Allahın örtüklü evində (Məkkədə) zahir olacaq”... Xülasə, ey kaş Zəhəbi bütün bu iddia etdiyi mərifəti və dəyanəti ilə şiə kitablarından (sərdab haqqında dedikləri şeylər olan) bir yerə işarə edərdi ki, filan alim filan kitabda yazıb. Necə ki bu cür etmək şiələrin adətidir. Şiələr müxaliflərə irad edərkən müəllifi, kitabı, babı və fəsli qeyd edirlər. Bu böhtanına və iftirasına baxmayaraq o şiələrə yalan isnad verir. Özü isə belə güman edir ki, süddən çıxmış ağ qaşıqdır. Nə utanır, nə də xəcalət çəkir”.[1]
Seyid Sədrəddin Sədr
Əllamə Sədrəddin Sədr özünün “əl-Mehdi” adlı kitabında belə yazır:
“Əhli-sünnə alimlərinin bir çoxunun (sərdab haqqında) bizə nisbət verdikləri şeyin dəlili nədir bilmirəm, buna dair bu sənədə də rast gəlməmişəm”.[2]
Mühəqqiq İrbili
“İmam Mehdinin (ə) mövcud olduğuna inananlar onun sərdabda olmasını demirlər. Əksinə, bunu nəzərdə tuturlar ki, İmam (ə) mövcuddur, yaşayır, bir yerdən başa bir yerə gedir və yer üzərində dolanır”.[3]
Əllamə Əmini
Abdullah Qəsiminin iftirasını qeyd edərkən Əllamə Əmininin bu barədə fikrini də təqdim etmişdik. Əllamə həmin sözlərə əlavə olaraq bunları da yazır:
“Kaş ki sərdab haqqında yalan uyduranlar bu yalanda bir rəy üzərində cəm olaydılar. Bununla da (bəlkə) həmin yalanın iftira olduğu üzə çıxmaz və onları biabır etməzdi...”
Qeyd etmişdik ki, bəziləri bu sərdabın Hillədə, bəziləri Samirrada, bəziləri isə Bağdadda olduğunu iddia ediblər. Əllamə də yuxarıdakı sözləri ilə bu məsələyə işarə edir və bildirir ki, bu barədə hərənin bir söz deməsi elə bunun yalan olmasına işarə edir.
Bütün bunlardan aydın olur ki, İmam Mehdinin (ə) sərdabda qeybə çəkildiyini və ya orada yaşadığını, oradan zühur edəcəyini deyən bir şiə alimi belə mövcud deyil. Əksinə, bu elə bəzi təəssübkeş sünni alimlərinin özlərindən çıxardıqları bir iftira olmuşdur. Bu iftiralar isə məzhəb təəssübkeşliyindən və ya cəhalətdən irəli gəlir, eyni zamanda şiə məzhəbini gözdən salmağa xidmət edir. Təəssüf ki, bəzi avam insanlar da bu cür iftiraların qurbanı olur.
“Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız!” (Nəhl, 56).
Baqir Cəfəri
Besiret.az