“Caminin nəql etdiyi hadisədə heç “sərdab” sözü keçmir. Sadəcə Ravəndi bu hadisəni nəql edir və daha sonra isə başqa bir yerdə deyir...[1] Görünən odur ki, sərdabın ziyarət kitablarında, bəzi alimlərin dilində “qeyb sərdabı” adı ilə adlanmağına səbəb elə bu hədis olub. Ya da ki bu cür adla tanınmağın ağlımıza gələn səbəbdən başqa bir səbəbi var. O da sünni alimlərinin (yalandan) şiələrə nisbət verdiyi şeydir. Hansı ki onlar deyirlər ki, İmam (ə) anası ona baxan halda sərdaba daxil olmuş, orada qeybə çəkilmişdir. Buna dair isə bizim kitablarımızda nə bir iz, nə də buna dəlalət edən bir şey var. Düzdür, Peyğəmbəri (s) və imamları (ə) ziyarət etməyin necəliyi barədə şiələrin tərtib etdikləri bəzi kitablarda bir ziyarətnamə var, hansı ki İmam Mehdi (ə) sərdabda həmin ziyarətnamə ilə ziyarət olunur.[2] Lakin bunların heç birində onların şiələrə nisbət verdikləri şeyə bir dəlil və ya işarə yoxdur”.[3]
Buradan məlum olur ki, şiə kitablarında bu sərdabla bağlı bəzi əməllər və həmin yerdə İmam Mehdi (ə) üçün müəyyən ziyarətnamələr oxumaq barədə mətnlər nəql olunmuşdur. Lakin bunların heç birində İmam Mehdinin (ə) oradan qeybə çəkilməsinə, orada yaşamasına və ya oradan zühur edəcəyinə dair sözlər mövcud deyil. Düzdür, bəzi kitablarda İmam Mehdi (ə) ilə bağlı həmin sərdabda baş vermiş möcüzə nəql olunur. Hansı ki həmin möcüzələrdə İmam (ə) sərdabın divarını yararaq çıxır və ya Abbasi hökumətinin amirlərindən birinin qarşısından qeybi-möcüzəvi şəkildə keçir. Elə buna görə də bəziləri bu sərdaba “qeyb sərdabı” deyiblər. Bu isə İmamın (ə) qeybinin orada başlaması və ya oradan qeybə çəkilməsi ilə bağlı deyil.
“Pişəvər gecələri” əsərinin müəllifi Seyid Məhəmməd Musəvi Şirazi də həmin yerin “qeyb sərdabı” adlanmasını Mötəmidin adamları həmin yerə gəldikdə orada baş vermiş möcüzə ilə əlaqələndirir. Belə ki o, Məhəmməd Mərdux adlı sünni aliminin iftiralarına cavab verərkən yazır:
“Mərdux “Nidaye-ittihad” kitabının 26-cı səhifəsində İmam Mehdinin (ə) mövcudluğunu inkar edir və deyir ki, şiələr İmamın (ə) uşaqlıqda Samirradakı su çuxurunda gizləndiyinə inanırlar. Sonra da həmin sərdabdan çıxacaq və dünyanı haqq-ədalətlə dolduracaq. Bu utanmaz, küstah, yalançı və hiyləgər şeyx bu açıq-aşkar yalanı yazarkən xəcalət çəkmədimi? Bir kitab göstərməyə gücü yetmədimi (heç yetə də bilməzdi) ki, həmin kitabda İmam Mehdinin (ə) su çuxurunda gizləndiyini və oradan da zahir olacağı nəql olunsun? Halbuki tarix və hədis alimləri yazırlar ki, Abbasi xəlifəsi Mötəmid İmam Həsən Əskəri (ə) dünyadan köçdükdən sonra eşidir ki, bir uşaq evin daxilindən gəlib Cəfərə[4] “Ey əmi, geri çəkil” deyərək onu İmam Əskərinin (ə) cənazəsinin yanından uzaqlaşdırır və özü o Həzrətə (ə) namaz qılır. Bu zaman Mötəmid dərhal əmr verir ki, Həzrət Mehdini (ə) gətirsinlər. Mötəmidin adamları evə gəldikdə görürlər ki, mənzilin sərdabı su ilə dolub və sərdabın sonunda İmam Mehdi (ə) namaz qılır. Suya görə Həzrətin yanına gedə bilmirlər deyə bunu xəlifəyə xəbər verirlər. Xəlifə isə əmr edir ki, sərdabın tavanını Həzrətin (ə) başına uçursunlar. Elə ki tavanı dağıtmağa başlayırlar, görürlər ki, Həzrət (ə) sərdabda deyil. Buna görə də bura “qeyb sərdabı” adı ilə məşhur olur. Yəni o Həzrət (ə) orada (xəlifənin adamlarının gözündən) qeybə çəkilib, nəinki o sərdabda gizlənmiş və oradan da zühur edəcək. Əksinə, şiə alimlərinin və böyük əhli-sünnə alimlərinin icması var ki, o Həzrət (ə) zühur vaxtı əzəmətli Məkkədən parlayacaq və bütün dünyanı haqq ədalətlə dolduracaq”.[5]
İndi isə gəlin şiə alimlərinin bu böhtan barədə dedikləri digər sözlərə nəzər yetirək:
Mühəddis Nuri
“Onlar deyirlər ki, şiələrin Mehdisi anası ona baxan halda sərdaba daxil olmuş, orada qeybə çəkilmiş və indiyə qədər qayıtmamışdır. Biz isə onlara deyirik ki, ey zəmanəmizin alimləri və dövrümüzün hafizləri, şiə alimlərinin İmam Mehdinin (ə) doğulmasından qabaq indiyə qədər yazdıqları kitabları və əsərləri ortadadır. Bu kitablar sizin əlinizin altında, yanınızdadır və ya əldə edə bilərsiniz. Böyük alimlər bir kənara, hətta ən kiçik şiə aliminin belə bir kitabında şiələrə nisbət verilən bu şeyi göstərin... Hər nə qədər (mənbələrə) müraciət etməyimizə və araşdırmağımıza baxmayaraq Mötəzidlə bağlı olan hadisədən başqa onların bu barədə dedikləri şeyə (sərdab haqqında atdıqları şübhələrə) bir dəlil tapmamışıq. Hansı ki həmin hadisəni Nurəddin Əbdürrəhman Cami “Şəvahidun-nubuvvə” adlı kitabında nəql etmişdir. Bu hadisə sünnilərin öz kitablarında öz sənədləri ilə nəql olunub”.[6]
“Ən-Nəcmus-saqib”də isə bu cür yazır:
“Müxaliflərimiz bizə böhtan ataraq deyirlər ki, şiələr İmam Mehdinin (ə) sərdabda qeybə çəkildiyinə, indiyə qədər orada qaldığına və oradan zühur edəcəyinə etiqad edirlər”.[7]
[1] Buradan sonra Mühəddis hadisənin yuxarıda qeyd etdiyimiz davamını Ravəndidən müxtəsər şəkildə nəql edir. Hadisənin Ravəndinin qeyd etdiyi davamını yuxarıda qeyd etdiyimiz üçün yenidən gətirmədik. Sərdab sözü yalnız Ravəndinin bu hadisənin davamında nəql etdiyi yerdə keçir. Burada isə İmamın (ə) qeybinin orada başlaması, oradan qeybə çəkilməsi və oradan zühur etməsi barədə bir şeyə işarə yoxdur.
[2] İbn Məşhədinin Məzar kitabı, səh. 586-589; Misbahuz-zair, səh. 418-460, Şəhid Əvvəlin Məzar kitabı, səh. 203-208 və başqa kitablarda. Bundan öncə də Şəhid Əvvəl və Məhəmmədhəsən Cəvahiridən bu ziyarətnamə ilə bağlı sözləri nəql etmişdik.
Faydalı qeyd: Məzar adlı kitablar şiə alimlərinin məsumları ziyarət etməyin necəliyi və bu ziyarətlərin fəzilətləri haqqında yazdıqları kitabların ümumi adıdır. Ən məşhurlarına misal olaraq İbn Məşhədinin, Şeyx Müfidin, Şəhid Əvvəlin, Seyid İbn Tavusun və s. kimi alimlərimizin məzar kitablarını nümunə çəkmək olar. Böyük mühəqqiq Şeyx Ağabozorg Tehrani bu kitabları əz-Zəriənin 20-ci cildində, səhifə 216-dan 225-ə qədər zikr etmişdir.
[3] Mühəddis Nuri, Kəşful-əstar, səh. 402.
[4] Cəfəri-kəzzabdan söhbət gedir. O, İmam Hadinin (ə) oğlu, İmam Həsən Əskərinin (ə) qardaşı idi. İmam Həsənin (ə) şəhadətindən sonra yalandan imamət iddiası etdiyinə görə “kəzzab”, yalançı ləqəbi ilə məşhurlaşmışdır.
[5] Seyid Məhəmməd Musəvi Şirazi, Şəbhaye-Pişavər, səh. 32.
[6] Həmin mənbə, səh. 403.
[7] Mühəddis Nuri, Ən-Nəcmus-saqib, səh. 647.