Samirradakı sərdabın sirri

Samirradakı sərdabın sirri

2024-09-12 1830

Bura qədər yazdıqlarımız sünni alimlərinin Samirra sərdabı haqqında dedikləri idi. İndi isə gəlin görək, Samirrada yerləşən bu sərdabın sirri nədir. Görəsən şiə alimlərindən hər hansısa biri İmam Mehdinin (ə) oradan qeybə çəkildiyini demişdirmi? Şiələr doğrudan da İmam Mehdinin (ə) oradan zühur edəcəyinə inanırlar?

Samirrada İmam Hadi və İmam Həsən Əskərinin (ə) qəbirlərinin və evlərinin yanında yerləşən bu sərdab şiələr arasında xüsusi bir dəyərə malikdir və bu günə qədər həmin yer ziyarət olunur. Həmin yerdə dəmirdən olan tarixi bir şəbəkə də mövcuddur. Hətta Mühəddis Nuri Abbasi xəlifəsi Nasirin də bu sərdaba şəbəkə qoydurduğunu qeyd edir.[1] Əslində həmin yer İmam Hadi, İmam Əskəri və İmam Mehdinin ibadət yeri və evlərinin bir hissəsi olmuşdur. Bu üç imam (ə) həmin yerdə namaz qılıb dua edərmişlər. Həmin sərdabın camaat tərəfindən üz tutulmasının səbəbi də məhz bu xüsusiyyətinə görədir. İndiyədək şiə alimlərindən və tarixçilərindən heç kəs İmam Mehdinin (ə) bu sərdabda qeybə çəkildiyini deməmişdir. Alimlərimizdən bəziləri məsələnin əslini bu cür izah edir ki, bəzi hədislərdə həmin sərdabı ziyarət edərkən bir sıra əməllərin və oradan İmam Mehdinin (ə) ziyarət[2] olunmasının müstəhəb olduğu nəql olunmuşdur.[3] Alimlərimiz də buna görə öz kitablarında İmam Mehdinin (ə) həmin sərdabda ziyarətinin müstəhəbliyini qeyd etmişlər. Məsələn Şəhid Əvvəl və Şeyx Məhəmmədhəsən Cəvahiri belə deyirlər: “İmam Mehdini (ə) Samirradakı məşhur sərdabda ziyarət etməyə təkid olunmuşdur”.[4] Həmçinin, məqalənin davamında da qeyd edəcəyimiz kimi, həmin yerdə İmam Mehdinin (ə) bir möcüzəsi də nəql olunmuşdur. Bütün bunlar isə həmin məkanın əzəmətinə dəlalət edir. Məhz buna görə də şiələr qədim dövrlərdən bu məkana məxsus bir ehtiram bəsləmiş, oranı ziyarətgaha çevirmişlər.

Bəzi ziyarət kitablarında həmin məkan “qeyb sərdabı” adı ilə qeyd olunmuşdur. Buna görə də bəziləri İmam Mehdinin (ə) oradan qeybə çəkildiyini təsəvvür ediblər. Lakin İmamın (ə) oradan qeybə çəkilməsi heç bir kitabda və heç bir hədisdə qeyd olunmamışdır.[5] Həmin məkanın isə nəyə görə “qeyb sərdabı” adlanması barədə danışacağıq.

Həmin məkanın “qeyb sərdabı” adlanmasının səbəbi

Mərhum Mühəddis Nuri “Kəşful-əstar” adlı kitabında sünni alimlərinin İmam Mehdinin sərdabda qeybə çəkildiyi barədə dedikləri bəzi sözləri qeyd etdikdən və onlara cavab yazdıqdan sonra belə qeyd edir:

“Hər nə qədər (mənbələrə) müraciət etməyimizə və araşdırmağımıza baxmayaraq Mötəzidlə bağlı olan hadisədən başqa onların bu barədə dedikləri şeyə (sərdab haqqında atdıqları şübhələrə) bir dəlil tapmamışıq. Hansı ki həmin hadisəni Nurəddin Əbdürrəhman Cami “Şəvahidun-nubuvvə” adlı kitabında da nəql etmişdir. Bu hadisə sünnilərin öz kitablarında öz sənədləri ilə nəql olunmuşdur. Lakin onlar hadisəni bu cür nəql ediblər:

Rüşeyq (Sahibul-Madəray) deyir: “(Abbasi xəlifəsi) Mötəzid[6] mənim də içində oldğum üç nəfəri Samirraya göndərdi... Samirraya çatdıqda (məhəllənin, evin) halının xəlifənin bizə dediyi kimi olduğunu müşahidə etdik. Evin eyvanında zənci bir qul gördük, onun əlində şalvar bağlamaq üçün bir ip var idi, onu hörürdü. Ondan ev barədə və evdə kimlərin olduğunu soruşduq. O ev sahibinin evdə olduğunu dedi. Allaha and olsun ki, o (heç) bizə diqqət etmir, demək olar bizə əhəmiyyət vermirdi. Bizə əmr edildiyi kimi evə girdik. Evdə pərdə çəkilmiş bir otaq var idi. Otağın qabağında elə bir pərdə asılmışdı ki indiyə qədər ondan gözəl bir pərdəyə baxmamışdım. Sanki onu toxuyanlar pərdədən yenicə əl götürmüşdülər. Evdə heç kəs yox idi. Biz həmin pərdəni qaldırdıqda sanki içində gölməçə olan bir otaq gördük. Otağın o başında bir həsir var idi. Həmin həsirin su üzərində olduğunu və üstündə görünüş baxımından insanların ən gözəli olan bir nəfərin olduğunu anladıq. Ayaq üstə dayanmış, namaz qılırdı. O nə bizə, nə də yaraq-yasağımıza diqqət yetirdi... Əhməd ibn Abdullah[7] irəli getdi ki, içəri daxil olsun. Lakin suda batdı...”[8]

Mühəddis Nuri kitabda hadisəni bura qədər nəql etməklə kifayətlənir. Biz isə hadisənin davamını qeyd etdikdə sonra Mühəddisin sözlərinə qayıdacağıq və aydın olacaq ki, nəyə görə bu məkan bəzi kitablarda “qeyb sərdabı” adı ilə keçir.

Bu hadisənin davamını Qütbüddin Ravəndi belə nəql edir ki, İmamın (ə) evinə gələn üç nəfərdən biri içində sanki gölməçə yaranmış gizli otağa daxil olmaq istədikdə suda batır, daha sonra dostunun köməyi ilə oradan xaric olur. Daha sonra ikinci şəxs içəri daxil olmaq istəyir. Lakin onun da cəhdi fayda vermir, suda batarkən özünü güclə xilas edir. Beləliklə, bu üç nəfər ev sahibindən üzr istəyərək geri qayıdıb baş verənləri Mötəmidə danışırlar. Mötəmid isə bu hadisəni heç kəsə nəql etməmələrini tapşırır və onları ölümlə hədələyir. Bir müddət sonra Samirraya birinci dəfə göndərdiyindən daha çox adam göndərir. Xəlifənin Samirraya gələn adamları yenə də evə gələrkən sərdabdan Quran tilavəti səsi eşidirlər. Bu zaman sərdabın qapısını tuturlar ki, İmam (ə) oradan çıxa bilməsin. Xəlifənin adamlarının başında gələn amir isə evin qarşısında dayanıb digər adamların çatmasını gözləyirdi. Bu zaman İmam (ə) sərdabın qapısından çıxan yolla qalxıb gedir. Bir azdan amir onların yanlarına gəlib onlara əmr verir ki, sərdaba daxil olub İmamı (ə) tutsunlar. Qapıda dayananlar isə amirdən “Məgər o sənin yanından keçmədi?” – deyə soruşdular. Amir onlara onu nədən tutmadıqlarını soruşduqda onlar dedilər: “O gəlib sənin yanından keçdi, sən isə onu tutmağımızı əmr etmədin”. Amir isə onu görmədiyini dedi. Bu zaman xəlifənin adamları qorxaraq geri qayıtdılar. Daha sonra başqa bir dəstə evi yoxlamağa gəldi. Gələn adamlar İmamın (ə) sərdabın sonunda dayandığını müşahidə etdilər. Bu zaman İmam (ə) əlini divara yaxınlaşdırır və divar yarılır, nəticədə İmam (ə) oradan çıxır.[9] Bu, Mühəddis Nurinin “Kəşful-əstar” kitabında hənəfi alimi Əbdürrəhman Caminin kitabından nəql etdiyi hadisənin davamı idi. Bizim kitablarda İmamın (ə) sərdabda qeybə çəkilməsi ilə bağlı bu hadisədən başqa bir şey yoxdur. Bu hadisə isə elə əhli-sünnədən olan Caminin kitabında öz sənədləri ilə nəql olunub. Buna görə Mühəddis belə yazır:


[1] Kəşful-əstar, səh. 192, Həzrət Abbasın hərəminin nəşri.

[2] Qeyd edək ki, burada ziyarət dedikdə həmin yerdə İmam Mehdiyə (ə) salam vermək, ziyarətnamə oxumaq nəzərdə tutulur. Bu, İmamın (ə) fiziki olaraq orada olması demək deyil. Bu şey, yəni salam vermək və ziyarətnamə oxumaq hər bir vaxt və hər bir yerdə müstəhəbdir. Həmin sərdabda isə bu müstəhəblik daha təkidlidir. Necə ki bunu Şəhid Əvvəl ləqəbi ilə tanınmış Şeyx Məhəmməd ibn Məkki və məşhur “Cəvahirul-kəlam” kitabının müəllifi, böyük fəqih Məhəmmədhəsən Cəvahiri qeyd ediblər.

[3] Seyid Möhsin Əmin, Əl-Burhan əla vucudi Sahibiz-zaman, səh. 169-170.

[4] Əd-Durus, c.2, səh. 16; Cəvahirul-kəlam, c. 20, səh. 100.

[5] Seyid Möhsin Əmin, Əl-Burhan əla vucudi Sahibiz-zaman, səh. 170.

[6] Nüsxələrdə xəlifənin adı Mötəzid olaraq keçir. Lakin zahirən bu Mötəmid sözünü yazarkən nüsxə köçürənlərin etdiyi səhvdən qaynaqlanır. Çünki Mötəzidə 279-cu ildə Mötəmid öldüyü gün beyət olunmuşdur. 

[7] Mötəmidin göndərdiyi üç nəfərdən biri.

[8] Mühəddis Nuri, Kəşful-əstar, səh. 402.

[9] Qütbüddin Ravəndi, Əl-Xəraic vəl-cəraih, c. 2, səh. 943; Əllamə Məclisi, Biharul-ənvarda Əl-Xəraicdən nəqlən, c. 52, səh. 52

Qeyd edək ki, Mühəddisin Əbdürrəhman Caminin kitabından nəql etdiyi hadisə Əl-Xəraicdə, c. 1, səh. 460, Kəşful-ğummə, c. 4, səh. 2000, İsbatul-hudat, c. 5, səh. 312, Əl-Ğeybə (Tusi), səh. 247-də və başqa üç kitabda da zikr olunmuşdur. Lakin bunların heç birində sərdab sözü keçməmişdir.