Samirradakı sərdabın sirri

Samirradakı sərdabın sirri

2024-09-12 1830

2. Onun etdiyi səhvlərdən biri də İmam Mehdinin (ə) Hillədə anası ilə birlikdə həbs olunması barədə dedikləridir. İmamın (ə) anası ilə birlikdə həbs olunması açıq-aşkar yalandır, özü də Hillədə. Heç bir tarixçi və ya alim İmam Mehdinin (ə) həbs olunmasını və ya hökumət tərəfindən ələ keçirilməsini qeyd etməmişdir. Nə Hillədə, nə də başqa bir məntəqədə. Hərçənd ki onu (ə) ələ keçirmək üçün Abbasi hökuməti tərəfindən cəhdlər edilmişdi.

3. İbn Xəldunun şiələrin hər axşam Hillədəki sərdabın qapısına gedərək orada İmama səslənmələri barədə dedikləri isə iftiradan başqa bir şey deyildir. Bu isə onun şiə əqidəsinə qarşı gizli ədavətindən xəbər verir. Hətta bu gün hər hansısa bir şiədən Hillədə olan sərdab haqqında soruşsanız, sizə bunu ilk dəfə eşitdiyini deyər. Görünür, İbn Xəldun bunları yazmaqla şiə əqidəsini gözdən salmağa çalışıb. Şiə əqidəsi isə bu cür böhtanlardan və yalanlardan uzaqdır.

Samirradakı sərdab

Bir dəstə sünni alimi isə bu sərdabın Samirrada olduğunu yazmış və şiələrin imamlarını oradan gözlədiyini qeyd etmişdir:

Məhəmməd Əmin Bağdadi Suveydi:

“Şiələr onun Samirradakı sərdabda qeybə çəkildiyinə inanır”.[1]

İbn Teymiyyə:

 ومن حماقتهم أيضا: أنهم يجعلون للمنتظر عدة مشاهد ينتظرونه فيها، كالسرداب الذي بسامراء، الذي يزعمون أنه غاب فيه، ومشاهد أخر. وقد يقيمون هناك دابة - إما بغلة وإما فرسا وإما غير ذلك - ليركبها إذا خرج، ويقيمون هناك إما في طرفي النهار وإما في أوقات أخر من ينادي عليه بالخروج: يا مولانا أخرج، يا مولانا أخرج، ويشهرون السلاح ولا أحد يقاتلهم، وفيهم من يقوم في أوقات الصلاة دائما، لا يصلي خشية أن يخرج وهو في الصلاة فيشتغل بها عن خروجه وخدمته وهم في أماكن بعيدة عن مشهده، كمدينة النبي صلى الله عليه وسلم، إما في العشر الأواخر من شهر رمضان وإما في غير ذلك، يتوجهون إلى المشرق وينادونه بأصوات عالية يطلبون خروجه.

“Şiələrin axmaqlıqlarından biri də budur ki, onlar Müntəzər[2] üçün bir neçə yer qərar verib onu həmin yerlərdə gözləyirlər. Samirradakı sərdab kimi, hansı ki onlar imamın orada qeybə çəkildiyini güman edirlər. Samirradan başqa da digər yerlər qərar veriblər. Onlar bəzən orada at, qatır və s. kimi minik heyvanı saxlayırlar ki, imam çıxsa, ona minsin. Həmçinin səhər, axşam və ya günün digər vaxtlarında orada bir adam saxlayırlar. Həmin adam “Ey mövlamız, çıx! Ey mövlamız, çıx!” deyə imamı zühur etməsi üçün səsləyir. Habelə onlarla döyüşən biri olmadığı halda (ora gəlib) qılınclarını sıyırırlar. Şiələrdən bəziləri daim namaz vaxtlarında burada dayanır və namaz qılmır ki, birdən namazda olduğu halda imam zahir olar və namazla məşğul olduğuna görə imamın xürucuna və xidmətinə yetişə bilməz. Onlar Samirradan uzaq yerlərdə də olduqda, məsələn Peyğəmbərin (s) şəhərində olduqda, istər ramazan ayının son 10 günü, istərsə də digər vaxtlarda üzlərini şərqə tərəf çevirib uca səslə Mehdini səsləyir və onun zühur etməsini istəyirlər”.[3]

Məşhur “Pişəvər gecələri” əsərinin müəllifi “vaizlərin sultanı” ləqəbli Seyid Məhəmməd Musəvi Şirazi İbn Teymiyyənin bu sözünü nəql etdikdən sonra belə deyir:

“Çölün düzünə düşüb bu cür cəfəngiyyatlar uyduran bu adamın yalançı sözləri, saysız-hesabsız və gülünc iftiraları təəccüblü deyil. Amma bugünkü misirli, dəməşqli və s. alimlərə təəccüb edirik ki, onlar hər yerdə şiələrlə birgə həyat sürürlər; ələlxüsus, əhalisinin hamısının əhli-sünnə qardaşlardan təşkil tapdığı Samirra şəhərində; hətta həmin müqəddəs sərdabın xidmətçiləri belə hamısı sünnidirlər; lakin bununla belə məsələni onlardan araşdırmadan və böyük alimlərdən öyrənmədən İbn Teymiyyə kimilərinin cəfəngiyyatına tabe olmuş və bu qəbildən olan xürafatları və mənasız sözləri öz kitablarında dərc etmişlər”.[4]

İbn Həcər Heytəmi:

Məşhur “əs-Səvaiqul-muhriqə” kitabının müəllifi İbn Həcər də bu məsələni İbn Xəllikandan nəql edərək şiələrə nisbət verir. O, İbn Xəllikandan nəql edərək yazır ki, şiələr İmam Mehdinin Samirradakı sərdabdan çıxacağına etiqad edirlər. Hətta o bu şeylə şiələrin ağıl sahiblərinin yanında gülüş obyektinə çevrildiyini əlavə edir. Bunu nəql etdikdən sonra bu məsələdə şiələri tənqid edən bir şeir də qeyd edir.[5] Hərçənd ki bunun böhtan və yalandan ibarət olması məqalənin sonuna doğru bəlli olacaqdır.

Abdullah Qəsimi

20-ci əsrin əvvələrində yaşamış məşhur səudiyyəli vəhhabi müfəkkiri Abdullah Qəsimi şiələr əleyhinə yazdığı “əs-Sira beynəl-İslam vəl-vəsəniyyin” adlı kitabında bu məsələni qeyd edir. Qeyd edək ki, Abdullah Qəsimi əvvəllər sayılıb-seçilən vəhhabi dəvətçilərindən olsa da daha sonralar dindən çıxaraq ateist olmuşdur. O, adını çəkdiyimiz kitabda şiələri bütpərəstlərlə müqayisə edərək şiə məzhəbini tənqid etmişdir. Abdullah Qəsimi mövzu barədə belə yazır:

“Ən axmaq və ən kütbeyin şəxslər isə imamlarını sərdabda qeybə çəkənlərdir. Onlar öz imamları ilə birlikdə öz Quranlarını və müshəflərini də itiriblər. Hər gecə öz atları və eşşəkləri ilə imamlarını itirdikləri sərdaba gedib onu gözləyir, xüruc etməsi üçün onu səsləyirlər. Onlar bunu min ildən çoxdur ki edirlər”.

Mərhum Əllamə Əmini onun bu yalan dolu sözlərinə dair belə yazır:

“Ən pisi isə sərdab iftirasıdır. Baxmayaraq ki sünni müəllifləri bu iftiranı ondan qabaq yazıblar, lakin o, bir az da irəli gedərək şiələrin atlarla yanaşı eşşək də gətirdiklərini əlavə etmiş və bu adətin hər gecə baş verdiyini, min ildən çoxdur ki davam etdiyini iddia etmişdir. Halbuki şiələr İmamın (ə) sərdabdan qeybə çəkilməsinə inanmır; nə onlar İmamı (ə) qeybə çəkiblər, nə də ki İmam (ə) oradan zahir olacaq. Şiələrin hədislərlə dəstəklənmiş etiqadı bundan ibarətdir ki, İmam (ə) əzəmətli Məkkə şəhərində, Kəbə evinin qarşısında zühur edəcək. Onun sərdabdan zühur edəcəyini heç kim deməyib”.[6]


[1] Səbaikuz-zəhəb fi mərifəti qəbailil-ərəb, səh. 78, “Məktəbətul-elmiyyə” nəşriyyatı.

[2] İmam Mehdi (ə).

[3] Minhacus-sunnətin-nəbəviyyə, c. 1, səh. 44-45, naşir: İmam Məhəmməd ibn Səud universiteti, 1986.

[4] Seyid Məhəmməd Musəvi Şirazi, Şəbhaye-Pişavər, səh. 345, Tehran “Darul-kutubil-islamiyyə” nəşri,

[5] c. 2, səh. 482-483, “ər-Risalə” müəssisəsinin çapı (Livan), 1998.

[6] Əl-Ğədir, c. 3, səh. 308.