İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

2024-03-29 1877

5. Adın çəkilməsi bəzi münafiqlərin adı Qurandan çıxarmasına səbəb ola bilərdi

Əfsuslar olsun ki, İslam tarixində öz mənafeyini hər şeydən üstün tutan bəzi şəxsiyyətlər dindən və şəriətdən öz məqsədlərinə uyğun şəkildə sui-istifadə etmiş, lazım gəldikdə isə dini maarifin bəzisini təhrif etmişlər. Buna ən yaxşı nümunə tarixdə yaranan bəzi azğın firqələr və sapqın əqidələr hesab olunur. Buna görə heç də uzaq bir görüş deyil ki, xilafəti qəsb edən tamahkarlar hətta ad çəkilsəydi belə Qurana əl ata bilər, həmin adı Qurandan çıxara bilərdilər və təhrif baş verə bilərdi. Allah-taala isə mümkün qədər təbii səbəblərlə öz kitabını təhrifdən qoruyur. “Şübhəsiz ki zikri biz nazil etmişik və biz də onu qoruyacağıq”.[1] Bəlkə də, adın kitabda açıq-aşkar qeyd olunmaması bu təhlükəli məsələnin qarşısını almağın yollarından biri idi.

6. Adın açıq-aşkar qeyd olunması ixtilafın həll yolu deyil

Bəziləri düşünə bilər ki, əgər İmam Əlinin (ə) adı Quranda açıq-aşkar qeyd olunsaydı, bununla onun imaməti barədə olan digərlərində yaranan şəkk-şübhə aradan qalxardı. Lakin bu barədə düşündükdə bunun doğru olmadığını görərik. Çünki biz görürük ki, Qurani-Kərimdə zikr olunan bir çox şeyin özündə ixtilaflar baş vermiş, bəziləri isə inkar olunmuşdur. Onlardan biri müvəqqəti nikah haqqında olan ayədir: “Mütə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin. Mehr müəyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir”.[2] Mütə nikahı haqqında Qurani-Kərimdə ayə gəlməsinə və Peyğəmbərin, səhabələrin bunu mübah görmələrinə baxmayaraq, bu məsələdə ixtilaf düşmüşdür. İddia edirlər ki, Ömər - sanki buna haqqı var imiş kimi - mütə nikahını müsəlmanlara qadağan etmişdi.

Kim zəmanət verə bilər ki, İmam Əlinin (ə) və onun ailəsinin haqqını qəsb edən, Quranda halal buyurulmuş şeyi müsəlmanlara haram edən Ömər və onun kimiləri İmam Əlinin (ə) imaməti barədə gələn açıq-aşkar ayələrə də müdaxilə etməyəcəkdilər? Elə buna görə deyirik ki, bu məsələ ilə ixtilafın aradan qalxacağını güman edənlər yanılırlar.

7. Adın çəkilməsi şiələrin Quranın təhrifində ittiham olunmasına səbəb ola bilərdi

Tarix boyu Əhli-beyt (ə) sevgisindən məhrum olmuş elm iddiaçıları İmam Əlinin (ə) fəzilətləri barədə olan, onun imamətinə dəlalət edən bir çox hədisləri və başqa dəlilləri “rafizilərin uydurmalarıdır” deyə insanlara təqdim ediblər. Hətta öz əqidə yoldaşlarından və ya eyni əqidədə olduqları alimlərdən biri bu fəzilətlər barədə bir şey nəql etdikdə hətta doğrudanışan olsa belə onu etibardan salmağa çalışmış, şiəlikdə ittiham etmişlər. Bütün bu ittihamların və etibardan salma səylərinin daim bir məqsədi olub: İmam Əlinin (ə) və onun övladlarının fəzilətlərinin gizlədilməsi. Allah bilir, bəlkə də İmam Əlinin (ə) adı Quranın hər hansısa bir ayəsində keçsəydi, bunu da şiələrin sonradan Qurana əlavə etdiklərini deyəcəkdilər. Necə ki şiə məzhəbinin Quranın təhrif olmadığını qəbul etməsinə baxmayaraq, onlar daim şiələrin Quranın təhrif olunmasına inanmaqda ittiham edirlər. Bəlkə də hədisləri inkar etdikləri kimi, həmin ayəni də inkar edəcəkdilər. Bu sizə heç də qəribə gəlməsin, Peyğəmbər (ə) Qədir-xum günü minlərlə müsəlmanın önündə özündən sonrakı rəhbərin İmam Əli (ə) olacağını açıq-aşkar bildirmişdi, amma üstündən çox keçmədi ki, münafiqlər bu həqiqəti inkar etməyə başladılar. Şiələr isə bu hadisə ilə dəlil gətirdiklərinə görə bu gün belə uydurmaçılıqda və savadsızlıqda ittiham olunurlar. Eyni şey adın Quranda çəkilməsinə görə də baş verə bilərdi.

8. Bu metodun yanlışlığı

Ümumiyyətlə, adın çəkilib-çəkilməməsi bir şeyi dəyişdirmir. Əgər Peyğəmbər (s) tərəfindən İmam Əlinin (ə) imaməti açıq-aşkar bəyan olunubsa, bu onun imamətinə dəlil olaraq kifayətdir.

Bununla yanaşı, diqqət etsək, görərik ki bu qəbildən olan sualların sayı-hesabı yoxdur və eyni cür suallar müxaliflərə və hər şeyi Quranda axtaran şəxslərə də ünvanlana bilər. Məsələn, nəyə görə Allah Quranı elə açıq-aşkar nazil etməyib ki təfsirində heç kəs ixtilaf etməsin? Nəyə görə Allah İslamda əsas sayılan namaz, oruc, həcc kimi ibadətlərin təfsilatlarını açıq-aşkar bəyan etməyib? Nəyə görə Allah Quranda əhli-sünnənin iddia etdiyi kimi bütün səhabələrin ədalətli olmağını açıq şəkildə deməyib? Məgər Quranın hansı ayəsində açıq-aşkar gəlib ki, Allah Peyğəmbərdən sonra müsəlmanlara rəhbərlik edəcək şəxsin adını açıq-aşkar çəkməlidir? Hansı ayədə bildirilib ki sünnədə dəlil olsa belə bir şey Quranda qeyd olunmadıqda onu qəbul etmək olmaz?

Bütün bu sualların cavabları Qurani-Kərimdə açıq-aşkar qeyd olunmayıb.

Ad çəkilmə məsələləsinin böyük bir əhəmiyyəti olduğunu qəbul etməli olsaq, gərək Musa peyğəmbərin (ə) İslam peyğəmbərindən (s) daha əhəmiyyətli və üstün olduğunu deyək. Çünki Məhəmməd peyğəmbərin (s) adı Quranda 4-5 dəfə çəkildiyi halda, Musa peyğəmbərin (ə) adı 160 dəfə çəkilib, İsa peyğəmbərin (ə) adı təqribən 25 dəfə, Həzrət İbrahimin adı isə 130 dəfə çəkilib.

Bütün müsəlmanlar 124000 peyğəmbərin nübüvvətinə inanır, amma onlardan yalnız bəzisinin adı Qurani-Kərimdə qeyd olunub: “Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq”.[3] Əgər məsələ ad çəkilməkdədirsə, onların hamısının adı keçməyib. Məgər adı keçməyənləri qəbul etməməliyik? Hərçənd ki Qurani-Kərimdə müxtəlif meyvələrin, hətta heyvanların belə adı keçib. Məgər bu onların digər peyğəmbərlərdən daha əhəmiyyətli olmasınamı dəlalət edir?

Bütün bunlar əvvəldə də qeyd etdiyimiz kimi Allahın hikmətinə qayıdan məsələlərdir və Allaha da vacib deyil ki, etdiyi işlərdəki bütün hikmətləri bəndələrinə açıqlasın. İnsanlar isə hikmətinə varmadıqları şeylərdə öz Rəblərinə etiraz edə bilməzlər. O cümlədən hikmətini dəqiq bilmədiyimiz şeyləri inkar da edə bilmərik.

Son olaraq deyirik ki, İmam Əlinin (ə) imaməti qəti dəlillərlə sübuta yetəndən sonra bu kimi əsassız iradlarla məsələ barədə şübhə yaratmaq və ya şübhəyə düşmək yersizdir.

“Möminlər ancaq Allaha və onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Sadiq olanlar məhz onlardır”.[4]

Məqalədə “Əl-əcvibətul-vafiyə” kitabından istifadə olunmuşdur.

Baqir Cəfəri

Besiret.az


[1] Hicr, 9.

[2] Nisa, 24.

[3] Ğafir, 78.

[4] Hücurat, 15.