2. Peyğəmbər (s) Həzrət Əlinin imamətini açıq-aşkar söyləmişdir
Peyğəmbər (s) öz həyatında dəfələrlə Həzrət Əlinin (ə) imamətini, onu özündən sonra müsəlmanlara rəhbər təyin etdiyini açıq-aşkar bəyan etmişdi. Bu bəyanlar hər iki məzhəbin kitablarında mütəvatir olan Qədir-xum hədisi kimi, Mənzilət və s. kimi hədislərdə nəql olunmuşdur. Əgər Peyğəmbərin (s) bunu deməsi qəti şəkildə sabit olubsa, bu məsələnin Quranda keçib-keçməməyi o məsələnin etibarlılığına heç bir xələl gətirmir. Yəni əgər bir şey Qurani-Kərimdə açıq-aşkar keçməyibsə, bu o demək deyil onun dəlili yoxdur. Çünki qeyd etdiyimiz kimi Peyğəmbərimiz (s) hər hansısa bir şeyə özündən əmr etmir, insanları hər hansısa bir şeyə şəxsi istəkləri əsasında çağırmır. Peyğəmbər (s) elə danışan Qurandır. Onun sözü elə Allahın sözüdür, əmri Allahın əmridir və onun göstərişlərinə tabe olmamaq elə Allah tabe olmamaq deməkdir. Peyğəmbər (s) özü çoxsaylı yerlərdə Həzrət Əlinin (ə) imam olacağını söyləmiş və daim müsəlmanların diqqətini bu məsələyə yönəltmişdir. Demək, İmam Əlinin (ə) vilayətinin vacib olması Allah tərəfindən öz peyğəmbəri vasitəsilə insanlara bildirilmişdir, hətta Qurani-Kərimdə onun (ə) adı açıq-aşkar gəlməsə belə. Qurani-Kərimdə açıq-aşkar bildirilən şeylərə təslimiyyət göstərmək vacib olduğu kimi, eynilə Allahın öz peyğəmbərinin (s) dili ilə insanlara vacib etdiyi şeylərə də tabeçilik göstərmək zəruridir. Tabe olmaq baxımından bu ikisi arasında heç bir fərq yoxdur. Məxsusən, biz qeyd etmişdik ki, Peyğəmbər (s) Qurani-Kərimdə gələn maarifin açıqlayıcısı, onun öyrədənidir. İmam Əlinin (ə) vilayət və fəzilətinə isə Qurani-Kərimin bir neçə yerində işarə edilmişdir. Peyğəmbər (s) də öz dövründə Qurani-Kərimdə olan bu işarələri öz ümməti üçün bəyan edib. İmam Sadiqdən (ə) səhih sənədlə nəql olunan hədisdə belə buyurulur:
“Əbu Bəsir deyir: “İmam Sadiqdən (ə) Allah-taalanın “Allaha, peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə itaət edin”[1] ayəsi haqqında soruşdum. O buyurdu: “Bu ayə Əli ibn Əbu Talib, Həsən və Hüseyn barədə nazil olub”. İmama dedim: “İnsanlar deyirlər ki, nəyə görə o, Allah-taalanın kitabından Əlinin və ailəsinin adlarını çəkmir?” İmam (ə) buyurdu: “Onlara belə deyin: Allah rəsuluna namaz qılmaq nazil olmuşdu, amma Allah onun üç, yoxsa dörd rükət olmasını açıqlamayıb. Belə ki, bunu onlara izah edən Peyğəmbər (ə) idi”.[2]
Qeyd edək ki, hədisin davamında İmam Sadiq (ə) namaz kimi zəkatın, həccin də Peyğəmbərə (ə) Quranda nazil olmasından, lakin onun təfsilatının isə Qurani-Kərimdə açıqlanmadığından, bu vəzifəni Peğəmbərin (s) icra etdiyindən danışır. Məlum məsələdir ki, bu gün heç kim namazın üç və ya dörd rükət olmasını Qurani-Kərimdə açıq-aşkar keçmədiyinə görə inkar etməyib. Necə ki namazın, orucun, zəkatın, həccin və s. kimi başqa şeylərin təfsilatı Qurani-Kərimdə keçməsə belə Peyğəmbərin (s) sünnəsində olduğuna görə qəbul edirik, İmam Əlinin (ə) də imamətini o cür qəbul etməliyik.
3. Vəsf etmək bəzən ad çəkməkdən daha təsirlidir
Bəzən bir şəxsi müəyyən etmək üçün onun xüsusiyyətlərini demək adının çəkilməsindən daha təsirli sayılır. Məlum məsələdir ki, bəzi adlar həm xüsusi isimdir, həm də sifət mənası daşıyır. “Əli” adı da həmin adlardan biridir. O, xüsusi isim olduğu kimi, ərəb dilində “uca” mənasını da ifadə edən bir sifətdir. Mümkündür deyək ki, hətta İmam Əlinin (ə) adı müqəddəs Qurani-Kərimdə çəkilsəydi belə qəlbində kin olan şəxslər onu xüsusi isim kimi yox, sifət mənasında götürə bilərdilər. Bununla məsələ yenə də mübhəm qalacaqdı. Buna əsasən, Qurani-Kərim nəzərdə tutulan şəxsi, möminlərin vəlisini onun adı ilə yox, xüsusiyyətini, sifətini bəyan etməklə göstərir: “Sizin vəliniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki namaz qılır və rüku halında zəkat verirlər”.[3] Mütəvatir olan hədislərə görə və elə əhli-sünnə alimlərinin öz etiraflarına əsasən, bu ayədə rüku halında zəkat verənlərdən məqsəd yalnız və yalnız Möminlərin əmiri Əli (ə) idi. Allah-taala insanlara onların hamisini, vəlisini onun xüsusiyyəti ilə bəyan etmişdi və yuxarıda qeyd etdiklərimizə əsasən, bu cür bəyan etmək ad çəkməkdən də təsirli və məqsədəuyğun metoddur. Çünki ad çəkildiyi halda bəziləri onun sifət mənasını əsas götürə bilərdilər.
4. Adın Qurani-Kərimdə çəkilməsi bəzilərinin bu adı oğurlamasına səbəb ola bilərdi
Gəlin təsəvvür edək ki, Həzət Əlinin (ə) adı Qurani-Kərimdə qeyd olunub. Diqqətlə fikirləşsək, görəcəyik ki, bu belə ixtilafın aradan qalxmasına səbəb olmayacaqdı. Çünki qəlbində xəstəlik olan şəxslər bu adı oğurlayacaq və ayədə qeyd olunan “Əli”nin məhz özü olduğunu iddia edəcəkdilər. Bu həm Quranın nazil olduğu dövrlərdə baş verə bilərdi, həm də neçə illər sonra Əli adında hər hansı biri gəlib ayədə adıkeçən şəxsin məhz özü olduğunu deyə bilərdi. Bəziləri buna təəccüblə yanaşa bilər, lakin elə İmam Əlinin (ə) timsalında biz bu hadisənin şahidi olmuşuq. O həzrətə (ə) məxsus olan ləqəblərdən biri “əmirəlmöminin” (möminlərin əmiri) idi. Hətta hədislərimizə əsasən, digər imamlarımızı belə bu ləqəblə çağırmaq olmazdı. Lakin iş o yerə qədər gəlib çıxdı ki, Müaviyə, Yezid kimi ən alçaq şəxslər belə bu ləqəbi özlərinə götürmüşdülər. Həmçinin “siddiq” (çox doğru danışan) və “faruq” (haqla batili ayıran) ləqəbləri də o həzrətin ləqəbləri idi. Lakin məzlumiyyətə baxın ki, hətta bu ləqəbləri belə ondan oğurlamış və başqalarına aid etmişdilər. Təəssüflər olsun ki, hal-hazırda belə bəzi müsəlmanlar özündən hədis uydurmuş və başqalarının haqqını qəsb etmiş Əbu Bəkri “siddiq” ləqəbi ilə yad edirlər. Eyni zamanda təyəmmümün hökmünə belə cahil olan Ömər “faruq” ləqəbi ilə məşhurlaşıb. Bəlkə də, gələcəkdə bu barədə əhli-sünnə mənbələrində olan dəlillərdən istifadə edərək bir məqalə yazarıq.
Bütün bunlara görə deyirik ki, hətta İmam Əlinin (ə) adının çəkilməsi belə bu gün irad edənləri qane etməyəcəkdi. Haqqı qəbul etməyən şəxslər bu adı istədikləri şəxslərə aid edəcək və ya bu addan sui-istifadə edənlər olacaqdı.