İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

2024-03-29 1877

Qeyd edək ki, bu barədə olan hədislər və alimlərin sözləri kifayət qədər çoxdur. Bütün bunlara əsasən aydın olur ki, insanın hidayəti, öz Rəbbi ilə əlaqəsi üçün mövcud olan hər bir şey Quranda mövcuddur, lakin onların təfsilatını və tam həqiqətlərini öyrənmək üçün Peyğəmbərin (s) sünnəsinə müraciət etmək lazımdır. Bunu başa düşmək üçün ən məşhur nümunələrdən biri elə namazdır. Əgər biz Peyğəmbərin (s) sünnəsinə müraciət etməsəydik, namazın qılınma keyfiyyətini, onun sözlərini, rükətlərinin sayını, şərtlərini, onu batil edən şeyləri və s. kimi zəruri təfsilatlarını bilməzdik. Eynilə həcc və sair ibadətlər də onun kimi. Sünnəyə müraciət etmədən keyfiyyətini, şərtlərini və s. kimi təfsilatını bilmək qeyri-mümkündür. Çünki heç kəs bu təfsilatı yalnız Qurana müraciət etməklə əldə edə bilməz. O cümlədən Quranda bu təfsilatlar gəlmədiyinə görə onları inkar etmək də olmaz.

Beləliklə, dini maarifi əldə etmək üçün Quranla yanaşı, sünnəyə də müraciət etmək labüddür. Kim yalnız Quranla kifayətlənmək istəsə, o elə Quranın öz göstərişlərinə zidd getmiş sayılır. Çünki Qurani-Kərimin özü müsəlmanları Peyğəmbərə (s) tabe olmağa çağırır. Bu barədə olan ayələri yuxarıda qeyd etdik. Yalnız Peyğəmbərin (s) gətirdiyi Qurana “iman gətirib”, Peyğəmbərin (s) sünnəsini kənara atmaq isə heç də ona (s) tabe olmaq sayılmır.

Vəhhabi alimlərindən olan Albani deyir: “Ey müsəlman, məbada Quranı sünnə olmadan fəhm etməyə çalışasan. Şübhəsiz ki sən bunu bacarmayacaqsan...”[1]

Əhli-sünnə mənbələrindən və hətta vəhhabi alimindən sitat gətirməklə göstərmək istəyirik ki, bu məsələdə bütün müsəlmanlar ittifaq ediblər. Bu səbəbdən hər kim insanları Quranla kifayətlənməyin vacibliyinə və sünnəni kənara atmağa çağırarsa, İslamın əvvəl dövründən bu günə qədər bütün müsəlmanlara zidd getmiş sayılar.

Bu iki müqəddimədən “Quran bizə yetər” deyənlərin fikirlərinin batil olduğunu az da olsa anladıq. İndi isə keçirik məsələnin əslinə. Biz deyirik ki, ümumilikdə imamət mövzusu və İmam Əlinin (ə) vilayəti müqəddəs Qurani-Kərimdə zikr olunmuşdur. Bunu bizə Quranı açıqlayan və bəyan edən Peyğəmbərimiz söyləmişdir. Lakin İmam Əlinin (ə) adının Qurani-Kərimdə açıq-aşkar çəkilməməsini isə aşağıda qeyd edəcəyimiz məsələlərlə anlamaq olar:

1. İlahi hikmət

Hamımıza məlumdur ki, Allah-taalanın bütün işləri hikmət üzərədir. Bu mənaya uyğun olaraq Allah özünü Qurani-Kərimdə dəfələrlə Həkim, hikmət sahibi olaraq vəsf edir. Hər bir müsəlman bu etiqadda olmalıdır. Yəni Allah-taala bir şeyə əmr edirsə, o şeydə bir məsləhət olduğuna görə bunu edir. Eyni zamanda əgər bir şeydən çəkindirirsə, demək həmin şeydə bir fəsad mövcuddur. Ümumi olaraq əqidəmiz bundan ibarətdir. Lakin bunu da bilməliyik ki, insan ağlı Allah-taalanın işlərindəki bütün hikmətləri dərk etməkdən acizdir. Allahın etdiyi işləri nəyə görə etdiyini öz ağlımızla anlamaq bizim üçün qeyri-mümkündür. Elə şəriətimizdə çoxsaylı məsələlərin əsas hikməti bizə bəlli deyil. Düzdür, ola bilər bəzi şeylərin faydalarını, xeyirlərini dərk edək, amma tam şəkildə onun nəyə görə Allah tərəfindən əmr olunduğunu dəqiq bilmirik. Elə bəndəçilik və tam təslimiyyət də bura da özünü büruzə verir. Əsas hikmətini bilməsək belə, biz Allah tərəfindən buyurulan bütün məsələlərə diqqətlə yanaşmalı, ona əmr etdiklərində itaət etməli və qadağan etdiyi şeylərdən çəkinməliyik. Qulluq, bəndçilik bu deməkdir. Bir qul ağasının ona əmr etdiyi şeylərin tam hikmətini dərk etməsə belə, bir işi nə məqsədlə tapşırdığını bilməsə belə, ağasına tam şəkildə itaət göstərməlidir. Eynilə biz də Allah-taalanın bəndələri olaraq onun etdiyi şeylərin hikmətini tam dərk etmədiyimiz halda belə mütləq şəkildə ona itaət etməliyik. Çünki iman gətirmişik ki, uca olan Rəbbimizin bütün işləri müəyyən hikmətlərə, məsləhətlərə dayanır. Diqqət etmək lazımdır ki, bu məsələ çox həssas bir məsələdir. Bəzi insanlar şəriətdə olan müəyyən hökmləri öz ağılları ilə dərk etmədiklərinə görə inkar etmiş və bununla da Allaha qarşı üsyankarlıq göstərmişlər. Buna görə də insan ağılının tam anlaya bilmədiyi hər şeyi inkar etməyə tələsməməlidir. Möminlərin əmiri Əli (ə) bu məqamda buyurur:

فَلاَ تَقُولُوا بِمَا لاَ تَعْرِفُونَ فَإِنَّ أَكْثَرَ اَلْحَقِّ فِيمَا تُنْكِرُونَ ... فَلاَ تَسْتَعْمِلُوا اَلرَّأْيَ فِيمَا لاَ يُدْرِكُ قَعْرَهُ اَلْبَصَرُ وَ لاَ تَتَغَلْغَلُ إِلَيْهِ اَلْفِكَرُ

“Bilmədiyiniz şeyləri deməyin. Haqqın çoxu inkar etdiyiniz şeylərdədir... Belə isə əslini gözün dərk etmədiyi və fikirlərin yol tapmadığı şeylərdə öz fikir (və tədbirlərinizi) işlətməyin”.[2]

Buna əsasən, ola bilər ki, İmam Əlinin (ə) adının Qurani-Kərimdə Allah tərəfindən çəkilməməsi müəyyən hikmətə görədir və bu hikmət bizə bəlli deyil. Bu da dəqiq hikmətini anlamağa ağlımızın qüdrətinin çatmadığı çoxsaylı yerlərdən biridir. Beləliklə, heç kəs ad çəkilməmə məsələsi ilə batil iddialar edə bilməz. Çünki mümkündür ki, burada bir hikmət olsun və həmin şəxs onu anlamasın. Eyni zamanda heç kəsin haqqı yoxdur ki bu barədə Allaha etiraz etsin. Yəni heç kim “əgər əgər Həzrət Əlinin (ə) imaməti bu qədər mühüm məsələ idisə, Allah onun adını Qurani-Kərimdə açıq-aşkar qeyd etməli idi” deyə etiraz edə bilməz. Çünki Allahın hökmünə etiraz təslimiyyətin və bəndəçiliyin xilafınadır və Quran bizi bundan çəkindirir: “O (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar”.[3] Allaha isə vacib deyil ki, etdiyi hər bir şeyin hikmətini insanlara bəyan etsin.


[1] Albani, Sifətu-salatin-nəbi,səh. 171.

[2] Vəsailuş-şiə, c.18, səh.116, hədis 18.

[3] Ənbiya, 23.