İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

İmam Əlinin (ə) adının Quranda keçməməsi barədə irada cavab

2024-03-29 1877

Allahın və onun peyğəmbərinin əmr etdiklərinə itaət vacibdir

“Allah və onun elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür”.[1]

Qeyd etdiklərimizdən də aydın olduğu kimi, Allah-taala Peyğəmbərinin (s) hökm etdiyi, əmr etdiyi şeylərdə iman gətirənlər üçün alternativ bir seçim ixtiyarı qoymayıb, Allah elçisi bir şeyə əmr edirsə, ona tabe olmaq vacibdir. Eynilə hər hansısa bir şeydən çəkindirən zaman ondan çəkinməyin vacib olduğu kimi. Qurani-Kərim buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan etsə, ondan çəkinin”.[2] Həmçinin Allah-taala Peyğəmbərin (s) dediyi şeylərin hamısının onun izni və razılığı çərçivəsində olduğunu bəyan edərək bununla bir daha da ona tabeçiliyin nə qədər mühüm olmasına diqqət çəkir: “O öz istəyi (həvayi-nəfsi) ilə danışmır. Bu ona təlqin olunan vəhydir”.[3] Yəni Peyğəmbərin (ə) əmr etdiyi və ya çəkindirdiyi şey barədə hətta Quran ayəsi nazil olmasa belə, dediklərində ona  (s) tabe olmaq vacibdir.

Allahın Quranda nazil etdikləri ilə yanaşı, Peyğəmbərin (s) də buyuruqlarına itaət etmək İslamın ilk dövrlərindən məşhur bir məsələ olmuşdur. Elə buna görə də hər iki məzhəbin kitablarında bu məsələnin zəruriliyinə işarə edən çoxsaylı hədislər nəql olunub.

Əhli-sünnənin əsas mənbələrindən biri sayılan “Səhihul-Buxari”də belə nəql olunur:
عَنْ عبدِ اللَّهِ قالَ: لَعَنَ اللَّهُ الوَاشِمَاتِ والمُوتَشِمَاتِ، والمُتَنَمِّصَاتِ، والمُتَفَلِّجَاتِ لِلْحُسْنِ، المُغَيِّرَاتِ خَلْقَ اللَّهِ. فَبَلَغَ ذلكَ امْرَأَةً مِن بَنِي أسَدٍ يُقَالُ لَهَا: أُمُّ يَعْقُوبَ، فَجَاءَتْ فَقالَتْ: إنَّه بَلَغَنِي عَنْكَ أنَّكَ لَعَنْتَ كَيْتَ وكَيْتَ، فَقالَ: وما لي لا ألْعَنُ مَن لَعَنَ رَسولُ اللَّهِ صلَّى اللهُ عليه وسلَّم، ومَن هو في كِتَابِ اللَّهِ؟ فَقالَتْ: لقَدْ قَرَأْتُ ما بيْنَ اللَّوْحَيْنِ، فَما وجَدْتُ فيه ما تَقُولُ، قالَ: لَئِنْ كُنْتِ قَرَأْتِيهِ لقَدْ وجَدْتِيهِ، أَمَا قَرَأْتِ: {وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا}؟ قالَتْ: بَلَى، قالَ: فإنَّه قدْ نَهَى عنْه

Abdullahdan (ibn Məsud) belə dediyi nəql olunur: “Allah onun yaratdığını dəyişdirərək döymə vuran, döymə vurduran qadınlara, həmçinin üzlərindən tükləri alan, aldıran və gözəlləşmək üçün dişlərini (ayırıb) incəldən qadınlara lənət etsin”. (Ravi) deyir: “Onun bu sözü Bəni-Əsəd qəbiləsindən Ümmü-Yaqub adlı bir qadına çatdı. O, Abdullahın yanına gələrək dedi: “Mənə sənin “filan-filan qadınlara” lənət dediyinin xəbəri çatıb”. Abdullah ona belə dedi: “Peyğəmbərin lənətlədiyi və Allahın kitabında olan kəsi mən niyə lənətləməyim ki?” Ümmü-Yaqub dedi: “Mən iki üz qabığı arasında olanı (Quranı) oxumuşam, amma sən dediyin şeyi görməmişəm”. Abdullah dedi: “Əgər onu oxusaydın, görərdin. Məgər “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan etsə, ondan çəkinin”[4] (ayəsini) oxumamısan?” Ümmü-Yaqub dedi: “Əlbəttə oxumuşam”. Abdullah belə cavab verdi: “Peyğəmbər bunları (döyməni və s.) qadağan edib”.[5]

Hədisdən aydın olur ki, Abdullah ibn Məsuddan Quranda ayə nazil olmayan bir hökm soruşulduqda dəlil olaraq Peyğəmbər (s) sünnəsini göstərir.

Həmçinin qeyd olunan məsələ barədə nəql olunan hədislərdən biri də Əbu Davudun, Tirmizinin, İbn Macənin “Sünən” kitablarında və “Musnədu-Əhməd”də Əbu Übeydullah ibn Əbu Rafenin atasından nəql etdiyi hədisdir:

أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ: لاَ أُلْفِيَنَّ أَحَدَكُمْ مُتَّكِئًا عَلَى أَرِيكَتِهِ يَأْتِيهِ الأَمْرُ مِمَّا أَمَرْتُ بِهِ، أَوْ نَهَيْتُ عَنْهُ، فَيَقُولُ: لاَ ندْرِي، مَا وَجَدْنَا فِي كِتَابِ اللهِ اتَّبَعْنَاهُ

Peyğəmbər (s) buyurub: “Mənim əmr etdiyim və ya qadağan etdiyim bir iş çatan zaman sizdən heç kimi öz taxtına söykənərək “(Qurandan başqa bu barədə) bir şey bilmirik, (yalnız) Allahın kitabında tapdığımız şeyə tabe olarıq” deyən görməyim!”[6]

Peyğəmbər (s) bu hədisdə ondan (s) Quranda olmayan bir şey barədə hökm nəql olunan zaman “Biz yalnız Quranda gələnlərə tabe oluruq” fikrini və bu sözü deməyi qadağan edir.


[1] Əhzab, 36.

[2] Həşr, 7.

[3] Nəcm, 3-4.

[4] Həşr, 7.

[5] Buxarinin “Səhih” kitabı, c. 3, səh. 284, hədis 488; Bu hədis eynilə Müslimin də “Səhih” kiabında nəql olunmuşdur: c. 3, səh. 1678, hədis 2125.

[6] Bax: Əbu Davudun “Sunən” kitabı, c. 4, səh. 205, hədis 4605; Tirmizinin “Sunən” kitabı, c. 4, səh. 134, hədis 2801; İbn Macənin “Sunən” kitabı, c. 1, səh. 6.