5-Əhli-beyt imamları (ə) Allah tərəfindən təyin olunmuşdur
Bütün bunlarla yanaşı, biz Peyğəmbərdən (s) sonra onun yerinə xilafət məqamına kimin daha layiq olması barədə də bu hədisdən yardım alırıq. Çünki müsəlmanlara rəhbərlik edən şəxs müsəlmanların işlərinə, onların dinlərinə və müqəddəs kitabları olan Qurani-Kərim maarifinə hamıdan yaxşı bələd olmalı idi. Hamıdan daha yaxşı agah olmalı idi ki, onları düzgün şəkildə tətbiq edə bilsin. Səqəleyn hədisi sabit edir ki, Əhli-beyt (ə) bütün günahlaran məsumdurlar, insanların hamısından elmlidirlər və onlara tabe olmaq yüz faizlik hidayət zəmanəti verir. Bu isə heç şübhəsiz onların xilafət və imamət məqamına hər kəsdən layiqli olmalarının göstəricisi və Allah tərəfindən bu rütbəyə seçilməkləri deməkdir. Allah bunu öz Peyğəmbərinin (s) dili ilə müsəlmanlara çatdırmışdır.
Lakin təəssüflər olsun ki, ən bəsit şəri məsələlərdən belə başı çıxmayan şəxslər, hətta dinin açıq-aşkar hökmlərinin ziddinə gedən şəxslər müsəlmanların rəhbərlik məqamına keçdilər, özlərini möminlərin əmiri deyə adlandırdılar. Bundan da acınacaqlısı müsəlmanlardan bəzilərinin indiyə qədər də onları həmin məqamlara layiq bilmələridir!
6-İmamət qiyamət gününə qədər davam edəcək
Yer üzü qiyamətə qədər Allahın dininə hidayət edən höccətdən boş olmayacaq. Hədis kitablarımıza nəzər saldıqda bu məzmunda gələn hədislərin şahidi oluruq. Peyğəmbərimizdən (s) nəql olunan Səqəleyn hədisi də bu mənaya dəlalət edən və bu mənanı qüvvətləndirən hədislərdən biridir. Çünki Peyğəmbər (s) həmin hədisdə Quran və Əhli-beytin (ə) cənnətdə ona qovuşanədək bir-birindən ayrılmayacağını söyləyir. Yəni nə qədər ki Qurani-Kərim mövcuddur, hər bir zamanda insanların onun vasitəsilə qurtuluşa çatacaqları bir imam da olmalıdır.
Sünni alimi İbn Həcər Heytəmi “Səvaiqul-muhriqə”də belə yazır:
وفي أحاديث الحث على التمسك بأهل البيت إشارة إلى عدم انقطاع متأهل منهم للتمسك به إلى يوم القيامة، كما أن الكتاب العزيز كذلك ولهذا كانوا أماناً لأهل الأرض
“Əhli-beytdən yapışmağa təşviq edən hədislər işarə edir ki, qiyamət gününədək Əhli-beytdən tabe olmağa layiq olan bir nəfər daim mövcud olacaq. Necə ki əziz kitab (Qurani-Kərim) da belədir. Elə buna görə də onlar yer əhli üçün aman hesab olunublar”.[1]
Dövrümüzdə isə yer əhli üçün aman olan və tabe olmağımız vacib olan Əhli-beytin (ə) nümayəndəsi qeybdə olan imamımız Həzrət Mehdidir (ə). Elə bu hədisin özü kifayət edir ki, insan öz dövrünün imamı ilə olan əlaqəsini gücləndirməyə çalışsın, daim onu yad etsin. Çünki həqiqətən də o, əziz Peyğəmbərimizin və imamlarımızın (ə) bizim üçün qoyub getdiyi ağır əmanət hesab olunur. Hər bir müsəlmanın borcudur ki, Peyğəmbərinin (s) miras qoyduğu və itaətini vacib etdiyi əmanətə sahib çıxsın, onun hörmətini gətirsin. Bu isə onu (ə) daim dualarımızda, saleh əməllərimizdə yad etməklə, onun (ə) qulluğunda durmağa can atmaqla və göstərişlərinə tabe olmaqla, onu (ə) narahat edəcək əməllərdən çəkinməklə həyata keçə bilər.
Bütün bunlar “Səqəleyn” hədis maarifinin cüzi bir hissəsi idi. Bu hədisin dəlaləti və təfsilatı haqqında yazılmış mətnləri bir yerə yığsaq, cildlərlə kitabların dolduğunu görərik.
Allah bizi Səqəleyndən bir göz qırpımı qədər də olsa ayrı salmasın!
Məqalə Ayətullah Seyid Hüseyn Burucerdinin “Camiu-əhadisiş-şiə” kitabına yazdığı müqəddimə əsasında yazılmışdır.
Tərtib etdi: Baqir Cəfəri
Besiret.az
[1] c.2, səh.422.