2-Qurtuluşun yeganə yolu bu iki şeydədir
Bu məna da hədisin açıq-aşkar dəlalət etdiyi mənalardandır. Əziz peyğəmbərimiz (s) qurtuluş yolunu Qurana və Əhli-beytə (ə) tabe olmaqda göstərir. Əgər nicat tapmaq üçün üçüncü bir şey olsa idi, Peyğəmbər (s) onu da qeyd edərdi. Lakin bu hədisin nəql olunduğu hər bir yerdə qurtuluş yolu yalnız və yalnız bu iki şeydə məhdudlaşmışdır. Demək, nicat tapan kəslər və haqq yolda qalacaq insanlar Qurana və Əhli-beytə (ə) tabe olanlardır. Qeyd edək ki, Quran və Əhli-beyt (ə) ikisi birlikdə qurtuluş vasitələridir, təklikdə yox. Bu mənada ki, yalnız və yalnız Qurana tabe olduğunu deyənlər, Əhli-beyt (ə) göstərişlərini bir kənara atanlar haqq yolda deyillər, eyni zamanda bəzi ifratçı ğuluvv əhli kimi Qurani-Kərim maarifini bir kənara qoyub yalnız Əhli-beytə (ə) tabe olduqlarını iddia edənlər də nicat yolunda addımlamırlar. Əslində, bu şey heç mümkün də deyil, çünki Səqəleyn hədisinə əsasən, Quran və Əhli-beyt (ə) heç vaxt bir-birindən ayrılmazlar. Buna əsasən, yalnız Qurani-Kərimə tabe olduğunu deyib Əhli-beyt (ə) maarifini bir kənara atan şəxs yalan danışır. Belə ki, həqiqətdə Qurana tabe olsaydı, Əhli-beytin (ə) maarifini qəbul edər və onların haqqını tanıyardı. Çünki Qurani-Kərim və Əhli-beyt (ə) bir-birindən ayrıla bilməz, bunu Qurani-Kərimi bizə çatdıran Peyğəmbərin (s) özü buyurur. Eynilə ola bilməz ki bir şəxs Əhli-beytə (ə) tabe olduğunu desin, lakin Qurani-Kərimi qəbul etməsin. Bu, qeyri-mümkün və həqiqətəndən uzaq olan bir şeydir.
3-Peyğəmbərin Əhli-beyti (ə) bütün günahlardan, nöqsanlardan və xətalardan məsumdur
Peyğəmbəri (s) və onun bu hədisi dediyini qəbul edən hər bir sağlam ağıl sahibi bunu anlayar ki, əgər Peyğəmbər (s) bu şəxslərə itaəti labüd bilirsə, demək, onlar məsum olmalıdırlar. Xəta ehtimalı olan birinə, günah etməsi mümkün olan birinə məxsusən din işlərində qeyd-şərtsiz tabe olmaq ağılın hökmü ilə pis hesab olunur. Çünki əgər bir nəfər xəta edə bilirsə, demək ona tabe olanı da xətaya sürükləyə bilər. Peyğəmbər, o cümlədən Allah heç vaxt bu cür nöqsan sahibi olan birinə itaəti mütləq şəkildə vacib hesab edə bilməz. Çünki rəbbimiz hikmət sahibidir, ağılın pis hesab etdiyi şeyi vacib etmək onun şəninə layiq deyil.
Əgər Əhli-beyt (ə) məsum olmasa idi, onlara tabe olan şəxsləri də azdıra bilərdilər. Peyğəmbər (s) isə mütləq olaraq, yəni qeyd-şərtsiz deyir ki, onlara tabe olsanız, heç vaxt haqq yoldan azmazsınız. Peyğəmbər (s) bunu hər hansısa bir zamanla, hər hansısa bir vəziyyət və ya halla qeydləndirmir. Bu isə onların (ə) hər zaman, hər bir halda məsum olmaqlarının göstəricisidir.
İkincisi, Peyğəmbər (s) Əhli-beytini (ə) Qurani-Kərimlə bir qərar verir və bu iki şeyin bir-birindən ayrılmayacağını buyurur. Allah-taala isə müqəddəs Quranda belə buyurur: “Batil ona (Qurana) nə önündən, nə də arxasından gələ bilməz”.[1] Demək, Əhli-beyt (ə) də Quran kimi bütün batil və nöqsanlardan uzaqdır. Çünki insanların hidayət olması üçün qərar verilmiş şəxslərin özü düzgün yolda olmalıdırlar ki, onlara tabe olanlar da Allahın haqq dinində sabit qalsınlar. Nəfslərində və həyatlarında naqislik, günah, xəta olan şəxslər insanları da düzgün yola yönəldə bilməzlər. “Elə isə (deyin görək) haqqa yönəldən şəxs arxasıyca gedilməyə daha layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs?”[2]
Qeyd edək ki, bu məna Əhli-beytin (ə) kimlər olmasını müəyyən etmək barədə də bizə kömək olur. Çünki İmam Əli, Xanım Zəhra, Həzrət Həsən və Hüseyndən (ə) başqa Əhli-beytdən (ə) olması idddia olunan şəxslərin həyatına baxdıqda görürük ki, o müqəddəs şəxslərdən (ə) başqa Əhli-beytdən olmağı iddia edilənlərin hər birinin həyatında günah, xəta və səhvlər var. Demək, onlar Peyğəmbərin (ə) öz ümmətinə itaətini vacib etdiyi məsum olan Əhli-beytdən (ə) sayıla bilməzlər. Çünki Peyğəmbərin (s) bizə itaətini vacib etdiyi Əhli-beyti (ə) günahlardan, xətalardan məsumdurlar.
4-Onlar (ə) insanların ən bilikliləridir
Yuxarıdakı mənanı əsas alaraq deyə bilərik ki, Əhli-beyt (ə) insanların içində ən elmli şəxslər hesab olunurlar. Çünki Allah tərəfindən Peyğəmbərin (ə) dili ilə itaəti vacib olunan şəxslər digərlərindən daha bilikli olmalıdırlar. Ola bilməz ki, mütləq şəkildə tabeçiliyi vacib olunan şəxsdən daha bilikli bir şəxs olsun. Əgər digər insanların içində elə bir şəxs olsa idi, elə ona tabe olmaq vacib olardı. Peyğəmbərin (s) isə “əgər onlardan yapışsanız, heç vaxt yolunuz azmazsınız” deyə mütləq şəkildə itaətlərini vacib bilməsi bunu göstərir ki, insanlar içində onlardan daha bilikli və elmlisi yoxdur. Ona görə də tabe olunan imamda şərtdir ki, öz zəmanəsinin ən biliklisi, ən elmlisi olsun. Hədislərə baxdıqda bu məzmunu görürük. Hətta imamlarımızın dövründə bəzi səhabələri həqiqi imamı yalançı imamdan bu üsulla ayırıblar. Onlar imamət iddiaçısının yanına gedərək ona çətin suallar verər və yalançı imamın onların suallarına cavab tapmadığını gördükdə onun yalanını üzə çıxarardılar.
Eynilə bu məna da Əhli-beytin kimlərdən ibarət olduğunu müəyyənləşdirməkdə əlimizdən tutur. Digərlərindən fərqli olaraq Əhli-beyt (ə) imamlarının həyatına baxdıqda görürük ki, hər kəs, hətta onların imamətlərini qəbul etməyənlər belə onların öz dövrlərinin ən bilikli şəxslər olmasını etiraf edirlər.