Əhli-beyt təqlid və fətvaya icazə verir (2)

Əhli-beyt təqlid və fətvaya icazə verir (2)

2023-08-25 1667

Əhli-beyt təqlid və fətvaya icazə verir (2)

Məqalənin birinci bölümündə fətva və təqlidin icazəli olmasına dair dörd qrup hədisləri qeyd etmiş, habelə həmin hədislərin mənaları, təqlid və fətvanın icazəli olmasına hansı şəkildə dəlalət etdiyini izah etmiş və hədislər barədə olan bəzi iradlara cavab vermişdir. İkinci hissədə isə fətva və təqlidin icazəli olmasına dair beşinci qrup hədislərlə tanış olacaqsınız.

Son olaraq isə bu hədislər barədə ümumi olaraq səsləndirilən əsas iradları və həmin iradların cavablarını qeyd etmişik.

5-cü qrup hədislər: İmamlar (ə) fətva verməyə görə tənqid etmir

Oxuyacağınız hədislərdə görəcəksiniz ki, imamlara müxtəlif şiə fəqihlərin fətvaları deyildikdə bu fətvalarda xətalar olsa belə imamlar (ə) nə fətvanı götürüb ona əməl edəni, yəni nə təqlid edəni, nə də fətva verəni məzəmmət edir. Əvvəldə də işarə etdiyimiz kimi, məsumların təqriri höccətdir, dəlildir. Yəni edilən əmələ etiraz edə bildiyi halda susub etiraz etmirsə, demək həmin iş icazəlidir. Çünki yaxşılığa dəvət və pisliklərdən çəkindirmək (“əmr bil-məruf vən-nəhy ənil-munkər”) dinimizin vacib əməllərindəndir. Məsum (ə) şəxs isə əsla vacibi tərk etməz. Əgər fətva və təqliddən çəkindirmirsə, məlum olur ki, bunlar pis iş deyil, günah deyil, dinimizdə icazəli olan işlərdəndir. Əvvəldə buna dəlalət edən bəzi hədisləri qeyd etmişdik. Burada da bəzilərini qeyd edirik:

سَيْفٍ التَّمَّارِ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع أَتَيْتُ الْحَجَرَ الْأَسْوَدَ فَوَجَدْتُ عَلَيْهِ زِحَاماً فَلَمْ أَلْقَ إِلَّا رَجُلًا مِنْ أَصْحَابِنَا فَسَأَلْتُهُ فَقَالَ لَا بُدَّ مِنِ اسْتِلَامِهِ فَقَالَ إِنْ‏ وَجَدْتَهُ‏ خَالِياً وَ إِلَّا فَسَلِّمْ مِنْ بَعِيدٍ.

5.1. Seyf Təmmar deyir:

“Əbu Abdullaha (İmam Sadiqə) dedim: “Həcərül-əsvədin yanına gəldim və ətrafının izdihamlı olduğunu gördüm. (Nə etməli olduğumu bilmədim və) əshabımızdan sadəcə bir şəxsi görüb ondan (vəzifəmi) soruşdum. O da “(İzdiham olsa belə) gərək əlini Həcərül-əsvədə sürtəsən” – dedi.

İmam (ə) buyurdu: “Həcərül-əsvədin (ətrafının) boş olduğunu görsən (get yaxından əlini sürt, öp), əks təqdirdə uzaqdan salam ver”.[1]

Qeydlər:

1. Gördüyünüz kimi, sual verən şəxs birinci başqasının fətvasına əməl edib, sonra isə dəqiqləşdirmək, məsələnin dəqiq hökmünü bilmək üçün İmamdan (ə) soruşub. İmam (ə) fətva verən şəxsin sözünün düz olmadığını demədi, uzaqdan salamlamaq icazəli olduğu halda belə sual verəni “niyə başqasından fətva soruşursan?”, “qeyri-məsumun sözünə əməl etmək olmaz, bunu bilmirsənmi?!” və s. deyərək qınamadı, ona “təqlid etmək, başqasının fətvasına əməl etmək olmaz” da demədi. Deməli, fətva soruşmaq, buna əməl etmək icazəlidir.

2. Suala cavab verən şəxs cavabında bir hədis qeyd etmədi, sözünü hədisə əsaslandırmadı. İmam bu barədə də hansısa bir irad bildirmədi. “Fətva verəndə hədisi də demək lazımdır, sən hədissiz fətvaya niyə etibar edirsən?” kimi bir irad bildirmədi, onu bu işlərdən çəkindirmədi.

3. İmam heç soruşmadı ki, “sual verdiyin şəxs kimdir? Mənim fətva verməsinə icazə verdiyim kəslərdəndir, ya icazə verməmişəm?” Heç ravi də kimliyini bəyan etməyə ehtiyac duymadı. Bu hədis də “fətva vermək üçün xüsusi icazə lazımdır” kimi absurd fikirlərlə ziddiyət təşkil edən hədislərdəndir.

4 Əllamə Məclisi hədisin sənədinin səhih olduğunu bildirmişdir.[2]

عَنْ إِسْحَاقَ‏ بْنِ عَمَّارٍ قَالَ: سَأَلْتُ أَبَا الْحَسَنِ ع عَنْ رَجُلٍ نَسِيَ أَنْ يُقَلِّمَ أَظْفَارَهُ عِنْدَ إِحْرَامِهِ قَالَ يَدَعُهَا قُلْتُ فَإِنَّ رَجُلًا مِنْ أَصْحَابِنَا أَفْتَاهُ‏ بِأَنْ‏ يُقَلِّمَ‏ أَظْفَارَهُ وَ يُعِيدَ إِحْرَامَهُ فَفَعَلَ قَالَ عَلَيْهِ دَمٌ يُهَرِيقُهُ‏.

5.2. İshaq ibn Əmmar deyir:

“Əbəlhəsəndən (İmam Kazımdan) ehramda dırnaqlarını tutmağı unudan şəxs barədə soruşdum. O buyurdu: “Dırnaqlarına dəyməsin”.

Dedim: “Əshabımızdan bir şəxs fətva verdi ki, dırnaqlarını tutsun və ehramını yeniləsin. O da belə etdi”.

İmam buyurdu: “Ona (fətva verənə)[3] (kəffarə olaraq qoyun) kəsməsi vacibdir”.[4]

Qeydlər:

1. Əvvəlki hədisdə qeyd etdiyimiz məsələlər burada da mövcuddur. Yəni şəxs fətva verənə müraciət edir, onun sözünə əməl edir, imam isə buna görə onun barəsində mənfi bir söz demir, onu tənqid etmir. İmamdan fətva üçün xüsusi icazəsi olan bir şəxs olaraq da qeyd edilmir. Ravi onun barədə “əsbahımızdan olan bir şəxs” deyir. Aydın olur ki, bu etibar etdikləri hansısa bir şəxsdir, icazə kimi bir xüsusiyyəti yoxdur.

2. Bu hədis həm də fətva verənin zaminliyini ifadə edən hədislərdəndir.

3. Hədis mötəbərdir. Əllamə Məclisi hədisin sənədinin müvəssəq olduğunu qeyd etmişdir.[5]

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ رَفَعَهُ قَالَ: سَأَلَتِ امْرَأَةٌ أَبَا عَبْدِ اللَّهِ ع فَقَالَتْ إِنِّي كُنْتُ‏ أَقْعُدُ مِنْ‏ نِفَاسِي عِشْرِينَ يَوْماً حَتَّى أَفْتَوْنِي بِثَمَانِيَةَ عَشَرَ يَوْماً فَقَالَ أَبُو عَبْدِ اللَّهِ ع وَ لِمَ أَفْتَوْكِ بِثَمَانِيَةَ عَشَرَ يَوْماً فَقَالَ رَجُلٌ لِلْحَدِيثِ الَّذِي رُوِيَ عَنْ رَسُولِ اللَّهِ ص قَالَ لِأَسْمَاءَ بِنْتِ عُمَيْسٍ حِينَ نَفِسَتْ بِمُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ فَقَالَ أَبُو عَبْدِ اللَّهِ ع إِنَّ أَسْمَاءَ سَأَلَتْ رَسُولَ اللَّهِ ص وَ قَدْ أُتِيَ بِهَا ثَمَانِيَةَ عَشَرَ يَوْماً وَ لَوْ سَأَلَتْهُ‏ قَبْلَ ذَلِكَ لَأَمَرَهَا أَنْ تَغْتَسِلَ وَ تَفْعَلَ مَا تَفْعَلُهُ الْمُسْتَحَاضَةُ.

5.3. “Bir qadın Əbu Abdullaha (ə) sual verdi: “Mən nifas olduğum zaman iyirmi gün ibadətlərimdən qalırdım, ta ki mənə on səkkiz gün (nifas saymağımı əshabımız) fətva verənə qədər (daha on səkkiz gündən artıq ibadətlərimdən qalmadım)”.

Əbu Abdullah (ə) buyurdu: “Nəyə görə sənə on səkkiz gün (nifas qalmaq) fətvası verdilər?”
Bu zaman bir kişi dedi: “Əsma bint Umeysin Məhəmməd ibn Əbu Bəkri dünyaya gətirib nifas gördüyü zaman Peyğəmbərin (s) ona (belə etməsini) buyurduğu barədə nəql edilən hədisə görə”.

Əbu Abdullah (ə) buyurdu: “Əsma Allahın elçisinə sual verən zaman artıq (nifasın başlanğıcından) on səkkiz gün keçmişdi. Əgər bundan öncə soruşsaydı, ona qüsl almağı və müstəhazə qadının etdiklərini etməyi əmr edərdi”.[6]

Qeydlər:

1. Hədisdə İmam (ə) nə fətva verəni məzəmmət edir, nə də o fətvaya əməl edən qadını. Sadəcə fətva verən şəxsin buna dəlili varmı deyə soruşur. Dəlili də öyrəndikdə fətva verənlərin istinad etdiyi hədisin mətləbə dəlalət etmədiyini bildirir. Amma onları xətalarına görə də məzəmmət etmir. Çünki onlar fətva verərkən hədisi dəlil hesab edib ona əsaslanıblar.

2. Deməli, fəqihin dəlilə söykənib xəta etməsi mümkündür, bu, normaldır. Dəlilə söykəndiyi halda onu yanlış anlasa və ya digər səbəbdən xəta etsə, bu işinə görə də məzəmmət edilməz.

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ

 

[1] Şeyx Kuleyni, Əl-Kafi, c. 4, səh. 405.

[2] Əllamə Məclisi, Miratul-uqul, c. 18, səh. 19.

[3] Əvvəldə də qeyd etmişdik ki, fətva verənin dünyadakı zaminliyi barədə ixtilaf var. Əllamə Məclisi həmin şəxsin axirətdə zamin olduğunu bildirsə də, dünyadakı zaminliyinin iradlı olduğunu bildirmişdi. Bu hədisdə də “o” şəxs əvəzliyini dırnağını tutan şəxsə aid edir. Lakin qeyd edir ki, əksər alimlər bunu müftiyə aid ediblər. Biz də mötərizədə əksər alimlərin sözünü qeyd etdik.

[4] Şeyx Kuleyni, Əl-Kafi, c. 4, səh. 361.

[5] Əllamə Məclisi, Miratul-uqul, c. 17, səh. 322.

[6] Şeyx Kuleyni, Əl-Kafi, c. 3, səh. 98.