Əhli-beyt təqlid və fətvaya icazə verir
Təqlidin icazəli, hətta zəruri bir məsələ olması şübhə və tərəddüd edilməməli bir məsələdir. Hər bir ağıl sahibi həyatın müxtəlif sahələrində yaranan ehtiyaclar səbəbilə mütəxəssislərə müraciət edir, onların vasitəsilə məsələlərini həll edir. Təqlid də bunlardan biridir. Elə İslamın əvvəlindən insanlar bu və ya digər şəkildə fəqihlərə müraciət etmiş, onların fətvalarına əməl etmişlər. Təqlidin icazəli olmasına müxtəlif dəlillər qeyd edilmişdir və bu dəlillərin hər biri ayrı-ayrılıqda məsələnin isbatı üçün kifayətdir. Lakin təbii olaraq İslamın əvvəlindən insanların əməl etdiyi belə bir əhəmiyyətli məsələnin dini mətnlərdə də əsası olmalıdır. Bu məqaləmizdə Əhli-beyt (ə) imamlarının fətva və təqlid barədə olan sözlərini araşdıracaq və onların bu işə icazə verdiyini göstərən hədislərin bir hissəsini təqdim edəcəyik.
Qeyd: Təqdim edəcəyimiz hədislərin bəzisi fətva və təqlidi sözbəsöz bildirsə də, bəzisi həmin mənanı başqa sözlərlə ifadə edir. Məsələnin sübutu üçün lazım olan da məhz mənadır. Ona görə də fətva və təqlidin mənasına xülasə olaraq işarə edirik:
“Fətva” sözü bəzən ümumi mənada da işlənir, bu zaman qəzavətə də şamil olur. Lakin əsas olan bu sözün xüsusi mənasıdır. Fətvanın xüsusi mənası isə belədir: “fətva fəqihin dəlillərdən çıxarış edib əldə etdiyi, ümumi bir mövzu (predmet) barədə verdiyi hökmdür”.[1]
Məsələn, “şərab haramdır” hökmü kimi. Burada şərab ümumidir, bütün şərablara aiddir, hansısa xüsusi bir şüşədəki, qədəhdəki şərabdan söhbət getmir. Yəni fəqih şərab barədə fətva vermək istədikdə şəri, dini dəlillərə, yəni Quran və sünnəyə müraciət edərək dinimizin şərab barədəki göstərişini araşdırır, dəlillər nəyi deyirsə, nəticədə onun əsasında fətva verib mükəlləfə İslamın bu barədəki hökmünü açıqlayır.
Təqlid isə “müctəhidin fətvasına söykənərək əməl etmək, yaxud özünü bununla məsul bilməkdir”.[2] Təqlidin tərifində olan ikinci hissədən məqsəd budur ki, insan bəzən bir çox məsələlərlə qarşılaşmır deyə təbii olaraq həmin məsələlər barədə olan fətvalara da əməl etmək lazım gəlmir. Bununla belə həmin şəxs özünü müctəhidin fətvasına əməl etməklə məsul bilir. Yəni əgər həmin məsələlər qarşıya çıxsa, o zaman fətvaya əməl edəcək. Buna da təqlid deyilir. Hədislərdə bu mənalara müvafiq olan sözlərin gəlməsi təqlidin mötəbərliyinə dəlil üçün kifayətdir.
Deməli, əgər hədislərdə bu mənalara dəlalət edən ifadələr işlənsə, həmin hədislər fətva və təqlid üçün dəlil olacaq, sırf fətva və təqlid sözlərinin işlənməsinə ehtiyac yoxdur. Əgər bir şəxsin digərinə dini hökmü bəyan etməsi barədə ifadələr gəlsə, bu ifadələr fətvanın dəlili olar. Habelə əgər hansısa hədis məsum olmayan bir şəxsin verdiyi hökmə əməl etməyə icazə versə, həmin hədis də təqlidin dəlili sayılacaq.
Biz hədisləri qeyd edərkən əksər hədislərin altında qeydlərimizi də yazacağıq. Düzdür, bu, məqalənin həcminin gözləniləndən artıq olmasına gətirib çıxarır. Lakin bəzən oxucu təqlid və fətvanın icazəli olmasını bildirən hədislərlə qarşılaşdıqda onun ifadə etdiyi mənalara, nələrə dəlalət etdiyinə diqqət etmir. Buna görə də təqlidi qəbul etməyən şəxslərin bu hədislər müqabilində səsləndirdiyi zəif iradlar belə onları düşündürür, hədisin dəlil olaraq kifayət etmədiyi qənaətinə gəlirlər. Halbuki çox zaman bu iradlar hədisləri şəxsi rəy ilə təfsirdən başqa bir şey olmur. Quranı şəxsi rəy ilə təfsir etmək qadağan edildiyi kimi, hədisi də şəxsi rəylə təfsir etmək, şübhəsiz ki, qadağandır.
Biz burada hədislərin hansı mənaları çatdırdığını, fətva və təqlidə hansı şəkildə dəlalət etdiyini izah etməyə, eləcə də hədislərin özünün ifadə etdiyi mənanı hədisdə istifadə edilən sözlər və əlamətlər əsasında bəyan etməyə çalışacağıq. Mühüm olan da hədisləri diqqətlə, mənalarını anlayaraq oxumaqdır. Buna görə də hədisi anlamaq onu anlamadan nəql etməkdən üstün hesab edilir. Necə ki İmam Sadiq (ə) buyurub: “Alimlərin dərdi (hədisi) anlamaqdır, cahillərin dərdi isə nəql etməkdir”.[3]
Beləliklə, mövzumuza aid olan hədisləri qruplara bölərək əziz oxuculara təqdim edirik:
1-ci qrup hədislər: imamların (ə) bəzi şəxslərə fətva və təqlid barədə icazə verdiyini bildirən hədislər
Bu hədislərdə məsum imamlar (ə) insanlara kimə təqlid edib kimin sözünü qəbul etməli olduqları barədə tövsiyə və tapşırıqlarını bildirir, onları bəzi səhabələrə doğru yönləndirir.
1.1. Əbu Bəsirin rəvayəti
شُعَيْبٍ الْعَقَرْقُوفِيِّ، قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ (ع) رُبَّمَا احْتَجْنَا أَنْ نَسْأَلَ عَنِ الشَّيْءِ فَمَنْ نَسْأَلُ قَالَ عَلَيْكَ بِالْأَسَدِيِ، يَعْنِي أَبَا بَصِيرٍ.
Şüeyb Əqərquqi deyir: “İmam Sadiqə (ə) dedim: “Bəzən bəzi şeylər haqqında soruşmaq lazım olur (amma sizə əlimiz çatmır). Bu zaman kimdən soruşaq?”
İmam (ə) buyurdu: “Əsədidən soruşmalısan”. (Ravi deyir:) “Əbu Bəsiri qəsd edir”.[4]
Qeydlər:
1. Burada Şüeyb İmamdan (ə) hədis nəqli barədə soruşmur və demir ki, “kimdən hədis nəql edim”, ümumi olaraq dini məsələlər barədə kimdən məlumat əldə etməli olduğunu soruşur. Bura müxtəlif əməllər barədə fətva, etiqadi məsələlər və hədis də daxildir. Hədisdəki “bəzi şeylər” ümumidir və bunların hamısına şamil olur. İmam (ə) da ona “ancaq hədis nəqli üçün müraciət et”, yaxud bu kimi digər bir söz demir. Qeydsiz olaraq Əbu Bəsiri tövsiyə edir. Buradan da icazənin ümumi olması, fətvaya da şamil olması anlaşılır.
2. Hədisin sənədi səhihdir.[5]
1.2. Yunis ibn Əbdürrəhman
عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ الْمُهْتَدِي وَ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ يَقْطِينٍ جَمِيعاً عَنِ الرِّضَا ع قَالَ: قُلْتُ لَا أَكَادُ أَصِلُ إِلَيْكَ أَسْأَلُكَ عَنْ كُلِّ مَا أَحْتَاجُ إِلَيْهِ مِنْ مَعَالِمِ دِينِي أَ فَيُونُسُ بْنُ عَبْدِ الرَّحْمَنِ ثِقَةٌ آخُذُ عَنْهُ مَا أَحْتَاجُ إِلَيْهِ مِنْ مَعَالِمِ دِينِي فَقَالَ نَعَمْ.
Əbdüləziz ibn Muhtədi və Həsən ibn Əli ibn Yəqtinin hər ikisindən nəql edilir:
“(İmam Rzaya (ə)) dedim: “Sənə fəda olum, hər dəfə sənin yanına gəlib bütün ehtiyacım olanları səndən soruşa bilmirəm. Yunis ibn Əbdürrəhman etibarlı şəxsdirmi? Ehtiyacım olan dini məlumatları ondan ala bilərəmmi?”
İmam (ə) buyurdu: “Bəli”.[6]
Qeydlər:
1. Hədisdə sual verən “dinimin əlamətləri, nişanələri” mənasını ifadə edən “məalim” sözünü işlədir. Bu da istənilən məlumata aiddir, istər hökmlər olsun, istər hədislər. Ravi sualını xüsusi bir şeylə qeydləndirmir. İmam (ə) da ona verilən suala uyğun cavab verir, yəni ümumi danışır. Beləcə, həm fətvada, həm də hədis nəqlində Yunisə etibar edilə biləcəyini bildirir. Fətvasını qəbul etmək də elə təqlid etmək deməkdir. Təəssübkeşlik etməyən bir şəxs üçün məsələ olduqca aydındır. İnşallah, məqalənin son bölümündə bu ifadədə verilən icazənin fətva barədə olmasına digər bir dəlili də təqdim edəcəyik.
“Məalim” sözü əlamət mənası daşısa da, həm hədisə, həm də lüğəvi mənasına yaxın olan sözün “məlumat” olması səbəbilə tərcümədə onu qeyd etmişik.
2. Hədisin sənədi səhihdir.[7]
3. Qeyd edək ki, Yunis barədə digər hədislər də mövcuddur, sadəcə bunu qeyd etməklə kifayətlənirik. Digər hədislər üçün “Vəsailuş-şiə” kitabında qeyd edilən ünvana müraciət edə bilərsiniz.
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ
[1] Doktor Əhməd Fəthullah, Mucəmu əlfazi fiqhil-cəfəri, səh. 272.
[2] Eyni mənbə, səh. 92.
[3] Əllamə Məclisi, Biharul-ənvar, c. 2, səh. 161.
[4] Şeyx Tusi, İxtiyaru mərifətir-rical (Ricalul-Kəşşi), səh. 172.
[5] Seyid Xoyi, Mucəmu ricalil-hədis, c. 21, səh. 83.
[6] Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 27, səh. 147.
[7] Seyid Xoyi, Mucəmu ricalil-hədis, c. 21, səh. 217.