Şeyx Tusinin şafei olması barədə şübhəyə cavab

Şeyx Tusinin şafei olması barədə şübhəyə cavab

2023-02-13 2868

Qeyd etdiklərimizdən müəllifin nəql etdiyi digər şeylərin də hansı dəyərə malik olduğu aydın olur. Məsələn, müstəhəb namaz üçün dəstəmazın vacib olmamasını imamiyyə məzhəbinə nisbət vermişdir. Halbuki bu, açıq-aşkar məzhəbə atılan iftiradır. Şiələrin kitabları müxtəlif diyarlara yayılmışdır (əgər belə bir hökm varsa, göstərsinlər). Həmçinin o, Qədir-xum gününü zil-hiccə ayının 10-u olaraq qeyd etmişdir.[1]

Habelə aydın olur ki, onun və digər şəxslərin imamiyyə məzhəbinin fikirlərinin batil olması barədə dediklərinin də heç bir dəyəri yoxdur. Bir halda ki bu fikirlər şəriəti gətirənin (s) qoyduğu əsasa söykənir. Məzhəbin fikirləri Peyğəmbərin (s) “Səqəleyn” hədisi və başqa hədislərdə müraciət ediləcək mənbə olaraq tanıtdığı yerə qayıdır.

Dediklərimiz barədə daha artıq məlumat sahibi olmaq üçün “Kəşfuz-zunun”, c. 1, səh. 452-yə müraciət et. Orada deyir:

“Tusinin təfsiri: O, Əbu Cəfər Məhəmməd ibn Həsən Tusidir, şiələrin şafei fəqihidir. Şafei məzhəbinə mənsub idi. 460-cı ildə vəfat edib. Təfsirinə “Məcməul-bəyan liulumil-Quran” adını verib. Habelə “əl-Kəşşaf” kitabını xülasə etmiş və həmin xülasəni “Camiul-cəvami” adlandırmışdır. Onu 542-ci ildə yazmağa başlamışdır”.[2]

Subki deyib: “Kitabları bir neçə dəfə insanların qarşısında yandırılıb”.

Bax gör ki necə “ət-Tibyan”ın yerinə “Məcməul-bəyan”ı Tusinin kitabı qərar verib, gör şiələrin fəqihi necə şafei olub. Eyni kitabın 2-ci cildinə, 1602-ci səhifəsinə müraciət et. Orada isə deyir ki, “Məcməul-bəyan fi təfsiril-Quran” şiə olmuş Şeyx Əbu Əli Fəzl ibn Hüseyn Təbərsi Məşhədinindir.

Bundan əlavə, “Reyhanətul-ədəb” kitabı, cild 5, səhifə 256-da belə yazılıb:

“İbn İdris: Məhəmməd ibn Əhməd və ya Məhəmməd ibn Mənsur ibn Əhməd ibn İdris ibn Hüseyn, künyəsi Əbu Abdullahdır. Şeyx Mamaqaninin rical kitabının 2-ci cildinə, “Məhəmməd” babına müraciət etdikdə nəsəbdəki ixtilafın səbəbi aydın olur”.

Bu iddiaya olan iradları daha da uzatmaq istəmirik. İddianın əvvəli və axırının bir-biri ilə ziddiyətli olması da irad olaraq kifayət edir. Axı şiələrin fəqih və müəllifi necə ola bilər ki, şafei fiqhini mənimsəyib şafei məzhəbinə mənsub olsun?! Bir halda ki hər iki məzhəb arasındakı fərq aydındır, hər iki məzhəbin özünəməxsus əsasları və sərhədləri mövcuddur.

Ola bilər ki, Subkinin bunu qeyd etməkdə məqsədi bu idi ki, Şeyx Tusi kimi böyük elmi və ictimai məqama sahib olan birini şafeilərin siyahısına əlavə etmək daha inandırıcı və asan qəbuledilən olacaqdı və onun tərcümeyi-halının əlavə edilməsi ilə qeyd etdiyi təbəqələrin sayı da çoxalacaqdı.

Bunu edən təkcə Subki olmayıb. Ondan başqa bəzi şəxslər də onun yolunu gedərək onun etdiyini təkrarlamışlar. “Əl-Vafi bil-vəfəyat”, c. 2, səh. 349-da Şeyx Tusinin tərcümeyi-halını qeyd edib onu “Şafei” olaraq vəsf edən Safədi, həmçinin “Təbəqatul-mufəssirin”, səh. 29-da Süyuti, “Kəşfuz-zunun” c. 1, səh. 452-də Katib Çələbi, son olaraq da “Mucəmul-muəllifin”, c. 9, səh. 202-də bunu qeyd edən Ömər Rza Kəhhalə də bunlardandır. Bəlkə də qarşımıza çıxmayan digər şəxslər də var”.

Məqalə “aqaed.com” saytından kiçik ixtisarla tərcümə edilmişdir.

Tərcümə: Əbdüssəməd Qurbanov

Besiret.az


[1] Qədir-xum günü zil-hiccə ayının 18-idir. Bu da müəllifin şiələr, onların fikir və alimləri barədə savadsızlığının göstəricilərindəndir — tərc.

[2] Əvvəlki iqtibas və oradakı iradla ziddiyətli deyil. “Əl-Hədaiqun-nazirə”nin haşiyəsində, habelə “Kəşfuz-zunun” kitabının Mərəşi Nəcəfinin müqəddiməsi ilə olan çapında hərflərlə “dörd yüz altmış” yazılmış, yanında isə mötərizədə “(561)” qeyd edilmişdir. Lakin məqalədə sadəcə hərflərlə yazılan tarix qeyd edilib. Biz də mətnə bunu əlavə etmədik və bu qeydi yazmaqla kifayətləndik. Habelə kitabın yazılma ili 562 yox, həm hərf, həm də rəqəmlə 542 olaraq qeyd edilib — tərc.