“Məsalikul-əfham ila ayatil-əhkam” kitabında qeyd edilənlər
Cavad Kaziminin “Məsalikul-əfham ila ayatil-əhkam” kitabında, cild 1, səhifə 3-ün haşiyəsində belə qeyd edilib:
“1067-ci ildə vəfat etmiş Hacı Xəlifə Katib Çələbinin “Kəşfuz-zunun”da Tusinin təfsirini qeyd etdiyi zaman düçar olduğu səhv çox qəribədir (Bax: c. 1, səh. 311, İstanbul, “Mətbəətul-aləm”, 1310-cu il). Biz onun sözlərini elə olduğu kimi nəql edirik:
“Tusinin təfsiri: O, Əbu Cəfər Məhəmməd ibn Həsən Tusidir, şiələrin fəqihidir. Şafei məzhəbinə mənsub idi. 561-ci ildə vəfat edib. Təfsirinə “Məcməul-bəyan liulumil-Quran” adını verib. Habelə “əl-Kəşşaf” kitabını xülasə etmiş və həmin xülasəni “Cəvamiul-cami” adlandırmışdır. Onu 562-cı ildə yazmağa başlamışdır. Subki deyib: “Kitabları bir neçə dəfə insanların gözü qarşısında yandırılıb”.
Burada hər kəsə aşkar olan xətalar mövcuddur:
Şeyx Tusi heç bir zaman şafei məzhəbinə mənsub olmamışdır. Onun şiələrin fəqihi olması ilə şafei məzhəbinə mənsub olması arasındakı ziddiyət olduqca aydındır. Axı necə düşünülə bilər ki, Şeyx Tusi kimi böyük bir şəxsiyyət elə bir məzhəbin yolunu tutsun, elə bir məzhəbdən faydalansın ki, onun başçısı belə Şeyxin əzəməti, dərin düşüncə və biliyi, elmi üstünlüyü, fətva və nəzərlərində başqalarından ehtiyacsızlığı və müstəqilliyi qarşısında kiçik qalar. Şeyx heç bir şəxsin müqəllidi olmamış və yalnız dəlillərin isbat etdiyi, düzgün bürhanların gərəkdirdiyi şeylərə önəm verən mütləq müctəhid olmuşdur. O, hədis nəqli və təhlili sahəsində bütün dövrlərdəki şiələr arasında etimad qazanmışdır. Biz Hacı Xəlifə və onun yolunu getdiyi şəxslərdən (Subki “Təbəqatuş-şafeiyyə”sində, c. 3, səh. 51) tələb edirik ki, bu qədər çox üsuli və fiqhi kitabları olan Şeyxə nisbət verdikləri bu iddianı sübut etmək üçün onun bir sözünü, bir rəyini və ya bir kitabını qeyd etsinlər. Bundan əlavə qeyd etməliyik ki, Şeyxin vəfatı 460-cı ildə olmuşdur. Hacı Xəlifənin qeyd etdiyi kimi 561-ci ildə olmayıb. Onun təfsirinin adı da “ət-Tibyan” idi, “Məcməul-bəyan” yox. “Məcməul-bəyan” 548-ci ildə vəfat etmiş Əbu Əli Fəzl ibn Həsən Təbərsinin olub, “Cəvamiul-cami” də həmçinin. Deməli, “Məcməul-bəyan”ın həqiqi müəllifinin belə vəfatı 561-ci ildə olmayıb.
Bundan sonra isə deməliyik ki, istər Tusi olsun, istərsə də Təbərsi, Hacı Xəlifənin “Məcməul-bəyan” və “Cəvamiul-cami”nin müəllifinin 561-ci ildə vəfat etməsi, sonra isə əsəri (istər əvəzlik “Məcməul-bəyan”a aid olsun, istərsə də “Cəvamiul-cami”yə)[1] 562-ci ildə yazmağa başlaması barədə dediklərinin mənası budur ki, müəllif öldükdən bir il sonra kitabı yazmağa başlayıb.[2] Hacı Xəlifənin bir-birinin ardınca olan bu qədər qəribə səhvləri bizə məşhur bir fars deyimini xatırladır: “Xəsən və Xüseyn hər üçü Müğaviyənin qızlarıdır...”[3]
“Əl-Hədaiqun-nazirə” kitabında qeyd edilənlər
Mühəqqiq Bəhraninin “əl-Hədaiqun-nazirə” kitabında, cild 10, səhifə 14-dəki haşiyədə deyilir:
“Kəşfuz-zunun” kitabının müəllifi cild 2, səhifə 1286-da imamiyyə məzhəbi əsasında fiqh elmi barədə qələmə alınmış əsərlərə toxunarkən səhifənin aşağısında bu başlığa bir haşiyə yazaraq belə deyib:
“(Şiələr) Şafeiyə İbn İdris deyirlər”.
Sonra kitabları qeyd edən zaman yazıb:
“Əl-Bəyan” və “əz-Zikra”, “Şəraiul-islam” və həmin kitabın haşiyəsi, “əl-Qəvaid”, “ən-Nihayə”.
Daha sonra isə deyib:
“Onların batil fikirlərindən biri də budur ki, müstəhəb namaz üçün dəstəmazın vacib olmadığını deyirlər...”
Beləcə öz nəzərinə əsasən batil olan hökmləri qeyd edib. Onlar arasında da Qədir-xum gününün qüslunu qeyd edib və bildirib ki, Qədir-xum günü zil-hiccə ayının 10-dur.
Həmin kitabın 2-ci cildində, səhifə 1281-də isə deyib:
“İbn İdrisin, yəni Şafeinin məzhəbinə mənsub olan imamiyyə məzhəbi əsasında yazılmış əsərlər çoxdur, “Şəraiul-islam”, onun haşiyəsi, “əl-Bəyan”, “əz-Zikra”, “əl-Qəvaid”, “ən-Nihayə”.
(Qeyd olunanlara irad olaraq) deyirəm:[4] bilmirəm bu araşdırmaçı, mühəqqiq belə “nəfis” araşdırmanı haradan əldə edib. Onun araşdırma və təhqiqi necə olub ki, şiə alimləri arasındakı Məhəmməd ibn İdris İcli Hillidən və şiə alimlərinin kitablarından olan İbn İdrisin “əs-Sərair” kitabından qafil olması ilə nəticələnib. Beləliklə də gəlib belə bir hökm verib ki, şiə alimlərinin sözlərində “İbn İdris” deyəndə nəzərdə tutulan şəxs Məhəmməd ibn İdris Şafei Qurəşidir. Gərək o, ən azından İbn Həcər Əsqəlaninin “Lisanul-mizan”ına, cild 5, səhifə 65-ə müraciət edərdi. İbn Həcər orada deyir:
“Məhəmməd ibn İdris İcli Hilli şiələrin fəqihi və alimidir. Onun imamiyyə fiqhi barədə əsəri var. Öz dövründə şiələr arasında onun kimi birisi yox idi. 597-ci ildə vəfat etmişdir”.
Bəli, öz nəfsi istəyinə, təəssübkeşliyinin gərəyinə uyğun yazıb kitab ərsəyə gətirən və hökm verən, vicdanının səslədiyi araşdırma və təhqiqatdan boyun qaçıran biri üçün bu səhvlər qəribə deyil. Araşdırsaydı, imamiyyə alimlərinin sözlərindəki İbn İdrisin kim olduğunu anlayardı. Anlayardı ki, imamiyyə məzhəbi ilə şafei məzhəbi arasında yalnız ziddiyətlər mövcuddur və heç bir əlaqə yoxdur. İmamiyyə məzhəbinın əsası və mənbəyi Peyğəmbərin (s) özündən sonra ümmət içində qoyub getdiyi, tabe olmağı, onlara sarılmağı tapşırdığı, din işlərində müraciət mənbəi olaraq qərar verdiyi, özündən sonra azğınlıqdan amanda qalmağı onlara bağladığı Kitab və itrət, Əhli-beytdir (ə). Necə ki hər iki məzhəb tərəfindən sabit olan “Səqəleyn” hədisi açıqca bunu bildirir. Müraciət et: “əl-Hədaiqun-nazirə”, c. 9, səh. 360.
Deməli, imamiyyə məzhəbi öz hökmlərini “Kitab” (Qurani-kərim) və itrət çeşməsindən əldə edir, bu məzhəbin qətiyyən şafei məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə başqa fikirləri qeyd etdiyi kimi, onun da fikrini “Şafei (belə deyib)” yazaraq qeyd edir.
[1] Ərəbcə ifadə bu şəkildədir: وابتدء بتأليفه في سنة اثنين وستين وخمسمائة
Mənası belədir: “Onu 562-cı ildə yazmağa başlamışdır”. Burada əvəzliyin hər iki kitaba aid olma ehtimalına işarə edir. Lakin hər bir halda, qeyd olunmuş iradın düzgünlüyünə bir təsiri yoxdur — tərc.
[2] Burada qeyd etməliyik ki, sonrakı sitatda 561 yerinə 460 yazıldığını görəcəksiniz. Aydın olan budur ki, müəllifin qeyd etdiyi nüsxədə bu şəkildə yazılıb və iradı bu əsasda bildirib. Həmçinin sonrakı iqtibasda da işarə edəcəyimiz kimi, kitabı yazma tarixində də çaplar arasında fərq olduğu aydın olur. Burada 562, sonrakı mətndə isə 542-ci il olaraq qeyd edilib — tərc.
[3] Əsli bu şəkildədir: خسن وخسين هر سه دختران مغاوية اند
Fars məsəlidir. Bir şəxs başdan-ayağa səhv danışarsa, bu məsəl yada düşər. Məsəl belədir ki, bir nəfər deyir: “Xəsən və Xüseyn hər üçü Müğaviyənin qızlarıdır. Onları Mədinədə qurd parçaladı”. Danışığı tamamilə səhv olan bu adama belə irad tuturlar: “Xəsən və Xüseyn yox, Həsən və Hüseyn. Hər üçü yox, hər ikisi. Qız yox, oğlan. Müğaviyə yox, Müaviyə. Müaviyə də yox, Əli. Qurd parçalamayıb. İmam Həsəni yoldaşı zəhərləyib, İmam Hüseyni isə Kərbəlada qətlə yetiriblər. Qurdun öldürdüyü isə Yusif idi. O da Mədinədə deyildi, Kənanda idi. Onu da heç qurd yeməmişdi. Qardaşları belə demişdi. Onların da sözü yalan idi” — tərc.
[4] Bunu deyən “Hədaiqun-nazirə”nin mühəqqiqi, Şeyx Məhəmmədtəqi İrəvanidir — tərc.