Mənim fikrimə görə,[1] Şeyxin kəlam elminə aid bəhslərdə mötədil və obyektiv mövqeyi; öz yazılarında, xüsusilə də “ət-Tibyan” təfsirində və “əl-Xilaf” kitabında müxtəlif islam məzhəbləri alimlərinin fikirlərini qeyd etməsi, fiqhin qollara, bölmələrə ayrılmasına rəvac verməsi, az sonra da görəcəyin kimi, ictihad metodunu sünnilərdə olduğu şəkildə (həmin tərtibdə, həmin bəhslərə uyğun şəkildə — tərc.) şiələr arasında yayması; onların sözlərindən, xüsusilə də İmam Şafeinin kitablarından öz əsərlərində, məxsusən “əl-Məbsut”da sitat gətirməsi, onların kitablarından rəvayətlər qeyd etməsi; sonradan bu işi tərk etsə də, əvvəllərdə özünün “Təhzibul-əhkam” kitabında hər iki firqənin hədislərini toplamaq istəməsi və bunun kimi digər işlər, çox güman ki, qeyd edilən bu üç alim tərəfindən belə bir gümanın səsləndirilməsinə səbəb olub. Yaxud da onlar Şeyx Tusini Tusdan olan başqa bir şəxslə səhv salıblar. Necə ki “Kəşfuz-zunun” kitabının müəllifi belə bir şey etmiş, hicri 548-ci ildə, yəni Tusidən 88 il sonra vəfat edən Şeyx Təbərsini onunla səhv salmışdır. Hətta aydın olan budur ki, bu şəxslər Şeyx Tusi və onun kitabları haqqında tam bir məlumata sahib deyildilər. Məsələn, Subki onun çoxlu kitabları arasından Quran təfsiri ilə “əl-Əmali”sini qeyd etməklə və onun Kufədə vəfat etdiyini yazmaqla kifayətlənib. Katib Çələbi də öz növbəsində həmin aşkar səhvlərə düçar olub.
Səbəb hər nə olursa olsun, digər əhli-sünnə alimləri də Tusinin həyatı barədə danışmışlar, lakin onlar bu üç şəxsin Tusi barədə dediklərini ona nisbət verməmişlər. Şeyxin müasiri olmuş bəzi sünni alimləri isə onu olduğu kimi tanıtmış və onun barəsində: “Həm sünni, həm də imamiyyə mənhəci üzrə alim idi” (hər ikisinə bələd idi – tərc.) demişdir.
Tusda şiə ailələrinin yaşaması məsələsi bizim nəzərimizdə dəqiq bilinən bir şeydir. Şair Firdovsi özü buna dəlildir. Bununla yanaşı bilirik ki, həmin məntəqənin əhalisinin əksəriyyəti əhli-sünnəyə mənsub idilər və aydın olan budur ki, şafei məzhəbinin davamçıları idilər. Vəzir Nizamül-mülkün (h. 408-485) Noğanda, İmam Qəzalinin (h. 450-505) Tabiranda[2] boya-başa çatması və həmçinin digər sünni alimləri bunu qüvvətləndirir. Ehtimal edilir ki, Şeyx Tusinin ailəsi Tusda olan Əhli-beyt şiələrindən olmuş, lakin onlara bir pislik edilməsin deyə özlərini şafei kimi göstərmiş və təqiyyə örtüyü altında gizlənmişlər. Necə ki belə bir davranış ölümündən sonra Firdovsiyə qarşı edilmişdir: rafizi olmasına görə onun müsəlman qəbiristanlığında dəfninə razı olmamışlar”.
“Əl-Xilaf” kitabında qeyd edilənlər
Şeyx Tusinin “əl-Xilaf” kitabında (kitabın müqəddiməsində — tərc.), səhifə 11-12 də yazılıb:
“Bağışlanmayacaq bir ziddiyət:
Müxalifləri onun üstünlüklərini təsdiqlədikdən, bütün elmlərdə onun məqamını qəbul etdikdən, onun ilahi maarifdəki qüdrətini və islam elmlərindəki təcrübəsini gördükdən sonra Subki və digərlərinə məsələ qaranlıq qalmış, Tusini şafei məzhəbinə nisbət verərək böyük bir ziddiyət və aşkar bir səhvə düçar olmuşlar. Tacəddin Subki “Təbəqatuş-şafeiyyətil-kubra”nın 3-cü cildi, 51-ci səhifəsində deyir:
“Məhəmməd ibn Həsən ibn Əli – Əbu Cəfər Tusi: şiə məzhəbinin fəqihi və müəllifidir. Şafei məzhəbinə mənsub idi. Onun bir Quran təfsiri var. İki cildlik kitabda da hədislər və hekayələr imla etmişdir. O, Bağdada gəlib burada şafei məzhəbinin fiqhini öyrənmişdir. Kəlam və üsul elmlərini imamiyyə məzhəbinin fəqihi, Mufid adı ilə tanınmış Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nomandan öyrənib. Hillal Həffardan hədis nəql etmiş, oğlu Əbu Əli Həsən də ondan hədis nəql etmişdir. Kitabları bir neçə dəfə insanların gözü qarşısında yandırılıb. 460-cı ildə Kufədə vəfat edib”.
Bəli, Şeyx Tusi şafei məzhəbinin və digər məzhəblərin — hənəfi, maliki, hənbəli, zahiri və s. kimi məzhəblərin fiqhini öyrənmişdi. Bu məzhəblərdə dərin məlumatlara yiyələnmiş və onlar barədə çox yazmışdı. Önündəki kitab da (“əl-Xilaf” kitabını nəzərdə tutur – tərc.) bunun əyani nümunəsi və onun bu insanların (digər məzhəb nümayəndələrinin — red.) məsələləri, onların əqidələri barədə nə qədər dərin bilik və məlumata sahib olmasına dəlildir. Amma bunlar Tusinin həmin məzhəblərdən birinə mənsub olmasını ifadə etmir. Bu da bilinməlidir ki, tarix Tusinin nə şafei olduğunu, nə də bu məzhəblərdən digər birinə mənsub olduğunu qeyd edib.
İbn Kəsir özünün “əl-Bidayə vən-nəhayə” kitabı, cild 12, səhifə 97-də, hicri 460-cı ilin hadisələrində deyir:
“Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi şiələrin fəqihidir. Əlinin ziyarətgahında dəfn edilib. 444-cü ildə Kərxdəki evi və kitabları yandırılandan bu ilin məhərrəm ayına qədər Əlinin yaxınlığında məskunlaşmışdı. Orada vəfat etmiş və orada dəfn edilmişdir”.
İbn Əsir özünün “əl-Kamil fit-tarix” kitabında, cild 10, səhifə 58-də deyib:
“Şiələrin fəqihi Əbu Cəfər Tusi Əmirəlmöminin Əli ibn Əbu Talibin məzarı olan məntəqədə vəfat edib”.