Ramazan ayı 29 gün ola bilərmi?

Ramazan ayı 29 gün ola bilərmi?

2022-04-30 3142

Həmin fəsildən olan digər hədislərə nəzər salaq:

1. Məhəmməd ibn Müslim İmamdan (ə) nəql edir: “Ramazan ayı da digər aylar kimi naqis (29 gün) ola bilər. Əgər 29 gün oruc tutsan, sonra hava buludlu olsa (hilalı bu səbəbdən görə bilməsən), orucunu 30 günlə tamamla”.

3. Həmmad ibn Osman İmam Sadiqdən (ə) belə nəql edir: “Ramazan ayı da digər aylar kimi naqis (29 gün) ola bilər”.

6. İmam Sadiq (ə) buyurur: “Ramazan orucu hilalı görməklədir, zənlə deyil. Ramazan ayı bəzən 29, bəzən də 30 gün ola bilir. O da digər aylar kimi naqis ola bilər”.

22. Yəqub əl-Əhmər deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Ramazan ayı həmişə tamdır (30 gündür)?” İmam (ə) buyurdu: “Xeyr! Digər aylar kimidir (yəni 29 gün də ola bilər)”.

Qeyd: Həmin fəsildə bu mənada olan digər hədislər də var.

İstidlal:

Hədislərin dəlaləti göz qabağındadır. Hədislər açıq-aşkar ramazan ayının 29 gün ola bilməsini mümkün hesab edir. Qeyd etdiklərimizdən məlum olur ki, ramazan ayı 29 və 30 gün ola bilər. Bu barədə heç bir şəkk-şübhə yoxdur. Çünki Şeyx Tusinin (r) iddiasına görə, bu mənada olan hədislər təvatürdür. Təvatür hədislər isə insana qət (əminlik) gətirir.

Ramazanın həmişə 30 gün olduğunu deyən hədislər və cavabı

Əslində fitnə törətməklə məşğul olan savadsızlar bu iddialarına görə bir neçə şazz hədislərə söykəniblər. Bir neçə tərcümə olunmuş hədisi görməklə digər hədislərdən xəbərsiz halda fətva verən bu şəxslər mələklərin lənətini qazanmış olurlar. Çünki İmam Sadiq (ə) buyurur: “İnsanlara elmsiz fətva verənə rəhmət və əzab mələkləri lənət oxuyar”.[1]

Şeyx Hürr Amili (r) “Vəsailuş-şiə” kitabında yuxarıda qeyd etdiyimiz fəsildə bu mənada olan bir neçə hədis nəql edir. İxtisara riayət edərək biz onlardan yalnız birini nömrəsi ilə qeyd edirik:

27. İmam Sadiq (ə): buyurur: “Ramazan ayı 30 gündür, and olsun Allaha, naqis (29 gün) olmaz”.

Şeyx (r) bu mənada olan hədisləri qeyd etdikən sonra kitabın 196-cı və 198-ci səhifəsində bu hədislərin müxtəlif cəhətlərə görə qəbuledilməz olduğunu deyir. Məqalənin həcminə görə Şeyxin sözlərini burada qeyd etmirik.

Bu nəzəri (ramazan ayının 30 gün olmasını), zahirən, Şeyx Səduq (r) qəbul etmişdir. Lakin demək olar ki, bütün fəqihlərimiz (istər qədim, istər mütəəxxir) bu nəzərə etiraz etmiş və öz kitablarında onun qəbuledilməz olduğunu müxtəlif dəlillərlə qeyd etmişlər. Məsələn, Mühəddis Bəhrani “əl-Hədaiqun-nazirə” kitabında 13-cü cild, 279-cu səhifədən etibarən bu nəzərin cavabı barədə uzun və faydalı bir bəhs açır. Maraqlananlar həmin ünvana müraciət edə bilərlər.

Biz isə bu məqaləmizdə Şeyx Tusinin (r) cavabını qeyd etməklə kifayətlənirik. Şeyxin (r) bu sözlərini “əl-Hədaiq” kitabının 13-cü cild, 279-cu səhifəsindən nəql edirik:

“Şeyx Tusi (r) deyir: “Bu xəbərlərə bir neçə cəhətdən əməl etmək caiz deyildir:

· Əsllərdə (qədim qaynaqlarda) bu xəbərlərin mətni yoxdur. Yalnız bəzi şazz xəbərlərdə var.

· Hüzeyfə ibn Mənsurun kitabında bu cür xəbərlər yoxdur. Halbuki o kitab məşhur bir kitabdır. Əgər Hüzeyfədən nəql olunanlar səhih olsaydı, həmin kitabda yer alardı.

· Bu hədislərin sözləri ixtilaflı, mənaları qarışıqdır. Çünki gah hədis İmamdan (ə) birbaşa (vasitəsiz), gah da vasitə ilə nəql olunur, gah da ki ravi bunu öz fətvası kimi deyir və heç kimə isnad etmir.

· Əgər yuxarıda dediklərimiz qəbul edilsə belə (yəni hətta yuxarıda qeyd edilən dəlillər olmasa belə), bu xəbərlər vahiddir. Elm (əminlik) və əmələ səbəb olmaz (yəni bu hədislərə əməl caiz deyil, çünki əminlik gətirmir). Həmçinin vahid xəbərin Quranın zahiri və mütəvatir xəbərlərlə təarüz etməsi mümkün deyil (yəni çoxsaylı hədislərə zidd olma qüvvələri yoxdur ki, ixtilaflı hədislər qaydası tətbiq edilsin. Çünki bu qaydalar eyni güclü dəlillərin olduğu halda tətbiq olunur. Lakin bu hədislər isə digər hədislərlə eyni qüvvədə deyillər)...”

Nəticə: Əziz oxucu! Gördüyünüz kimi, sünnədə qət (əminlik) gətirən hədislər ramazan ayının 29 gün ola biləcəyini deyir. Əksini deyən hədislər isə etibarlı deyil. Ona görə də biz bu hədisləri qəbul edə bilmərik.

Mürəkkəb cahillərə gəldikdə isə yaxşı olar ki, camaatı azdırmaq kimi çirkin əməllərdən əl çəkib cəmiyyətə xeyir verə bilən işlərlə məşğul olsunlar. Quran və sünnəni hökm çıxarmaq üçün hər yoldan ötənin ixtiyarına versəydik, nə din qalardı, nə də ki məzhəb!

Əli Abdullah

Besiret.az


[1] Şeyx Kuleyni, Əl-Kafi, c.1, səh.42