Ayətullah Seyid Əli Sistaninin İmam Mehdinin (ə.f.) qeyb dövrü ilə bağlı möminlərə nəsihətləri

Ayətullah Seyid Əli Sistaninin İmam Mehdinin (ə.f.) qeyb dövrü ilə bağlı möminlərə nəsihətləri

2022-03-16 2675

Ayətullah Seyid Əli Sistaninin İmam Mehdinin (ə.f.) qeyb dövrü ilə bağlı möminlərə nəsihətləri

Dövrümüzün imamı Həzrət İmam Mehdinin (ə.f.) dünyaya gəlməsinin il dönümünün yaxınlaşdığı bu günlərdə bəzi möminlər tərəfindən Ayətullah Seyid Əli Sistaninin (Allah onu qorusun) ofisinə sual ünvanlanmış, qeyb dövründə möminlərin vəzifələrinin nələrdən ibarət olduğu soruşulmuşdur. Nəcəfül-Əşrəf şəhərindəki ofisi də bu müraciəti və onun cavabında Ayətullah Seyid Əli Sistaninin verdiyi tövsiyələri yayımlamışdır. Biz də bu sual-cavabın mətnini tərcümə edib yayımlamağı qərara aldıq. Mətni təqdim edirik:
Sual (müraciət)
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Bir neçə gün sonra, şaban ayının 15-də İmam Mehdinin (Allah zühurunu tezləşdirsin) dünyaya gəlməsinin il dönümü yetişir. Bu gözəl gün münasibətilə İmam Mehdinin (ə) qeyb dövründə Əhli-beyt (ə) şiələrinin vəzifələri barədə ali mərceyi-təqlidin (Seyid Əli Sistaninin) nəzərini açıqlamağınızı xahiş edirik.
Cavab
Allah-taalanın adı ilə.
Möminlərə (Allah onları izzətli qərar versin) vacibdir ki, Mehdinin (ə) bu dövrümüzdə Allah tərəfindən təyin edilən imam olduğunu, lakin ilahi hikmətin gərəyi zühur üçün icazə verəcəyi vaxta qədər gözlərdən gizli olacağını daim xatırlasınlar. Buna görə də onu tanımaq, təsdiq etmək və ona məhəbbət bəsləməkdən əlavə tənha qaldıqları zamanlarda və məclislərdə gərək onun üçün çoxlu dua etsinlər. Onun özünün və atalarının yad edildiyi, zalımlar tərəfindən onların başlarına gətirilən müsibətlərin xatırlandığı dini ayinlərə önəm versinlər.
Möminlər onun (ə) qeyb dövründə hər bir yerdə müşahidə etdiyi zülm və fəsad səbəbilə çəkdiyi sıxıntıları, Allahın bəndələri arasında ədaləti bərqərar etmək, (düşmənlər tərəfindən) Allahın dinində edilən dəyişiklikləri düzəltmək üçün zühur etməyə necə şövqlü olduğunu düşünsünlər.
Bilsinlər ki, onların hamısı İmamın (ə) diqqət və nəzərindədir. İmam (ə) möminlərə qarşı onların atalarından da, analarından da mehribandır, onların məsələləri və vəziyyətləri imamın diqqətindədir, onlar üçün dua edir və onları himayə edir. Gərək öz müşküllərinin həllində və hacətlərinin rəvasında ona təvəssül etsinlər.
İmam Mehdinin (ə.f.) zühuru ilə onun özünün və ümmətin qurtuluşa yetməsi üçün dua edərək onun gəlişini gözləsinlər, daha çox bəsirət və yəqinə sahib olmaqla, gözəl itaətlə onun gəlişinə hazırlaşsınlar.
Ona itaət etməyə, onun razılığını qazanmağa, ona asi olmaq və qəzəbinə düçar olmaqdan çəkinməyə çox önəm versinlər. Həqiqətən də, ona itaət etmək Allaha itaət etməkdir, onun razılığı Allahın razığılıdır. Ona qarşı asi olmaq və qəzəbinə gəlmək Allaha asi olmaq və onun qəzəbinə gəlməkdir.
Yalnız imanı qorumaq, haqq etiqada sahib olmaq, Allahın, Peyğəmbərinin (s) və onun (ə.f.) ataları olan pak imamların (ə) əmr etdiyi şəri vəzifələri öyrənmək, daha sonra isə bunlara əməl etmək və davamlı riayət etmək, onlardan gəlmiş qaydalar əsasında nəfsi paklaşdırıb tərbiyə etmək, onların nəsihətlərindən ibrət almaq və onların hidayəti əsasında doğru yola yönəlməklə İmama (ə.f.) itaət etmək olar.
Möminlərin hər biri öz hərəkətləri, əxlaqı və davranışları ilə Əhli-beyt üçün bir zinət olmaq, onların adına ləkə olmamaq üçün çalışmalıdır. Vacibləri yerinə yetirmək, günahlardan və çirkin işlərdən çəkinmək, dürüstlük, gözəl əxlaq, başqalarına əziyyət verməmək, danışıq, görünüş və davranışlarında iffətli olmaq, zəiflərə, fəqirlərə, yetimlərə və sıxıntıda olanlara kömək etmək, valideynlərə yaxşılıq etmək və qohumlarla əlaqə qurmaq kimi üstün xüsusiyyətlərə yiyələnməklə bağlı müqəddəs şəriətin göstərişlərinə riayət etsinlər. Çünki bu işlərdə Allahın və Peyğəmbərinin (s) razılığı, İmamın (ə) sevinci var ki, dünyanın və axirətin xeyri də bundadır.
Habelə qeyb dövründə möminlər (məsumlar tərəfindən əmr edilmiş) dostluğun gərəyi əsasında təqva və yaxşılıqda bir-biri ilə yardımlaşsınlar. Bir-birinə haqqı və səbirli olmağı tövsiyə etsinlər, parçalanmaqdan, ayrılıq və araya kin-küdurət düşməsindən ehtiyatlansınlar.
Allahın bol ruzi bəxş etdiyi imkanlı möminlər öz öhdələrində olan şəri (mali) haqları, zəruri halların və yaxşılıq prinsiplərinin gərəkdirdiyi işləri yerinə yetirməklə kasıbların, ehtiyaclıların, zəif düşmüşlərin, sıxıntıda olanların qayğısına qalsınlar. Şübhəsiz ki, İmamın (ə) dostlarından hansısa birinə kömək edən şəxs bu işi ilə elə ona (ə) kömək etmiş olar. Çünki bütün bu şəxslər onun əhli-əyalındandır. Lakin Allah bir zamana qədər imamın (ə) qeybə çəkilməsini istəmişdir (deyə özü onlara bilavasitə yardım edə bilmir – tərc.).
DAVAMI İKİNCİ SƏHİFƏDƏ