İmam Hüseynin (ə) kəsilmiş başı harada dəfn edilib?

İmam Hüseynin (ə) kəsilmiş başı harada dəfn edilib?

2021-10-01 3925

İmam Hüseynin (ə) kəsilmiş başı harada dəfn edilib?

Peyğəmbər (s) Əhli-beyti (ə) Aşura günü Kərbəlada misli görülməmiş zülmə məruz qaldıqdan sonra başda İmam Hüseyn (ə) olmaqla şəhidlərin başları və Peyğəmbərin (s) ailəsindən olan qadınlar, uşaqlar diyar-diyar gəzdirilərək Şama aparıldı. Pak bədənləri üç gün torpaq üzərində qaldıqdan sonra İmam Hüseyn (ə) və digər şəhidlər dəfn edildilər. Lakin bu zaman dəfn olunan sadəcə imamın (ə) pak bədəni idi. Onun başı bədənindən ayrılmışdı və nizələr üzərində daşınmaqda idi. Elə isə, İmam Hüseynin (ə) kəsilmiş başı harada dəfn edilib?[1]

İmam Hüseynin (ə) başının harada dəfn edilməsi barədə bir neçə fikir mövcuddur. Bunlardan dördü əhli-sünnə alimlərinin mövzu barədə nəql etdiyi rəvayətlər və dedikləri fikirlərdir. Digər üçü isə şiələrin nəql etdiyi rəvayətlər, yaxud bəzi alimlərinin və yazıçıların mənimsədikləri fikirlərdir.

Biz bu və digər fikirləri aşağıdakı şəkildə qeyd edirik:

1. Şiə olmayanların nəzərləri

Onlar İmam Hüseynin (ə) başının dəfni barədə bir neçə fikir bildiriblər. Həmin fikirlər bunlardır:

1. İmam Hüseynin (ə) başı Mədinədə, anası Fatimənin (s.ə) qəbrinin yanında dəfn edilib.

2. O, Dəməşqdə, “Babul-fəradis” qapısında,[2] şərq tərəfdən üçüncü bürcün yanında dəfn edilib. Ya da “Babu Tuma” qapısının yanında, yaxud Dəməşqdə bir divarda, yaxud hökümət evində, yaxud qəbristanlıqda və ya Xəzra sarayında, yaxud Əməvi məscidinin sütunlarının biri üzərində, yaxud Müaviyənin qəbrində, ya da, ya da...

3. Süleyman ibn Əbdülməlik onu müsəlman qəbristanlığında dəfn edib. Ömər ibn Əbdüləziz hakimiyyəti ələ aldıqdan sonra isə İmam Hüseynin (ə) başını oradan çıxarıb götürmüşdü. Ona nə etdiyi isə bilinmir.

4. İmam Hüseynin (ə) başı Rəqqə şəhərində, Fərat çayı sahilindəki Rəqqə məscidində dəfn edilib.

5. O, Misirdə dəfn edilib. Fatimi dövlətinin xəlifələri onu “Babul-fəradis” qapısından Əsqəlana, sonra isə Qahirəyə daşıyıblar.

Bundan başqa da fikirlər bildirilib.

2. Şiələrin nəzərləri

Əhli-beyt (ə) şiələrinə gəlincə, onların bu məsələ barədə üç nəzəri mövcuddur. Bu fikirlərin qaynağı isə şiə rəvayətləri və onların yanında mövcud olan mətnlərdir.

1. İmam Hüseynin (ə) mübarək başı atası Əmirəl-mömininin (ə) yanında, onun şərafətli başı tərəfində dəfn edilib.

2. İmam Hüseynin (ə) başı onun bədəninin yanında, Kərbəlada dəfn edilib.

3. O, Kufədən yuxarıda[3], Əmirəl-mömininin (ə) qəbrinin yaxınlığında dəfn edilib.

3. Şiə olmayanların fikirlərinə baxış

Şiə olmayan şəxslərin yaymağa çalışdığı fikirlər barədə bizim müəyyən mülahizələrimiz var. Onları aşağıdakı şəkildə xülasə edirik:

İmam Hüseynin (ə) başının Mədinədə dəfn edilməsi

Onlar deyirlər ki, İmam Hüseynin (ə) başı Bəqidə, anası Fatimənin (s.ə) yanında dəfn edilib. Yezid mübarək başı Əmr ibn Səid ibn Asa göndərmişdi. O, Mədinənin valisi idi.

Onlar qeyd ediblər ki, Əmr deyib: “İstəyərdim ki, Yezid başı mənə göndərməmiş olsun”. Bu zaman Mərvan dedi: “Sus”. Daha sonra o, Hüseynin (ə) başını əlləri arasına aldı. Onun burnunun ucunu tutub (şeir şəklində) dedi:

Sənin soyuqluğunu bu əllərdə (hiss etmək) necə də gözəldir – eləcə də (qana boyanmış) yanaqlarının qırmızılığı[4]

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ


[1] Qeyd: Bu hissə müəllifin əsərində mövcud deyil. Mütərcim tərəfindən mövzuya giriş üçün əlavə edilmişdir – tərc.

[2] Bu və digəri qədim Dəməşq şəhərinin qapılarıdır – tərc.

[3] “Zahrul-Kufə” - rəvayətlərdə qeyd edilən bu ifadə indiki Nəcəf şəhəri olan ərazilər üçün istifadə edilib və Nəcəfin qədim adlarındandır – tərc.

[4] İbn Sədin “Təbəqat”ından İmam Hüseynin tərcümeyi halı, səh. 84-85. Həmçinin bax: Sibt ibn Covzi, Təzkiratul-xəvass, c. 2, səh. 206-207; Bəlazuri, Ənsabul-əşraf, Darut-təaruf, c. 3, səh. 217 və s.

Qeyd: Müəllifin bir çox mənbə qeyd etdiyi yerlərdə mənbələrin az bir qismini qeyd etmək və digər mənbələrin mövcudluğuna “və s.” yazaraq işarə etməklə kifayətlənəcəyik. İstinadlarla daha ətraflı tanış olmaq istəyənlər mərhum Əllamə Seyid Cəfər Mürtəza Amilinin “Siratul-İmam Huseyn fil-hədisi vət-tarix” kitabına, 21-ci cilddəki müvafiq bölməyə müraciət edə bilərlər – tərc.