Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) İmam Hüseynə (ə) əza saxlaması

Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) İmam Hüseynə (ə) əza saxlaması

2021-09-09 1880

Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) İmam Hüseynə (ə) əza saxlaması

Hədis mənbələrinə nəzər yetirdikdə İmam Hüseynin (ə) başına gətirilmiş müsibətlər üçün əza saxlamağın, göz yaşı axıtmağın əsasının İmam Hüseynin (ə) faciəli şəkildə qətlə yetirilməsindən hələ neçə illər əvvəl peyğəmbərlər tərəfindən qoyulduğunun şahidi oluruq. Hədislərə əsasən, hətta İmam Hüseyn (ə) dünyaya gəlməmişdən öncə belə onun müsibətləri Allah-taala tərəfindən peyğəmbərlərə xəbər verilmişdir.

Bəziləri İmam Hüseynin (ə) müsibətlərinə göz yaşı axıtmağı, ağlamağı İmam Hüseynin (ə) qətlindən sonra şiələrin özlərindən dinə əlavə edilmiş bir şey kimi ortaya çıxardıqlarını iddia etmiş və buna görə də İmam Hüseyn (ə) üçün ağlamağı və s. kimi şeyləri bidət adlandırmışlar. Bəziləri isə həmin gündə ağlamaq, göz yaşı axıtmağın yerinə sevinmək, fərəhlənməyin lazım olduğunu demiş, dediklərinə əsas olaraq isə İmam Hüseynin (ə) bu gündə şəhid olub öz Rəbbinə qovuşduğunu bildirmişlər. Lakin bu və bu kimi nəzərləri deyənlər və İmam Hüseyn (ə) üçün göz yaşı axıtmağın bidət olduğunu iddia edənlər bu cür fikirlər irəli sürməklə öz hədis mənbələrində olan hədislərdən, Peyğəmbərin (s) sünnəsindən nə qədər qafil olduqlarını sübuta yetirmişlər. Düzdür, hərçənd ki onların böyük bir qismi təəssüblərindən bu hədisləri görməzdən gəlmiş, yaxud hər nə yolla olursa olsun, hədislərin mötəbərliyinə xələl gətirməyə çalışmışlar. Təki onların təəssüb və inadkarlıq üzərində qurmuş olduqları əqidə əsaslarına xələl gəlməsin.

Bu məqaləmizdə Məhəmməd peyğəmbərin (s) özünün əziz nəvəsi Həzrət Hüseynin (ə) müsibətlərinə görə ağlamasını, göz yaşı axıtmasını bəyan edən hədisləri əhli-sünnə mənbələrindən zikr edəcəyik. Qeyd edək ki, bu məzmunda olan hədislər yalnız burada qeyd edəcəklərimiz qədər deyil, eyni məzmuna malik hədislər əhli-sünnənin müxtəlif kitablarında kifayət qədər nəql olunmuşdur. Tərəfkeşliyi və təəssübü kənara qoyan hər bir kəs kiçik bir araşdırma etməklə bu məzmunda olan hədislərin hansı kitablarda və hansı sayda nəql olunduqlarını öyrənə bilər, eyni zamanda onların mötəbərliyinin şahidi olar. İndi isə hədisləri qeyd edirik:

Birinci hədis

Əhli-sünnənin məşhur hədis alimi Hakim Nişapuri belə nəql edir:

انها دخلت علي رسول الله(ص) فقالت: يا رسول الله اني رأيت حلما منكرا الليله، قال: وما هو؟ قالت: انه شديد قال: وما هو؟ قالت: رأيت كأن قطعه من جسدك قطعت ووضعت في حجري، فقال رسول الله (ص): رأيت خيرا، تلد فاطمه – إن شاء الله – غلاما فيكون في حجرك، فولدت فاطمه الحسين فكان في حجري – كما قال رسول الله (ص) – فدخلت يوما إلي رسول الله (ص) فوضعته في حجره، ثم حانت مني التفاته فإذا عينا رسول الله (ص) تهريقان من الدموع قالت: فقلت: يا نبي الله بأبي أنت وأمي مالك؟ قال: أتاني جبرئيل عليه الصلاه والسلام فأخبرني ان امتي ستقتل ابني هذا، فقلت: هذا؟ فقال: نعم، وأتاني بتربه من تربته حمراء.

“Ümmü-Fəzl bint Harisdən onun Peyğəmbərin (s) yanına daxil olub belə dediyi nəql edilir: “Ey Allahın elçisi, mən bu gecə pis bir yuxu görmüşəm”. Peyğəmbər (s) buyurdu: “Nə görmüsən?” Ümmü-Fəzl dedi: “Çox pis yuxudur”. Peyğəmbər (s) (yenə) buyurdu: “Nə görmüsən?” Ümmü-Fəzl belə cavab verdi: “(Yuxuda) gördüm ki, sanki sənin bədənindən bir parça qoparılıb mənim qucağıma qoyuldu”. Peyğəmbər (s) buyurdu: “Xeyirli bir yuxu görmüsən. İnşallah, Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və o uşaq sənin qucağında olacaq”. Ümmü-Fəzl belə deyir: “Bundan sonra Fatimə Hüseyni dünyaya gətirdi və o, Peyğəmbərin (s) dediyi kimi mənim qucağımda idi. Bir gün Peyğəmbərin (s) yanına daxil olub Hüseyni onun qucağına qoydum. Bir az sonra baxdım ki, Peyğəmbərin (s) gözlərindən yaş axır. Ona dedim: “Ey Allahın peyğəmbəri, atam-anam sənə fəda olsun, sənə nə olub?” Peyğəmbər (s) belə buyurdu: “Cəbrail mənim yanıma gəlib bildirdi ki, ümmətim bu oğlumu öldürəcək”. Ümmü-Fəzl Peyğəmbərə (s) belə dediyini nəql edir: “Bu oğlunu?!” O, cavabında buyurdu: “Bəli, Cəbrail mənə onun qırmızı türbətindən bir az verdi”.