İmam Əli (ə) və İmam Mehdinin müshəfləri əlimizdəki Qurandan fərqlidirmi?

İmam Əli (ə) və İmam Mehdinin müshəfləri əlimizdəki Qurandan fərqlidirmi?

2021-02-25 427

İmam Əli (ə) və İmam Mehdinin müshəfləri əlimizdəki Qurandan fərqlidirmi?

        1. İmam Əlinin (əleyhissəlam) müshəfinin mövcud olan müshəflə fərqi.

Qurani-Kərimin təhrif edildiyi barədə bəzi şəxslərin şübhə etməsinə, zehinlərində suallar yaranmasına səbəb olan rəvayətlərdəndən bir qrupu da İmam Əlinin (əleyhissəlam) və İmam Mehdinin (Allah zühurunu tezləşdirsin) Quranı barədə olan rəvayətlərdir. Məzmunu məşhur olan bu rəvayətlərdən həmin Quranın bizim dövrümüzdə mövcud olan, oxuduğumuz Qurandan müəyyən qədər fərqləndiyi aydın olur. Bəs fərq nədən ibarətdir?

Şiə hədislərindən[i] bir qrupu bunu ifadə edir ki, Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra əzəmətli Quranı toplamaq üçün insanlardan uzaqlaşdı. Şeyx Əli ibn İbrahim Qumminin (Allah ona rəhmət etsin) öz təfsirində nəql etdiyi bir hədisdə onun (ə) həmin əməlinin Peyğəmbərin (s) əmri ilə olduğu qeyd edilib. İmam (ə) buyurub:

لا أرتدي حتى أجمعه

“Quranı toplayıncaya qədər ridamı[ii] geyinməyəcəm”. Hətta rəvayət edilir ki, o (ə), bu işinin bitirincəyə qədər öz ridasını yalnız namaz üçün geyinmişdir.

Həmin hədislər, o cümlədən əvvəldə (daha öncə tərcümə etdiyimiz məqalədə - tərc.) qeyd edilən hədislərdən üçüncüsü[iii] və Şeyx Əbu Mənsur Təbərsinin “əl-İhticac”-da nəql etdiyi iki hədis əlavə olaraq bunu bildirir ki, İmam (ə) öz topladığı müshəfi insanların yanına aparmışdır. Onlara bunun Allah yanından Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alihi və səlləm) nazil olan kitab olduğunu bildirmişdir. Lakin insanlar onu geri çevirib ondan üz döndərmiş və elə güman etmişlər ki, həmin kitaba ehtiyacları yoxdur. Bu zaman İmam (ə) buyurub: “Siz bu gündən sonra onu bir daha görməyəcəksiniz”.

Bu hədislərə nəzər edən şəxs İmamın (ə) bir araya gətidiyi ilə mövcud olan Quran arasında fərqliliyin olduğu nəticəsinə gəlir. Belə ki, Quranın bir hissəsi belə o müshəfdən fərqli olmasaydı İmam (ə) müshəfini onların yanına aparmaz, insanları onu tilavət etməyə, (dini hökmləri və s.) ondan götürməyə və bütün müsəlmanlar nəzərində tabe olunacaq Quran etməyə dəvət etməzdi.

Buradan da bizim əlimizdə olan Quran barədə şübhə meydana gəlir. Çünki heç bir müsəlman İmam Əlinin (əleyhissəlam) Quranı ən yaxşı bilən olduğununa, onun həqiqətini, sirlərini və incəliklərini bildiyinə şəkk etmir.

Lakin hədislərin doğruluğunu qəbul etdikdə belə bu şübhə Peyğəmbərin (s) dövründə Quranın toplanmış olması ilə aradan qalxır. Necə ki, bunu bir qrup alim qeyd etmişdir. Belə ki, Quran ora-bura yayılmış, dağınıq halda deyildi ki, toplanmasına ehtiyac olsun. Hədislər ən çoxu buna dəlalət edir ki, hər iki müshəf arasında ümumən fərq var (fərqin nədə olduğunu, ayə və surələrdə fərq olduğunu bildirmir – tərc.). Bu da biz dediyimiz mətləbi qüvvətləndirir. Belə ki, iki müshəf arasında bu fərqin ayələr və nazil olan surələrin azlıq-çoxluğunda olması ehtimal edildiyi kimi, o cümlədən ehtimal edilir ki, fərq:

  1. Tərtib və düzülüşdə olsun.

Necə ki, “əl-İrşad”dakı və “Rovzətul-vaizin”dəki hədis də buna dəlalət edir və bəzi alimlər bu nəzəri qəbul ediblər. Seyid Təbətabai deyib:

“İmamın (ə) Quranı toplaması, insanların yanına aparıb onlara təqdim etməsi buna dəlalət etmir ki, onun topladığı ilə insanların topladıqları arasında dinin üsul və ya fürusu barədə olan məsələlərdə fərqliliklər var. Sadəcə dəlalət edir ki, surələrin tərtibi yaxud hissə-hissə nazil olan surələrin ayələrindəki tərtibində fərqlilik var. Elə bir fərqlilik ki, hansısa dini mətləblərdə ixtilafa gətirib çıxarmır.

Əgər belə olsaydı (dini mətləblərdə ixtilaf yaradacaq fərq olsaydı İmam Əli ə.) mübahisə edərək onlara qarşı çıxar və əlindəki Quranın haqqını müdafiə edərdi. Onların İmamın (ə) topladığından boyun qaçırması və özlərinin ona ehtiyacının olmadığını bildirmələrilə kifayətlənib dayanmazdı. Necə ki, bir neçə yerdə bu şəkildə nəql edilib. Eləcə də, mübahisələrinin heç birində onun (ə) nə öz vilayət məsələsi barədə, nə də digər bir məsələ barədə öz müshəfinin onlarınkından fərqli olduğuna dəlalət edən, insanları onu sildikləri və ya təhrif etdikləri üçün rəzil etdiyi hansısa ayə və ya surə oxuduğu nəql edilməyib”[iv].

 2. Qüdsi hədislər cəhətindən az-çox olmada fərq.

Belə ki, İmamın (ə) müshəfinin qüdsi hədisləri də əhatə etdiyi halda insanların əlindəki müshəf qüdsi hədislərsiz idi. Necə ki, mühəddislərin şeyxi Səduq (Allah rəhmət eləsin) bu nəzəri qəbul edərək belə demişdir:

“Vəhy olub Quran olmayan o qədər şey (hədisi-qüdsi) nazil olub ki, əgər Qurana yığılsa onun miqdarı on yeddi min ayə olar. Bu (hədisi-qüdsi), Cəbrailin (əleyhissəlam) Peyğəmbərə (s) dediyi sözdür kimidir: “Allah təala sənə deyir: Ey Muhəmməd, məxluqatıma qarşı şəfqətli ol”, “Nə qədər istəyirsən yaşa, sən öləcəksən, nəyi sevirsən sev, ondan ayrılacaqsan, nə istəyirsən et, sən etdiyinlə qarşılaşacaqsan”, “Möminin üstünlüyü gecə qıldığı namaz, izzəti isə insanlara əziyyət etməyi dayandırmasıdır”.

Ardıyca Şeyx (r.ə.) deyir: “Bunun kimiləri çoxdur. Hamısı vəhydir, lakin Quran deyil. Əgər Quran olsaydı onunla əlaqəli, bir olardı, ayrı olmazdı. Necə ki, (ayrı olduğuna görə - tərc.) Əmirəl-möminin (əleyhissəlam) onu bir araya topladı. Elə ki, onu gətirdi, insanlara dedi:

“Bu sizin Rəbbinizin kitabıdır, Peyğəmbərinizə (s) nazil etdiyi şəkildədir. Onda nə bir hərf artıqdır, nə də bir hərf azalıb”.

İnsanlar dedilər: Bizim ona ehtiyacımız yoxdur. Səndə olanın oxşarından bizdə də var. O (ə), oradan bu sözləri deyərək ayrıldı: Ona arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir![v][vi]

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ,

 


[i] O cümlədən də Əhli-sünnənin rəvayətlərindən. Müraciət et: Ənsabul-əşraf, c.1, səh.587; İbn Səd, ət-Təbəqat, c.2, səh.338; Əl-İtqan fi ulumil-Quran, c.1, səh.204; Kənzul-ummal, c.2, səh.588 və digərləri.

[ii] Cübbə və əba kimi paltarların üzərindən geyinilən geyim – tərc.

[iii] Həmin rəvayət və eləcə də digər təhrif rəvayətləri və onlar olan araşdırmanı oxumaq istəyənlər bu link vasitəsilə məqaləyə daxil ola bilərlər:

https://www.besiret.az/meqale?id=191

[iv] Əl-Mizan, c.12, səh.119

[v] Ali İmran surəsi, ayə 183.

[vi] Əl-Etiqadat, səh.93.