Onuncu hədis:
Eləcə də Şeyx Kuleyni, Şeyx Qummi və digərlərinin nəql etdiyi bu kimi hədislər Əmirəl-mömininin (əleyhissəlam) adının, Muhəmməd ailəsinin (s) adlarının, “vilayət” sözünün, münafiqlərin adlarının və digər şeylərin Qurandan silindiyinə dəlalət edən hədislərdəndir.
Mühəddis Kaşaninin bu hədislərin sənədinin səhih olmadığını bildirməsi ilə bu rəvayətlərin sənədinə bir-bir baxmağa ehtiyac qalmır. O, rəvayətlərin səhih olduğu fərz edilsə belə onlara belə məna verir ki, (rəvayətlərin çatdırmaq istədiyi məna budur ki, - tərc.) Quran bu mənada nazil olub. Nəyinki nazil olan Quranın əsli bu şəkildə idi, daha sonra onlar silindi.
Daha sonra isə Mühəddis (Allah ona rəhmət etsin) deyir: “Səhih olduğu təqdirdə həmin hədislərin zehnimə gələn təvili bu şəkildədir ...”[1]
Seyid Xoyi deyir:
“Bu qrupdan olan hədislərlə gətirilən dəlilin cavabı: “Biz əvvəldə də izah etdik ki, nazil olanın bir hissəsi Quranın təfsiri qəbilindəndir. Quranın özü deyil. Elə isə labüddür ki, nazil olan zaman imamların (ə) adlarının qeyd edilməsi barədə olan rəvayətlərə bu mənanı verək. Əgər belə bir məna vermək düzgün olmazsa həmin rəvayətlər atılar. Çünki onlar Qurana, sünnəyə və Quranın təhrif edilmədiyi barədə əvvəldə qeyd edilən dəlillərə ziddir.
Mütəvatir həddə olan rəvayətlər hədislərin Qurana və sünnəyə təqdim edilməsinin (Quranla yoxlanılması – tərc.) vacib olduğuna, onlardan Qurana zidd olanlarının isə atılıb divara vurulmasının vacib olduğuna dəlalət edir”.
Həmçinin Seyid deyir: “Əmirəl-mömininin (əleyhissəlam) adının Quranda açıq-aşkar bildirilmədiyinin dəlillərindən biri “əl-ğədir” hədisidir. Bu hədis açıq aşkar bildirir ki, Peyğəmbər (s) Əlini (ə) bu məqama yalnız Allahdan gələn əmrlə, bu barədə təkid edildikdən sonra, Allahın ona insanlardan qoruyacağını vəd etdikdən sonra təyin edib. Əgər Əlinin adı Quranda olsaydı bu təyinə, həmin müsəlmanlardan ibarət toplumu bunun üçün hazırlamağa ehtiyac qalmaz, Peyğəmbər (s.a.a.s.) bunu açıqlamaqdan çəkinməzdi ki, təbliğ məsələsində də (Allah tərəfindən – tərc.) təkid edilməsinə ehtiyac olsun”.
Sırf bu hədis barədə isə deyib:
“Bununla belə “əl-Kafi”də rəvayət edilən sonuncu hədisin özlüyündə doğru olma ehtimalı olmayan rəvayətlərdəndir. Çünki nübuvvətin isbatı və Quranın bənzərini gətirmək barədə rəqabətə çağıran zaman Əlinin (əleyhissəlam) adının çəkilməsi həmin halla münasib deyil.”
Deyir: “Bu rəvayətlərin hamısı Əbu Bəsirin “əl-Kafi”dəki səhih rəvayəti ilə ziddiyət təşkil edir. O deyir:
قال: سألت أبا عبد اللّه عليه السلام عن قول اللّه تعالى: (أَطيعُوا اللّهَ وَأَطيعُوا الرَّسُولَ وَأُولِي اْلأَمْرِ مِنْكُمْ) قال: فقال: نزلت في علي بن أبي طالب والحسن والحسين عليهم السلام. فقلت له: إنّ الناس يقولون: فما له لم يسمّ عليّاً وأهل بيته في كتاب اللّه؟
قال عليه السلام: فقولوا لهم: إنّ رسول اللّه صلّى اللّه عليه وآله وسلّم نزلت عليه الصّلاة ولم يسمّ لهم ثلاثاً ولا أربعاً، حتّى كان رسول اللّه صلّى اللّه عليه وآله وسلّم هو الّذي فَسَّرَ لهم ذلك... .
“Əbu Abdullahdan (İmam Sadiq əleyhissəlam) Allahın bu ayəsi haqqda soruşdum: “Allaha itaət edin. Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”.[2]
Ravi deyir ki, İmam (ə) buyurdu: “Ayə Əli, Həsən və Hüseyn (əleyhimussəlam) barədə nazil olub”.
Ona dedim: “Nəyə görə Allahın kitabında Əli və onun Əhli-beytinin (ə) adı çəkilməyib?
İmam buyurdu: “Onlara deyin: “Allahın Peyğəmbərinə (s) namaz (barədə ayə) nazil oldu. Lakin onlar üçün üç, dörd (rukət qılmaları barədə birşey) demədi. Belə ki, Peyğəmbər (s.a.a.s.) onlar üçün bunu izah edirdi”.
Bu səhih hədis o rəvayətlərin hamısı barədə hökm edir və onlarda nəyin qəsd edildiyini izah edir”.[3]
Bundan əlavə Şeyx Bəhainin də bu sözünü qeyd etmişdik:
“Əmirəl-mömininin adının Allahın bu “Ey Peyğəmbər, sənə - Əli barədə - nazil ediləni çatdır”[4] sözündəki və digərləri kimi Quranın bəzi yerlərindən silinməsi barədə camaat arasında məhşur olanlar alimlərin nəzərində qeyri-mötəbərdir”.[5]
On birinci hədis:
Rəvayətin sənədinə baxmadan ona belə cavab verilər ki, Şeyx Təbərsi (Allah ona rəhmət eləsin) və digərləri onu İbn Sinandan “daha sonra buyurdu: ...” hissəsi olmadan nəql ediblər.[6]
Həmçinin hədisin özü və eləcə də Peyğəmbərdən olan digər iki hədis[7] dəlildir ki, Əhzab surəsi Peyğəmbərin (s.a.a.s.) dövründə yazılmışdı.
Hədisin səhihliyini qəbul etsək ona əvvəldə bənzər hədislərə verilən cavablarla da cavab vermək olar.
Bütün bunlardan sonra isə bu hədisi səhih bilib ona söykənən şəxsdən tələb edə bilərik ki, bu qədər çox ayənin hara yoxa çıxdığını bizim üçün isbat etsin və ayələrin digər müsəlmanlar bilmədən Qurandan necə yoxa çıxdığını və yaxud çıxarıldığını qeyd etsin.
Məgər səmadan hər nazil olduqca Quranı əldə edib, onu öyrənmək üçün (müsəlmanları bu işə təşviq edən) amillər mövcud deyildimi?! Məgər surələr elə nazil olmasıyla Peyğəmbərin (s.a.a.s.) əmrinə əsasən müsəlmanların arasında yayılıb evlərində oxunmurdumu?!
On ikinci hədis:
Şeyx Kəşşinin rəvayətlərindəndir. Həmin rəvayətlər barədə də ümumi şəkildə danışılacaq.[8]
On üçüncü hədis:
Hədisə müraciət edən şəxslərin anlayacağı kimi, sənədi güclü deyil. Həmçinin Şeyx Numaninin özü başqa iki hədis nəql edib:
Birincisi: Həmçinin İmam Əlidəndir (əleyhissəlam). Buyurub:
كأنّي أنظر إلى شيعتنا بمسجد الكوفة، قد ضربوا الفساطيط يعلّمون الناس القرآن كما أنزل
“Sanki mən Kufə məscidindəki şiələrimə baxıram. Çadırları (və ya altında oturmaq üçün kölgəliklər – tərc.) qurmuş insanlara Quranı nazil olduğu şəkildə öyrədirlər”.[9]
İkincisi: İmam Sadiqdəndir (əleyhissəlam). Buyurub:
كأنّي بشيعة علي في أيديهم المثاني يعلّمون الناس
“Sanki Əlinin şiələri ilə bir yerdəyəm. Onların əllərində ayələr var, Quran öyrədirlər”.[10]
Bu iki hədis qeyd edilən hədislə ziddiyət təşkil edir.
Bundan daha aydını isə İmam Baqirin (əleyhissəlam) sözüdür:
إذا قام القائم من آل محمّد ضرب فساطيط لمن يعلّم الناس القرآن على ما أنزله اللّه عزّ وجلّ، فأصعب ما يكون على من حفظه اليوم، لأنّه يخالف فيه التأليف
“Muhəmməd ailəsindən (s) olan Qaim (Allah zühurunu tezləşdirsin) qiyam etdikdə insanlara Quranı Allahın nazil etdiyi şəkildə öyrədəcək şəxslər üçün çadırlar (və ya altında oturmaq üçün kölgəliklər) quracaq. (Həmin gün öyrənmək) Bu gün Quranı əzbərləyən şəxslər üçün daha çətin gələcək. Çünki həmin Quranda tərtib fərqli olacaq”.[11]
İmamın “tərtib fərqli olacaq” sözü barədə düşünün. Çünki bu söz qarşıda bizə fayda verəcək.[12]
Qalan hədislərə (on dörd, on beş, on altıncı) gəlincə isə Şeyx Məclisi onların hamısının zəif olduğunu bildirmişdir.[13] Əlavə olaraq da bənzər hədislərə verilən cavablar bu hədislərə də verilə bilər.
Məqalə Seyid Əli Milaninin “ət-Təhqiq fi nəfyit-təhrif” kitabından tərcümə edilmişdir.
Tərcümə etdi: Əbdüssəməd Qurbanov
Besiret.az
[1] Həmin mənbə, səh.274.
[2] Nisa surəsi, ayə.59.
[3] Əl-Bəyan, səh.178-179.
[4] Maidə surəsi, ayə. 67.
[5] Alaur-Rahmən, səh.26-da ondan nəql edilib.
[6] Məcməul-Bəyan, c.4, səh.334.
[7] Məcməul-bəyan. Əhli-sünnə də onu öz mötərəb kitablarında nəql etmişdir. Onlardan “əd-Durrul-mənsur”, c.5, səh.179-a bax. Bir neçə hədis kitabından nəql edilmişdir.
[8] Müəllif daha sonra Şeyx Kəşşi barədə danışdığı bölmədə deyir:
“... Qeyd edilənlərin işığında (deyə bilərik ki,) Kəşşi təhrif əqidəsində olanlardan deyil. Onun “ər-Rical”ında gələn rəvayətlərə də istinad etmək olmaz. Çünki o, Nəcaşinin də dediyinə əsasən zəiflərdən çox nəql edərdi ... Bu kitabın rəvayətlərinin heç bir etibarlılığı yoxdur...”
[9] Numani, “əl-Ğeybə”, səh.317.
[10] Həmin mənbə, səh.318.
[11] Rovzatul-vaizin, səh.265; Şeyx Mufid, “əl-İrşad”, səh.365.
[12] İmam Əli və İmam Mehdinin (əleyhiməssəlam) müshəfləri barədə olan hissəyə işarə edir. O hissənin tərcüməsini də tezliklə oxucular üçün paylaşacağıq.
[13] Miratul-uqul, c.5, səh.14,29.