Bu hədislər barədə araşdırma.
1-ci hədis:
Hədisi Şeyx Kuleyni və Şeyx Səffar nəql edib. Hər ikisinin sənədində də “Ömər ibn Əbulmiqdam” mövcuddur. Rical alimləri bu şəxs barədə ixtilaf edib iki nəzər bildirmişlər. Necə ki, bəziləri bunu qeyd edib.[i]
2-ci hədis:
Onu da Şeyx Kuleyni və Səffar içində “Munəxxəl ibn Cəmil Əl-Əsədi” olan sənədlə nəql edib. Rical alimlərinin çoxu, hətta hamısı bu şəxsi zəif hesab edib, onun barədə deyiblər: “O, əqidəsi xarab olan biridir. İmamlar (əleyhimussəlam) barədə ğüluv əqidəsinə dəlalət edən hədislər nəql edir”.[ii]
Bununla belə bu hədisi və ondan öncəkini digər bir mənada izah etmək olar. Hansı ki, hədisin mətni də bu mənanı dəstəkləyir. Buna görə də Seyid Təbətabayi hər iki xəbər barədə belə deyib:
“Baxmayaraq ki, imamın (ə) “ ... Quranın hamısı onda mövcuddur ... (hədisin sonuna kimi)” cümləsindən Quranın sözləri anlaşılır və onda təhrifin baş verdiyini düşündürür, lakin “zahiri və batini ilə” sözləri ilə qeydlənməsi bunu ifadə edir ki, məqsəd Quranın hamısını adi şəkildə anlaşılan zahiri mənaları cəhətindən və adi şəkildə anlaşılan (lakin bir başa zahir olan yox, istinbat edilən, - tərc.) kəşf edilən mənaları cəhətindən bilməkdir (yəni, məqsəd bu deyil ki, insanlarda olan Quran tam deyil, hamısı yoxdur. Xeyr, məqsəd budur ki, Quranı mənaları ilə, təfsiri ilə bütünlükdə doğru şəkildə bilən başqa bir kəs yoxdur. Digər insanlar yalnız az bir qisim məlumata sahibdirlər. Heç biri tam deyil – tərc.) ... ”.[iii]
Seyid Əli ibn Məsum Mədəni bu iki hədisi Əmirəl-mömininin (ə) və onun övladlarından olan vəsilərin (ə) Quranda olanların hamısını qəti şəkildə, ilahi yardım, rəbbani ilham və Peyğəmbər təlimi sayəsində bildiklərinə dəlil olaraq gətirdiyi hədislər arasında qeyd edib. Qeyd edib ki, hər iki məzhəbdən bu barədə olan hədislər təvatür həddədir. Nicat tapan firqə də bu barədə icma edib. Ağıl da bu barədə nəqlə müvafiqdir.[iv]
Şeyx Səffar Qummi qeyd edilən iki hədislə eyni mənada olan başqa bir hədis nəql etmişdir. Hədisin mətni və sənədi belədir:
“Cəfər ibn Əhməd Əbdulkərim ibn Əbdürrəhimdən, o, Muhəmməd ibn Əli Qərəşidən, o, Muhəmməd ibn Fuzeyldən, o, Sumalidən, o da Əbu Cəfərdən (İmam Baqir ə.) belə buyurduğunu nəql edir:
ما أحد من هذه الأُمّة جمع القرآن إلاّ وصي محمّد صلّى اللّه عليه وآله وسلّم
“Muhəmmədin (s.a.a.s.) vəsisindən (ə) savayı bu ümmət içərisində heç bir şəxs Quranı toplamayıb”.[v]
Lakin rəvayətin sənədində Muhəmməd ibn Əli Qərəşi var.[vi]
Üçüncü hədis:
Onun ravisi “Salim ibn Səlmə” yaxud “Salim ibn Əbu Səlmə”dir. Rical kitablarından hər hansı birinə müraciət etmək alimlərin bu şəxs barədə fikrini öyrənmək üçün kifayətdir. Onu İbn Ğəzairi, Nəcaşi, Əllamə Hilli, Şeyx Məclisi və digərləri zəif hesab etmişlər.[vii] Hədis Əmirəl-mömininin (əleyhissəlam) topladığı Quranla bizim əlimizdə olan Quranın fərqli olduğunu ifadə edir. Bu barədə “Şübhələr” bölümündə danışacağıq.[viii] Eləcə də ağamız İmam Mehdinin (əleyhissəlam) dövründəki Qurani-Kərimin bu Quranla fərqliliyini bildirir. Qeyd edilən fəsldə bu barədə də danışılacaq.
Dördüncü hədis:
Şeyx Əyyaşinin öz təfsirində qeyd etdiyi rəvayətlərdəndir.[ix] Şeyx Hürr Amili həmin hədisi ondan aşağıdakı şəkildə nəql etmişdir:
“Meysərdən (Yəni Əyyaşi Meysərdən nəql edir, o da) Əbu Cəfərdən (ə) belə buyurduğunu nəql edir: “Əgər Allahın kitabında artırılma və azaldılma olmasaydı, bizim haqqımız ağıl sahiblərinə gizli qalmazdı. Əgər Qaimimiz (ə.f.) qiyam edib danışsaydı, Quran onu təsdiq edərdi”.[x]
Bütün müsəlmanların Quranda artırılma baş verməməsi barədə etdikləri icma bu hədisi batil edir. Bu icmanı Seyid Mürtəza, Şeyxut-Taifə (Şeyx Tusi), Şeyx Təbərsi (Allah onlardan razı olsun) iddia etmişdir.
Babamız Seyid Milani[xi] deyib: “Bununla belə heç bir şəxs (Quranda) artırılma olduğu nəzərini qəbul etməyib”. Seyid Xoyi təhrifin mənalarını izah edərkən deyir:
“Beşinci: Artırılmaqla baş verən təhrif. Belə ki, əlimizdə olan müshəfin bir hissəsi nazil olan Allah kəlamı deyil. Təhrifin bu mənası müsəlmanların icması ilə batildir. Hətta bu batil olması açıq-aşkar bilinən (bədihi) məsələlərdəndir”.[xii]
Beşinci hədis:
Şeyx Məclisi (Allah ona rəhmət eləsin) onun məchul olduğunu bildirmişdir.[xiii]
Ondan sonrakı iki hədisin birincisi barədə: “O mursəldir[xiv]”[xv], ikincisi barədə: “O müvəssəqdir”[xvi] demişdir.
Bu hədislərdən anlaşılan odur ki, (Məclisi, Feyz Kaşani və Kafinin şərhçisi kimi bir qrup alim inkar etsə də) bunlar bir birinə ziddir. Necə ki, Seyid Abdullah Şübbər bunu bildirmiş[xvii], Seyid Haşim Məruf Həsəni də öz “Dirasat”ında açıqlamışdır.
Altıncı hədis:
Şeyx Məclisi onu zəif hesab etmişdir.[xviii] Muhəddis Kaşani isə “əl-Vafi”də hədisi belə təvil edir ki, hədisdə deyilən ayələrdən qəsd edilənlər (əslində) vəhy məhsulu olub təfsir və izah qəbilindən olan, həqiqətdə Qurani-Kərimdən olmayan şeylərdir. (Ona görə də doğru deyil ki) hədisin Quranın azaldırmasına dəlalət etdiyi deyilsin.
Yeddinci hədis:
O, Şeyx Səffar və Şeyx Əyyaşinin rəvayətlərindəndir.[xix] Hər halda onlar hədisi İbrahim ibn Ömərdən nəql ediblər. Rical alimləri də bu şəxsin siqə yoxsa zəif hesab edilməsində ixtilafdadırlar.[xx]
Deyilə bilər ki: Həmin atılmış sözlər orada Quranın sözlərinin təfsiri, qəsdin açıqlanması üçün mövcud idi. Quranın özü olaraq nazil olmamışdı. Necə ki, oxşar hədislərdə bu sözlər deyilib.
Səkkizinci hədis:
Şeyx Əyyaşi mürsəl olaraq “Davud ibn Fərqəddən, o, “ona xəbər verən şəxs”dən, o da ondan (əleyhissəlam) (ravi məsumun adını çəkmir, şəxs əvəzliyi ilə işarə edir – tərc.)” nəql edib. Eləcə də bu hədisə sonrakı hədislərə verilən cavablar da verilə bilər.
Doqquzuncu hədis:
Şeyx Kuleyni onu Bəzəntidən nəql edib. Şeyx Məclisi deyib: “Hədis mürsəldir”.[xxi] “Əl-Kafi”nin şərhçisi də hədisin mərfu olduğunu bildirib.
Şeyx Kəşşi də ondan oxşar hədis nəql edib.[xxii] Onun rəvayətlərində olan məsələlər qeyd ediləcək.
Bundan əlavə Muhəddis Kaşani hədisdən sonra deyir:
“Yəqin məqsəd budur ki, o, adları kafirlər və müşriklərin təfsiri olaraq həmin müshəfdə görüb. Hansı ki, bu adlar vəhyə əsaslanır. Nəyinki bu adlar Quranın hissələrindən idi ...
Bu qəbildən məsumlardan nəql edilən bütün rəvayətlər də belədir (mövcud olan əlavələr təfsir və izahlardır – tərc.)”[xxiii]
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ
[i] Tənqihul-məqal, c.2, səh.323.
[ii] Həmin mənbə, c.3, səh.247.
[iii] Haşiyətul-Kafi, c.1, səh.228.
[iv] Şərhu Səhifətis-Səccadiyyə, səh.401.
[v] Səffar, Bəsairud-dərəcat. Oradan da “Buharul-ənvar” c.89, səh.48-də. Eləcə də bax: Miratul-uqul, c.2, səh.535.
[vi] Tənqihul-məqal, c.3, səh.151.
[vii] Həmin mənbə, c.2, səh.4.
[viii] İmam Əlinin (ə) və İmam Mehdinin (ə.f.) müshəflərinin əlimizdəki Quranla fərqi barədə olan həmin hissəni də oxucular üçün tezliklə tərcümə edib paylaşacağıq – tərc.
[ix] Təfsirul-Əyyaşi, c.1, səh.13.
[x] İsbatul-Hudat bin-nususi vəl-mucizat, c.3, səh.43.
[xi] Seyid Əli Milaninin babası, mərhum mərcəi-təqlid Seyid Muhəmməd Hadi Milani – tərc.
[xii] Əl-Bəyan, səh.218.
[xiii] Miratul-uqul, c.12, səh.517.
[xiv] Qısacası: məsumu görməyənin ondan vasitəni qeyd etmədən nəql etdiyi hədis – tərc. Daha ətraflı bax: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.107.
[xv] Həmin mənbə.
[xvi] Həmin mənbə.
[xvii] Məsabihul-ənvar fi həlli muşkilatil-əxbar, c.1, səh.294.
[xviii] Miratul-uqul, c.12, səh.506.
[xix] Müəllif Əyyaşi barədə danışdığı bölümdə sonda bu cümlələri qeyd edir:
“O, özlüyündə siqə şəxs olsa da zəiflərdən çox nəql edirdi. Məlum olduğu kimi onun təfsirindəki xəbərlər mürsəldir...”
[xx] Tənqihul-məqal, c.1, səh.27.
[xxi] Miratul-uqul, c.12, səh.521.
[xxii] Ricalul-Kəşşi, səh.492.
[xxiii] Əl-Vafi, c.2, səh.273.