Şiə mənbələrindəki təhrif hədisləri barədə araşdırma
Müxtəlif dövrlərdə böyük alimlərimiz açıq-aşkar bildirmişlər ki, əlimizdə olan Quran təhrifdən qorunub. Bununla belə onların heç biri şiə kitablarında Quranın bir hissəsinin aradan getdiyini bildirən hədislərin olduğunu inkar etməyiblər. Əksinə bəziləri bu hədislərin çox olduğunu bildirib. Necə ki şiə kitablarında cəbr və təfviz, Allahı məxluqata bənzətmə və cismləşdirmə və bu kimi hədislər də var. Lakin alimlərimiz həmin hədislərdən üz döndərmiş və Quranda təhrifin olduğunu inkar etmişlər. Hətta bəziləri məzhəbimizin bu barədə icma etdiyini bildirib. Alimlərimizin də bir hədisdən üz döndərməsi onun etibarlılığını itirməsinə səbəb olar. Necə ki, Üsul elmində bu barədə bəhs edilir.
Biz burada onların həmin hədislərdən üz döndərməsinin səbəbini izah edəcək və bu işin düzgünlüyünə dəlil gətirəcəyik. Elə isə deyirik:
Araşdırma mövzusunun təyini.
İmamiyyə məzhəbinin kitablarında elə rəvayətlər var ki, onlardan Quranın təhrif olunduğu anlaşılır. Lakin bu hədislərin çox olduğu iddiası iradsız deyil. Çünki qəbul edilə biləcək olan budur ki, təhrifə ümumi mənada[i] dəlalət edən rəvayətlər çoxdur. Bu mətləb Şeyx Əbu Cəfər Tusinin (Allah ona rəhmət eləsin) kəlamında mövcuddur. O, rəvayətlərdən Quranın azalmadığı nəticəsinə gəldikdən sonra deyir:
“Lakin şiə və əhli-sünnə tərəfdən Quranın bir çox ayəsinin aradan getməsi, onun bəzi hissəsinin bir yerdən digərinə keçirilməsi barədə çoxlu rəvayətlər nəql edilib”.
Lakin təhrifin bizim araşdırdığımız xüsusi mənasına gəlincə hansı ki, bu da Quranın azalmasıdır, bu hədislərin çox olması iddiası İmamiyyə kitablarında öz təsdiqini tapmır. Elə buna görə də Şeyx Cəfər Kaşiful-ğita, Şeyx Muhəmməd Cavad Bəlaği kimi mühəqqiqlər həmin rəvayətlərin nadir və istisna təşkil edən (çoxluğun xilafına olan azlıq – red.) rəvayət olduğunu bildiriblər.
Şiələrin kitablarında bu mövzuda olan rəvayətləri iki qrupa ayırmaq olar:
1. Zəif, mürsəl[ii] və ya məqtu[iii] rəvayətlər.
Daha ümumi bir sözlə sənəd etibarilə qeyri-mötəbər rəvayətlər. Görünən də budur ki, həmin təhrif barədə olan rəvayətlər arasında bu qism daha çoxdur. Həmin rəvayətlərin sənədinə diqqət etdikdə bu aydın olur. Bu mövzudakı rəvayətlərin əsasını təşkil edən Şeyx Kuleyninin rəvayətlərinin halını bilmək üçün Şeyx Muhəmməd Baqir Məclisinin “Miratul-uqul” kitabına müraciət etmək kifayətdir. Hansı ki, bu kitab İmamiyyə məzhəbinin ən mühüm hədis kitablarından, “əl-Kafi”nin ən mühüm və ən məşhur şərhlərindəndir.
Bu rəvayətlərin sənədlərini araşdıran və onların mötəbər olmadığını bildirən alimlərdən Şeyx Bəlağini (“Alaur-Rahmən” kitabında), Seyid Xoyini (“Əl-Bəyan” kitabında) və Seyid Təbətabayini (“Əl-Mizan”da) qeyd etmək olar. Məlumdur ki, belə rəvayətlərə də heç bir məsələdə istinad etmək olmaz. Elə isə bunun kimi üsuli-etiqadi bir məsələdə necə?!
2. İnanılan şəxslərdən, münaqişəyə yer olmayan sənədlərlə gəlmiş hədislər.
Lakin bu qismin özünü də iki qrupa bölmək olar:
Birinci: Digər bir məna verilməsi mümkün olan hədislər. Belə ki, həmin mənada açıqlanması ilə bu hədislərlə təhrifin olmadığını bildirən digər hədislər və dəlillər arasındakı ziddiyət aradan qalxır.
İkinci: Başqa bir məna və izah verilməsi mümkün olmayan hədislər.
Buradan da bizə aydın olur ki, şiə mənbələri vasitəsilə [iv] Quranın ayələrinin azaldılması barədə nəql edilən rəvayətlər olduqca azdır. Çünki sənəd etibarilə zəif olan və eləcə də mənası-dəlaləti təvil edilən hədislər bəhs mövzusu deyil.
Bu rəvayətlər açıq-aşkar bilinənə ziddir.
Bu az saydakı rəvayətlər barədə deyiləcək ilk söz budur ki, onlar açıq-aşkar bilinən məsələ ilə toqquşur. Belə ki, İmamiyyə məzhəbinin böyük alimlərinin kəlamlarında bu iddia edilir ki, Quranın nübuvvət dövründə toplanması bədihi məsələdir. Seyid Mürtəza (r.ə.) demişdir:
“Quranın doğru şəkildə bizə nəql edildiyi barədə olan elmimiz ölkələr, böyük hadisələr, tarixin əzəmətli vaqeələri, məşhur kitablar və ərəblərin yazılı şerlərinə olan elmimiz kimidir ... Quranın da təfsilatı və hissələrinin doğru şəkildə nəql edilməsi barədə olan elmimiz də elə onun hamısına olan elmimiz kimidir. Bu da bədihi bilinən məsələlərdəndir”.[v]
Şeyx Cəfər Kaşiful-ğita deyib:
“Nadir olan rəvayətin bir əhəmiyyəti yoxdur. (Quranın azalmadığına olan – tərc.) Bədihi elmimiz Quranın azaldığı barədə gəlmiş rəvayətlərin zahirinə əməl etməyi qadağan edir”.[vi]
Seyid Şərəfuddin Amili deyib:
“Bizim nəzərimizdə Quran elə peyğəmbərlik və vəhy dövründə toplanmış, indi olduğu kimi tərtib edilmişdi ... Bütün bunlar İmamiyyə məzhəbinin araşdırmaçı alimləri yanında açıq-aşkar olan məsələlərdəndir”.[vii]
Seyid Xoyi deyib:
“Hər kim təhrif iddiası etsə ağılın açıq-aşkar hökm etdiyi (bildiyi) məsələyə zidd getmiş olar”.[viii]
Bunlar Quranın zahirinə ziddir.
Əgər əvvəlki məsələyə qarşı çıxılsa belə, heç bir şübhə yoxdur ki, təhrif barədə olan rəvayətlər Kitabın zahirinin xilafınadır. Belə ki, İzzət sahibi olan Allah buyurur: “Biz özümüz Zikri (Quranı) nazil etdik və biz onu qoruyacağıq”[ix] – ki, ümmət üçün bir nümunə, onun əməlləri üçün bir program, ümmətin dini maarifi və hökmləri əldə edəcəyi bir yer və əbədi bir möcüzə olsun. Məlum olub hamı tərəfindən qəbul ediləndir ki, Qurana zidd olan hər bir hədis sənədlərinin çoxluğu və səhihliyi cəhətindən hansı həddə olmasına baxmayaraq qüvvədən düşür. Peyğəmbərimiz (s) və İmamlardan (ə) nəql edilən hədislər də açıq-aşkar bunu bildirir. Buna görə də İmamiyyə məzhəbinin üsulilərdən və mühəddislərdən olan böyük alimləri bu hədislərdən üz döndəriblər. Mühəddis Kaşani “əs-Safi” əsərində deyib:
“Təhrif rəvayəti Allahın kitabı ilə ziddiyət təşkil edir, onu yalanlayır. Elə isə onu kənara atmaq vacibdir”.[x]
Əgər kimsə buna da qarşı çıxıb desə ki, bu dövrə[xi] səbəb olur, yaxud desə ki, “onu” kəliməsi Peyğəmbərə aiddir (“ləhu”dakı hu əvəzliyi Peyğəmbərə qayıdır. Yəni “biz onu qoruyacağıq” deyəndə Peyğəmbərin (s) qorunması nəzərdə tutulur – tərc.) o zaman deyərik ki, bu rəvayətlər qeyd edilənlərə görə də kənara atılır:
Onlar Əhli-sünnənin rəvayətlərinə uyğundur.
Birincisi bu rəvayətlər Əhli-sünnəyə uyğundur. Çünki təhrif əqidəsində olmaq onların tabe olduğu məşhur səhabələrdən eləcə də onların məşhur öncül alimlərindən, hafizlərindən nəql edilib. Bu barədə olan hədislər onların ən mühüm kitablarında, ən etibarlı mənbələrində qeyd edilib.
Bu rəvayətlər və təhrifin olmadığını bildirən rəvayətlərin toqquşduğunu fərz etsək belə, bu (əhli-sünnəyə uyğun olma – tərc.) təhrif barədə olan hədislərin qüvvədən düşməsinin digər səbəbidir. Necə ki, Üsuli-fiqh elmində bu barədə bəhs edilir.
Həmin rəvayətlər nadirdir.
İkincisi həmin rəvayətlər istisna təşkil edən (çoxluğun xilafına olan azlıq – tərc.) və nadirdir. Təhrifin olmadığına dəlalət edən rəvayətlər isə məşhur və ya mütəvatir həddədir. Necə ki, Şeyx Kaşiful-ğita kimi və digər alimlərin sözlərində bu bəyan edilib.
Buna görə də həmin rəvayətlərin təhrifin olmadığını bildirənlər rəvayətlər müqabilində dayanmağa (təarüz təşkil etməyə) səlahiyyəti yoxdur. Əksinə Üsul elmində mövcud olan qayda bundan ibarətdir ki, məşhur olan rəvayəti götürüb nadir olan rəvayətdən əl çəkmək lazımdır.
Həmin rəvayətlər xəbəri-vahiddir.
Üçüncüsü isə, bütün qeyd etdiklərimizi kənara qoysaq belə heç şübhəsiz təhrif barədə olan rəvayətlər xəbəri-vahidlərdir. İmamiyyə məzhəbinin alimlərindən bir qrupu mütləq şəkildə xəbəri-vahidlərin höccət olmadığı nəzərini qəbul etmişlər. Höccət olduğunu deyənlər isə etiqadi məsələlərdə onlara önəm vermirlər. Bunu bir qrup alim açıq-aşkar bildirmişdir.
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ.
[i] Təhrif sözü işlənərkən ondan bir neçə məna qəsd edilə bilir. Bu da, sözün omonim olmasına görədir:
1. Bir şeyi öz yerindən dəyişmək və başqa yerə qoymaq.
2. Quranın qorunması və aradan getməməsilə bərabər hərf yaxud hərəkələrdə artım və ya azalmanın baş verməsi. Baxmayaraq ki, zahirdə digərindən fərqlənmir.
3.Nazil olan Quranın qorunması ilə birlikdə bir yaxud iki kəlimənin az və ya çox olması.
4. Nazil olan Quranın qorunmasıyla bərabər ayə və ya surənin artırılıb-azaldılması ilə baş verən təhrif.
5. Artırılmaqla baş verən təhrif. Belə ki, əlimizdə olan müshəfin bir hissəsi nazil olan Allah kəlamı deyil.
6. Azalmaqla baş verən təhrif. Belə ki, əlimizdəki müshəf nazil olan Quranın hamısını əhatə etmir.
Bizim araşdırma mövzumuz təhrifin son mənasıdır. Ümumi mənada təhrif deyəndə isə yuxarıdakı mənaların hamısını əhatə edən mənanı qəsd edirik – müəl.
Qeyd: Burada qeyd edilən mənaları daha yaxşı anlamaq istəyən Seyid Xoyinin “əl-Bəyan” kitabına müraciət edə bilər. Orada hər bir qism və onun misalı göstərilmişdir – tərc.
[ii] Qısacası məsumu görməyənin ondan vasitəni qeyd etmədən nəql etdiyi hədis – tərc. Daha ətraflı bax: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.107.
[iii] Bir neçə mənası var. Səhabəni görən şəxsdən və ya digər şəxsdən məsuma isnad edilmədən nəql edilən rəvayət. Eləcə də sənədindən bir şəxsin düşdüyü hədisə də deyilir – tərc. Daha ətaflı: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.102.
[iv] Sənəd etibailə mötəbər olan – tərc.
[v] Əl-Məsailut-Tarablusiyyat. Təbərsinin “Məcməul-bəyan”ı c.1, səh.15-dən nəqlən.
[vi] Kəşful-ğita fil-fiqh. Bunu Seyid Şərəfuddin “Əcvibətul-məsail” səh. 33-də oradan nəql edib.
[vii] Əcvibətu məsaili Carillah, səh.30.
[viii] Əl-Bəyan, səh.27.
[ix] Hicr surəsi, ayə 9.
[x] Təfsirus-safi, c.1 səh.46.
[xi] Ümumi şəkildə dövrün izahı: Yəni iddia edilsə ki, Quranın təhrif olunmadığında Quranın özünə, onun ayəsinə söykənilir. Halbuki o ayənin özünün təhrif edilmədiyinin dəlilə ehtiyacı var. Deməli bir şeyin isbatı onun özünə bağlı oldu. Bu da terminologiyada dövr adlanır. Lakin həqiqətdə burada dövr yoxdur. Çünki Qurana zidd olan hədisləri kənara atmağı bildirən çoxsaylı mötəbər hədislər mövcuddur. Yəni “Quranın qorunduğunu” bildirən ayəni götürməyi, o ayəyə zidd olan hədisi kənara atmağı əslində elə hədislər bizə tapşırıb. Elə isə Quranın təhrif olmaması Qurana bağlı olmadı. Necə ki, cənab Seyid (Allah onu hifz etsin) də bunu qeyd etdi. Təhrif barədə olan öncəki məqaləmizdə də o barədə olan müəyyən hədisləri Seyidin eyni kitabından qeyd etmişik – tərc.
Həmin məqalənin linki: https://www.besiret.az/meqale?id=185