Günahkar olan başqa bir şəxsdir
Əvvəldə qeyd edilənlərdən aydın oldu ki, ayələrdə qəsd edilən ayrı bir şəxsdir, Peyğəmbər (s) deyil. İmam Sadiqdən (əleyhissəlam) nəql edilən rəvayət bu deyiləni təsdiq edir. O buyurub: “Allah rəsulu (s) Abdullah ibn Ummu-Məktumu gördükdə “Xoşgəldin, xoşgəldin! Allah əsla məni sənə görə danlamasın” deyər, Peyğəmbərlə (s) etdikləri iş bitənə qədər onunla nəzakətli davranardı”.[i]
Bu rəvayət bildirir ki: Allah-taala öz peyğəmbərini (s) İbn Ummu-Məktuma görə danlamayıb. Əksinə, rəvayətlə İbn Ummu-Məktum barədə belə bir günaha düşən şəxsə həmin günahı barədə söz atılır. Bunu da iddia edə bilərdik ki, rəvayətdən danlaq və qınanmağa səbəb olacaq bu kimi bir işin Peyğəmbər tərəfindən (s) baş verməsinin mümkünlüyünün belə qəti şəkildə inkar edildiyi anlaşılır. Çünki həqiqətən Allah onu (s) danlamış olsaydı bu inkarın bir mənası olmazdı.
Lakin bununla belə etibarsız əllər bu sözü təhrif ediblər və onun (s) belə buyurduğunu iddia ediblər: “Xoşgördük o şəxsi ki, rəbbim məni ona görə danlayıb”. “Əd-Durrul-mənsur” və digər təfsir kitablarına müraciət edin. Lakin doğru olan əvvəldə qeyd ediləndir.
Bir sual və cavabı
Deyə bilərsən ki, əgər ayələrdə başqa bir şəxs qəsd edilibsə, Allahın “Sən ona diqqət yetirirsən”[ii] sözünün və “Sən ona məhəl qoymursan”[iii] deməsinin mənası nədir? Çünki buradan anlaşılan budur ki, bu diqqət yetirmə və məhəl qoymama bu dinə əhəmiyyət verən bir şəxs tərəfindən olub, buna diqqət yetirib ona isə məhəl qoymayıb.
Cavab:
Birincisi: Ayələrdə həmin şəxsə diqqət yetirmənin din üçün yoxsa başqa bir şey üçün olduğuna dəlalət edən bir şey yoxdur. Ola bilər ki, bu diqqət digər dünyəvi məqsədlər üçün olsun. Həmin şəxsin dostluğunu qazanmaq, məqam qazanmaq və s. kimi.
İkincisi: Allahın “Bəlkə də o günahlardan təmizlənəcəkdi” sözü bunu bildirmir ki, həmin şəxs ayənin müxatəbi (ayənin xitab etdiyi şəxs) vasitəsilə təmizlənəcəkdi. Əksinə, daha ümumi bir mənadadır. Məclisdə olan digər şəxslərdən birinin də əli ilə günahlardan təmizlənməyə şamil olur. Peyğəmbər (s) və yaxud digər bir şəxs kimi.
Fərz edək ki, həmin diqqət elə dinə görə idi, amma bu sadəcə Peyğəmbərlə (s) məhdudlaşmayıb. Onlar da deyirlər ki, Peyğəmbərdən başqaları da dinə görə insanlara diqqət ayırırdılar (dinə gətirmək üçün çalışırdılar – tərc.) və bəzi şəxslər də digərlərinin əli ilə müsəlman olub. Təbii ki, əgər dedikləri doğrudursa!
Səhih rəvayət
Əvvəldə qeyd edilənlərdən sonra deyirik: Aydın olan budur ki, doğrusu İmam Sadiqdən (əleyhissəlam) gəlmiş hədisdir. Belə ki, ayə Bəni-Üməyyədən olan Peyğəmbərin (s) yanındakı bir şəxs barədə nazil olub. Həmin şəxsin yanına İbn Ummu-Məktum gəlib. İbn Ummu Məktum onun yanına gəldikdə həmin şəxs onun kirliliyindən narahat oldu, qaşqabağını tökdü, özünü yığdı (ondan iyrəndiyindən oturuşunu düzəltdi – tərc.) və ondan üz çevirdi. Pak və müqəddəs olan Allah da onun barədə bu işi nəql edib buna görə onu qınadı.
Mülahizə:
Ayələrdəki xitab öncədən həmin şəxsə yönəlməmişdi. Əksinə, Allah ondan üçüncü şəxsdən danışarcasına danışdı ki, o “yanına kor gəldi deyə qaşqabağını töküb üzünü çevirdi”.[iv] Daha sonra isə xitabını ona yönəltdi və birbaşa ona dedi: “Sən nə bilirsən...”
Mümkündür ki, ayələrdə xitab öncə Peyğəmbərə (s) edilmiş olsun. “Sənə deyirəm, qonşu sən eşit”[v] mənasında. Birinci cavab isə daha yaxın ehtimaldır və daha uyğun gəlir.
Osmanı ittiham etmək
Ola bilsin ki, deyəsən: Bəzi rəvayətlər bu hadisə ilə bağlı Osmanı ittiham edir və bildirir ki, İbn Ummu-Məktumla arasında bu hadisə baş verən şəxs odur.[vi] Lakin biz bu barədə şəkk edirik. Çünki Osman Həbəşə hicrət edənlərlə birgə hicrət etmişdi. Elə isə Məkkəyə haradan gəldi və bunlar baş verdi?!
Cavab veririk ki, bəzi tarixi mənbələrdə bildirilib ki, otuzdan çox şəxs hicrətlərindən iki ay sonra Məkkəyə qayıdıb. Osman da onlardan idi, sonra da Həbəşə qayıtdı.[vii]
Hər bir halda Osmanı[viii], yaxud Bəni-Uməyyədən olan digər bir şəxsi ittiham etmə məsələsi Peyğəmbəri (s) ittiham etməkdən qat-qat asandır. Hansı ki, ondan (s) bu kimi bir işin baş verməsi əsla mümkün deyil. Baxmayaraq ki, bəzi şəxslər üçün Peyğəmbəri (s) bu və ya digər işlərlə ittiham etmək asandır. Təki digər şəxslərin müqəddəsliyi pak və təmiz qalsın!
Hadisənin tarixi
Son olaraq qeyd edirik ki, tarixçilərin İbn Məktumun rəvayəti və “Əbəsə” surəsinin nazil olmasını “Ğəraniq” hadisəsindən sonra qeyd etdiklərini nəzərə alaraq aydın olan budur ki, bu hadisə Həbəşə hicrətdən öncə olub. Çünki Osman Həbəşə “Ğəraniq” hadisəsindən iki ay öncə getmişdi. Necə ki, tarixçilər deyirlər. Yalnız bu haldan sonra ola bilər ki, Osman “Ğəraniq” hadisəsini eşidəndən sonra qayıdanlarla birgə qayıtmış olsun, necə ki, bunu iddia edirlər.
İslam düşmənləri və bu hadisə
Burada qeyd etmək yaxşı olar ki, bəzi kinli xristianlar “Qaşqabağını töküb üzünü çevirdi” məsələsini əzəmətli Peyğəmbərimizə (s) tənə etmək üçün bir vasitəyə çevirməyə cəhd ediblər.[ix] Lakin Allah kafirlər bəyənməsə də yalnız öz nurunu tamamlamaq istəyir.
Biz burada isbat etdik ki, bunlar yalanlar və batil şeylərdir. Allah onun barədə bir dəlil göndərməyib.
Məqalə mərhum Əllamə Seyid Cəfər Mürtəzanın “Əs-Səhih min sirətin-nəbiyyil-əzəm” kitabından tərcümə edilmişdir.
Tərcümə etdilər: Kərbəlayi Həsən, Kərbəlayi Əbdüssəməd
Besiret.az
[i] Seyid Haşim Bəhrani, Əl-Burhan, c.4, səh.428;
Təfsiru nuris-Səqəleyn, c.5, səh.509;
Şeyx Təbərsi, Təfsiru məcməil-bəyan, c.10, səh.437.
[ii] “Əbəsə” surəsi, ayə 6.
[iii] “Əbəsə” surəsi, ayə 10.
[iv] “Əbəsə” surəsi, ayə 1-2.
[v] “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” mənasında olan ərəb deyimidir.
[vi] Əli ibn İbrahim Qummi, Təfsirul-Qummi, c.2, səh.405; Seyid Haşim Bəhrani, Əl-Burhan, c.4, səh.427; Təfsiru nuris-Səqəleyn, c.5, səh.508.
[vii] Sirətu İbn Hişam, c.2, səh.3.
[viii] Biz Osmanda ayənin mənasına uyğun olan bəzi sifətlərin olduğunu görürük. Necə ki, Mədinədəki məscid tikintisi zamanı Əmmarla olan hadisə buna şahiddir. Bu zaman Əmmar Əlinin (əleyhissəlam) şeirini Osmana söz atmaq üçün təkrarlayırdı:
“Məscidləri ayaq üstə də, oturanda da əzm edərək abadlaşdıran şəxs ilə torpaqdan (kirlənməkdən və s. –tərc.) uzaqlaşan halda görülən şəxs bir deyildir”.
[ix] Bax: Əl-Huda ila dinil-Mustafa, c.1, səh.158.