Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

2020-04-13 5218

6. Quranın möcüzəliyi

Təhrifin baş verməməsinin digər bir dəlili bundan ibarətdir ki, Quranın təhrifi ilə onun möcüzə olması bir-biri ilə ziddiyyət təşkil edir. Çünki təhrif olarsa, onun mənası aradan gedər. Halbuki onun möcüzəliyi fəsihlik və bəlağəti cəhətindəndir. Hansı ki, bu da mənaya bağlıdır və məlum məsələdir ki, o, qalıcı bir möcüzədir.

Bu, “Buşral-vusul” kitabında Quranın təhrif edilməməsinə müəllifin gətirdiyi dəlillərdən üçüncüsündəki ibarədir.

O cümlədən Seyyid Mürtəzanın sözlərində də bu dəlilə işarə var. Belə ki, o, dəlil gətirərkən deyir: “Çünki Quran peyğəmbərliyin möcüzəsidir”.

Əllamə Hillinin sözlərində də bu dəlilə işarə edilir: “Təhrifin baş verdiyini demək Peyğəmbərin (s) möcüzəsinə şəkk etməyə gətirib çıxarır. Bir halda ki, o, təvatürlə nəql edilib”.

Həmçinin Kaşiful-ğitanın sözlərində də buna işarə edilmişdir: “İnsanların əllərində olan kitab elə Allahın Peyğəmbərə (s) möcüzə olaraq və (insanların Quran kimi bir kitab gətirə bilməyəcəklərini göstərmək üçün onları) mübarizəyə çağırması üçün göndərdiyi kitabdır ...”.

7. İmamiyyə məzhəbinin namazı

İmamiyyə məzhəbinin Qurani-Kərimdə heç bir azalma baş vermədiyinə əqidə bəsləmələrinin dəlillərindən biri də onların namazıdır. Çünki şiələr gündəlik beş namazda Həmddən sonra bir və ikinci rükətlərdə Quran surələrindən Fatihədən başqa tam bir surə oxumağı vacib bilirlər. Onların böyük bir hissəsinin nəzərində də iki surəni  bir yerdə oxumaq olmaz.

“Onların bu şəkildə namaz qılmaları Quran surələrinin hamısının Peyğəmbər (s) zamanında da indi olduğu şəkildə olmasına inandıqlarını göstərir. Əgər belə olmasaydı, bu sözü deyə bilməzdilər”.[1]

8. Quranın Peyğəmbər (s) zamanında toplanması

Quranda heç bir azalmanın baş verməməsinin digər bir dəlili onun Peyğəmbər (s) zamanında toplanması və bu halda müsəlmanlar arasında mövcud olmasıdır. Necə ki, hər iki firqənin kitablarında bir çox hədis bu məsələyə dəlalət edir. Peyğəmbərin (s) Quranı oxumağa, Quran ayələri barədə düşünməyə və (s) nəql edilən hədisləri Qurana təqdim etməyə əmr etməsi barədə olan xəbərlər bu qəbildəndir. Bu hədislərdən bəzisini əvvəldə qeyd etmişik. Eləcə də bir qrup səhabə Peyğəmbər (s) zamanında Quranı xətm etmiş, onu tilavət edib, əzbərləmişdir. Quran elmləri barədə olan kitablara müraciət edənlər onların adlarını görə bilərlər. Əlavə olaraq, Cəbrail (ə) hər il, bir dəfə Quranı Peyğəmbərə (s) təqdim edirdi. Peyğəmbərin (s) vəfat etdiyi il isə iki dəfə təqdim etmişdi.[2]

Bütün bu qeyd etdiklərimiz əlimizdə olan Quranın heç bir artırılma və əskiklik olmadan istər Peyğəmbər (s) dövründə, istərsə də ondan sonrakı dövrlərdə Peyğəmbər (s) və səhabələrdə olan Quran olduğuna aydın bir dəlildir. Bu dəlili bir qrup alim də qeyd etmişdir.

9. Peyğəmbərin (s) və müsəlmanların Qurana diqqət ayırması

Görəsən hansısa bir müsəlman Peyğəmbərin (s) Qurana ayırdığı diqqəti inkar edə bilərmi? Peyğəmbər (s) Quran surələri nazil olan kimi onun müsəlmanlar arasında yayılması üçün çalışır, onlara surələri əzbərləmələri və öyrənmələri üçün təkid edirdi. Onlara bu işin fəzilətini, savabını, dünya və axirətdəki faydalarını açıqlayırdı.

Onun (s) vərəqlərə yazılaraq, əzbərlənərək və digər şəkildə Quranın qorunmasına təşviq etməsi, insanları bu işə rəğbətləndirməsi, istər kişi, istər qadın, istərsə də uşaqlara onu öyrətmək və öyrənmək barədə əmr etməsi açıq-aşkar sübuta yetmiş məsələlərdəndir. Belə ki, nə bir şəxs inkar edə bilər, nə də inadkar bir şəxs bu barədə mübahisə edə bilər.

Müsəlmanların Quranı qorumaq və ona diqqət ayırmaq üçün yetərli səbəbləri mövcud idi. Məhz buna görə də onu digər işlərindən qabağa salırdılar. Çünki o, nübuvvətin əbədi möcüzəsi, müsəlmanların şəriət hökmlərində və dini məsələlərdə istinad etdikləri yer idi. Belə olduğu halda necə təsəvvür edilə bilər ki, Qurandan hansısa bir hissə azalmış olsun?

Bəli, mümkündür deyilsin ki, onu qorumaq, hifz etmək üçün səbəblər mövcud olduğu kimi onun münafiqlər və düşmənlər tərəfindən təhrif edilməsi üçün də amillər var idi. Çünki onların Quran kimi bir kitab, onun kimi on surə və yaxud onun ayələri kimi bir ayə gətirmək barədə gümanları boşa çıxmışdı.

Lakin Allahın müsəlmanlara Quranı qorumaq və ona lazımi diqqəti ayırmaqda kömək etməsindən və onu qorumaq barədə Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”[3] vədini verməsindən sonra bu ehtimalın bir əhəmiyyəti qalmır.

Məqalə Ayətullah Seyyid Əli Milaninin (h) “Ət-təhqiq fi nəfyit-təhrif” kitabından tərcümə edilmişdir.

Tərcümə etdi: Kərbəlayi Əbdussaməd

Besiret.az

 

[1] Şərəfud-din “Əcvibətu məsaili carillah” s.28

[2] Bu, bütün hədis və digər kitablarda Peyğəmbərdən (s) o həddə rəvayət edilib ki, az qala açıq-aşkar məsələlərdən birinə çevrilib.

[3] Fussilət surəsi, ayə 40-42.