3. Ömər ibn Xəttabın “Allahın kitabı bizə kifayət edər” sözü
Müsəlmanlanların belini qıran və Allahın onlar üçün istədiyi hidayət yolundan bir çoxunun azğınlığa düşməsinə səbəb olan böyük bəlalardan və ağır müsibətlərdən biri də Peyğəmbərin (s) yanında, onun ömrünün son anlarında səhabələri arasında baş verən ixtilaf idi.
Məsələnin xülasəsi budur: Peyğəmbərin (s) vəfatı yetişdiyi zaman yanında bir qrup səhabə olduğu vaxt (onların arasında Ömər ibn Xəttab da var idi) buyurdu:
“Mənə (yazı yazılacaq bir şey) gətirin. Sizin üçün elə bir şey yazım ki, daha yolunuzdan azmayasınız.” Başqa bir ibarədə isə “Mənə bir qələm və mürəkkəb – yaxud lövhə və mürəkkəb – gətirin. Sizin üçün bir şey yazım ki, daha sonra yolunuzu azmayasınız”.
Bu zaman Ömər dedi: “Ağrısı Peyğəmbərə (s) qələbə çalıb (onu taqətdən salıb, özündə deyil). Quran sizin yanınızdadır. Allahın kitabı bizə bəs edər”.
Rəvayətin digər bir ibarəsində isə etiraz edənin adı bildirmədən qeyd olunur: “Onlar dedilər: “Allahın Rəsulu (s) sayıqlayır”.
Orada olanlar beləcə ixtilafa düşdülər. Onlardan bəzisi “Yaxın gəlin, Peyğəmbər (s) sizin üçün elə bir şey yazsın ki, daha yolunuzdan azmayasınız”, bəzisi isə Ömərin dediyini deyirdi. Bu mübahisəni çoxaltdıqları zaman isə Peyğəmbər (s) onlara “Qalxın yanımdan!” dedi.
Hal-hazırda bizim mövzumuz bu şəxsin sözü barədə onu hesaba çəkmək deyil. O söz ki, tarixin məcrasını dəyişdi, Qiyamət gününə qədər Allahın və Peyğəmbərin (s) öz ümməti üçün istədiyi xeyir, fayda və doğru yolun qarşısını aldı. Hətta İbn Abbas “Cümə axşamı... Necə bir cümə axşamı” deyərək ağlayır və deyirdi: “Həqiqi müsibət həmin hadisədir ki, Peyğəmbərin (s) (o yazını) yazmasının qarşısını aldı”.[1]
Biz sadəcə onun həmin zamanda Quranın toplanıb, yazı halında onlarda mövcud olduğunu açıq-aşkar bildirən “Quran bizim yanımızdadır. Allahın kitabı bizə kifayətdir” sözü ilə dəlil gətirmək istəyirik. Eləcə də onun bu sözünə heç bir şəxsin - nə “yaxın gəlin, Peyğəmbər (s) sizin üçün yazsın” deyənlərin, nə də digər şəxslərin “Quranın surə və ayələri pərəm-pərəm və dağınıq haldadır” deyə etiraz etməməsi də buna dəlalət edir. Elə buna görə də Ömər ibn Xəttabın və onun sözünü deyənlərin istədikləri şey oldu, Peyğəmbərin (s) vəsiyyət yazmasına mane oldular.
4. İcma
Quranda azalmanın baş verməməsinin dəlillərindən biri də “Kəşful-ğita” kitabında[2] və böyük alimlərdən bir qrupunun da sözlərində bildirildiyi kimi hər bir dövrdə alimlərin bu məsələ barədə icma etmələridir. Necə ki, Şeyx Səduqun “Kim bizə Quranın həqiqətdə bundan artıq olduğu fikrini nisbət verərsə, o, yalançıdır”[3] sözlərində “bizə” kəliməsindən də anlaşılır.
Əllamə Hilli (xəbəri-vahid olaraq nəql edilib, həqiqətdə Quran ayəsi olduğu bildirilən hissələrin höccət olub-olmaması barədə danışarkən) deyir:
“Alimlər ittifaq etmişlər ki, Qurandan bizə təvatürlə nəql edilən miqdar höccətdir... Belə ki, Peyğəmbərin (s) nübuvvətinə insanların əminlik əldə etmələrindən ötrü o, nazil olan Quranı təvatür həddində yayması ilə mükəlləf idi. Çünki Quran onun möcüzəsi idi. Elə isə insanların Qurandan eşitdikləri hissələri nəql etmədiyi sözünü qəbul edə bilmərik. Əgər bir ravi (Quran ayəsində bəzi əlavə sözlər) zikr edib onun (həmin əlavələrin də həqiqətdə) Qurandan olduğunu düşünərsə, o, xəta edib... İcma Quranın təvatür həddində şəxsə çatdırılmasının vacib olduğuna dəlildir. Həqiqətən də Peyğəmbərin (s) doğru danışan olmasına dəlalət edən möcüzə Qurandır. Əgər onu təvatür həddindəki şəxslərə çatdırmasa, möcüzəsi aradan qalxar və onun (s) peyğəmbərliyinə heç bir dəlil qalmazdı”.[4]
Seyyid Amili deyir:
“(İnsanların bu kimi mühüm işlərdə əməl etdikləri) Adət bunu tələb edir ki, Quranın hissələri, sözləri, hərəkə-sükunları və (ayə və surələrinin) yerinə qoyulması kimi təfsilatı təvatürlə nəql edilmiş olsun. Çünki nəql edilməsinə təşviq edən amillər mövcud idi. Quranı təsdiq edən şəxs onun bütün hökmlər üçün bir əsas təşkil etdiyinə, inkar edən şəxs isə onun möcüzə olmasını inkar etmək üçün onu nəql edirdi. Ona görə də bu məsələdə müxalifətçilik edənin və ya şəkk edən şəxsin sözünə əhəmiyyət verilməz”.[5]
Şeyx Bəlaği deyir:
“Qurani-Kərimin bütün müsəlmanlar arasında nəsildən-nəsilə təvatürlə nəql edilməsinə görə onun ehtiva etdiyi sözlər, forma və insanlar arasında yayılmış olan bir üslubda oxunuşu davamlı olaraq qalmışdır. Buna görə də yeddi qari və digər şəxslər tərəfindən onun oxunuşu məsələsində yaranmış ixtilaf barədə insanların bəzisinin nəql etdikləri şeylər də onun sözləri və formasına heç bir təsir göstərməmişdir.”[6]
Məlum məsələdir ki, müsəlmanların nəzərində icma höccətdir. İmamiyyə məzhəbində ona görə höccətdir ki, məsum İmamın (ə) sözünü aşkar edir.[7] Əlavə olaraq Quranda nöqsanın olmaması dində açıq-aşkar olan məsələlərdəndir. Necə ki, Seyyid Mürtəzanın sözlərində bu mövcuddur. Həmçinin bəzi böyük alimlərimiz də onun sözlərini nəql etmiş və onun bu fikri ilə razılaşmışlar.
5. Quranın mütəvatir olması
Quranda azalmanın baş verməməsinin dəlillərindən biri də onun İmamiyyə məzhəbinin mənbələrində mütəvatir olmasıdır. Onu bütün hərəkə və sükunları, hərf və kəlimələri, ayə və surələri qəti olaraq təvatürlə pak imamlardan (ə) nəql olunmuşdur. Onlar da bunu babaları Peyğəmbərdən (s) nəql etmişlər.[8]
Alimlər də bu səbəbdən əlimizdə olan Quranın heç bir azalma və ya artırılma olmadan, elə Peyğəmbərə (s) nazil edilən olduğuna etiqad edirlər. Şeyx Səduq (r.ə.) deyir:
“Etiqadımız budur ki, Allahın öz peyğəmbərinə (s) nazil etdiyi Quran həmin iki üz qabığı arasında olandan ibarətdir. O elə insanlarda olan miqdardır, bundan artıq deyil. Onun surələrinin sayı camaat arasında yüz on dörd surədir...”[9]
[1] Həmin mənbə, c.1 s.119-120. hədis 112.
[2] Kəşful-ğita s.299
[3] “əl-Etiqadat” s.250 nəşriyyat: İmam Hadi (ə) müəssisəsi
[4] Əllamə Hilli, “Nihayətul-vusul” s.333
[5] Seyyid Muhəmməd Cavad Amili, “Miftahul-kəramə” c.2 s.390
[6] Əllamə Bəlaği, “Alaur-Rəhman” s.29
[7] Bu barədə məlumat əldə etmək istəyən şəxslər üsuli-fiqh kitablarına müraciət edə bilərlər.
[8] Şərəfud-din “Əcvibətu məsaili carullah”; “Məcməul-bəyan” Seyyid Mürtəzaya istinadən.
[9] Əl-etiqadat, s.245-248 (İmam Hadi müəssisəsinin nəşri ilə)