2.6. Əhli-beyt (ə) imamlarının müxtəlif Quran ayələrinə əsaslandığı məzmununda olan hədislər
İmamiyyə məzhəbindən olan mühəddislər pak imamlardan (ə) onların (ə) münazirələr zamanı və həmçinin istər əqidə, istər şəriət hökmləri, istərsə də moizə, hikmətli kəlam və ibrətamiz hadisələr kimi hər hansı bir mövzu barədə bəhs edərkən müxtəlif ayələrə istinad etdiyini bildirən çoxlu sayda hədislər nəql etmişlər. Bu da başda “əl-Kafi” kitabı olmaqla hədis və digər (mövzularda yazılmış) kitablara müraciət edən şəxslərə gizli deyildir.
Pak imamlar (ə) hər bir mövzuda əlimizdə olan Qurana müvafiq müxtəlif Quran ayələrinə əsaslanmışlar. Hətta təhrif barədə xəbəri-vahid olan rəvayətlərin gəldiyi mövzularda belə. Bu, ən yaxşı dəlildir ki, imamların (ə) kəlamındakı təhrif rəvayətlərinin bir çoxunda “bu şəkildə nazil olub” sözündən məqsəd (budur ki, İmamın dediyi söz) ayənin nazil olma (zahiri mənası) cəhətindən təfsiridir ki, bu da batini təfsir və təvilin müqabilindədir. (Yəni ayənin zahiri mənasının təfsiri bu şəkildədir. Bu isə ayələrin batini mənasının təfsirinin və təvilinin müqabilindədir. İmamlardan gələn bir çox rəvayətlərdə də “bu şəkildə nazil olub” və sair bu kimi ifadələr nazil olduğu surətinin təfsirini bəyan edir. Sadəcə bu təfsirin batini təfsirdən və təvildən fərqlənməsi səbəbi ilə onu bu şəkildə ifadə etmişlər. Məqsədləri bu deyil ki, ayə nazil olarkən filan şəkildə idi, lakin sonralar təhrif edilib – tərc.).”[1]
2.7. İmamlardan (ə) insanların əlində olan Quranın Allah yanından nazil olan Quran olduğu barədə gələn hədislər
İmamlardan (ə) gəlib çatmış bir qrup hədis açıq şəkildə bildirir ki, onlar (ə) mövcud olan Quranın elə Allah yanından Peyğəmbərə (s) nazil olan Quran olduğuna əqidə bəsləyirdilər. Bu barədə hədislər çoxdur. Onlardan bir neçəsini qeyd edirik:
Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) buyurub: “Rəbbinizin kitabı sizin aranızdadır. (Rəbbiniz) Onun halal-haramını, vacib və üstün (müstəhəb) əməllərini, nasix-mənsuxunu, icazəli və vaciblərini (mütləq, istisnasız əmrləri) (yaxud səcdə ayələri və digərlərini), ümum-xüsusunu, ibrət və məsəllərini, mütləq-müqəyyədini, möhkəm və mütəşabehini bəyan edərək icmali olan məsələləri izah etmiş və qaranlıq qalanları açıqlamışdır. (Onun mətləbləri) Həm (bəndələr tərəfindən) bilinməsi (onlara vacib edilərək, bu) barədə əhd alınmış, həm də bilməmələri bəndələr üçün bağışlanmışlardan (bilinməsi zəruri olmayıb, bilinmədiyi təqdirdə bəndələrin üzürlü hesab edildiyi məsələlərdən), Kitabda (Quranda) vacib olması qeyd edildiyi halda sünnədə nəsx olunması bilinəndən, sünnədə götürülməsi (əməl edilməsi) vacib ola-ola Kitabda tərk edilməsinə icazə veriləndən, öz vaxtında vacib olub, daha sonra (vacibliyi) aradan gedənlərdən ibarətdir. Haramları arasında böyük günah qismindən olub, o işi edənə həmin əmələ görə cəhənnəm vədəsi verdiyi və kiçik günah qismindən olub, o əmələ baxmayaraq (əməli edən üçün) məğfirət hazırladığı haramlar olaraq fərq qoymuşdur. (Həmçinin mətləblərdən bəzisi) az miqdarı belə qəbul edilən, çoxunda isə (bəndəyə edib-etməməkdə) ixtiyar verilən (vacib edilməyən) məsələlərdən ibarətdir”.[2]
Habelə İmam (ə) buyurub: “Məgər Allah naqis bir din nazil edib, sonra da onlardan (rəyi ilə fətva verənlərdən) dini tamamlamaq üçün kömək istəyib?! Yoxsa onlar da Allahla şərikdirlər ki, onlar da öz fikirlərini deyərlər, Allah da buna razı olar (onların dediyi hökmü qəbul edər)? Ya Allah dini tam şəkildə göndərib, sadəcə Allah Rəsulu (s) dinin təbliği və (dini məsələlərin bəyanı əmrini) yerinə yetirməsində nöqsana yol verib? Uca Allah isə buyurur: “Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq.”[3] və onda “... hər bir şeyin açıqlaması.. ”[4] var. Eləcə də bildirir ki, Kitabın bir hissəsi digərini təsdiq edir və onda heç bir ziddiyyət yoxdur. Allah buyurur: “Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, mütləq onda çoxlu ziddiyyət tapardılar”[5]. Həqiqətən də Quranın zahiri gözəl, batini isə dərindir. Onun möcüzələri yox olmaz, qəribəlikləri aradan getməz. Qaranlıqlar (cəhalət və şübhələrinin qaranlığı) ondan başqa bir şeylə aradan qaldırıla bilməz”.[6]
Rəyyan ibn əs-Səltdən nəql edilən bir rəvayətdə deyir: “İmam Rzaya (ə) dedim: “Quran barədə nə deyirsən?” İmam (ə) buyurdu: “Allahın kəlamıdır, ondan kənara çıxmayın. Hidayəti də ondan başqa bir yerdə axtarmayın. Yoxsa azarsınız”.[7]
İmam Rzanın (ə) İslamın əsasları və dinin qanunları barədə Məmuna yazdığı məktubda qeyd olunub: “... Və Muhəmməd ibn Abdullahın (Allahın salamı onun və ailəsinin üzərinə olsun) (din olaraq) gətirdiyi hər bir şey açıq-aşkar haqdır. Həmçinin dinin əsası Peyğəmbəri təsdiq etmək və Allahın ondan öncə olan rəsullarını (ə), nəbilər (ə) və höccətlərini təsdiq etməkdir. (O cümlədən dinin əsası) Onun doğru danışan və əziz kitabını, hansı ki (bu kitaba) “nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”[8] və Allahın Kitabın hamısını qoruduğuna, Fatihəsindən (yaxud əvvəlindən) sonuna qədər haqq olduğunu təsdiq etməkdir. Biz onun möhkəm və mütəşabehinə, ümum-xüsusuna, (mükafatla bağlı) müjdə və (əzabla bağlı) vədinə, nasix-mənsux və (içərisində olan) qissə və xəbərlərə iman gətiririk. Məxluqatdan heç bir kəs onun mislində bir şey gətirə bilməz”.[9]
Əli ibn Salim atasının belə dediyini nəql edir: İmam Cəfər ibn Muhəmməd Sadiqdən (ə) soruşdum: “Ey Allah Rəsulunun (s) oğlu, Quran barədə nə deyirsən?” İmam buyurdu:
“O, Allahın kəlamı, Allahın sözü, Allahın kitabı, Allahın vəhyi və endirdiyidir. O həmin əzəmətli kitabdır ki, “nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”[10].[11]
[1] Müraciət edin: Əllamə Təbətabai, “Əl-mizan” təfsiri, c.12 s.88
[2] Nəhcul-bəlağə xütbə 1. s.44-45
[3] Ənam surəsi, ayə 38.
[4] Nəhl surəsi, ayə 89.
[5] Nisa surəsi, ayə 82.
[6] Nəhcul-bəlağə xütbə 18. s.61
[7] Uyunu əxbarir-Rza c.2 s.56
[8] Fussilət surəsi, ayə 42.
[9] Uyunu əxbarir-Rza c.2 s.121
[10] Fussilət surəsi, ayə 42.
[11] Şeyx Səduq, “əl-Əmali” s.545