2.5. Qurana müraciət etməyi və onu danışdırmağı əmr edən hədislər
Bu hədislər həddən artıq çoxdur. Lakin burada Əmirəl-mömininin (ə) məktub və xütbələrində gələn bir miqdarla kifayətlənirik.
Əmirəl-möminin (ə) Peyğəmbərin (ə) və Quranın fəzilətinə işarə etdiyi bir xütbəsində buyurur: “Elçilərin arası kəsildiyi, ümmətlərin uzun bir yuxuya getdiyi, sağlam və möhkəm olanın (əvvəlki şəriətlərin) viran olduğu bir zamanda onu (ə) peyğəmbər olaraq göndərdi. O (s) da əlində olan və (insanların) tabe olmalı olduqları nurun təsdiqi ilə onlara tərəf gəldi. O (nur), Qurandır. Onu (Quranı) dilə gətirin. (Baxmayaraq ki, öz-özünə, bir şərh edən olmadan) O, sizə cavab verməyəcək (danışmayacaq). Lakin mən onun barədə sizə xəbər verirəm. Agah olun, həqiqətən də (gələcəkdə) olacaqlar barədə məlumat, keçmiş barədə söhbət, sizin dərdinizin dəvası və sizə aid olanların (dünya və axirət işlərinin) nizama salınması ondadır”.[1]
İmam (ə) buyurub: “Bilin ki, həqiqətən də bu Quran əsla insanları aldatmayacaq bir nəsihət edən, onları azdırmayacaq bir hidayət edəndir. Elə bir danışandır ki, yalan deməz. Kim bu Quranla oturarsa (həmsöhbət olar, onu düşünərək oxuyarsa), onda həm artım, həm də azalma baş verər. Onun hidayətini artırar, korluğunu (cəhalətini) azaldar. Bilin ki, Qurandan sonra heç bir şəxs möhtac olmaz. Ondan öncə isə heç bir şəxs ehtiyacsız deyil. Onda öz xəstəliklərinizə şəfa axtarın və çətinliklər zamanı ondan kömək alın. Həqiqətən də onda ən böyük xəstəliyin şəfası var. O (xəstəlik), küfr, münafiqlik, həddi aşma və azğınlıqdır. Allahdan onun vasitəsi ilə istəyin və Allaha Quran sevgisi (onu oxuyub əməl etmək) ilə yönəlin. Allahın yaratdıqlarından Quran vasitəsilə bir şey istəməyin. Şübhəsiz ki, bəndələr Allaha Qurana kimi (dəyərli, üstün) bir şey vasitəsi ilə yönəlməyiblər. Bilin ki, o, şəfaəti qəbul edilən bir şəfaətçidir və elə bir danışandır ki, sözü təsdiq edilir. Həqiqətən də Qiyamət günündə kimin üçün Quran şəfaət edərsə, onun barəsində şəfaət qəbul edilər. Kimin barəsində şikayət edərsə, o şəxs barədə (bu şikayət) qəbul edilər. Qiyamət günü bir şəxs belə nida edər: “Agah olun ki, Quran əkinçilərindən (Quran oxuyub, qazancı Quran olanlardan) başqa hər bir əkinçi (mal və qazanc əldə edən) öz əkini və əməlinin aqibəti barədə imtahan edilər”. Elə isə onun əkinçilərindən (onu öyrənənlərdən) və ona tabe olanlardan olun. Onu Rəbbinizin yoluna aparan bir bələdçi edin (Rəbbinizin yolunu ondan soruşun, onunla tapın) və ondan özünüzə nəsihət götürün. Öz fikirlərinizi onunla yoxlayın (doğruluğunu bilmək üçün Quranla üst-üstə düşüb-düşmədiyinə baxın) və öz (nəfsi) istəklərinizi onun əsasında yalanlayın (xəyanətkar, aldadıcı olduğunu görün)”.[2]
İmam (əleyhis-səlam) Haris əl-Həmdaniyə (Allah ondan razı olsun) yazdığı məktubda buyurub: “Qurana sarıl və ondan nəsihət al. Onun halalını halal, haramını isə haram bil ...”.[3]
Həmçinin İmam (ə) buyurub: “... Sonra Allah ona (Muhəmməd peyğəmbərə) Kitabı çıraqları sönməyəcək bir nur, odu tükənməyəcək bir məşəl, dərinliyi dərk edilməyən bir dərya, yoldan azdırmayan bir istiqamət, zülmətə çevrilməyən (tükənməyən) bir şüa (işıq) və dəlili zəifləməyən Furqan (haqqı batildən ayıran) ... köməkçilərini darda qoymayacağı haqq olaraq nazil etdi. O, imanın qaynağı və mərkəzi, elmin çeşmələri və dəryaları, ədalətin bağları və arxlarıdır. O, İslamın dayağı və binası, haqqın səhraları və hamar çölləridir. Elə bir dənizdir ki, tükətməyə çalışanlar onu bitirə bilməzlər. (Quran) Ondan su çəkənlərin quruda bilməyəcəyi bir bulaqlar, yanına gələnlərin (istifadə edənlərin) azalda bilməyəcəyi mənbələr və səfər edənlərin yolunu azmayacağı mənzillərdir ... Allah onu alimlərin susuzluğunu aradan qaldıran, fəqirlərin qəlbləri üçün bir bahar, salehlərin yolları üçün hədəf, özündən sonra heç bir xəstəlik olmayan bir dəva, zülmətsiz bir nur, halqası möhkəm olan kəndir, (düşmənlər tərəfindən) yetişilə bilməyən bir sığınacaq qərar vermişdir. (Allah) Onu dost tutana ucalıq, ona daxil olan üçün aman, onu izləyən üçün hidayət, onu özünə nisbət verənə bir üzr, onunla (bir şəxsin müqabilində) danışana bir dəlil, onun əsasında (biri ilə) mübahisə edən üçün bir şahid və onu dəlil gətirərək münaqişə edən üçün zəfər qərar verib. (Eləcə də Allah Qurani-Kərimi) Onu daşıyanın (əməl edənin) qoruyucusu, onu istifadə edənə bir vasitə, nəzərini onda cəm edən (onda bir nişanə və əlamət axtaran) üçün bir nişanə, geyinən üçün qalxan, onu anlayana (dərk edib yadında saxlayana) elm, rəvayət edən üçün xəbər və (insanlar arasında) qəzavət edən üçün hökm edib”.[4]
İmam (ə) buyurub: “Quran (yaxşılıqlara) əmr edən, (pisliklərdən) çəkindirəndir. Səssiz (həqiqətdə isə) danışandır. Allahın öz məxluqatı üzərində olan höccətidir. Onlardan Quran barəsində əhd almış və onları Quranın girovunda qoyub (yəni, əbədi əzabdan qurtuluşu onun barədə olan əhdlərinə əməl etməkdə qərar verib), Onun nurunu tamamlamış, onunla dinini kamilləşdirmişdir. Peyğəmbər (s) Quranla hidayət hökmlərini bəyan edib, bəndələrə bunları çatdırmağı bitirdikdə Allah onun canını aldı. Elə isə uca olan (Allahı) Quranda özünü nə cür əzəmətli vəsf etmişdirsə, siz də elə uca bilin. Həqiqətən də O, dinindən heç bir şeyi sizdən gizli saxlamayıb və razı olduğu, yaxud bəyənmədiyi elə bir şey yoxdur ki, onun barəsində (Quranda və sünnədə) aşkar bir nişanə, aydın bir əlamət qoymamış olsun; (və bunu sizə bəyan etmədiyi halda) sizi həmin (bəyənmədiyi) şeydən çəkindirsin və ya (razı olub, tələb etdiyi şeyə) əmr etsin...”
Bütün bu bəlağətli kəlimələr və bunun mislində olanlar açıq-aşkar bunu göstərir ki, Allah Qurani-Kərimi insanların aydınlanacağı bir nur, əməl ediləcək bir yol, üslub, bəndələr arasındakı hökm, qarışıq məsələlərin həllində yönələcək yer, çaşqınlıq zamanı bir əlamət və fitnə (və ya imtahan) zamanı tabe olmaq üçün vasitə qərar verib.
Bunlar da bizim əlimizdə olan Quranın elə Peyğəmbərə (s) nazil olan və Əmirəl-mömininə (ə), digər imamlara (ə), səhabə və digər müsəlmanlara tanıtdırıb təbliğ etdiyi Quran olduğunu bildirir.