Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

2020-04-13 5219

2.3. Səqəleyn hədisi

Uca peyğəmbər və əzəmətli rəhbər olan Həzrət Muhəmməd (s) hər fürsət düşdükdə bundan istifadə edib Quran və Əhli-beyti (ə) vəsiyyət etdiyini bildirir, onlara tabe olmağa, itaət etməyə və onlardan sarılmağa əmr edirdi.

Buna görə də “Səqəleyn” hədisi Peyğəmbərdən təvatür şəklində nəql edilmişdir. Hansı ki, müsəlman alimlərinin əksəriyyəti onu çoxlu və mütəvatir şəkildə, müxtəlif ibarələrlə otuzdan çox səhabədən rəvayət etmişlər. Həmin hədisin mətnlərindən biri budur:

“Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Allahın kitabı və mənim zürriyyəm olan Əhli-beytim. Nə qədər ki, onlara sarılmısınız, əsla yolunuzu azmazsınız ...”.

Bu hədis Qurani-Kərimin bütün ayə və surələri ilə birlikdə Peyğəmbərin (s) dövründə yazılmış olmasını bildirir. Belə ki, ona “kitab” deyilə bilir. Buna görə də “kitab” sözü Quranın surələrində dəfələrlə qeyd edilmişdir.

Bununla bərabər hədis Quranın qiyamət gününə qədər Peyğəmbərin (s) dövründə olduğu şəkildəki kimi qalmasını gərəkdirir. Beləcə də Qurana sarıldıqları müddətcə onunla və Peyğəmbər (s) zürriyyəsi vasitəsi ilə İslam ümməti və bütün bəşəriyyətin əbədi hidayəti yerinə yetir. Necə ki, bu şərafətli hədis öz müxtəlif ibarə və sənədləri ilə bizə bunu çatdırır. Əgər belə olmasa, deməli ya Peyğəmbər (s) ümmətində baş verəcək hadisələrdən xəbərdar deyil, yaxud da Peyğəmbər (s) öz ümmətinə (özündən sonra hidayət üzrə olmaları üçün) lazımi nəsihəti verməyib. Halbuki heç bir müsəlman bu sözü demir.

2.4. Namaz və digər yerlərdə surələri oxumağın savabı barədə olan hədislər

Namaz və digər yerlərdə Qurani-Kərimin surələrinin oxunması, həmçinin Quran xətm etməyin, Ramazan ayında Quran tilavət etməyin və sair kimi ibadətlərdə Quran oxumağın fəziləti barədə bizə bir qrup hədislər yetişmişdir. Halbuki əgər Quranın surə və ayələri toplanıb kitab halına salınmasa və müsəlmanlar arasında məlum olmasaydı, müsəlmanlara bu barədə əmr edilməzdi.

Əgər Quranın sözlərinə nöqsan gəlsəydi, o zaman bu hədislərdən heç birinə etimad edib, savab əldə etmək ümidi ilə ona əməl etmək mümkün olmazdı. Çünki bu zaman ehtimal edilərdi ki, hər bir surə və ya ayə nazil olunduğu halından başqa bir hala təhrif edilib. Bu hədislərdən bəziləri:

İmam Baqir (ə) öz atası (ə) o da öz babasından (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Hər kim gecə on ayə oxuyarsa, o, ğafil olanlar sırasına yazılmaz.  Kim əlli ayə oxuyarsa, zikr edənlər arasında (adı) yazılar. Kim yüz ayə oxuyarsa, onun adı itaətkarlar sırasına yazılar. Hər kim iki yüz ayə oxuyarsa, mutilər (sırasında) yazılar. Kim üç yüz ayə oxuyarsa, o, uğur qazananlardan olaraq yazılar. Hər kəs beş yüz ayə oxuyarsa, çalışqanlar sırasında yazılar. Kim min ayə oxuyarsa, onun üçün qantar (ölçü vahidi qədər savab) yazılar...”[1]

İmam Baqir (ə) buyurub: “Kim Vətr namazını “Muəvvəzəteyn” (Fələq və Nas surələri) və “Qul huvəllahu əhəd” (surələri) ilə qılarsa ona deyilər: “Ey Allahın bəndəsi, sənə müjdə olsun! Allah sənin vətrini qəbul etdi”.[2]

İmam Sadiq (ə) buyurub: “Quran oxumalısınız. Həqiqətən də cənnətin dərəcələri Quran ayələrinin ədədləri ilədir. Qiyamət günü olduqda,  Quran oxuyan şəxsə deyilər: “Oxu və (daha yuxarı dərəcəyə) ucal.” Hər nə qədər ayə oxusa, o qədər də dərəcəsi ucalar ...”.[3]

İmam Sadiq (ə) buyurub: “Hər bir möminə vacibdir ki, bizim şiəmizdirsə, cümə gecəsi Cümə və “Səbbih ismə Rabbikəl-əla” (Əla) surəsini oxusun... Əgər bunu edərsə, o sanki Allah Rəsulunun (s) etdiyi əməli etmiş olar. Onun da mükafat və savabı Allahın cənnət bəxş etməsidir”.[4]

İmam Baqir (ə) buyurub: “Kim Məkkədə bir cümədən digərinə qədər Quranı xətm edər, ya bundan az, yaxud çox edib, onu cümə günü bitirərsə, dünyada olduğu ilk cümədən orada olacağı son cüməyə qədər ona əcr və xeyir əməl yazar. Həmçinin digər günlərdə də xətm etsə belə (əcr verilər) .”[5]

Bunlardan başqa hədislər də var və çoxdur. Fəqihlər (Allah təala onlardan razı olsun) beş namazda oxunması müstəhəb olan Quran surələrini təfsilatı ilə qeyd etmişlər.

Necə ki, Şeyx Səduq (Allah ona rəhmət etsin) imamlardan (ə) gələn hədislərlə Qurandakı hər bir surəni oxumağın savabını qeyd etmişdir.[6]

İmamiyyə məzhəbinin Şeyx Səduq kimi böyük alimləri qəbul etdikləri “Quranın təhrif olmaması” nəzərinə bu qism hədislərlə dəlillər gətirmişlər.[7]

 

[1] Şeyx Səduq, əl-Əmali s.59

[2] Şeyx Səduq, əl-Əmali s.60

[3] Şeyx Səduq, əl-Əmali s.359

[4] Səvabul-əmal s. 118

[5] Səvabul-əmal s. 100

[6] Səvabul-əmal kitabına müraciət edin.

[7] Əl-Etiqadat, “Quranın miqdarı barədə etiqad babı” s.245 (İmam Hadi müəssisəsinin nəşri ilə)