2. Peyğəmbər (s) və imamlardan (ə) nəql edilmiş hədislər
Əhkam və İslam əqidələrinin mənbələrindən ikincisi Peyğəmbərin səhih sənədlərlə bizə yetişən (s) şərafətli sünnəsidir. Buna görə də müsəlmanlara vacibdir ki, Quranda olmayan məsələləri sünnədə axtarsınlar, Quranın qaranlıq qalan mətləblərinin təfsirini, həmçinin onda icmali şəkildə bildirilənlərin təfsilatını sünnədən əxz etsinlər və beləcə, sünnə üzrə hərəkət edib, ona müvafiq şəkildə əməl etsinlər. Elə bununla da Allahın “Peyğəmbər sizə nə verirsə onu götürün, nədən çəkindirirsə, ondan çəkinin.”[1] və “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”[2] sözlərinə əməl etmiş olsunlar.
Buna əsasən, biz sünnəyə müraciət etdiyimiz zaman görürük ki, müxtəlif qisimlərdən olan çoxlu hədislər dəlalət edir ki, əlimizdə olan Qurani-Kərim elə Peyğəmbərə (s) nazil olan Qurani-Kərimdir. Orada artırılma, yaxud azaldılma yoxdur və o, Peyğəmbərin (s) vədi əsasında qorunub saxlanılmışdır. Bu zamana qədər həmin halda qalmış, əbədiyyətə qədər də olduğu kimi qalacaqdır.
Bu hədislər bir neçə qismdir.
2.1. Hədisləri Quranla tutuşdurmaq barədə olan rəvayətlər
Səhih hədislərdə gəlmişdir ki, iki bir-birinə zidd olan hədisi və hətta bütün hədisləri Qurana təqdim etmək vacibdir. Bir-birinə zidd olan hədislərdən hansı Qurana müvafiq olarsa, o götürülər, hansı ona zidd olarsa, o tərk edilər. Elə isə, əgər Quranın surə və ayələri təhrifdən amanda deyildirsə və azaldılmaqdan qorunmamışdırsa, məsum imamların (ə) qoyduğu bu qayda da olmazdı. Hansı ki, məsum imamlar bu qaydanı öz babaları olan Peyğəmbərdən (s) götürmüşlər. Beləcə, bizə də bu qaydaya əsaslanıb, ona etimad etmək mümkün olmazdı. Bu mətləbi bildirən hədislərdən bir neçəsini təqdim edirik.
İmam Sadiq (ə) buyurub: “Peyğəmbər (s) Minada xütbə edərək buyurdu: “Ey insanlar, məndən sizə yetişən (xəbər) Allahın kitabına müvafiqdirsə, onu mən demişəm. Sizə yetişən Allahın kitabına ziddirsə, mən onu deməmişəm (onu qəbul etməyin)”.[3]
İmam Rza (ə) buyurub: “Sizə gəlib çatan iki bir-birinə zidd olan xəbərləri Allahın kitabına təqdim edin. İstər halal, istərsə də haram olaraq Allahın kitabında mövcud olarsa, o zaman Allahın kitabına uyğun olana tabe olun. Əgər kitabda mövcud olmazsa, onu Peyğəmbərin (s) sünnəsinə təqdim edin ...”.[4]
İmam Sadiq (ə) öz atasından, o da (ə) babasından (ə) İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Haqq olan hər bir şeydə həqiqət (əlaməti), doğru olan hər bir şeydə nur var. Elə isə, Allahın kitabına uyğun olanı götürün, ona müxalif olanı isə boşlayın”.[5]
İmam Hadi (ə) buyurub: “... Əgər xəbərlərin həqiqətləri (bir şəxsə) yetişər, onların Qurandan olan şahidlərinə (dəlillərinə) sarılar və bu xəbərlərə müvafiq olub (Quranın) ona dəlalət etdiyini görərsə, bu zaman həmin xəbərlərə əməl etmək vacib olar və bundan yalnız inadkarlar boyun qaçırarlar.”[6]
İmam Sadiq (ə) buyurub: “Əgər sizə iki bir-birinə zidd olan hədis gəlib çatarsa, onları Allahın kitabına təqdim edin. Allahın kitabına uyğun olanı götürün. Ona uyğun olmayanı isə qəbul etməyin ...”.[7]
İmam Sadiq (ə) buyurub: “... (gəlib çatan hədislərə) Baxılar. Onlardan hansı Kitaba və sünnəyə müvafiq olub, müxaliflərin sözlərinə zidd olarsa, o götürülər. Kitaba və sünnəyə müxalif olan, müxaliflərə uyğun olan isə tərk edilər ...”[8]
Bu və bunun kimi hədislər indi mövcud olan Quranın elə Allahın Peyğəmbərə (s) nazil etdiyi Quranın özü olduğunu göstərir. Nə bir azaltma, nə də bir artırılma olmadan. Çünki əgər belə olmasaydı, o zaman Quran müsəlmanlar üçün hədisləri təqdim etməkdə; səhih hədisin bilinməsi və ona əməl olunması; doğru olmayanın da bilinib, ondan üz çevirilməsi üçün mənbə ola bilməzdi.
2.2. Qədir-xum xütbəsi
Qədir-xum hadisəsi və Peyğəmbərin (s) xütbəsi tarixin həqiqətlərindəndir. Baxmayaraq ki, biz bu xütbənin kamil halda nəqlinə yalnız “əl-İhticac” kitabında rast gəlirik. Bu xütbədə Quran (ayələri) barədə təfəkkür və onun təfsirində Əmirəl-mömininə (ə) müraciət etməyimiz barədə əmr mövcuddur. Belə ki, Peyğəmbər (s) buyurub:
“Ey insanlar, Quran (ayələri) barədə təfəkkür edin. Onun ayələrini (doğru şəkildə) anlayın və onun möhkəm (mənası aydın olan) ayələrinə nəzər edin. Mütəşabih (mənası aydın olmayan, təfsir və təvilə ehtiyacı olan) ayələrinə tabe olmayın (onların zahiri əsasında əməl etməyin). And olsun Allaha ki, sizin üçün onun hədlərinin bəyanını və təfsirinin izahını yalnız əlindən tutub özümə tərəf çəkdiyim və əlini havaya qaldırdığım şəxs (İmam Əli) edəcək. Sizə bildirirəm ki, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. O, Əli ibn Əbu Talibdir, qardaşım və vəsimdir. Onun vilayəti Allahdandır, Allah bunu mənə nazil etmişdir”.[9]
Müsəlmanlara Quran ayələri barədə düşünməyi, onu anlamağı və onun mütəşabihini deyil, möhkəm ayələrini (əsas olaraq) götürməyi əmr etmək bunu gərəkdirir ki, o, toplanıb kitab halına salınmış şəkildə, bütün möhkəm və mütəşabih ayələri ilə insanlar üçün əlçatan vəziyyətdə olsun. Müsəlmanlar sadəcə olaraq Quranın hökmlərinin təfsilatı, sirləri və ağılların yetişə bilməyəcəyi dəqiqlikləri bilmək üçün Peyğəmbərin (s) xəlifəsi, vəsisi və şagirdi olan Əmirəl-mömininə (ə) və onun övladlarından olan pak imamlara (ə) müraciət etməyə əmr olunublar.