Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

2020-04-13 606

Quranın təhrif olunmamasına dəlillərimiz nədir?

Qurani-Kərimin təhrif edilməməsi barədə olan dəlillər qüvvət və möhkəmlik baxımından elə bir həddədir ki, bunun müqabilində zahiri etibarilə təhrifə işarə edən dəlillər hətta öz-özlüyündə mötəbər və çox olsaydı belə heç bir etibarlılığı qalmazdı. Hətta alimlərin çoxu təhrifin baş verdiyini qəbul etsəydi belə (təhrifin baş verməməsinə dair olan dəlillər) bu iddianı puç edərdi. Burada həmin dəlilləri xülasə şəkildə qeyd edəcəyik. Dəlillərin və başlıqların çoxluğunu nəzərə alaraq oxucular üçün onları burada qeyd edirik:

1. Qurani-Kərimdən olan ayələr

2. Peyğəmbər (s) və imamlardan (ə) nəql edilmiş hədislər

2.1. Hədisləri Quranla tutuşdurdurmaq barədə olan rəvayətlər

2.2. Qədir-xum xütbəsi

2.3. Səqəleyn hədisi

2.4. Namaz və digər yerlərdə surələri oxumağın savabı barədə olan hədislər

2.5. Qurana müraciət etməyi və onu danışdırmağı əmr edən hədislər

2.6. Əhli-beyt (ə) imamlarının müxtəlif Quran ayələrinə əsaslandığı məzmununda olan hədislər.

2.7. İmamlardan (ə) insanların əlində olanın Allah yanından nazil olan Quran olduğu barədə gələn hədislər

3. Ömər ibn Xəttabın “Allahın kitabı bizə kifayət edər” sözü

4. İcma

5. Quranın mütəvatir olması

6. Quranın möcüzəliyi

7. İmamiyyə məzhəbinin namazı

8. Quranın Peyğəmbər (s) zamanında toplanması

9. Peyğəmbərin (s) və müsəlmanların Qurana diqqət ayırması

 

1. Qurani-Kərimdən olan ayələr

Qurani-Kərimdə hər bir şeyin açıqlaması vardır.[1] Belə olan halda onda gərək özünün də açıqlaması olsun. Ona görə də Qurana müraciət edib görək ki, orada nöqsan olmasını, yaxud olmamasını bildirən bir ayə varmı?

Bəli, Quranda alimlərimizin də bu mövzuya dəlil olaraq gətirdiyi bir çox ayələr var. Hansı ki, alimlərimiz bu ayələrin Quranın təhrifdən qorunmasına, hər hansı bir saxtakarlıqdan amanda olmasına açıq-aşkar dəlalət etdiyini bildirir. Quran insanların onda hər hansısa bir dəyişiklik edə bilməsini inkar edir və  bildirir ki, ona eyb olacaq və ehtiramına xələl gətirə biləcək hər hansısa bir şey əbədi olaraq ona yetişməyəcəkdir. Həmin ayələr bunlardır:

1. Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda (deyin görək) oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür. Şübhə yox ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar (cəzalandırılacaqlar). Həqiqətən, bu, əzəmətli bir Kitabdır. Nə önündən, nə də arxasından batil ona yol tapa bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir”.[2]

Əgər “nə önündən, nə də arxasından batil ona yol tapa bilməz”-sə, məlum məsələdir ki, Quranın naqis olması da (bəzi ayələrin Qurandan silinməsi) batilin ən aşkar nümunələrindəndir. Elə isə Quran nazil olduğu vaxtdan qiyamət gününədək Allah təala tərəfindən nöqsandan qorunmuşdur.

2. “Həqiqətən də Zikri biz nazil etdik və şübhəsiz ki, biz onu qoruyacağıq”.[3]

Alimlərimiz deyiblər ki, bu ayədə ən doğru nəzərə əsasən “Zikr”-dən məqsəd Qurandır. Allah onu Öz Peyğəmbərinə (s) nazil etmiş, nazil olduğu vaxtdan əbədiyyətə qədər onu qoruyacağına vəd vermiş və onun bəşəriyyətin hamısının həyatı üçün əbədi bir yol, ümumi bir düstur təşkil etdiyini bildirmişdir.

Aydın məsələdir ki, Qurani-Kərimin şəni və onun müqəddəsliyi ilə ziddiyyət təşkil edən ən mühüm şey onda təhrifin baş verməsi, onun bir hissəsinin insanların əlindən çıxması və Allahın Öz Peyğəmbərinə (s) endirdiyi halından naqis şəkildə olmasıdır.

3. “Onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir”.[4]

İbn Abbasdan və digərlərindən rəvayət edilmişdir ki, “cəm etmək” sözünün mənası budur: onu toplamaq, əzbərləməyib, tilavət edə bilməyin üçün sənə oxumaq bizə məxsusdur. Ona görə də ondan har hansısa bir şeyin (azalıb) aradan gedəcəyindən qorxma.[5]

(Burada oxucuların zehninə belə bir irad gələ bilər ki, Qurani-Kərimin təhrifi mövzusunda Quran ayələrinə istinad etmək doğru deyildir. Çünki biz o ayənin özünün də təhrif edildiyi və ya (sonradan) əlavə edilib-edilmədiyini bilmirik. İradın cavabı budur ki, Qurani-Kərimin təhrifi mövzusunda əsas ixtilaf onda azalmanın baş verib-verməməsidir. Amma Qurandan olmayan əlavə sözlərin ora artırılması məsələsi ixtilaf mövzusu deyil. Necə ki, Şeyx Fəzl ibn əl-Həsən ət-Təbərsi deyir ki, Quranda artırılmanın baş verməməsində alimlər icma etmişdir.[6] Ona görə də qeyd edilən ayələrin bu mövzuda dəlil kimi istifadə olunmasında heç bir müşkül yoxdur - tərc.)

 

[1] Nəhl surəsi, ayə 89.

[2] Fussilət surəsi, ayə 40-42.

[3] Hicr surəsi, ayə 9.

[4] Qiyamət surəsi, ayə 16-19.

[5] Məcməul-bəyan c.10 səh. 197.

[6] Müraciət edin: “Məcməul-bəyan” c.1 s.42-43