İmam Baqir (əleyhissalam) əhli-sünnə alimlərinin nəzərində

İmam Baqir (əleyhissalam) əhli-sünnə alimlərinin nəzərində

2020-02-26 1730

İmam Baqir (əleyhissalam) əhli-sünnə alimlərinin nəzərində

İmam Muhəmməd Baqir (əleyhissalam) hicrətin 57-ci ilində, rəcəb ayının birinci günü müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. İmam Muhəmməd Baqirin atası İmam Səccad (əleyhissalam), anası isə İmam Həsənin qızı Həzrət Fatimə (əleyhimassalam) olmuşdur. Buna görə də İmam Muhəmməd Baqir (əleyhissalam) hər iki valideyni Xanım Zəhranın (salamullahi əleyha) nəslindən gələn ilk şəxsdir. İmam Muhəmməd Baqirin (əleyhissalam) imamət dövrü hicrətin 95-ci ilində atasının şəhadətindən sonra başlamış və təqribən on doqquz il davam etmişdir. Hicrətin 114-cü ilində, zil-hiccə ayının yeddinci günündə Hişam ibn Əbdul-Məlikin əli ilə şəhadətə çatmışdır. O, Bəqi qəbiristanlığında öz anası, atası və babasının kənarında dəfn olunmuşdur.

Bu məqaləmizdə əhli-sünnənin bəzi böyük alimlərinin onun haqqında dediklərinə nəzər salacağıq. Müvəffəqiyyət Allahdandır.

Abdullah ibn Əta (İmam Baqirlə eyni dövrdə yaşamışdır)

İmam Baqirlə (əleyhissalam) eyni dövrdə yaşamış Abdullah ibn Əta onun haqqında belə yazır:

عن عبدالله بن عطاء قال ما رأيت العلماء عند أحد أصغر علما منهم عند أبي جعفر لقد رأيت الحكم عنده كأنه متعلم

“Alimləri heç kəsin yanında Əbu Cəfərin (İmam Baqirin) yanında olduqları qədər kiçik görmədim. Həkəmi onun yanında gördüm. Sanki bir şagird kimi idi”.[1]

İbn Əbil-hədid Mutəzili (vəfatı 655 h.q.)

Sünnilərin məşhur alimlərindən İbn Əbil-hədid İmam Baqir (əleyhissalam) haqqında yazır:

وهو سيد فقهاء الحجاز ، ومنه ومن ابنه جعفر تعلم الناس الفقه ، وهو الملقب بالباقر ، باقر العلم ، لقبه به رسول الله صلى الله عليه وسلم ولم يخلق بعد ، وبشر به ، ووعد جابر بن عبد الله برؤيته ، وقال : ستراه طفلاً ، فإذا رأيته فأبلغه عني السلام ، فعاش جابر حتى رآه ، وقال له ما وصي به.

“O, Hicaz fəqihlərinin başçısıdır. İnsanlar fiqhi ondan və oğlundan öyrənmişlər. O, “Baqir”, “Baqirul-elm” sözlərilə ləqəblənmişdir. Hələ doğulamışdan qabaq ona bu ləqəbi Peyğəmbər – sallallahu əleyhi və səlləm – qoymuş, onunla müjdə vermiş, Cabir ibn Abdullaha onu (İmam Baqiri) görəcəyini söz vermiş və Cabirə demişdir: “Sən onu uşaq ikən görəcəksən. Məndən ona salam çatdır”. Cabir ibn Abdullah onu (İmam Baqiri) görənədək yaşamış və  vəsiyyət olunduğu şeyi[2] İmam Baqirə demişdir”.[3] 

Muhyiddin Nəvəvi (vəfatı 676 h.q.)

Şafei məzhəbinin böyük alimlərində olan Muhyiddin Nəvəvi yazır:

محمد بن علي بن الحسين بن علي بن أبي طالب رضي الله عنهم القرشي الهاشمي المدني أبو جعفر المعروف بالباقر سمي بذلك لأنه بقر العلم اي شقه فعرف أصله وعلم خفيه ... وهو تابعي جليل إمام بارع مجمع على جلالته معدود في فقهاء المدينة وأئمتهم

Muhəmməd (İmam Baqir) ibn Əli ibnul-Huseyn (İmam Səccad) ibn Əli ibn Əbi Talib –Allah onlardan razı olsun – Qüreyşdən, Bəni-Haşim qəbiləsindən və Mədinə şəhərindəndir. (Künyəsi) Əbu Cəfər olmuş, Baqir (ləqəbiylə) tanınmışdır. O, elmi parçaladığına, yəni, elmi yarıb, onun əslini tanıdığına və gizlinini bildiyinə görə (elmdə inkişaf etdiyinə görə) bu ləqəblə adlanmışdır. O, böyük tabein, mahir imam və əzəmətli (şəxsiyyət) olmasında icma olunmuş şəxsdir. Mədinənin fəqihlərindən və imamlarından sayılır”.[4]

İbn Xəllikan (vəfatı 681 h.q.)

أحد الأئمة الاثني عشر في اعتقاد الإمامية وهو والد جعفر الصادق. كان الباقر عالما سيدا كبيرا وإنما قيل له الباقر لأنه تبقر في العلم أي توسع.

“(İmam Baqir) İmamiyyə məzhəbinin etiqadına görə on iki imamdan biridir. Cəfəri-Sadiqin atasıdır. O, alim və böyük seyid idi. Ona Baqir deyilirdi. Çünki o, elmdə inkişaf etmişdi yəni, elmin dərinliklərinə enmişdi”.[5]

 

[1] Əhməd ibn Abdullah (vəfatı 430 h.q.), “Hilyətul-ovliya və təbəqatul-əsfiya”, c.3, səh.186, “Darul-kitabil-ərəbi” nəşriyyatı, Beyrut, dördüncü çap, 1405 h.q; İbn Kəsir əd-Diməşqi (vəfatı 774 h.q.), “əl-Bidayətu vən-nihayə”, c.9, səh.311, “Məktəbətul-məarif” nəşriyyatı, Beyrut

[2] Peyğəmbərin salamını çatdırmaq

[3] İbn Əbil-hədid əl-Mədaini əl-Mutəzili, “Şərhu-Nəhcil-bəlağə”, c.15, səh.164, “Darul-kutubil-elmiyyə” nəşriyyatı, Livan, Beyrut, birinci nəşr, 1418 h.q.

[4] “Təhzibul-əsma vəl-luğat”, c.1, səh.103, “Darul-fikr” nəşriyyatı, Beyrut, birinci nəşr, 1996

[5] “Vəfəyatul-əyan”, c.4, səh.174, “Darus-siqafə” nəşriyyatı