Məryəm surəsinin 5-6-cı ayələri haqqında edilən irad və Şeyx Tusinin (rəhmətullahi əleyh) cavabı
Şeyx Tusi “Təlxisuş-şafi fil-imamət” əsərində Məryəm surəsinin 5-6-cı ayələrinin Peyğəmbərimizin (s) miras qoyduğuna və Xanım Zəhranın (s.ə.) onun varisi olduğuna dəlalət etməsi barədə deyir:
“Onun (yəni Əbu-Bəkrin) haqqında tənə edilməsinə səbəb olan şeylərdən biri də Peyğəmbərin mirasına haqqı çatan şəxsləri Allah Rəsulunun (s) mirasından məhrum etməsidir. Lakin bu dəlilin tamamlanması üçün Peyğəmbərin (s) özündən sonra miras qoyan şəxs olduğunu bəyan etmək lazımdır.
Bu məsələyə dəlalət edən şey isə Allah təalanın Həzrət Zəkəriyyadan (s) xəbər verdiyi ayədir:
“Mən özümdən sonra gələn qohumlarımdan (əmim oğlanlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey rəbbim, elə et ki, o razılığını qazanmış olsun!”.[1]
Ayədə Allah təala Zəkəriyyanın öz əmisi oğlanlarından (onları edəcəkləri əməllərdən) qorxduğunu bildirir. Burada “məvaliyyə” kəliməsindən məqsəd heç şübhəsiz onun əmisi oğlanlarıdır. Qorxduğu şey isə əmisi oğlanlarının onun malının varisi olacaqları və həmin malı fəsad işlərdə (haram işlərdə) xərcləyəcək olmalarıdır. Çünki Zəkəriyya peyğəmbər (ə) onların əxlaq və üslublarından bunu bilirdi. Ona görə də öz Rəbbindən onun mirasına əmisi oğlanlarından daha çox haqq sahibi olan bir övlad istədi. Zəkəriyyanın (s) da ayənin zahirinə əsasən miras qoyduğu sabit olduqdan sonra aydın olur ki, bizim Peyğəmbərimiz (s) də miras qoymuşdur. Çünki ümmət arasında bu iki fikiri deyənlər var:
1. Onlardan bəziləri deyir: Bütün peyğəmbərlər (ə) miras qoyub.
2. Digərləri isə deyir: Onların heç biri miras qoymur (mirası və vərəsəsi yoxdur, onlara haqq çatmır).
Lakin onlar arasında “Zəkəriyya (s) və digər keçmiş peyğəmbərlər qəti şəkildə miras qoyublar, bizim Peyğəmbərimiz (s) isə irs qoymur” sözünü deyən yoxdur. Əgər kimsə bu fikirdə olarsa o, ümmətin icmasına xilaf çıxmış olar.
Əgər kimsə (irad olaraq) belə deyərsə:
İsbat edin ki, ayədəki mirasdan qəsd edilən şey mal barədə olan mirasdır və elm, yaxud peyğəmbərlik deyil.
(Cavab olaraq) Deyilər:
Bu mətləbə dəlalət edən şey “miras” sözünün istər lüğətdə, istərsə də şəriətdə mütləq şəkildə işlədilməsi (əlavə bir qeyd olmadan sırf “miras”, “miras aparmaq”, “varis olmaq” və s. kimi işlədilməsi) yalnız miras qoyan şəxsdən varisə həqiqətən keçə bilən bir şey mənasını ifadə edir. Maldan digər mənalarda işlədilməsi isə yalnız məcazi şəkildə olur. Ona görə də “Filankəsin varisi yoxdur”, “Filankəs filankəslə birgə irs aparır” deyildikdə bunun zahirindan və mütləq (əlavə qeyd olmadan) deyilməsindən məhz malların və əşyaların mirası başa düşülür, nəinki elm və digər şeylərin mirası. Sözün zahirindən anlaşılan mənanın yerinə onun məcazi mənasını heç bir dəlil olmadan seçə bilmərik.
Həmçinin, Allah təala xəbər verir ki, Həzrət Zəkəriyya (ə) öz varisinin “razılığını qazanmış, razı qalınmış” olması şərtini bildirir. Əgər ayədəki mirası mal mənasında yox, elm və peyğəmbərlik mənasında götürsək, o zaman bu şərtin mənası qalmaz və bu, boş və əbəs bir şərt olar. Çünki Zəkəriyya peyğəmbər (ə) bu zaman öz məqamında (peyğəmbərlik məqamında) olacaq, onun yerinə keçəcək bir şəxs istədikdə artıq bu şəxsin razı qalınmış olmasını da istəmiş olur. Onun istədiyi şey və dediyi söz (peyğəmbər olacaq bir övlad) razılıq qazanmış olmaqdan çox əzəmətlidir. Ona görə də (peyğəmbərlik və elm mirası aparacaq şəxs istədikdə) razılıq şərtini qoymağın heç bir mənası qalmır.
[1] Məryəm, 5-6