İkinci məsələ: Əbu Bəkrin yerində oturan şəxs də (Ömər ibn Xəttab) əməli şəkildə bu hədisi təkzib etmişdi. Belə ki, o, vəsiyyət edərək demişdi: “Mən öldükdə mənim nəşimi Aişənin qapısının ağzında qoyun və ona deyin: “Bu, Ömər ibn Xəttabdır. Sənə salam
deyir və soruşur ki, daxil olum, yoxsa çıxım?” Aişə bir qədər sükut etdi və dedi: “Onu daxil edin və (evdə) dəfn edin”.[1] Əgər (Əbu Bəkrin nəql etdiyi) hədis səhih olsa, bu iki nəfərin Aişənin izniylə bütün ümmət üçün sədəqə qərar verilən yerdə dəfn edilmələri və meyitlərinin o evdə qalması hətta fiqhi bilgilərin aşağı mərtəbələrinə agah olan şəxsin fikrinə görə belə fiqhin açıq-aşkar məsələlərinin xilafınadır.
Üçüncü məsələ: Bu, Peyğəmbərin (sallallahu əleyhi və alih) sədəqəsinin bəzilərinin sədəqə, bəzilərinin sədəqə sayılmaması və sədəqənin hökmünü heç bir məxsuslaşdırıcı olmadan Peyğəmbərin qızı və həyat yoldaşları arasında (kiməsə) məxsuslaşdırmaqdır. Belə ki, Əbu Bəkr Peyğəmbərin sədəqəsini qızından (salavatullahi əleyhima) zorla almış və öz qızını (Aişəni) orada məskunlaşdırmışdı. Hətta o, bununla kifayətlənməmiş, (həmin sədəqədən) istifadə hüququ üçün öz qızından (Aişədən) icazə də almışdı. Bir halda ki, (bu cür) icazə almaq (evin) malikinin, malikin vəkilinin və ya vəlisinin icazəsi olmadan səhih deyildir. Əbu Bəkrin bu əməliylə bu sözləri – “Canım əlində olana and olsun, Peyğəmbərin (qəlbinin) xoş olası (razılığı) mənə mənim öz (qəlbimin) xoş olmasından daha sevimlidir” və “Allaha and olsun ki, Aişənin ehtiyaclı olması mənə sənin ehtiyaclı olmağından daha sevimlidir” - arasında olan ziddiyyət nə cür aradan qalxır?
Dördüncü məsələ: Əgər “Biz peyğəmbərlər miras qoymuruq” hədisi səhihdirsə, ağıl qəbul edirmi ki, Peyğəmbər (sallallahu əleyhi və alih) bunu onun bütün işlərini öz öhdəsinə götürən vəsisi Əmirəl-möminindən (əleyhissalam) və məxluqatın ona ən yaxın olanı, vücudunun bir parçası Xanım Zəhradan (salamullahi əleyha) gizlətsin? Bununla da Allahın fəsadı və ixtilafı aradan qaldırmaq üçün göndərdiyi şəxs (Peyğəmbər) (elə özü) ümmət arasında parçalanmaya, ixtilafa və fəsada səbəb olsun?
Beşinci məsələ: Fədək müsəlmanlar üçün sədəqə idisə və buna görə də Peyğəmbərin qızından və övladlarından (əleyhimussalam) alınmışdısa, necə olur ki, Osman Peyğəmbərin (sallallahu əleyhi və alih) Mədinədə Məhzur adıyla tanınan bazarın sədəqə etdiyi yerini Mərvan ibn Həkəmin qardaşı olan olan Haris ibn Həkəmin mülkiyyətinə keçirir?[2]
Altıncı məsələ: Peyğəmbərlərin irs qoymaması hədisi Allahın kitabının xilafınadır. Necə ki, Xanım Fatimeyi-Zəhra (salamullahi əleyha) peyğəmbərin övladlarının onlardan irs apardıqlarına dəlalət edən ayələrlə dəlil gətirmişdi. Allahın kitabının xilafına olan şeylər isə zahirdə düz görünən batil sözdür”.[3]
Xanım Zəhranın (salamullahi əleyha) peyğəmbərlərin irs qoyduqlarına dair Qurandan gətirdiyi dəlillər
Şeyx Vəhid Xorasaninin də qeyd etdiyi kimi peyğəmbərlərin irs qoymamaqları haqqında hədis müqəddəs Qurani-Kərimə ziddir. Xanım Zəhra (salmullahi əleyha) məşhur “Fədək” xütbəsində bu məsələyə toxunur və peyğəmbərlərin irs qoyduqlarını Quran ayələri ilə isbat edir. Belə ki, Xanım Zəhra (salamullahi əleyha) buyurur: “Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr), Allahın kitabına əsasən sən öz atandan irs apara bilərsən, lakin mənim atam özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna qarşı çox qəribə və pis bir iş gördün (onlara iftira atdın). Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız? Halbuki, Allah-təala buyurur: “Süleyman Davuddan irs apardı”.[4] Yəhya ibn Zəkəriyyadan xəbər verdikdə Zəkəriyyanın dilindən buyurur: “Mənə öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun”.[5][6]
Gördüyünüz kimi Allah təala Süleyman peyğəmbərin Davud peyğəmbərdən irs aparmasını, Zəkəriyya peyğəmbərin isə (əleyhimussalam) özünə varis istməsini xəbər verir. Əgər peyğəmbərlər irs qoymasaydı Süleyman peyğəmbər Davud peyğəmbərdən (əleyhimassalam) necə irs apara bilərdi? Həmçinin, əgər peyğəmbərlərin qoyub getdikləri sədəqə olsaydı nəyə görə Zəkəriyya peyğəmbər Allah təalaya özünə varis bəxş etməsi üçün dua edirdi?
[1] Əbu Əli, “Musnədu Əbu Əli”, c.8, səh.372; “Məcməuz-zəvaid”, c.9, səh.33
[2] İbn Quteybə, “əl-Məarif”, səh.195; İbn Əbil-hədid, “Şərhu Nəhcil-bəlağə”, c.1, səh.198
[3] Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, “Minhacus-salihin”, c.1, səh.258-288
[4] Nəhl, 16
[5] Məryəm, 5-6
[6] Şeyx Təbərsi, “əl-İhticac”, c. 1, səh. 123