İmam Sadiq (əleyhissalam) buyurdu: “(Peyğəmbər ömrünün son anlarında özündən getmişdi. Özünə gəldikdən sonra) Qadınlar ağlayaraq onun yanına gəldilər. (Onların) Səsləri ucaldı. Ənsardan və mühacirdən olan insanlar qapıda nalə edirdilər. Bu anda “Əli haradadır?” deyə nida olundu. (İmam Əli daxil olduqdan sonra) Peyğəmbər buyurdu: “Ey qardaşım, mənə qulaq as. Allah sənə başa düşməkdə kömək olsun, səni düz yolda qərar versin, sənə doğru yolu göstərsin, müvəffəq etsin və sənə kömək olsun, günahını bağışlasın və adını uca etsin. Ey qardaşım, bil ki, bu camaatı (məndən sonra) məşğul olduqları iş məndən məşğul edəcəkdir (yəni, öz işləri ilə məşğul olub mənim dəfnimi unudacaqlar). Sənin bu ümmətdəki misalın Kəbənin misalı kimidir. Allah Kəbəni insanlar üçün əlamət təyin etmişdir. Bütün uzaq yollardan və uzun məsafələrdən Kəbəyə tərəf gəlinər. Kəbə onlara tərəf getməz. Məni haqq ilə göndərənə and olsun ki, mən sənin haqqında Allahın vacib etdiyi şeyləri və sənin itaətini onlara Allahın vacib etdiyini onlara bir-bir dedikdən sonra onları əzabla qorxutmuşam. Onların hamısı (müsbət) cavab verdi və işləri sənə təslim etdilər. Mən onların dediklərinin xilafına olacaqlarını bilirəm. Elə ki, mənim canım alındı, sənə vəsiyyət etdiklərimi yerinə yetirib qurtardıqdan sonra və məni qəbrimdə basdırdıqdan sonra evinə get. Quranı tərtibinə görə və vacibləri, hökmləri (Quranda) nazil olunduğu tərtibə uyğun olaraq cəm et. Daha sonra sənə əmr etdiklərimi heç bir qüsur olmadan yerinə yetir. Mənim yanıma gələnə qədər sənin və onun (Xanım Zəhranın) başına gələcək müsibətlərdə sənə səbir etməyi tapşırıram”.[1]
Bu Peyğəmbərin (sallallhu əleyhi və alih) ömrünün sonlarında İmam Əliyə (əleyhissalam) etdiyi vəsiyyət idi ki, Peyğəmbər İmam Əlinin və Xanım Zəhranın (salamullahi əleyhima) başına gələcəklərinə görə İmama səbir etməyi tapşırır.
Vəsiyyətə dəlalət edən dəlillərdən biri də ən qədim mənbələrdən biri olan Süleym ibn Qeys əl-Hilalinin və Şeyx Səduqun “Kəmalud-din” kitabında nəql olunan hədisdir.
ثُمَ نَظَرَ رَسُولُ اللَّهِ ص إِلَى فَاطِمَةَ وَ إِلَى بَعْلِهَا وَ إِلَى ابْنَيْهَا فَقَالَ يَا سَلْمَانُ أُشْهِدُ اللَّهَ أَنِّي حَرْبٌ لِمَنْ حَارَبَهُمْ وَ سِلْمٌ لِمَنْ سَالَمَهُمْ أَمَا إِنَّهُمْ مَعِي فِي الْجَنَّةِ ثُمَّ أَقْبَلَ النَّبِيُّ ص عَلَى عَلِيٍّ ع فَقَالَ يَا عَلِيُ إِنَّكَ سَتَلْقَى [بَعْدِي] مِنْ قُرَيْشٍ شِدَّةً مِنْ تَظَاهُرِهِمْ عَلَيْكَ وَ ظُلْمِهِمْ لَكَ فَإِنْ وَجَدْتَ أَعْوَاناً [عَلَيْهِمْ] فَجَاهِدْهُمْ وَ قَاتِلْ مَنْ خَالَفَكَ بِمَنْ وَافَقَكَ فَإِنْ لَمْ تَجِدْ أَعْوَاناً فَاصْبِرْ وَ كُفَّ يَدَكَ وَ لَا تُلْقِ بِيَدِكَ إِلَى التَّهْلُكَةِ فَإِنَّكَ [مِنِّي] بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى وَ لَكَ بِهَارُونَ أُسْوَةٌ حَسَنَةٌ إِنَّهُ قَالَ لِأَخِيهِ مُوسَى إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَ كادُوا يَقْتُلُونَنِي
“Daha sonra Peyğəmbər (sallallahu əleyhi və alih) Xanım Zəhraya, onun həyat yoldaşına və iki övladına baxıb, dedi: “Ey Salman, Allahı şahid tuturam ki, mən onlarla müharibə edənlərlə müharibədə və onlarla sülh edənlərlə sülhdəyəm. Onlar cənnətdə mənimlədirlər”. Sonra Peyğəmbər İmam Əliyə (əleyhimassalam) üzünü tutdu və dedi: “Ey Əli, sən məndən sonra Qüreyş tərəfindən zülm görəcəksən ki, onlar sənin əleyhinə qalxacaq və sənə zülm edəcəklər. Əgər sən onlara qarşı özünə köməkçilər tapsan, onlarla cihad et və sənə müvafiq olanlarla birlikdə sənə qarşı müxalifətçilik edənlərə qarşı döyüş. Əgər köməkçilər tapmasan (sənə kömək edən olmasa), səbir et, özünü saxla və öz əlinlə özünü təhlükəyə atma. Həqiqətən də sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətindədir. Harun sənin üçün gözəl bir nümunədir. O, qardaşı Musaya demişdi: “Həqiqətən, bu camaat məni zəif bilib az qala öldürəcəkdilər[2]”.[3]
Gördüyünüz kimi hədisdə Peyğəmbər (sallallahu əleyhi və alih) İmam Əliyə (əleyhissalam) kömək edəcək adam tapmadıqda səbir etməyini tapşırır. Qeyd etdiyimiz iki hədisə və digər hədislərə əsasən deyə bilərik ki, əgər İmam Əli (əleyhissalam) səbir etmişdisə, bunu Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsiyyətinə və tapşırığına əsasən etmişdi.