İmam Əliyə (əleyhissalam) düşmən olmağın və onu təhqir etməyin küfr və nifaq olması
Əhməd ibn Hənbəl öz sənədi ilə belə nəql edir: “Əbu Abdullah Cədəli deyir: “Ümmü Sələmənin yanına daxil oldum. Mənə dedi: “İçinizdə Allah Rəsulunu təhqir edən var?” Mən Məazallah (Allah eləməsin, Allah uzaq etsin) və ya Subhanallah və ya bunlara bənzər bir söz dedim. (Ümmü Sələmə) Dedi: “Allah Rəsulunun belə buyurduğunu eşitmişəm: “Kim Əlini təhqir etsə, məni təhqir etmişdir”. Kitabın təhqiq edən alim haşiyədə yazır: “Bu hədisin sənədi səhihdir və Heysəmi demişdir ki, bu hədisi nəql edənlər “Səhih”-in (Buxari və ya Muslimin və ya hər ikisinin) raviləridir”.[1]
Şüəyb əl-Ərnəvut da bu rəvayət haqqında yazır: “Sənədi səhihdir... Hakim Nisaburi də bu hədisi bu sənədlə Yəhya ibn Əbu Bukeyr təriqi ilə (yoluyla) gətirmiş və demişdir: “Sənədi səhihdir”. Zəhəbi də onunla (bu hədisin sənədində) müvafiqdir”.[2]
Müxaliflərin (Əhli-Sünnənin) Qurani-Kərimdən sonra ən mötəbər kitab saydığı Buxarinin “Səhih” adlı kitabında Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğu nəql olunur: “Müsəlmanı təhqir etmək fasiqlik və onunla döyüşmək küfrdür”.[3] Digər bir hədisdə İmam Əli (əleyhissalam) buyurur: “Peyğəmbər mənə xəbər vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək”. Albani yazır: “Hədis səhihdir”.[4]
Yuxarıdakı hədisi Əhməd ibn Hənbəl də özünün "Müsnəd" kitabında İmam Əlinin (əleyhissalam) and içmə əlavəsi ilə nəql etmişdir: “Əli buyurdu:
“And ola Allaha, “Mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək və məni yalnız mömin sevəcək” xəbəri Allah Rəsulunun mənə verdiyi xəbərlərdəndir”. Şueyb əl-Ərnəvut bu hədis haqqında yazır: “Sənədi iki şeyxin (Buxari və Müslimin) şərtinə əsasəndir”.[5]
“Səhihu-Muslim” kitabında nəql olunur: “Əli dedi: “And olsun toxumu yaran və canı yaradan Allaha... Peyğəmbər mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcəkdir”.[6]
Cəlaluddin Siyuti özünün "Tarixul-xüləfa" kitabında belə yazır: “Təbərani səhih sənədlə Ümmü-Sələmənin belə dediyini nəql edir: “Allah Rəsulunun belə buyurduğunu eşitdim:
“Kim Əlini sevərsə, məni sevmiş və məni sevən kəs də Allahı sevmişdir. Kim Əliyə nifrət edərsə (düşmən olarsa), mənə nifrət etmiş (düşmən olmuş), mənə nifrət edən isə (düşmən olansa) Allaha nifət etmişdir (düşmən olmuşdur)”.[7] Bu hədisi Albani də özünün "Silsilətul-əhadisis-səhihə" kitabında gətirir və yazır: “Bu hədisi Muxləs “əl-Fəvaidul-muntəqat” kitabında səhih sənədlə Ümmü-Sələmədən rəvayət etmişdir”.[8]
Böyük sünni alimlərindən olan İshaq ibn İbrahim ibn Hani ən-Nisaburi (275-ci h.q. ilində vəfat etmişdir) nəql edir ki, Əbu Əbdullahdan (İmam Əhməd ibn Hənbəldən) eşitmişəm ki, Dəlləveyh[9] ona belə demişdir: “Əli ibn Cədin[10] belə dediyini eşitdim: "And olsun Allaha, Müaviyə müsəlman olaraq ölməmişdir”.[11] Nəticə çıxarmağı əziz oxucuların öhdəsinə buraxırıq.
Mürtəza Heydəri
Besiret.az
[1] Həmzə Əhməd əz-Zeynin şərhi ilə “Musnədu Əhməd ibn Hənbəl”, c.18, səh.314, hədis 26627, “Darul-hədis”
[2] Şüəyb əl-Ərnəutun təhqiqi ilə olan “Musnədu Əhməd ibn Hənbəl”, c.44, səh.329, “ər-Risalə” nəşriyyatı
[3] “Səhihul-Buxari”, c.1, səh.19, “Daru-tuqin-nəcati” nəşriyyatı
[4] Albani, “Səhihu Sunəni İbn Macə”, c.1, səh.56, hədis 92, “Məktəbətul-məarif” nəşriyyatı
[5] Şueyb əl-Ərnəvutun təhqiqi ilə olan “Musnədu Əhməd ibn Hənbəl”, c.2, səh.71, hədis 642, “ər-Risalə” nəşriyyatı
[6] “Səhihu-Muslim”, “Kitabul-iman” fəsli, bab 33, hədis (78) 131, səh.51, “ət-Tayyibə” nəşriyyatı, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427 h.q.
[7]Siyuti “Tarixul-xuləfa”, səh.206, “Darus-sadir” nəşriyyatı, Beyrut, təhqiq edən: İbrahim Saleh, 1-ci çap, 1417 h.q.
[8] Albani “Silsilətul-əhadisis-səhihə”, c.3, səh.287-288, hədis 1299, “Məktəbətul-məarif” nəşriyyatı
[9] Zəhəbi Dəlləveyh haqqında belə yazır: “Ziyad ibn Əyyub... Öz işini yaxşı bilən imam, böyük hafizdir... Ləqəbi Dəlləveyhdir... Buxari, Əbu Davud, Tirmizi, Nəsai... ondan hədis nəql etmişlər. İbrahim ibn Urmə onun haqqında demişdir: “Yer üzərində Ziyad ibn Əyyubdan (Dəlləveyhdən) mötəbər bir nəfər yoxdur”. Əbu Hatim onun haqqında belə demişdir: "Çox düz danışandır”. (“Siyəru-əlamin-nubəla”, c.12, səh.120-121, “ər-Risalə” nəşriyyatı)
[10] Zəhəbi Əli ibn Cəd haqqında yazır: “Əli ibn Cəd: imam, hafiz, Bağdadın etibar olunan hədis ravisi... Ondan hədis nəql etmişlər: Buxari, Əbu Davud, Yəhya ibn Muin, Xəlf ibn Salim və Əhməd ibn Hənbəl az miqdarda, Əhməd ibn İbrahim əd-Divrəqi... (və s. Red.) (Siyəru-əlamin-nubəla”, c.10, səh.459-460, həmin nəşriyyat)
[11] “Məsailul-İmam Əhməd ibn Hənbəl”, c.2, səh.154, rəvayət 1866, naşir: “əl-Məktəbul-İslami” nəşriyyatı