Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

2020-01-14 3309

Maraqlısı budur ki, İbn Teymiyyə digər bir yerdə yazır:

“Allahın, mələklərin və bütün insanların lənəti olsun onlara (Əhli-beytə) nifrət edənlərə. Allah onlardan (əzabı sovuşdurmaq üçün) nə fidyə, nə də əvəz qəbul etməyəckdir”.[1]
“Səhihu-Müslim” kitabına şərh verənlərdən biri olan sünni alimi Musa Şahin Laşin də yazdığı şərhdə Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsini açıq-aşkar qeyd edir. O bu barədə yazır: “Muaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. - Rəvayətin mətnindən məlum olan budur ki, Müaviyə Əlini təhqir etməyi əmr etdi... – Sonra Müaviyə dedi: “Sənə Əbu Turabı (Əlini) təhqir etməyə nə mane oldu?”...[2]
Əhli-Xilafın böyük alimlərindən olan Hakim Nisaburi öz sənədi ilə belə nəql edir: “Səid ibn Cubeyr deyir: "İbn Abbas ilə birlikdə Ərəfədə idik, mənə dedi: “Ey ağa, nə olub ki, insanların "Təlbiyə" deməklərini eşitmirəm?” Dedim: "Müaviyədən qorxurlar". İbn Abbas çadırından çıxıb dedi: “Ləbbeyk, Əllahummə, ləbbeyk! Həqiqətən, onlar Əliyə düşmənçiliklərindən sünnəni tərk etdilər”. Hədisin ardıyca Hakim yazır: “Bu Buxari və Müslimin şərtinə əsasən səhih bir hədisdir, (amma) onlar bunu nəql etməyiblər”. Həmçinin, Zəhəbi də bu hədis haqqında yazır: “Bu hədis Buxari və Müslimin şərtinə əsasən səhihdir”.[3] Albani də yuxarıdakı hədis haqqında yazır: “Sənədi səhihdir”.[4]
Əhməd Şağif və Əhməd Müctəba Sələfinin təliqi (qeyd və şərhi) ilə olan “Sunənu Nəsai” kitabının haşiyəsində də yuxarıdakı hədisin sənədinin səhih olduğu qeyd edilmişdir.[5]

223-311-ci hicri-qəməri illərində yaşamış sünnilərin böyük alimlərindən olan İbn Xuzeymə də yuxarıdakı hədisi özünün "Səhih" kitabında gətirir.  Kitabın mühəqqiqi Muhəmməd Mustəfa əl-Əzəmi də bu hədis haqqında yazır: “Sənədi səhihdir”.[6]
Sünnilərin böyük alimlərindən olan İmam Sindi "Sunənu Nəsai"-yə yazdığı haşiyəsində bu kitabda gələn yuxarıda qeyd etdiyimiz hədis haqqında belə yazır: “Bununla Ərəfatda "Təlbiyə" demək haqqında alimlər arasında olan ixtilafın qaynaqlandığı yer və - Əliyə düşmənçilikdən - haqqın iki dəstədən hansı biri ilə olması da aşkar olur. Yəni, bu ixtilaf ona (İmam Əliyə. Red.) düşmənçilikdən qaynaqlanıb. O, (İmam Əli (ə). Red.) sünnəyə bağlı idi. Bunlar isə (Müaviyə və ona tabe olanlar. Red.) ona düşmənçilikdən sünnəni tərk etdilər”.[7]

Yuxarıdakı hədisi Beyhəqi də öz sənədi ilə "Sunənul-kubra" kitabında bu əlavə ilə gətirmişdir: “...İbn Abbas öz çadırından çıxıb dedi: “Müaviyənin acığına gəlsə belə

“Ləbbeyk Allahummə ləbbeyk”. İlahi, onlara lənət elə! Əliyə - Allah ondan razı olsun - nifrətlərindən sünnəni tərk etdilər”.[8]

Müxaliflərimizin böyük alimlərindən olan Zəhəbi isə belə nəql edir: “Ömər ibn Əli ibn Hüseyn atasından nəql edir: “Mərvan dedi: "Bu qövm içində bizim ağamızı sizin ağanızdan çox müdafiə edən olmayıb - yəni Osmanı Əlidən çox müdafiə edən olmayıb - Əli ibn Hüseyn dedi: “Bəs niyə onu minbərlərin üzərində təhqir edirsiniz?” Mərvan dedi: "Hökümət yalnız bununla ayaq üstə qalır”. Zəhəbi hədisin sonunda yazır: “Bu rəvayəti İbn Əbu Xeysəmə güclü sənədlə Ömərdən nəql etmişdir”.[9]
İmam Əlinin (əleyhissalam) səhabələr tərəfindən təhqir olunması barədə İbn Teymiyyə yazır: “Allah xəbər verib ki, iman gətirib yaxşı işlər görənlər üçün (qəlblərdə) bir sevgi yaradacaqdır. Bu onun tərəfindən olan bir vəddir və o, doğru danışandır. Məlumdur ki, Allah səhabəyə nisbətdə hər bir müsəlmanın qəlbində məhəbbət qoymuşdur. Məxsusən xəlifələrə, əsas olaraq Əbu Bəkr və Ömərə nisbətdə. Çünki, səhabə və tabeinlərin hamısı (və ya əksəriyyəti) o ikisinə məhəbbət bəsləyirdilər və onlar ən xeyirli camaat idilər. Bu məsələ Əliyə nisbətdə belə deyildi. Çünki, səhabə və tabeinlərdən çoxu onunla düşmənçilik edir, onu təhqir edir və onunla döyüşürdülər”.[10]

Osman əl-Xəmisin əvvəldə dediyimiz kimi iddialarından biridə budur ki, guya “Bəni Üməyyə və Bəni Haşim arasında xoş münasibət və məhəbbət olmuşdur. Bəni-Üməyyə heç vaxt Bəni-Haşimdən heç kəsi təhqir etməmişdir”. Bu həqiqətən də belədirmi? Aşağıda qeyd etdiyimiz mətləblərə diqqət yetirək.

İbn Teymiyyənin tələbələrindən olmuş İbn Kəsir Dəməşqi, Əməvi xəlifələri haqqında yazdığı beytlərdə belə qeyd edir: “Beləcə Bəni-Üməyyə xəlifələri (xilafətə gəldi)... Onların hamısı nasibi idi. Yalnız İmam Ömər (ibn Əbdul Əziz) istisna olaraq. O, təqvalı biri idi...”[11]
Əhli-Xilafın böyük alimlərindən olan İbn Həcər Əsqəlani belə yazır: "Rafei “Şərhul-vəciz" kitabında kimlərin "xəvaric" adlandıqlarını qeyd edən zaman yazır: “Onlar bidət əhli olan bir firqədirlər. Əlinin Osmanın qatillərini tanıdığına və onlara gücü çatdığı halda onlardan intiqam almadığına görə Osmanın qətlinə razı olduğuna və onlarla əlbir olduğuna əqidə bəslədiklərinə görə Əliyə qarşı çıxdılar... Onun (Rafeinin) kəlamındakı birinci sifət xəvaricin sifəti deyildir. Bu sifət yalnız Siffeyndə Müaviyəyə tabe olan nasibilərin sifətidir”.[12]

İbn Teymiyyə yazır: “Bəni-Üməyyə hakimiyyətdə olan zaman Bəni-Üməyyədən bəziləri Əliyə qarşı düşmənçilik göstərir və onu təhqir edirdilər”.[13]

Şüəyb əl-Ərnəvut nasibilərin kimlər olması barədə yazır: “Onlar Əliyə - Allah ondan razı olsun - nifrət etməklə dindarlıq edən münafiqlərdir. Ona qarşı düşmənçilik etdiklərinə görə belə (nasibi) adlanmışlar”.[14]

 

[1] İbn Teymiyyə, “Məcmuul-fətava”, c.4, səh.488, “Vəzarətuş-şuunil-İslamiyyə” nəşriyyatı, Səudiyyə Ərəbistan, 2004-1425 h.q.

[2] Musa Şahin Laşin “Fəthul-munim şərhi Səhihi Müslim”, c.9, səh.332, “Daruş-şuruq” nəşriyyatı

[3] əl-Mustədrək ələs-Səhiheyn”, Zəhəbinin təhqiqatı ilə, c.1, səh.636, “Darul-kutubil-ilmiyyə” nəşriyyatı

[4] Albani, “Səhihu Sunənin-Nəsai”, c.2, səh.343, “Məktəbətul-məarif” nəşriyyatı

[5] Əbu Teyyib Muhəmməd Ətaullah Hənif Fuciyani “ət-Təliqatus-sələfiyyə əla Sunənin-Nəsai” c.3, səh.466, “Məktəbətus-sələfiyyə” nəşriyyatı

[6] Səhihu İbn Xuzeymə”, c.1, səh.1334, “Məktəbul-İslami” nəşriyyatı

[7] Sunənun-Nəsai bişərhis-Siyuti və haşiyətis-Sindi”, c.5, səh.279, “Darul-mərifə” nəşriyyatı

[8] İmam Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli Beyhəqi, “Sunənul-kubra”, c.5, səh.183, hədis 9447, “Darul-kutubil-elmiyyə”, Beyrut, Livan

[9] Zəhəbi, Siyəru-əlamin-nubəla”, səh. 210, “ər-Risalə” nəşriyyatı

[10] İbn Teymiyyə, “Minhacus-sunnə”, c.7, səh.137-138, “Camiətul-imam Muhəmməd ibn Səud” nəşriyyatı Muhəmməd Rəşad Salimin təhqiqi ilə, 1406-cı h.q-ili, 1-ci çap.

[11] İbn Kəsir Dəməşqi, “əl-Bidayətu vən-nihayə”, c.17, səh.375, “Daru-hicr” nəşriyyatı

[12] İbn Həcər Əsqəlani, “Fəthul-bari”, c.13, səh.537, “Məktəbətus-sələfiyyə” nəşriyyatı

[13] İbn teymiyyə, “Məcmuul-fətava”, c 4, səh.488, “Vəzarətuş-şuunil-İslamiyyə” nəşriyyatı, 2004-1425 h.q.

[14] Şüəyb əl-Ərnəutun təhqiqi ilə olan “Siyəru-əlamin-nubəla”, c.4, səh.37, “ər-Risalə” nəşriyyatı